"İrəvan: tarixi həqiqətlər və
şəxsiyyətlər"
Noyabrın 27-də
Bakı Kitab Mərkəzində “Kainat” Milli-Mənəvi Dəyərlərin
Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi,
Qərbi Azərbaycan İcmasının Qadınlar
Şurasının üzvü, İrəvan Şəhər
İcmasının sədri, filologiya elmləri doktoru, professor
Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər
və şəxsiyyətlər” kitabının təqdimatı
keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi
ilə çap olunmuş kitab ötən əsrdə Qərbi
azərbaycanlıların deportasiyaları zamanı İrəvanda
baş vermiş hadisələrdən və şəhərin
tanınmış şəxsiyyətlərindən bəhs
edir.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən AMEA-nın müxbir üzvü,
fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov əsərin
İrəvanın tarixi həqiqətlərini, mədəniyyətini
və orada yaşamış tarixi şəxsiyyətlərin
fəaliyyətini daha dərindən öyrənmək
baxımından mühüm əhəmiyyətə malik
olduğunu bildirib. O, bu kimi tədqiqatların İrəvanın
tarixi mirasının qorunub saxlanılması və gələcək
nəsillərə çatdırılması baxımından
əvəzsiz rol oynadığını vurğulayıb.
Professor Dilarə Seyidzadə, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
rektoru, professor Ceyran Mahmudova, tanınmış siyasi və
dövlət xadimi Həsən Həsənov, AMEA-nın Tarix
və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin
müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov,
Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr
şöbəsinin müdiri, kimya üzrə fəlsəfə
doktoru Nazir Əhmədli və Diasporla İş üzrə
Dövlət Komitəsinin şöbə müdiri Səlhət
Abbasova çıxışlarında qeyd ediblər ki, kitab
İrəvanın zəngin tarixi, çoxəsrlik mədəni
irsi və orada yetişmiş tanınmış şəxsiyyətlər
haqqında ətraflı məlumat verən dəyərli bir tədqiqat
əsəridir. Əsər, əsasən, unikal və
etibarlı tarixi mənbələrə, eləcə də
arxiv sənədlərinə və araşdırmalara əsaslanaraq
hazırlanıb.
Çıxış edənlər bildiriblər ki,
İrəvan şəhərinin tarixi və şəxsiyyətləri
haqqında məlumatların toplanması, sistemləşdirilməsi
və nəşr edilməsi yalnız tarixi faktların qorunub
saxlanılması üçün deyil, həm də gələcək
nəsillərin milli-mənəvi dəyərləri daha dərindən
öyrənməsi baxımından böyük əhəmiyyət
daşıyır. Natiqlər çıxışlarında
belə tədqiqatların yerli və beynəlxalq səviyyədə
diqqətə çatdırılmasının zəruriliyini
vurğulayıblar. Onlar vurğulayıblar ki, bu kimi əsərlərin
daha da təkmilləşdirilməsi, bir neçə xarici dilə
tərcümə olunması, İrəvan şəhərinin
tarixi və şəxsiyyətləri haqqında məlumatların
toplanması və nəşr edilməsi gələcək nəsillərin
məlumatlanması baxımından önəmlidir.
Kitabın müəllifi Fəridə Səfiyeva
bildirib ki, İrəvan şəhərində Azərbaycan
xalqına qarşı soyqırımı aktının həyata
keçirilməsi və bu həqiqətlərlə
yanaşı, İrəvan şəxsiyyətlərinin
tanıdılması baxımından kitabın
yayılması məqsədəuyğundur.
Onun sözlərinə görə, "İrəvan:
tarixi həqiqətlər və şəxsiyyətlər”
kitabı Prezident İlham Əliyevin alimlərə
çağırışına cavab olaraq yazılıb.
Müəllif kitabın Qərbi Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması istiqamətində
dövlətimizin gördüyü genişmiqyaslı işlərin
tərkib hissəsi olacağına ümid etdiyini söyləyib.
Elm .- 2024.- 29 noyabr(№39).- S.9.