“Coğrafi terminlər və
anlayışların izahlı lüğəti” işıq
üzü görüb
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunu
tərəfindən “Coğrafi terminlər və
anlayışların izahlı
lüğəti” çap olunub.
Dövlət İmtahan Mərkəzinin sifarişi ilə
hazırlanmış və çoxdan gözlənilən bu dəyərli
vəsait qəbul imtahanlarına hazırlaşanlar, yuxarı
sinif şagirdləri və müəllimlər
üçün nəzərdə tutulsa da bütün
coğrafiyasevərlər üçün bir hədiyyə
sayıla bilər.
Kitabın elmi redaktoru professor Fərda İmanov, tərtibçiləri
Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına
Coğrafiya İnstitutunun əməkdaşları, baş
direktor professor Zakir Eminov və şöbə müdiri
c.ü.f.d. Mirnuh İsmayılov, orta məktəb müəllimləri
Təranə Əfəndiyeva və Aygün Əliyevadır.
Kitaba “Ön söz” olaraq şərh verən DİM
İdarə Heyətinin sədri Məleykə Abbaszadə
lüğətin zəruriliyini önə çəkərək
şagirdlərdə özünütəhsil vərdiş və
bacarıqlarını formalaşdırmaq və inkişaf
etdirmək üçün vəsaitin
hazırlanmasının aktual məsələ olduğunu diqqətə
çatdırıb.
İlk dəfə nəşr edilən “Coğrafi
terminlər və anlayışların izahlı lüğəti”
ali və ümumtəhsil müəssisələrinin təcrübəli
müəllim və mütəxəssisləri tərəfindən
hazırlanıb. Müasir dünyada elmi sahələrdə və
tədrisdə inteqrasiya proseslərinin genişlənməsi,
eyni zamanda elmin, texnologiyaların inkişafı ilə
bağlı olaraq beynəlxalq aləmdə bir sıra yeni
terminlər və ifadələr yaranıb ki, onların
izahına, şərhinə
böyük ehtiyac var. Bu baxımdan təqdim edilən
lüğət xüsusi əhəmiyyətə malikdir.
Lüğətdə şəkil, sxem və
diaqramlardan geniş istifadə olunub.
Qeyd etmək lazımdır ki, lüğət
hazırlanarkən Coğrafiya İnstitutunda aparılan son tədqiqatların
nəticələri də nəzərə alınıb.
Elm .- 2025.- 7 fevral(№5).- S.6.