Lənkəran
Regional Elmi Mərkəzində “Qadınlar və qızlar elmdə”
mövzusunda elmi seminar keçirilib
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi və
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin
birgə təşkilatçılığı ilə
“Qadınlar və qızlar elmdə” mövzusunda elmi seminar
keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin
direktoru Mehman Əliyev bildirib ki, BMT-nin 2015-ci il dekabrın 22-də
qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-i
“Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü təsis
edilib. Günün təsis edilməsinin əsas səbəbi
2030-cu ilə qədər müxtəlif istedadlı tədqiqatçıların
əhatəsini genişləndirmək, qadınlar və
qızların elmi-texnoloji sahələrdə rolunu, həmçinin
onların müxtəlif elm sahələrinin inkişafında
iştirakını gücləndirməkdir.
Elmi seminarın moderatoru, Lənkəran REM-in
Qadınlar Şurasının sədri Fəranə
Mikayılova çıxışında qeyd edib ki, bu gün
Azərbaycanda qadınların savadlılıq səviyyəsi
yüksəkdir. Onlar ölkəmizdə ali təhsil
ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə
doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə
malik olanların 46 faizini, ümumilikdə tədqiqatçıların
56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər
Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan
ibarətdir.
Sonra Lənkəran
REM-in əməkdaşı Həzən Fərəczadə
“Elmdə və həyatda örnək olan görkəmli Azərbaycan
qadını: Aida İmanquliyeva”, Lənkəran şəhər
Heydər Əliyev Mərkəzinin baş fond mühafizi
Aygün Əkbərova “Qadın və elm: inkişafa
doğru”, Lənkəran REM-in əməkdaşlarından Nəzrin
Əlizadə “Elmi innovasiyalarda qadınların rolu”, Gözəl
Əlizadə “İslam və Şərq mədəniyyətində
qadın alimlər” və Validə Seyfullayevanın
“Qadınlar elmdə: keçmişdən gələcəyə”
mövzularında məruzələri dinlənilib.
Bildirilib ki, dünyada elm, texnologiya, mühəndislik və
riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi
qadınlardır. Azərbaycanda bu rəqəm 40 faizdir, yəni
orta dünya göstəricisindən artıqdır. Azərbaycanın
qadın və qızların maarifləndirilməsi istiqamətindəki
səyləri, eləcə də qadın və
qızların elm və təhsil sahəsində
aparıcı mövqe tutması nəzərə alınaraq,
RASIT tərəfindən Bakı şəhəri bir il
müddətinə (sentyabr 2024 - sentyabr 2025) “Elmdə qadın
və qızların dünya paytaxtı” elan olunub.
Məruzə və çıxışlarda, həmçinin
Azərbaycanın görkəmli alimləri Zərifə
Əliyeva, Aida İmanquliyeva, İzzət Orucova, Zəhra
Quliyeva, Validə Tutayuq, İradə Hüseynova, Gövhər
Baxşəliyevanın və başqalarının elm sahəsində
əldə etdikləri nailiyyətlərdən bəhs olunub,
uzun illər Lənkərana rəhbərlik etmiş Dilrubə
Camalovanın ictimai-siyasi fəaliyyətindən söz
açılıb. Eyni zamanda, Lənkəran şəhər
Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət
müəssisəsində tərbiyə alan bir qrup
qızların Lənkəran şəhər Heydər
Əliyev Mərkəzində fəaliyyət göstərən
rəssamlıq və digər dərnəklərə təmənnasız
qəbul olunması təqdirəlayiq hal kimi vurğulanıb,
Lənkəran REM-də Ümummilli Liderin 100 illiyi adına
kitabxanada qadın alimlərimizin və yaradıcı
xanımların kitablarından ibarət xüsusi guşənin
yaradılması məqsədəmüvafiq hesab edilib.
Məruzələr ətrafında müzakirələrdə
Lənkəran REM-in əməkdaşlarından Sərraf
Talıbov, İltifat Əhmədov və Cəmil Quliyev
çıxış edərək mülahizələrini
bölüşüblər.
Elm .- 2025.- 14 fevral(¹6).- S.11.