Akademik Cəlal Əliyevin xatirəsi
anılıb
Böyük alim və ictimai-siyasi xadim, Azərbaycanda
biologiya elminin müasir istiqamətlərinin
yaradılmasında misilsiz xidmətləri olan akademik Cəlal
Əliyevin vəfatından səkkiz il ötür.
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və
Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə
Hüseynova başda olmaqla, Cəlal Əliyevin tələbələri
müəllimlərinin əziz xatirəsini yad etmək
üçün Fəxri xiyabanda olublar. Əsası akademik Cəlal
Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və
Biotexnologiyalar İnstitutunun əməkdaşları ilə
yanaşı, Botanika İnstitutunun, Genetik Ehtiyatlar İnstitutunun,
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik
Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da Cəlal
Əliyevin məzarını ziyarət edib, önünə əklillər
və gül dəstələri qoyublar.
Sonra Molekulyar Biologiya və Biotexnologiyalar
İnstitutunda alimin xatirəsinə həsr olunan tədbir
keçirilib. Tədbiri giriş sözü ilə açan
institutun baş direktoru akademik İradə Hüseynova bildirib
ki, akademik Cəlal Əliyevin bütün həyatı elmi həqiqətin
dərk olunmasına həsr olunub. Onun elmi fəaliyyətinin əsas
istiqamətini kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq
proseslərinin nəzəri əsasları kimi fotosintez və
fototənəffüs proseslərinin öyrənilməsi təşkil
edirdi. Fundamental tədqiqatların nəticələrinin
seleksiya işlərində kompleks şəkildə həyata
keçirilməsi nəticəsində Cəlal Əliyev tərəfindən
yüksək məhsuldarlığa malik qiymətli buğda
sortları yaradılmışdır. Alim keçən əsrin
70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin
bünövrəsini qoymaqla fundamental tədqiqatlarla zəngin
bir məktəb formalaşdırıb. Akademik Cəlal
Əliyevin o dövrdə yaratdığı kiçik qrup
Botanika İnstitutunun nəzdində şöbə kimi fəaliyyətinin
davam etdirmiş və daha sonra həmin şöbənin əsasında
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu
yaradılmışdır. Biologiyanın müasir istiqamətlərindən
olan molekulyar biologiya, molekulyar genetika, riyazi biologiya,
bioinformatika, gen və hüceyrə biotexnologiyası, gen
mühəndisliyi sahələri Azərbaycan elmində ilk dəfə
olaraq məhz Cəlal Əliyevin uzaqgörənliyi və məqsədyönlü
fəaliyyətləri sayəsində inkişaf etdirilib, onun rəhbərliyi
ilə bu elmlərin güclü kadr bazası
formalaşdırılıb. Cəlal Əliyevin
yaratdığı ənənəyə uyğun olaraq
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda gənclərin
elmi fəaliyyəti və dünya elminə inteqrasiyası
üçün bütün imkanlar yaradılıb. Akademik Cəlal
Əliyev təkcə alim kimi deyil, həm də bir insan kimi,
yetişdirdiyi yüzlərlə gənc alim və
ziyalıların müəllimi kimi də həmişə
xatırlanacaq. Elmə böyük töhfələr
vermiş akademik Cəlal Əliyevin əziz xatirəsi ürəklərdə
daim yaşayacaqdır.
Tədbirin sonunda alimin həyat və
yaradıcılığına həsr olunmuş “Əbədi
çıraq” filmi nümayiş etdirilib.
Elm .- 2025.- 7 fevral(№5).- S.4.