Yeni elmi
çağırışlar fonunda Azərbaycan qadın alimləri
Azərbaycanda və müsəlman Şərqində
ilk dünyəvi qız məktəbi - Aleksandra imperator
rus-müsəlman qız məktəbi Mariya Kürinin ilk Nobel
mükafatı almasından cəmi iki il öncə 1901-ci ildə
Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və
dəstəyi ilə açılmışdır. Bugün o
tarixdən bir əsrdən
çox vaxt keçir və analıq missiyasını yerinə
yetirməklə bərabər, bacarıqlı siyasətçi,
dövlət və elm xadimi, peşəkar mütəxəssis
olan Azərbaycan qadını cəmiyyətin bütün sahələrində
qazandığı uğurlar diqqəti cəlb edir. Bu yolda ilklərə imza atan, ilk
qadın fəallarımız- Bakı xanımlarının
ilk təşkilatını yaradan Hənifə Məlikova, Azərbaycanın
ilk qadın jurnalisti, ilk qadın yazıçısı Şəfiqə
Əfəndizadə, 1911-ci ildə həyat yoldaşı ilə
birlikdə Azərbaycan qadınının yoluna ilk “İşıq” salan Xədicə
Əlibəyova, 1908- ci ildə ilk ali təhsilli qadın həkim
kimi fəaliyyətə başlayan,
tibb elmləri doktoru, Nobel mükafatına namizədliyi
qeydə alınan ilk azərbaycanlı Sona xanım Vəlixan,
ilk qadın kinorejisorrumuz Qəmər Almaszadə, ilk
qadın pilotumuz Leyla Məmmədbəyova, AMEA-nın
üzvü seçilmiş ilk qadın alimimiz Validə Tutayuq
kimi Azərbaycan xanımları
özündən sonra elmi, təhsili həyat qayəsi
olaraq seçmiş xanımlarımıza örnək
olmuşlar. Xüsusilə, müstəqillik dövrü Azərbaycan
cəmiyyətində qadınların sosial-siyasi, iqtisadi- elmi sferada əldə
etdikləri nailiyyətlər diqqəti cəlb edir. Əlbəttə,
bütün bunların arxasında uğurla həyata
keçirilən gender siyasəti, qadınlara müasir cəmiyyətin
tamhüquqlu üzvləri kimi bütün imkanlardan bərabər
istifadə üçün zəruri şəraitin
yaradılması faktı durur. Müstəqil Azərbaycan cəmiyyətində
ənənə halını almış qadın
qurultaylarının təşkili, qadınlarla bağlı
dövlət strategiyasının qəbul edilməsi, qadın
yazıçı, şair, alimlərə göstərilən
diqqət və qayğı qadın hərəkatının
möhkəmlənməsinə səbəb olmuşdur.
Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Hər bir
insan dünyada həyatına görə, bütün
varlığına görə anaya borcludur. “Ana” sözü
müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə
də “Ana Vətən” deyirik, torpağa da “Ana torpaq” deyirik.
Biz Vətənə “Ana Vətən” deyəndə Vətənin
nə qədər əziz, nə qədər qiymətli,
müqəddəs olduğunu bir daha qeyd edirik. Ana həyatda hər
bir şeyin başlanğıcıdır”. Ananın
böyüklüyünü, qadının gücünü, cəmiyyətdə rolunu hər zaman təbliğ edən
Ümummilli lider “ana, qadın hər bir Azərbaycan oğlu
üçün müqəddəs bir məfhum
olmalıdır” - deyərək cəmiyyət quruculuğunda
ikinci böyük qüvvə olan qadına öz qiymətini
verirdi.
Dövlət müstəqilliyimiz bərpa edildikdən
sonra qadınların ictimai-siyasi həyata qovuşması,
onların dövlət idarəçiliyində geniş təmsilçiliyi,
bütün sahələrdə kişilərlə bərabər
hüquqlara malik olması dövlət-qadın siyasətinin
prioritet istiqamətlərindən birinə
çevrilmişdir. Xüsusilə, təhsil, səhiyyə və
elm sahəsində
qadınların geniş spektrli fəaliyyəti diqqəti
cəlb edir.
Bugün qlobal səviyyədə 4-cü sənaye
inqilabı və onun yaratdığı yeniliklər müasir
həyatımızın bütün sahələrinə sirayət
edir. Günümüzdə insanın ən böyük
köməyinə çevrilən süni intellekt inkişafa
təkan verir. Bütün
bunların fonunda sürətlə inkişaf edən dəqiq
elm sahələrində,
xüsusilə İKT sahəsində
çalışanlar arasında qadın alimlərin
azlığı, humanitar sahədə isə qadınların
üstünlüyü müşahidə edilməkdədir.
BMT -nin ən son hesabatına görə dünyada qadın alimlərin elmdəki
əsas problemlər aşağıdakılardır:
1. Qadınlar bütün tədqiqatçıların
33,3%-ni təşkil edərkən, milli elm
akademiyalarının üzvlərinin yalnız 12%-ni
qadınlar təşkil edir.
2. Süni intellekt kimi qabaqcıl sahələrdə hər
beş mütəxəssisdən yalnız biri (22%)
qadındır.
3. Dördüncü Sənaye İnqilabını
aparan əksər texnoloji sahələrdə bacarıq
çatışmazlığına baxmayaraq, qadınlar hələ
də mühəndislik məzunlarının yalnız 28%-ni və
kompüter elmləri və informatika üzrə məzunların
40%-ni təşkil edir.
4. Qadın tədqiqatçılar daha qısa, daha az
maaşlı karyeralara sahib olurlar.
Qrant layihələrdə qadınlara daha az maliyyə təmin
edilir. Onların işləri yüksək profilli jurnallarda az
təqdim olunur.
5. Orta hesabla, əmək bazarındakı qadınlar
qlobal miqyasda hələ də kişilərdən 23 faiz az
qazanır və qadınlar kişilərə nisbətən təqribən
üç dəfə çox saatını pulsuz ev və
qayğı işlərinə sərf edirlər. Son onilliklərdə
irəliləyiş var, lakin dünya 2030-cu ilə qədər
gender bərabərliyinə nail olmaq yolunda deyil.
Bütün bu problemlər təqribən Azərbaycan humanitar elm mühitində
də özünü göstərir. Texnikanın sürətli
inkişafı insan faktorunun vacibliyini zəiflədir və
antroposentrik elmlərin inkişafına diqqəti azaldır.
Lakin unutmaq lazım deyil ki, humanitar elmlər məhz fərd və
onun təmsil olunduğu xalqın ictimai-mədəni
identikliyinin öyrənilməsində və qorunmasında
olduqca vacibdir. Bugün Azərbaycanda humanitar elmlərin
inkişafında ən əsas problem təhsil və elmi fəaliyyətin
təşkilində elmi və texnoloji yeniliklərin ləng tətbiqidir.
Bu isə mütəxəssislərin İKT yeniliklərini
vaxtında mənimsəməməsi, ali təhsil müəssisəslərini
bitirmiş gənclərin tələb olunan elmi biliklərə
yetərincə yiyələnə bilməməsi ilə əlaqədardır.
Digər tərəfdən humanitar elm sahələrində
yazdığımız elmi əsərlərin geniş
kütlələr üçün cəlbediciliyi çox
aşağıdır.
Digər bir məqam isə elm müəssisələrində
ezamiyyələrə, mütəmadi elmi seminarlara, vebinarlara,
ixtisasartırma kurslarına hər bir şəxsə fərdi
inkişaf, cəmiyyətə inteqrasiya olunma və məşğulluq
üçün zəruri olan bilik, bacarıq, dəyər,
yanaşma, fikir və xarakterik cəhət kimi xüsusiyyətləri
özündə birləşdirən, dəyişə bilən
çoxfunksiyalı “ömür boyu təhsil” sisteminə
qadın alimlərin cəlb edilməsi məsələsidir.
Xüsusilə, humanitar elm sahələrində
çalışan qadınlar təəssüf ki, bu
imkanlardan geniş yararlana bilmirlər.
Bu il 11 fevral “Qadınlar və qızlar elmdə”
gününün elanından 10 il ötür. Bu 10 ildə
elmin inkişaf meyarları, perspektivləri, maraqları da xeyli
dəyişmiş, artıq yeni elm sahələri,
multidisiplinar tədqiqatlar geniş vüsət
tapmışdır. Sənaye və texnoloji inqilabların təsiri
altında formalaşan yeni ictimai və iqtisadi reallıqlar
ölkəmizdə dayanıqlı inkişafın təmin
edilməsi üçün elm və təhsil sistemlərində
köklü islahatları zəruri edir. Bu baxımdan
qadınların bu islahatların həyata keçirilməsində
daha aktiv və məhsuldar iştirakı üçün məqsədyönlü
səylərin həyata keçirilməsi zəruridir. Bu
çağırışlar humanitar sahədə
çalışan qadın alimlərin qarşısına da
yeni öhdəliklər qoyur, şəxsi və elmi
inkişafda artıq kəmiyyət parametrinin keyfiyyət
parametri ilə əvəzlənməsini labüd edir.
Qadın böyük qüvvədir. Ancaq onun qüvvəsinin
qaynağı ona inam bəsləyən və qiymət verən
cəmiyyətdir. Ümid edək ki, bu inam və dəyər
heç bir zaman tükənməyəcəkdir.
Şəbnəm Həsənli - Qəribova,
AMEA-nın Dilçilik İnstitutunun Qadınlar
Şurasının sədri filologiya elmləri doktoru
Elm .- 2025.- 14 fevral(¹6).- S.10.