“Elm” nəşriyyatının
100 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib
AMEA-nın Rəyasət Heyətinin növbəti
iclasında “Elm” nəşriyyatının 100 illik yubileyinin
keçirilməsi ilə bağlı tədbirlər planı
da təsdiqlənib.
Bu barədə Mektebgushesi.az -a AMEA-dan məlumat
verilib.
Tədbirlər planında “AMEA-nın “Elm” nəşriyyatının
Azərbaycan kitab mədəniyyəti tarixində rolu”
mövzusunda elmi konfransın keçirilməsi, “Əsrin nəşrləri:
elmin 100 illik yolu” adlı sərginin təşkili, “Elm” nəşriyyatının
yaranması, formalaşması və inkişaf mərhələlərindən
bəhs edən monoqrafiyanın nəşri, ikicildlik “Elm” nəşriyyatı:
bir əsrlik irsin biblioqrafiyası” nəşrinin
hazırlanması, “Elm” nəşriyyatı – 100” rubrikası
ilə məqalələrin dərc etdirilməsi, “Elm” nəşriyyatının
100 illik yubileyinə həsr olunmuş videoçarxın ərsəyə
gətirilməsi və s. əksini tapıb.
2025-ci ilin sentyabr ayında “Elm” nəşriyyatının
yaradılmasının 100 ili tamam olur. Azərbaycan Tədqiq və
Tətəbbö Cəmiyyəti (ATTC) təsis olunarkən əsas
hədəflərdən biri tədqiqat nəticələrinin
nəşri, elmi-tədqiqat xarakterli mətbuat
orqanlarının yaradılması idi. Bakıda keçirilən
Birinci Türkoloji Qurultay ərəfəsində azərbaycanşünaslığa
dair xeyli adda əsərin çapının
planlaşdırılması redaksiya-nəşriyyat işlərinin
vahid mərkəzdə – yeni yaradılacaq nəşriyyatda
toplanılmasını labüd edirdi. Bu məqsədlə
ATTC-nin Mərkəzi Şurası Rəyasət Heyətinin
1925-ci il 23 sentyabr tarixli iclasında nəşriyyatın məsələsi
müzakirə edilmiş, onun fəaliyyətinə rəhbərlik
Redaksiya və Nəşr Şurasının sədri İosif
Feodoroviç Blinov və professor Bəkir Çobanzadəyə
həvalə edilmişdir.
Nəşriyyat keçdiyi 100 illik zəngin dövr ərzində
respublikamızda elmi biliklərin geniş yayılmasına və
kitab mədəniyyətinin inkişafına mühüm
töhfələr verib, bu gün də həmin yüksək
məqsədlərə xidmət göstərərək fəaliyyətini
uğurla davam etdirir.
Elm .- 2025.- 14 fevral(¹6).- S.8.