Azərbaycanda sosial və
humanitar elmlərin perspektivləri
AMEA-nın 2024-cü il fəaliyyəti kontekstində
II məqalə
Yaradıcılıqda və dövlətçilikdə
azərbaycançılıq
Yaradıcılıqda və dövlətçilikdə
azərbaycançılıq məsələsinin çox dərin
və həyati əhəmiyyətli məna çalarları
vardır. Etiraf edək ki, bu məqamı hətta elm
adamlarımız sırasında sona qədər qəbul etmək
istəməyənlər də yox deyildir. Məsələ
kimlərinsə şəxsi anlamaq potensialının az və
ya çox olmasında deyildir. Mənə görə, bunun fərdi
keyfiyyətlərdən çox tarixi, siyasi, ideoloji və təfəkkürə
yanlış yanaşma kimi fərqli səbəbləri
mövcuddur.
Bir qism tədqiqatçı Qərbdən qaynaqlanan və
sosial-humanitar elmlərə də “obyektivlik” kimi
sırınmağa çalışılan “elmdə ideologiya
olmamalıdır” absurd tezisə inanır. Onlar güman edirlər
ki, məsələn, Qərb sosiologiyası, fəlsəfəsi
və ya iqtisadiyyatı ideologiyasızdır.
Faktlar isə göstərir ki, ən dərin idraki
qatlarda Qərbdə hətta riyaziyyat və ya fizikanı dini
ideologiyaya bağlamışlar. Bunu Orta Əsrlərdə
keşiş Raymond Lulli etmişdir! Mən R.Lullinin xristianlığı
bütövlükdə dünyanı dərk etmə
üsulunun təməlinə yerləşdirdiyi “kriptotəlimindən”
geniş yaza bilərəm. Hətta bizim sevimli və “obyektiv”
təsəvvür etdiyimiz bir sıra təbiətşünas
alim və filosofun dərin idraki qatlarda məhz Lullizmə xidmət
etdiyini sübut etmək olar.
Məsələn, məşhur riyaziyyatçı və
filosof Vilhelm Qotfrid Leybnits (XVII-XVIII əsrlər) və
başqalarının Lullinin ideyalarını necə “obyektiv
riyazi elmi aspekt”də təbliğ etdiklərindən
danışa bilərik. Bunlar təbii ki, nə həmin tədqiqatçıların,
nə də dünya təbiətşünaslığının
əhəmiyyətinə xələl vermir. Sadəcə,
anlamağımız lazımdır ki, heç zaman
ideyasız və deməli, ideologiyasız insanın nəzəri
və praktiki idraki fəaliyyəti olmamışdır
(epistemik, yəni məntiqi sübutluluğa əsaslanan idraki
fəaliyyət səviyyəsində).
Sosial və humanitar elmlərə gəldikdə isə...Dünyaca
məşhur Qərb filosofları, iqtisadçıları,
sosioloqları və kulturoloqları öz dilləri ilə
deyiblər ki, tədqiqatları Qərb cəmiyyətləri
ilə bağlıdır. Məsələn, M.Veber,
E.Dürkheym, T.Parsons, N.Luman və çoxlu sayda
başqaları. Tanınmış tarixşünas və
politoloq Benedikt Anderson millətlə bağlı məşhur
əsərində Qərb yaradıcı adamlarını fərqli
mədəniyyətlərə laqeyd və yuxarıdan
aşağı baxışlarına görə kəskin tənqid
etmişdir. Ümumilikdə çoxlu sayda Qərb
yaradıcı insanları XX əsrdə bu mövqeni daha əsaslı
müdafiə etmişlər və onun Qərb insanında bir
özündənrazılıq, yekəxanalıq, riyakarlıq
yaratdığını da əsaslandırmışlar.
Nümunə kimi, XX əsr məşhur kanadalı sosioloq
Marşal Maklüyeni göstərə bilərik (onun “Hutenberq
qalaktikası” əsərinə baxmaq kifayətdir). Əlavə
olaraq, X.Orteqa-i-Qasset (José Ortega y Gasset), Î.Şpenqler,
P.Feyerabend və digərlərinin bununla bağlı fikirlərinə
müraciət etmək artıq məşğuliyyət
olmazdı.
Bütün bunların fonunda kimlərinsə
sosial-humanitar elmlərdə mifik ideologiyasızlıq
axtarışının adı nədir? Xüsusilə,
söhbət Azərbaycandan düşəndə bəzilərinin
cidd-cəhdlə “qərbli alim” pozası alaraq, müdrik məsləhət
verən və çox bilən kimi “elmdə ideologiya olmaz” deməsi,
ilk növbədə özünü aldatmaqdan başqa bir
şey deyildir.
Lakin...başqa məsələdir ki, hətta sosial və
humanitar elmləri bolşeviksayağı və ya ortodoksal
katolik kimi, olsun ki, ultramillətçi, radikal qafil qismində
ifrat ideologiya “donuna bükmək” tamamilə qəbul edilməzdir!
Bu baxımdan kommunist ideologiyası elm üçün nə
dərəcədə təhlükəli idisə, eyni səviyyədə
indi ifrat liberalizm və ya hansısa radikal dini ideologiya
(hansı dinin olmasının fərqi yoxdur) o dərəcədə
arzuolunan deyildir.
Azərbaycançılıq bunların heç birinə
aid olmayan və hər bir azərbaycanlının təbii
olaraq həyata baxışlarında xüsusi yeri olan ideya,
ideologiya və məfkurədir. Azərbaycançılığın
azərbaycanlı yaradıcı adam üçün “həyata baxışlarında
xüsusi yeri” olması məsələsi məhz
yaradıcılıqla dövlətçiliyin vəhdətində
elmi olaraq ciddi əhəmiyyət kəsb edir. Akademik İsa Həbibbəylinin
aşağıdakı fikrini həmin kontekstdə dərk etmək
lazımdır: “Azərbaycan aliminin azərbaycançılıq
düşüncəsi ilə ərsəyə gətirdiyi əsərlər
yeni nəsillərin milli vətənpərvər ruhda tərbiyəsində
mühüm rol oynayacaq və bu, Akademiyanın, Azərbaycan
elminin, alimlərinin mənəvi borcudur”!
Təbii ki, bu fikirlər ilk olaraq ifadə edilməmişdir
– Azərbaycanın görkəmli yaradıcı adamları,
Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev tərəfindən
dəfələrlə müxtəlif kontekstlərdə
söylənmişdir. Burada bizim üçün vacib olan məqam
AMEA-nın bu istiqaməti birmənalı, dönmədən və
zərrə qədər də kənara çıxmadan
seçməsindən ibarətdir! Bu, ümumiyyətlə, Azərbaycan
elmi təfəkkürünün, aliminin mənəvi-psixoloji
və kreativ özünütəsdiqinin, yaradıcılıq
özəlliyinin, konkret olaraq AMEA-nın yeniləşməsinin
ana xəttidir!
Azərbaycan aliminin azərbaycançılıq
düşüncəsi
Beləliklə, AMEA-nın yeniləşməsi kursu
kontekstində “Azərbaycan aliminin azərbaycançılıq
düşüncəsi” tezisinin xüsusi anlamı vardır.
Azərbaycançılıq burada hər şeydən öncə,
Vətənə, milli mədəniyyətə, adət-ənənəyə,
dinə, dilə, dövlətçiliyə
bağlılığı nəzərdə tutur. Onun mənası
sırf sosial-mədəni, mənəvi və dövləti
faktorlara aiddir.
Sonra, azərbaycançılıq düşüncəsinin
antiazərbaycanlılıq tərəfi yoxdur. Yəni Azərbaycan
aliminin azərbaycançı düşüncəyə sahib
olması heç bir halda dünyanı iki “düşərgəyə”
– azərbaycançı və qeyri-azərbaycançı
düşərgəsinə ayırmaq demək deyildir. Bunun
ideya sübutu azərbaycançılıq məfkurəsinin
təməl prinsiplərindən biri ilə
bağlıdır. Ulu Öndər Heydər Əliyev azərbaycançılıqdan
ideologiya kimi bəhs edərkən həmişə
vurğulamışdır: Azərbaycanlılar milli mədəniyyətə
sədaqətli olmalıdırlar. Onu dərindən öyrənməlidirlər,
eyni zamanda, dünya mədəniyyəti nümunələrinə
daim açıq olmalıdırlar, onlardan bəhrələnməlidirlər!
Məhz bu iki istiqamətin sintezində azərbaycanlı təfəkkürü,
o cümlədən Azərbaycan aliminin təfəkkürü
formalaşmalıdır. Bunlara görə, Azərbaycan
yaradıcı insanının təfəkkürü etnik
kimliyin sərhədləri ilə məhdudlaşa bilməz
Nəhayət, vurğulanan kontekstdə
yaradıcılıq baxımından çox mühüm bir
özəlliyi də unutmaq olmaz. Azərbaycan aliminin azərbaycançı
düşüncəsinə tam hakim olmasının əvəzedilməz
bir yolu olduğunu düşünürəm – daim dünya
elminin ən yeni nailiyyətləri ilə tanış olmaq, ən
aparıcı və yeni tədqiqat üsulları,
metodologiyalarını əxz etmək! Əgər bu keyfiyyəti
itirsək, bütövlükdə azərbaycanlılığı
və azərbaycanlı təfəkkürünü
itirmiş oluruq! Kimliyini daim bəşəriliklə
“ölçən” azərbaycanlılar üçün bu, həqiqət
anıdır!
AMEA-nın yeniləşmə kursunda həmin özəlliyin
yeri ayrıcadır. Təsadüfi deyildir ki, dünya elminə
inteqrasiya təşkilatın 7 prioritet istiqamətlərindən
biridir. Azərbaycanşünaslığın da bu kontekstdə
alim üçün əhəmiyyəti və zəruriliyi
tam aydın olur. Bununla bağlı illik hesabat iclasının
iki məqamı diqqəti çəkdi. Onlardan biri AMEA rəhbərliyinin
Azərbaycan mətbəxi mədəniyyətinin tədqiqinə
daha geniş aspektdə yanaşmağa başlaması ilə əlaqəlidir.
Digəri isə ən yeni texnologiyaların,
elektronlaşmanın və rəqəmsallaşmanın Azərbaycan
aliminin fəaliyyətində yeri və rolu ilə
bağlı, obrazlı desək, iki akademikin yüksək elmi
səviyyədə fikir paylaşımıdır.
Mətbəx mədəniyyəti sosial amil kimi
Yazıçı və jurnalist Liliana Berger yazır
ki, qida heç də “fəlsəfi görünmür” və
həmişə iştah yaratmır, lakin “cəmiyyətin
sosial deqradasiyası (dağılması, tənəzzülü,
pozulması, strukturunu itirməsi) məhz qidadan, ona münasibətdən
başlayır”. Keçən əsrin ortalarından qida ilə
bağlı “oraqnoleptika” təlimi də yaranmışdır.
Bu təlim qidanın hiss üzvləri vasitəsi ilə qiymətləndirilməsini
nəzərdə tutur. Qədimdən filosoflar mətbəx mədəniyyəti
haqqında fikirlər söyləmişlər.
Platon yazırdı ki, insanın ilkin və əsas tələbatı
mövcud olmaq və yaşamaq üçün qidanı
düzgün müəyyən etməkdən ibarətdir.
Platon üçün dövlətin əsl təbəəsi
düzgün qidalanmalı, ifratçılığa yol verməməlidir.
Çünki insanı qida yaradır (“Biz nə yeyiriksə,
mahiyyətimiz də odur” – Hippokrat).
Sokrat aclığı qidanın “ən yaxşı ədviyyatı”
hesab edirdi. Siseron qidalanmanı insanın güc alması ilə
birbaşa bağlayırdı. Yəni güclü insan qədərində
yeyə biləndir.
N.Tusi əsərlərində qida mədəniyyətinə
böyük önəm vermişdir (məsələn,
“Əxlaqi-Nasir”).
Sartr qidanı “insanın rəsmini yaradan simvol” kimi fəlsəfi
təhlil etmişdir. Devid Kaplan isə qidanın mədəniyyət,
sosial rifah, arzu və istək, ruhanilik, estetik varlıq kimi fəlsəfi
anlamlarından bəhs etmişd.
Belə alınır ki, mətbəx mədəniyyəti
heç də məişət təsəvvürlərinə
sığan və həmin məhdud çərçivədə
insan həyatında rol oynayan faktor deyildir. Mətbəx mədəniyyəti
bütöv bir xalqın, cəmiyyətin sosial faktorudur. Onun
insanın fərdi və kollektiv həyatına təsiri
çox güclüdür. Mətbəx mədəniyyətini
öyrənmək müəyyən dərəcədə cəmiyyətin
tarixi, birgə yaşamaq üsulu, psixologiyası,
şüuru, mənəvi-əxlaqi dəyərləri və
s. barədə təsəvvürə malik olmağa imkan
verir. Ümumi halda mətbəx mədəniyyəti insan mədəniyyətinin
mühüm tərkib hissəsidir. Buna görə də
müasir mərhələdə ölkələr mətbəx
mədəniyyətinin öyrənilməsinə fundamental məsələ
kimi baxırlar. Hətta bəzi xalqlar başqalarının mətbəx
mədəniyyətinin elementlərini oğurlayıb, özləri
üçün mədəniyyət obrazı yaratmağa
çalışırlar.
Azərbaycana qarşı qonşusu ermənilərdən
belə cəhdlərin olduğu haqqında kifayət qədər
fakt vardır. Bu baxımdan Azərbaycan dolmasını “erməniləşdirmək”
bəsit hadisə deyildir, onun ciddi mədəni konteksti
vardır.
Belə çıxır ki, mətbəx mədəniyyətini
öyrənməyin də Azərbaycan mədəniyyəti,
özəlliyi və insanların birliyi baxımından əhəmiyyəti
çoxdur. AMEA-da mətbəx mədəniyyəti ilə
bağlı əməkdaşlıq əlaqələrinin, tədqiqatların
genişləndirilməsinə ehtiyacın
yarandığını, bu gün Ermənistanın
xalqımızın mətbəx mədəniyyəti ilə
bağlı bir sıra məqamları UNESCO-ya öz mədəniyyətləri
kimi təqdim etdiyini vurğulamaqla bunun
qarşısının alınmasında Azərbaycan elminin də
üzərinə ciddi vəzifələr
düşdüyünü aktuallaşdırmaq təsadüfi
deyildir. AMEA prezidenti bunları nəzərə alaraq
İctimai Bölmənin illik hesabat tədbirində ayrıca
qeyd etmişdir ki, “ölkəmiz üçün belə bir
strateji məsələdə Akademiyanın Tarix və
Etnologiya, Folklor, Arxeologiya və Antropologiya, Memarlıq və
İncəsənət institutlarının əməkdaşlarının
AR Mədəniyyət Nazirliyi və AR Dövlət Turizm
Agentliyi ilə birgə əməkdaşlıq etməyə
hazırdır və yaxın günlərdə bunun
üçün zəruri addımlar atılacaq”.
(ardı var)
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru
Elm .- 2025.- 14 fevral(¹6).- S.8.