“Azərbaycan Türk fəlsəfi və ictimai fikir
tarixi (XIX-XX əsrlər)” III cildlik kitabın yenidən nəşrinin
təqdimatı keçirilib
(AMEA) Fəlsəfə və
Sosiologiya İnstitutunun akt zalında həmin institutun “Türk
xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”
şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə
doktoru, Dos. Faiq Ələkbərlinin (Qəzənfəroğlu)
“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi
(XIX-XX əsrlər)” adlı III cildliyinin (əlavələrlə
təkrar nəşrinin) təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Fəlsəfə
və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri
doktoru, Prof. İlham Məmmədzadə açaraq III
cildiyinin əlavələrlə təkrar nəşrinin nəşr
edilməsi ilə bağlı müəllifi təbrik edərək
ona yaradıcılığında uğurlar arzulayıb. O
bildirib ki, bu uğur həm də Fəlsəfə və
Sosiologiya İnstitutunun uğurudur. İ.Məmmədzadə
qeyd edib ki, üç cildlik olduqca böyük zəhmət
hesabına başa gəlib, bu kitablarda maraqlı və yeni məqamlar
çoxdur, burada müəllifin dəsti-xəttinin
özünəməxsus olması xüsusi olaraq seçilir və
müəllif bu kitablarında zəngin mənbələrdən
istifadə etməklə tarixən cavabı verilməyən
bir çox suallara aydınlq gətirib.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun
elmi işlər üzrə direktor müavini, tarix üzrə
elmlər doktoru Eynulla Mədətli
çıxışında müəllifin əsərlərində
Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə
və s. bütöv yanaşma olduğunu, bu mənada
kitabların olduqca əhəmiyyət kəsb etdiyini, bu əsərin
institutda meydana çıxmasının vacib amil olduğunu
qeyd edib: “Müəllif üç cilddən ibarət olan
kitabda çox məharətlə tədqiqi etdiyi mövzular
arasında məntiqi ardıcıllıq yarada bilib.
Araşdırmaçı alimin gərgin zəhmətinin bəhrəsi
olan bu 3 cildlikdə filosof Azərbayan Türk fəlsəfi və
ictimai fikir tarixini sistemli şəkildə təhlil etmiş,
uğurlu tədqiqat aparıb. Burada həm dövrün
ictimai-siyasi, mədəni-fəlsəfi mənzərəsini hərtərəfli
şəkildə araşdırmış, eyni zamanda,
bütün bunların fonunda mütəfəkkirlərimizin
irsini oxuculara təqdim edib”.
Millət vəkili, siyasi elmlər doktoru, Prof. Hikmət
Babaoğlu bildirib ki, F.Ələkbərlinin 3 cildliyi milli
birliyi, bütövlüyü ifadə etmək Türk ruhunu
yenidən canlandırmaq baxımından çox önəmlidir:
“Çünki dövlət başçımız,
prezidentimiz İlham Əliyev də
çıxışlarında yeni milli ideyanın vacibliyindən,
Türk ailəsindən bəhs edir. Ona görə də, bu
institutda bu kimi əsrlərin nəşri prezidentimizin irəli
sürdüyü məqsədlərə, ideyalara da
uyğundur”.
Tarix üzrə fəlsəfə doktoru, Dos. Səməd
Bayramzadə qeyd edib ki, bütöv Azərbaycan fəlsəfəsini,
tarixini, ədəbiyyatını öyrənmək
baxımından F.Ələkbərlinin əsərləri
çox önəmlidir. Onun sözlərinə görə,
bu üçcildliyin Azərbaycanda və ondan kənarda
geniş şəkildə təbliğatını aparmaq
lazımdır. Fəlsəfə elmləri doktoru Füzuli
Qurbanov çıxışında bildirib ki, F.Ələkbərlinin
kitabları özünəməxsus bir iradə,
axtarış, yanaşmadır. F.Qurbanov əlavə edib ki,
müəllifin üç cildlikdə əsas qayəsi Azərbaycan
xalqının fəlsəfəsinə, elminə təfəkkürünə
xidmət etmək olub.
Üçcildliyin elmi redaktoru fəlsəfə elmləri
doktoru, Prof. Rafail Əhmədli bildirib ki, F.Ələkbərlinin
üçcildlik kitabı XIX-XX əsrlərdə
yaşamış Azərbaycan mütəfəkkirləri
haqqında ensiklopedik bir külliyyatdır: “Birincisi, müəllifin
kitablarında qırmızı xətt odur ki, bütün
mütəfəkkirlər bütöv Azərbaycan Türk
identikliyi formasında verilib. Yəni tarixən bu torpaqları
Türk dövlətləri idarə edib ki, buranın İran
adlanması isə yalnız Pəhləvilər dövründə
baş verib. Müəllif də, Azərbaycan Türk mütəfəkkirlərini
yalnız Quzey Azərbaycan xalqının deyil, bütöv bir
Azərbaycan xalqının, millətinin aydınları şəkilində
araşdırıb. Faiq müəllim doğru yanaşır
ki, Azərbaycan xalqına, onun fəlsəfəsinə, tarixinə,
mədəniyyətinə bütöv bir şəkildə
yanaşmaq lazımdır. İkincisi, müəllifə
görə dövlətin, coğrafiyanın deyil, millətin
fəlsəfəsi, tarixi, mədəniyyəti
yazılmalıdır. Müəllif də, bu anlamda doğru
olaraq “Azərbaycan Türk fəlsəfəsi” adı
altında Azərbaycan coğrafiyasında yerləşən
Azərbaycan türklərinin fəlsəfəsini qələmə
alıb”.
Siyasi elmlər doktoru, Dos. Ramilə Dadaşova bildirib
ki, F.Ələkbərlini 20 ilə yaxındır bütöv
Azərbaycan uğrunda mübarizə aparan, Türk
xalqlarının birliyinə çalışan bir alim kimi
tanıyıb: “Müəllifin bu kitabları da ötən həmin
illərin məhsulu olub, özünəməxsus bir xətt,
yol ortaya qoyub. Bu gün Faiq müəllimin Türk
xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi
şöbəsinin müdiri olmasının da böyük əhəmiyyəti
var. Çünki bundan sonra Faiq Ələkbərli doktorantlar,
dissertantlar yetişdirəcək ki, bu da Faiq Ələkbərlinin
məktəbi olacaq”.
Məruzəçilərdən fəlsəfə
üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov,
fəlsəfə üzrə fəlsəfə doktoru, Dos.
Şölət Zeynalov, tarix üzrə elmlər doktoru, Dos.
Vaqif Abışov, ADNSU THİK Kitab Klubunun sədr müavini
Azər Bədəlov, fəlsəfə üzrə fəlsəfə
doktoru, Dos. Aygün Xəlilqızı, fəlsəfə
üzrə fəlsəfə doktoru, Dos. Zeynəddin
Şabanov, tarix üzrə fəlsəfə doktoru, Dos.
Əzizağa Ələkbərov, BDU-nun Fəlsəfə
Tarixi və Mədəniyyətşunaslıq
kafedrasının müəllimi Elçin Sərdarov və
digər iştirakçılar müəllifi təbrik edərək,
kitab haqqında fikir və mülahizələrini
bölüşüblər.
Sonda müəllif – Faiq Ələkbərli təqdimata
gələn hər bir kəsə minnətdarlığını
bildirib. O qeyd edib ki, bu 3 cildliyi ərsəyə gətirməkdə
əsas məqsədi Azərbaycan xalqının mədəni-fəlsəfi,
tarixi bütölüyünü, Türk xalqlarının həmrəyliyini
ifadə etmək olub.
Elm .- 2025.- 28 fevral(№8).- S.8.