Xocalı
soyqırımı və suverenliyimizin bu günü
Fevralın 25-də AMEA-da Xocalı
soyqırımının 33-cü ildönümünə həsr
olunan “Xocalı soyqırımı və suverenliyimizin bu
günü” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir AMEA Rəyasət
Heyəti, AMEA Azad Həmkarlar İttifaqı, YAP Yasamal rayon təşkilatı,
Mərkəzi Elmi Kitabxana, akademiyanın Gənc Alim və
Mütəxəssislər Şurası və Fəlsəfə
və Sosiologiya İnstitutu tərəfindən birgə təşkil
edilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib,
respublikamızın ərazi bütövlüyü uğrunda
həlak olan şəhidlərimizin və Xocalı faciəsi
qurbanlarının əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
Xocalı soyqırımının Azərbaycan tarixinin ən
dəhşətli səhifələrdən biri olduğunu
söyləyib, hadisənin səbəbi və nəticələri
barədə iştirakçılara ətraflı məlumat
verib. O, Xocalı faciəsinin hər il ölkəmizlə
yanaşı, onun hüdudlarından kənarda yaşayan
soydaşlarımız tərəfindən xalqımızın
qəhrəmanlıq mübarizəsinin bir səhifəsi kimi
qeyd edildiyini bildirib.
Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin
Ümummilli Lider Heydər Əliyev tərəfindən
verildiyini deyən akademik İsa Həbibbəyli
vurğulayıb ki, Ulu Öndər Ermənistanın Azərbaycana
qarşı həyata keçirdiyi soyqırımı və
terror siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılmasını xarici siyasətdə
mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib.
Onun təşəbbüsü ilə 1994-cü il fevralın
24-də Milli Məclis “Xocalı soyqırımı
günü haqqında” qərar qəbul edib, beynəlxalq
ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər
görməyə çağırıb.
AMEA rəhbəri erməni millətçilərinin
törətdikləri bu qırğının dünyanın
bir çox ölkələrində soyqırımı
aktı kimi tanındığını bildirib. O, Xocalı həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, bu
qanlı hadisəyə obyektiv qiymət verilməsi istiqamətində
Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib.
Vurğulayıb ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası
bu soyqırımının təkcə xalqımıza
qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə
qarşı yönələn ən ağır cinayətlərdən
biri kimi tanıdılması baxımından mühüm
işlər həyata keçirməkdədir.
“2020-ci il Vətən müharibəsindən sonra
Xocalı faciəsi dərin hüzn və böyük kədərlə
yanaşı, həm də milli qürur hissi ilə də
keçirilir”, - deyə bildirən akademik İsa Həbibbəyli
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti,
güclü ordumuzun rəşadəti sayəsində tarixi ədalətin
bərqərar olduğunu, Xocalının, Qarabağın və
Şərqi Zəngəzurun əsl sahiblərinə
qaytarıldığını vurğulayıb. AMEA rəhbəri
qeyd edib ki, Prezident İlham Əliyev Qarabağ Zəfərini
Azərbaycan xalqına qazandırmaqla, torpaqlarımızı
işğaldan azad etməklə Xocalının yeni səhifəsinin
yazılmasının əsasını qoyub. Bu, tariximizin
unudulmayan şanlı səhifəsidir. İllər
keçdikcə bu hadisənin qiyməti və əhəmiyyəti
daha da artacaq.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi
ilə Qarabağda və Şərqi Zəngəzurda, o
cümlədən Xocalıda genişmiqyaslı bərpa-quruculuq
işlərinin aparıldığını, Böyük
Qayıdışa dair Dövlət Proqramının uğurla
həyata keçirildiyini söyləyən akademik İsa Həbibbəyli
bir neçə gün öncə ölkə rəhbərinin
Qarabağa səfəri çərçivəsində
Xocalıda da olduğunu və Ballıca kəndində sakinlərlə
səmimi görüşlər keçirdiyini
xatırladıb. Bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə
aparılan geniş quruculuq işləri, əldə olunan nəticələr
Azərbaycanın iqtisadi qüdrətinin əyani təzahürü,
tökülən qanın yerdə qalmamasının ən
yaxşı sübutudur
AMEA prezidenti hazırda Xocalıda yeni həyatın
başlandığını və artıq insanların
öz doğma torpaqlarına geri döndüklərini qeyd
edib. Vurğulayıb ki, bu, əsası Ulu Öndər Heydər
Əliyev tərəfindən qoyulan və Prezident İlham
Əliyev tərəfindən yeni inkişaf səviyyəsinə
qaldırılan Azərbaycan dövlətçiliyinin
böyük tarixi hadisəsidir.
Xocalı hadisəsini dərindən öyrənməyin
Elmlər Akademiyasında fəaliyyət göstərən
alimlərin mənəvi borcu olduğunu söyləyən
akademik İsa Həbibbəyli dövrün
çağırışlarını nəzərə alaraq
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya
İnstitutunda Qarabağ müharibəsinin tarixi və
Böyük Qayıdış hərəkatı şöbəsinin
yaradıldığını diqqətə
çatdırıb. O, AMEA-nın digər institutlarında da
Qarabağ hadisələri ilə bağlı
genişmiqyaslı elmi-tədqiqat işlərinin
aparıldığını, yeni kitabların nəşrə
hazırlandığını bildirib. Qeyd edib ki, əsas hədəf
ölkəmizin müxtəlif dövrlərdə itirilmiş
torpaqlarının tarixinin araşdırılaraq
bugünkü nəsillərə olduğu kimi
çatdırılması və onların tarixin ibrət dərslərindən
lazımi nəticələr çıxarmasıdır. Gənclərimiz
bu faciələrin nəticələrini, eləcə də
Xocalının ağrılı tarixini bilməlidir.
Daha sonra AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən
Xocalı soyqırımı barədə
hazırlanmış məlumatların əks olunduğu slayd
nümayiş etdirilib.
Tədbirdə, həmçinin AMEA Azad Həmkarlar
İttifaqının sədri dosent Sənan Həsənov, YAP
Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev,
Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi
iştirakçıları və şəhid ailələri
ilə işin təşkili şöbəsinin müdiri, Vətən
müharibəsi iştirakçısı, ehtiyatda olan
polkovnik-leytenant Samir İsmiyev, AMEA Mərkəzi Elmi
Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri
filologiya üzrə fəlsəfə doktoru Aytən
Əliyeva və Nəsimi adına Dilçilik İnstitutunun Gənc
Alim və Mütəxəssislər Şurasının sədri
böyük elmi işçi Arzu İsgəndərzadə
çıxış edərək Ermənistanın hərbi-siyasi
cinayətləri, tarixən həyata keçirdiyi
işğalçılıq siyasəti barədə
danışıb, Xocalı soyqırımı dəhşətlərinin
heç zaman unudulmayacağını bildiriblər.
Soyqırımı Həqiqətləri Tanıtma
İctimai Birliyinin koordinatoru, Xocalı
soyqırımının şahidi Mürvət Məmmədov
isə acı xatirələrini bölüşüb. O, 14
yaşında olarkən Xocalıda törədilən qətliam
zamanı girov götürüldüyünü və dəhşətli
gecədə atasını və qardaşlarını
itirdiyini söyləyib. Mürvət Məmmədov həmin
ağrılı və acılı günlərin indi də
gözünün önündə canlandığını
bildirib. Qeyd edib ki, artıq bütün şəhidlərimizin,
Xocalı soyqırımı qurbanlarının qisası
alınıb: “44 günlük İkinci Qarabağ müharibəsində
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusu tarixi Zəfərə
imza atdı. Silahlı Qüvvələrimiz Ermənistan
ordusunu diz çökdürdü. Otuzillik torpaq həsrətinə
son qoyuldu və tarixi ədalət bərpa edildi”.
Elm .- 2025.- 28 fevral(¹8).- S.5.