AMEA-da aparılan islahatlar mərkəzdən
regionlardakı elmi qurumlarımıza doğru genişlənir
Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətinin növbəti
iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,
Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti
aparatının şöbə müdirləri, həmçinin
AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin,
eləcə də Şəki və Lənkəran Regional Elmi
mərkəzlərinin rəhbərləri və əməkdaşları
iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa
Həbibbəyli açaraq tədbirin gündəliyi barədə
məlumat verib.
Əvvəlcə AMEA-nın müxbir üzvü
Əbülfəz Quliyevə 75 illik yubileyi münasibətilə
AMEA-nın Fəxri fərmanı təqdim olunub.
Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər
müzakirə edilib.
İclasda müzakirəyə çıxarılan ilk
məsələ AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət
Heyətinin tərkibinin təsdiq edilməsi haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın
yeni Nizamnaməsinin və AMEA Naxçıvan Bölməsinin
yeni Nizamnaməsinin müvafiq bəndlərinə uyğun
olaraq, bölmənin Rəyasət Heyətinin yeni tərkibinin
formalaşdırılması məqsədi ilə seçki
keçirilib və nəticələrdən irəli gələrək
AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət
qaldırılıb. Akademik İsa Həbibbəyli
Naxçıvan Bölməsinin Rəyasət Heyətinin təklif
edilən yeni tərkibini iclas
iştirakçılarının diqqətinə
çatdırıb.
AMEA rəhbəri bölmənin Gənc Alim və
Mütəxəssislər Şurasının və Həmkarlar
Təşkilatının sədrlərinin məşvərətçi
statusda Naxçıvan Bölməsinin Rəyasət Heyətinə
daxil edilməsini təklif edib.
AMEA-nın Rəyasət Heyəti tərəfindən
səsləndirilən təkliflər nəzərə alınmaqla
Naxçıvan Bölməsinin Rəyasət Heyətinin yeni
tərkibi təsdiqlənib.
Həmçinin filologiya üzrə fəlsəfə
doktoru Rəşad Zülfüqarov yenidən Naxçıvan
Bölməsinin Rəyasət Heyətinin elmi katibi vəzifəsinə
təsdiq edilib.
Daha sonra AMEA-nın Gəncə Bölməsinin Rəyasət
Heyətinin tərkibinin təsdiq edilməsi haqqında məsələyə
baxılıb.
Akademik İsa Həbibbəyli bölmə tərəfindən
təklif olunan yeni tərkibi iclas
iştirakçılarının diqqətinə təqdim
edib. Həmçinin Gəncə Bölməsində humanitar
profilli müəssisələrlə işlərin idarə
olunması məqsədilə sədr müavini vəzifəsinə
bu sahədən təyinata ehtiyac yarandığını və
AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin
direktoru filologiya üzrə fəlsəfə doktoru
Əlimuxtar Muxtarovun bu vəzifəyə təklif edildiyini
bildirib.
İclasda müzakirələrdən sonra Gəncə
Bölməsinin Rəyasət Heyətinin yeni tərkibi və
eləcə də filologiya üzrə fəlsəfə
doktoru Əlimuxtar Muxtarov bölmənin sədrinin müavini vəzifəsinə
təsdiq olunub.
Sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin
Elmi şurasının tərkibinin təsdiq edilməsi
haqqında məsələyə baxılıb.
Şəki Regional Elmi Mərkəzinə səfərini
xatırladan akademik İsa Həbibbəyli qurumun ötənilki
göstəricilərinin əvvəlki illərlə
müqayisədə yüksək olduğunu, aparılan
islahatların öz nəticəsini verdiyini bildirib. Həmçinin
ilk dəfə olaraq Şəki Regional Elmi Mərkəzində
arxeoloji qazıntılara başlanıldığını və
ilk tapıntıların qeydə alındığını
vurğulayıb. Eyni zamanda cari ilin yanvar ayında AMEA-nın Rəyasət
Heyəti tərəfindən Şəki Regional Elmi Mərkəzinin
ildə 2 dəfə nəşr olunmaqla “Elmi əsərləri”
jurnalının təsis edilməsi haqqında qərarın qəbul
edildiyini diqqətə çatdırıb.
Daha sonra AMEA-nın Rəyasət Heyətinin qərarı
ilə Şəki Regional Elmi Mərkəzinin Elmi
şurasının yeni tərkibi təsdiqlənib.
İclasda, həmçinin AMEA-nın Lənkəran
Regional Elmi Mərkəzinin Elmi şurasının tərkibinin
təsdiq edilməsi haqqında məsələyə
baxılıb.
Akademik İsa Həbibbəyli bildirib ki, ötən
müddət ərzində Mərkəzdə bir sıra
struktur islahatları həyata keçirilib, daxili imkanlar
hesabına yeni şöbələr və Mərkəzin
kitabxanası yaradılıb, eləcə də Lənkəran
Regional Elmi Mərkəzinin “Elmi əsərləri”
(İctimai-humanitar və təbiət elmləri seriyası)
jurnalı təsis olunub. AMEA rəhbəri həyata
keçirilən islahatların öz bəhrəsini verdiyini və
Mərkəzin fəaliyyətində inkişafın
müşahidə edildiyini söyləyib.
Akademik İsa Həbibbəyli Lənkəran Regional
Elmi Mərkəzinin Elmi şurasının təklif edilən
yeni tərkibini səsləndirib və müzakirələrdən
sonra Rəyasət Heyətinin qərarı ilə təsdiq
edilib.
Daha sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər
Baxşəliyeva İran İslam Respublikasının
paytaxtı Tehranda III Xəzər İqtisadi Forumunda
iştirakı barədə məruzə ilə
çıxış edib.
Xəzər İqtisadi Forumunun keçirilmə tarixi
barədə məlumat verən akademik Gövhər Baxşəliyeva
Forumun iştirakçı dövlətlər arasında
iqtisadi-ticari əməkdaşlığın aktual məsələlərinin
müzakirəsi üçün mühüm platformaya
çevrildiyini, Xəzəryanı dövlətlərin
başçıları tərəfindən sülh, mehriban
qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq
dəhlizi kimi dəyərləndirildiyini söyləyib. Qeyd
edib ki, III Xəzər İqtisadi Forumunda bir sıra
mühüm məsələlərə toxunulub, Xəzəryanı
dövlətlərin enerji sahəsində əməkdaşlığının
artırılmasının zəruri olduğu bildirilib.
Akademik Forum çərçivəsində
keçirilən “Xəzər ölkələrinin elmi və
texnoloji əməkdaşlığına dair” sessiyada
özünün və AMEA Rəyasət Heyəti
aparatının Xarici əlaqələr və beynəlxalq
elmi təşkilatlarla iş şöbəsinin müdiri
dosent Esmira Əlirzayevanın iştirak etdiyini və bir
sıra aktual təkliflərin səsləndirildiyini diqqətə
çatdırıb.
Rəyasət Heyəti tərəfindən akademik Gövhər
Baxşəliyevanın məruzəsi yüksək qiymətləndirilib
və müvafiq tapşırıqlar verilib.
İclasda, o cümlədən AMEA-nın fəxri üzvü İhsan Doğramacının 110
illiyi haqqında qərar qəbul olunub.
İclasda qeyd olunan məsələlər ətrafında
akademiklər Dilqəm Tağıyev, Rasim Əliquliyev,
İradə Hüseynova, İsmayıl Hacıyev,
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif
Şükürlü, filologiya üzrə fəlsəfə
doktoru Əlimuxtar Muxtarov və başqaları
çıxış edərək fikir və təkliflərini
səsləndiriblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli
Akademiyanın tarixində ilk dəfə regional bölmələrin
və elmi mərkəzlərin rəhbərlərinin
iştirakı ilə AMEA-nın Rəyasət Heyətinin
iclasının keçirildiyini söyləyib. Qeyd edib ki, həmçinin
AMEA-nın 80 illik tarixində ilk dəfə olaraq Şəki
və Lənkəran Regional Elmi mərkəzlərində elmi
nəşrlər təsis edilib. Akademik İsa Həbibbəyli
həyata keçirilən işlərin dövlətimizin
regionların inkişafı siyasətinin tərkib hissəsi
olduğunu və AMEA-da aparılan islahatların mərkəzdən
regionlardakı elmi qurumlarımıza doğru genişləndiyini
bildirib.
Çıxışının sonunda bildirib ki,
atılan bu addımlar ümumilikdə Azərbaycan elminin
inkişafına xidmət edir və alimlərimiz də öz
növbəsində əldə etdikləri uğurlarla
dövlətimizin inkişafına özlərinin töhfəsini
vermiş olurlar.
Elm .- 2025.- 28 fevral(¹8).- S.4.