Vəcihə Səmədova
adına Sərgi salonunda AMEA əməkdaşlarının rəsm
əsərlərindən ibarət sərgi
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi
münasibətilə Vəcihə Səmədova adına Sərgi
salonunda AMEA əməkdaşlarının rəsm əsərlərindən
ibarət “Akademiya rəssamlığı elmi idrakla bədii
düşüncənin qovşağında” adlı sərginin
açılış mərasimi olub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan
Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad
Xəlilov elmi zəkanın estetik təcəssümü olan,
elmlə incəsənətin qovuşduğu belə bir sərginin
ideya və təşəbbüsünə, həmçinin
aktiv iştiraka görə AMEA rəhbərliyinə minnətdarlığını
bildirib. O, AMEA-da çalışan alimlərin əsərlərindən
ibarət sərginin əhəmiyyətindən
danışaraq bunu əlamətdar hadisə kimi qiymətləndirib
və Akademiyanın 4 əməkdaşının –
Memarlıq və İncəsənət İnstitutunun direktoru
AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin, həmin
institutun əməkdaşları memarlıq üzrə fəlsəfə
doktoru Rizvan Babaşov, Rüxsarə Əlizadə və
Əlyazmalar İnstitutunun böyük elmi işçisi
Xoşqədəm Mirzəyevanın Rəssamlar
İttifaqına üzv qəbul edildiyini diqqətə
çatdırıb, onları təbrik edib.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
çıxış edərək AMEA-nın 80 illiyinin qeyd
edilməsi haqqında Azərbaycan Prezidentinin 18 mart 2025-ci il
tarixli Sərəncamının mühüm əhəmiyyət
kəsb etdiyini xüsusi vurğulayıb və bildirib ki, bu sərginin
əhəmiyyəti həm də AMEA-nın 80 illiyinə həsr
olunmasıdır. O,
sözügedən sərgini Azərbaycan Rəssamlar
İttifaqının, təsviri incəsənət tariximizin
mühüm hadisəsi adlandırıb. AMEA rəhbəri qeyd
edib ki, indiyədək Xalq rəssamlarının, görkəmli
fırça ustalarının, həyatını bu sahəyə
həsr edən görkəmli rəssamlarımızın əsərləri
bu möhtəşəm sərgi salonunda nümayiş
etdirilib. İlk dəfədir ki, bir kollektiv özünün
alim əməkdaşlarının rəsm əsərlərini
ictimaiyyətə təqdim edir. 80 ildə ilk dəfədir ki,
Akademiya əməkdaşlarının rəsm əsərlərindən
ibarət sərgisi elmi qurumdan kənarda möhtəşəm
sərgi salonunda belə bir miqyasda nümayiş etdirilir.
Akademik İsa Həbibbəyli AMEA-nın təklifini qəbul
edərək əksəriyyəti gənclərdən ibarət
olan Akademiya əməkdaşlarının rəsm əsərlərindən
ibarət sərgisini Vəcihə Səmədova adına
möhtəşəm salonda təşkil etdiyinə,
yaratdığı imkanlara görə ittifaqın sədri Fərhad
Xəlilovun da əməyini yüksək qiymətləndirib.
AMEA prezidenti çıxışında bildirib ki, rəsm əsərləri
bəzi cəhətləri ilə bir-birindən fərqlənir:
“Ənənəvi rəssamlıqdan fərqli olaraq bu sərgi
elm adamlarının, elmi tədqiqat institutlarında
çalışan, həyatını elmə həsr edən,
bir çoxu dissertasiya müdafiə etmiş, bəziləri
dissertant olan elm adamlarının Azərbaycanda
açdığı birinci sərgidir. Bu sərgidə
alimlik və rəssamlıq özünü bir çox cizgilərdə,
təsvirlərdə göstərir. Tarix və Etnologiya
İnstitutunun əməkdaşı Cəmaləddin
İsmayılovun çəkdiyi rəsmlər tipində olan əsərlərə
dünyada az müraciət edilir. Burada dərin mütaliə
qabiliyyətinə malik olmaq, tarixçi kimi araşdırma
aparmaq tələb olunur. Onun rəsmlərində kiçik
bir detalla alim səriştəsi və rəssam məharəti
birləşmişdir. Bundan əlavə, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Aynurə Həşimovanın
Azərbaycan dövlətçiliyinə həsr etdiyi rəsmlər
xüsusi əhəmiyyətə malik əsərlərdir.
Akademiyanın digər əməkdaşlarının da rəsm
əsərləri özünəməxsusluğu və
orijinallığı ilə diqqət çəkir. Alimlərin
çəkdiyi rəsm əsərləri ciddi bir
araşdırma tələb edən işlərdir”.
Akademik İsa Həbibbəyli bildirib ki, bu rəsmləri
birləşdirən əhəmiyyətli cəhət həm
də bədii mütalilə ilə elmi idrakın bərabər
sintezidir. Alimlərimizin təqdim etdiyi rəsm əsərlərinin
intellektual düşüncənin təzahürü
olduğunu deyən akademik İsa Həbibbəyli ədəbiyyatda
olduğu kimi, artıq incəsənətdə də akademizm
cərəyanının məhz bu yeni qüvvələrin
hesabına formalaşmaqda olduğunu vurğulayıb. Qeyd edib
ki, burada rəsmləri nümayiş etdirilən 28 müəllifin
əsərlərinin mövzusunda, ideyasında onun bədii
kompoziyası qədər, müəllifin də elmi
düşüncəsi, axtarışı, tədqiqatı
özünəməxsus yer tutur.
“Əslində, bu Azərbaycan təsviri sənət
tarixində birinci intellektual sərgi kimi tarixə düşə
bilər. Janr baxımından son dərəcə zəngin
olan əsərlərdə
dekorativ tətbiqi sənətin müxtəlif
formalarına – natürmort, portret, peyzaj, kompozisiya, qrafika,
boyakarlıq və başqa nümunələrinə rast gəlmək
mümkündür və hər biri rəssamların
özünün xarakteri və üslubuna uyğun şəkildə
cəmiyyətə təqdim olunub. Burada göstərilən rəsmlər
təsviri sənət məktəbimizdə yeni üslub, yeni
yanaşma ortaya qoyur”, - deyə AMEA prezidenti diqqətə
çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar sərginin əhəmiyyətini
və böyük maraq doğurduğunu qeyd edərək
dünya şöhrətli rəssam Leonardo da Vinçinin də
alim olduğunu bildirib və vurğulayıb ki, bu sərginin
xüsusi maraq kəsb etməsinin başlıca səbəbi məhz
alimlərin əsərlərinin nümayiş
olunmasıdır.
Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin sədri Fazil Mustafa çıxış edərək
sərginin əhəmiyyətindən söhbət açıb.
Bildirib ki, bu tədbirin spesifikası fərqlidir və peşəkar
nöqteyi-nəzərdən burada dəyərli əsərlər
vardır. Bildirib ki, insanlar cəmiyyətin mədəni həyatına
da öz töhfələrini verməlidirlər və AMEA
böyük şövqlə bu prosesə dəstək verib,
imkan yaradıb.
Sonra Xalq rəssamı, akademik Ömər Eldarov
çıxış edərək Akademiya əməkdaşlarının
rəsm əsərlərindən ibarət sərginin incəsənət
tariximizdə mühüm yer tutacağını bildirərək,
alimlərin əsərlərinin diqqətəlayiq səviyyədə
olduğunu, sərginin əslində elmin və incəsənətin
kəsişdiyi hadisə olduğunu vurğulayıb.
Daha sonra Xalq rəssamı, Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru Natiq Əliyev çıxış
edərək ilk dəfədir alimlərin əsərlərindən
ibarət sərgidə iştirak etdiyini və çox maraqla
qarşılandığını vurğulayıb. Bildirib ki,
incəsənət alimlərin gərgin elmi yükünü
bir qədər azaltmaqla, onlara ruhi rahatlıq verməklə
yanaşı, eyni zamanda onların istedadını üzə
çıxarır. Sərginin açılması sıradan
bir hadisə deyil və bu birbaşa AMEA rəhbərliyinin incəsənət
sahəsinə olan ehtiramını və marağını
ifadə edir.
Çıxış edən Memarlıq və İncəsənət
İnstitutunun direktoru AMEA-nın müxbir üzvü
Ərtegin Salamzadə bildirib ki,
AMEA-nın 80 illik yubiley ilində bu sərgi mühüm
hadisədir və Akademiya daxilində keçirilən sərgiləri
də daxil etsək, bu artıq 25-cisidir. O qeyd edib ki, bundan əvvəl
Akademiyada belə sərgilər olmuşdur və orada müxtəlif
sahələr üzrə alimlər, o cümlədən
fizikaçı və riyaziyyatçılar, filoloqlar öz əsərlərini
nümayiş etdirmişlər. Alim bildirib ki, bu sərgi janr
baxımından zənginliyi ilə seçilir. Burada həm
yağlı boya, həm akvarel boya, kompüter qrafikası, bədii
keramikadan istifadə olunub və ölkəmizin baş sərgi
salonunda təşkil edilmiş bu sərgi AMEA-nın və Rəssamlar
İttifaqının tarixində dərin iz buraxacaqdır.
Memarlıq və İncəsənət İnstitutunun
əməkdaşı, rəssam Leyla Məmmədkərimova və
Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi
işçisi, rəssam Minayə Feyzullayeva
çıxış edərək alim rəssamların əsərlərindən
ibarət bu sərgini yüksək qiymətləndirib və təşkilatçılara
təşəkkürlərini bildiriblər.
Açılış mərasimindən sonra sərgi
açıq elan edilib və qonaqlar rəsm əsərlərinə
tamaşa ediblər.
Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri,
Akademiya əməkdaşları, ictimaiyyət nümayəndələri
də iştirak ediblər.
Qeyd edək ki, Vəcihə Səmədova adına Sərgi
salonunda AMEA əməkdaşlarının rəsm əsərlərindən
ibarət “Akademiya rəssamlığı elmi idrakla bədii
düşüncənin qovşağında” adlı sərgi
bir həftə boyu davam edəcək.
Elm .- 2025.- 31 oktyabr (¹34-35).- S.9.