Tarix Muzeyində arxeoloji kolleksiyanın incilərindən
zərfayans qabı təqdim edilib
Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında
Azərbaycanın qədim tarixini özündə əks etdirən
çox sayda tapıntı mövcuddur. Bu tapıntılar
arasında qədim dövrlərdə istifadə olunmuş zərif
işləməli zərfayans qablar xüsusi yer tutur.
Keramikanın xüsusi bir qrupu olan zər
naxışlı fayanslar texnoloji cəhətdən çox
mürəkkəb bir prosesdə hazırlanır. Bu tip qablar
hazırlanma prosesində şirləndikdən və ilkin
olaraq dulus sobasında bişirildikdən sonra, şir
qatının üzərindən zər ilə bəzədilir
və yenidən sobaya yerləşdirilir. Nəticədə,
sözügedən qablar həm estetik
görünüşü, həm də yüksək keyfiyyəti
ilə seçilir və dövrünün sənətkarlıq
incilərindən biri kimi dəyərləndirilir.
Təqdim olunan eksponat XII əsrin sonu-XIII əsrin əvvəlinə
aid miniatür stildə hazırlanmış, zər ilə
naxışlanmış, iki qulplu və lüləkli
qabdır. Zərfayans qabın naxış
kompozisiyasının əsasını suvarilər təşkil
edir. Suvariləri bir-birindən rombvari formaya malik olan
ağaclar ayırır.
Qeyd edək ki, sözügedən eksponat arxeoloji tədqiqat
işləri nəticəsində Örənqala-Beyləqan
abidəsindən aşkar olunub.
Elm .- 2025.- 17 yanvar(№2).- S.8.