Professor Məryəm Seyidbəyli təltif
edilib
Tarix elmləri doktoru, professor Məryəm Həsən
qızı Seyidbəyli uzun illər diaspor sahəsində
mühüm elmi araşdırmalar aparmış, Azərbaycan
elminin ölkəmizdə və dünyada
populyarlaşdırılmasında müstəsna xidmətlər
göstərmişdir. O, xüsusilə Azərbaycanın elmi
diasporu və Azərbaycan elminin tarixinin öyrənilməsi
sahələri üzrə mühüm tədqiqatları ilə
tanınmaqdadır.
Məryəm Seyidbəyli bu sahədə xeyli kitab ərsəyə
gətirmiş və eyni zamanda mütəxəssislər
yetişdirmişdir. Azərbaycan elminin inkişafında
göstərdiyi əvəzsiz xidmətlərə görə
müxtəlif dərəcəli milli və beynəlxalq
mükafatlarla təltif edilmiş, dövlət tərəfindən
yüksək təltiflərə layiq
görülmüşdür.
O, 2010-cu ildə Rusiyada beynəlxalq nüfuzlu “Azərbaycan
diasporu: formalaşma və inkişaf xüsusiyyətləri və
tendensiyaları” kitabına görə Beynəlxalq Elmlər
Akademiyaları Assosiasiyasının diplomuna, 2011-ci ildə isə
həmin kitabına görə “Humay” milli mükafatına
layiq görülmüşdür. 2012-ci ildə “Azərbaycan
diasporu: Ensiklopedik məlumatlar toplusu” kitabına görə
diplomla təltif edilmişdir. 2022-ci ildə “Azərbaycan
mühacirəti tarixində Şuşanın görkəmli
şəxsiyyətləri” kitabı Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsi tərəfindən yüksək qiymətləndirilmiş
və 30 dekabr 2024-cü ildə Məryəm Seyidbəyli
“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan
Respublikasının medalı ilə təltif edilmişdir.
Elm .- 2025.- 10 yanvar(¹1).- S.8.