Qərbi Azərbaycan abidələri:
Şor bulaq
Qərbi Azərbaycanın Zəngəzur bölgəsində
yerləşən Şor bulaq qədim su mənbələrindən
biridir. Abidə indiki Ermənistanın Görus rayonunun
Dığ kəndində, dəniz səviyyəsindən 1360
metr yüksəklikdə yerləşir. “Dığ”
sözü türk toponimidir və “qışlaq” mənasında
işlədilir. Kənd Qafan şəhərindən 100
kilometr, Görus şəhərindən isə 20 kilometr məsafədə,
Azərbaycanla Ermənistan arasındakı təmas xəttindən
təxminən 1 kilometr uzaqlıqda yerləşir. Şor bulaq
kəndin mərkəzindəki Alban dövrünə aid məbəddən
(ermənilər hazırda bu məbədi “Surb Gevorq” kilsəsi
adlandırırlar) 200 metr cənubda yerləşir. Yerli azərbaycanlılar
bulağı “Şor bulaq” (duzlu su) adlandırırdılar. Azərbaycanlılar
bu ərazilərdən etnik təmizləməyə məruz
qaldıqdan sonra belə, ermənilər bulağın
adını dəyişə bilməyib və onu hələ
də Şor bulaq adlandırırlar. Bu bulaq Dığ kəndinin
içməli su ilə təmin olunan yeganə mənbəyi
idi.
Bu fikirlər AMEA A.A.Bakıxanov adına Tarix və
Etnologiya İnstitunun əməkdaşı Faiq
İsmayılovun “Qərbi Azərbaycan abidələri: Şor
bulaq” adlı məqaləsində yer alıb.
Erməni mənbələrinə görə,
Dığ kəndi X əsrə aid yaşayış məntəqəsi
kimi xatırlanır. Buna görə də Şor
bulağın da çox qədim tarixə malik olduğu
güman edilir. Lakin Ermənistanın abidələrin
qeydiyyatı siyahısında bulağın tikilmə
dövrü XV-XVII əsrlərə aid göstərilir.
Bulağın divarlarında yazılı məlumat
olmadığı üçün onun tikilmə tarixi ilə
bağlı dəqiq fakt yoxdur.
Bulağın memarlıq quruluşunda dəyişikliklərin
aparıldığı görünür. Ön divar
daşlarından birində “1932” yazısı var. Divarların
bəzi hissələri sökülərək yenilənib, dam
örtüyü isə dəmir təbəqə ilə əvəzlənib.
Bu dəyişikliklər ermənilərin abidəni əvvəlki
formasından uzaqlaşdırdığını göstərir.
Bulaq yerli pud daşları və əhəng məhlulu ilə
tikilib. Yan divarlarla mərkəzdəki sütun dam
örtüyünü dəstəkləyir. Bulağın
ön divarında üç, sağ divarında isə bir
taxça var. Bu taxçalar gecələr çıraq
qoyulması üçün nəzərdə tutulub ki,
insanlar və heyvanlar bulaqdan gecə də istifadə edə
bilsinlər.
Bulağın önündə yeddi nov tikilib.
Heyvanların rahat su içməsi üçün nəzərdə
tutulan bu novlardan altısının divarlarında X əsrə
aid oyma dekorativ lentlər indiyədək qorunub
saxlanılıb.
Elm .- 2025.- 10 yanvar(¹1).- S.8.