Nəsimi Kəlamının işığında

 

(Azərbaycan elm və mədəniyyət xadimlərinin Suriya səfərindən notlar)

 

Büyük Azərbaycan şairi İmadəddin Nəsiminin 640 illik yubileyi ərəfəsində, noyabr ayının ortalarında ölkəmizin elm və mədəniyyət adamlarının yeddi nəfərlik nümayəndə heyəti, bu sətirləri yazanın rəhbərliyi altında Suriya Ərəb Respublıkasına getmiş, Hələb şəhərində ulu sənətkarın qəbrini ziyarət etmiş, həm Hələbdə, həm də ölkənin paytaxtı Dəməşq şəhərində (Şamda) bir sıra maraqlı görüşlər keçirmişdir. Yoldaşlarımız arasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi İşlər üzrə direktor müavini, Akademiyanın müxbir üzvü, f.e.d., professor Teymur Kərimli, həmin institutun baş elmi işçisi, f.e.d., professor Qəzənfər Paşayev, Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, f.e.n. Səadət xanım Şıxıyeva, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri şərqşünas Fikrət Babayev, Mədəniyyət abidələrinin qorunması, tədqiqi və bərpası şöbəsinin müdiri, memar Rüstəm Muxtarov, Mədəni irs şöbəsinin Bərpa-layihləndirmə və ekspertiza bölməsinin müdiri Telman Kərimli var idi.

Hələbdə bizi Azarbaycan Respublikasının Suriyadakı fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev və səfirliyin əməkdaşları qarşıladılar. Onlar ölkədə keçirilən bütün görüşlərin təşkilatçısı və iştirakçısı kimi çox səmərəli fəaliyyət göstərdilər.

Burada məsələnin kökünə gedib çox mühüm bir mətləbi oxuculara çatdırmağa mənəvi ehtiyac duyuram. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev dost ölkəyə yeni təyin etdiyi səfirimizə öz nəsihət və tövsiyələrini deyərkən ona bir tapşırıq da veribmiş ki, Suriyanın Hələb şəhərinə gedib Nəsiminin qərib məzarını ziyarət etsin, şairin qəbrinin üstünün götürülməsi, məqbərəsinin sahmana salınması, memorialının yerləşdiyi küçədə onun abidəsinin ucaldılması və s. barədə yerli hakimiyyət orqanları ilə danışsın, bu sahədə bizim mütəxəssislərin öz suriyalı həmkarları ilə birgə iş aparması barədə məsələ qaldırsın, Azərbaycan hökumətinin bu işlərlə əlaqədar lazımi maliyyə vəsaiti ayırmağa hazır olduğunu bildirsin.

Poeziyamızın korifeyinin xatirə ansanblına Prezidentin göstərdiyi bu qayğı ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatı klassiklərinin xatirəsinə, mədəniyyətimizin tarixinə münasibətdə çox gözəl nəticələr vermiş siyasətinin yeni şəraitdə uğurlu davamıdır, Möhtəşəm "Kitabi-Dədə Qorqud -1300", "Füzuli - 500" yubileyləri, Hüseyn Cavidin nəşinin Sibirdən gətirilib doğulduğu Naxçıvan torpağında dəfn edilməsi, qəbri üzərində təkrarsız gözəlliyə malik unikal bir məbəd ucaldılması və digər əlamətdar tədbirlər ədəbiyyatımızı sevənlərin, bütün Azərbaycan xalqının yaxşı yadındadır.

Yeni Milli Ensiklopediyamızın təsis edilməsi və onun "Azərbaycan "adlı ilk sanballı xüsusi cildinin nəşri, eləcə Azərbaycan və dünya ədəbiyyatının ən kamil əsərlərindən ibarət, sayı artıq 500 il keçmiş kitabın hər birinin 25.000 nüsxədə çap olunub hamının istifadə etməsi üçün əvəz alınmadan kitabxanalara paylanması, Olimpiya oyunlarında ölkəmizin başını uca edən böyük uğurların qazanılmasına göstərilən dövlət qayğısı, dövlət başçımızın müdrik daxili və xarici siyasəti nəticəsində əldə etdiyimiz digər taleyüklü uğurlar artıq tarixin parlaq səhifələrinə çevrilmişdir.

Bu sözləri yazarkən yadıma son vaxtlarda bizim KİV-də müşahidə etdiyim bir məsələ düşdü. Söhbət Azərbaycanda dövlət başçısının səlahiyyət müddətinə qoyulan vaxt məhdudiyyəti problemindən gedir. Məlum olduğu kimi, bizim Konstitusiyamız prezidentə geniş səlahiyyətlər verir. Elə bilirəm ki, bu səlahiyyətlərin reallaşdırlması üçün böyük siyasi təcrübə və idarəetmə istedadı, xalqın yüksək etimadı və dəstəyi ilə yanaşı geniş zaman faktoru da nəzərdə tutulmalıdır. Ölkənin ən vacib strateji problemlərini bütün vüsətilə kompleks halında planlaşdırıb həll etmək üçün bu məsələnin çox böyük əhəmiyyəti var. Ona görə də şəxsən mən bu qənaətdəyəm ki, bu və ya digər Azərbaycan vətəndaşının iki dəfədən artıq dövlət başçısı seçilməsinə məhdudiyyətin qoyulması özlüyündə demokratiyanın ən mühüm prinsipləri ilə bir araya sığmır. Bu məhdudiyyət gələcəkdə kiminsə seçilməsinə yox, xalqın seçmək hüququna qoyulan məhdudiyyət olardı. Buna görə də prezident səlahiyyətlərinin iki müddətlə məhdudlaşdırılması normasına yenidən baxılmasına ciddi zərurət duyuram. Həm də ona görə ki, Azərbaycanın gələcək inkişafına böyük töhfələr verə biləcək şəxsiyyət olduğu halda, vətəndaşlar süni surətdə digər namizədə səs vermək məcburiyyətində qalar, bununla da ölkədə əsl ədalət demokratiya çox ciddi zərər çəkə bilər.

Deyəsən, öz düşüncələrimlə bir qədər uzağa getdim. Mətləbə qayıdaq.

Beləliklə də, səfir çalışdığı ölkədə ilkin tanışlıq və araşdırmalardan, dost ölkənin prezidentinin razılığını alandan sonra Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və AMEA-nın rəhbərliyi ilə, digər uyarlı qurumlarla, eləcə də Suriya tərəfi bu problemlə əlaqədar olan idarələri ilə işgüzar əlaqələr yaradıb prezidentimizin tapşırığının icrası üçün konkret əməli fəaliyyətə başlamışdır. Bakıda qərara alınmışdır ki, başlanğıc üçün Hələbdə Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan-Suriya beynəlxalq elmi konfrans keçirilsin, şairin adını daşıyan kompleksdə bərpa və yenidən qurma işlərini yoluna qoymaq üçün dost ölkəyə yuxarıda qeyd olunmuş tərkibdə nümayəndə heyəti göndərilsin. Bu işdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin bu yaxınlarda İslam ölkələri turizm təşkilatlarının VI konfransında iştirak etmək məqsədilə Suriyada olarkən özünün həmin ölkədəki həmkarlar ilə görüşüb bəzi müzakirələr aparması da öz pozitiv rolunu oynamışdır.

 

ŞƏHİD ŞAİRİN QƏRİB MƏZARI ÖNÜNDƏ

 

Hələbə çatandan sonra ilk üz tutduğumuz yer Nəsiminin memorialı oldu. ...Həyəcanımızı çətinliklə boğuruq. Oxucular bilir ki, Azərbaycan klassik şeirinin möcüzəsi kimi şərəfləndirilən İmadəddin Nəsimi 1369-cu ildə Şamaxıda doğulmuş, 1417-ci ildə bəzi mürtəce din xadimlərinin fitvası, o zaman Hələb şəhərinin də tabe olduğu Misir məmlükü İbn Müəyyədin fərmanı ilə dinsizlikdə günahlandırılaraq vəhşicəsinə edam edilmiş, diri-diri dərisi soyulmuşdur. Bəzi mənbələrdə qeyd olunduğu kimi, eləcə də Suriyada geniş yayılmış rəvayətlərə görə, Nəsimi şəhərin ən qədim tarixi abidəsi olub yer səthindən təqribən 500 metr hündürlükdə bir dağın başında tikilmiş məşhur Hələb qalasında mühakimə və edam edilmiş, nəşi qala qapılarından çıxarılıb həqarətlə bayıra atılmışdırki, başqalarına görk olsun... Yaxın qohumları, əqidə və sənət dostları, şeir sevənlər cənazəni adı çəkilən qalanın qapılarının qabağından götürüb 5-6 yüz metr aralı, indiki Nəsimi kompleksinin olduğu ərazidə dəfn etmişlər.

...Üzərində "Həzrət Nəsimi" sözləri yazılmış qapıdan həyətə giririk, sola dönüb, kiçik məsciddə namazını bitirib qalxan möminlərlə görüşürük. Azərbaycandan gəldiyimizi eşidən kimi onların gözləri gülümsəyir, şairin doğma yurdu Şirvan, ümumiyyətlə, Azərbaycan haqqında suallar verirlər, onun həyatının ayrı-ayrı məqamları, həyatının Hələb illəri haqqında söhbət açır, şairin insanı bu gün də dəhşətə gətirən faciəsini yada salır, bu şəhərdə onun xatirəsinə böyük ehtiram göstərildiyindən, Nəsimi ocağının mötəbər ziyarət yeri olduğundan danışırlar. Məsciddən çıxıb, onun sol tərəfındəki ailə məzarlığında dəfn edilən, əksəriyyəti Nəsimilər nəslinə məxsus olan 20-yə yaxın qəbrin yanından keçib şairin məqbərəsinə daxil oluruq.

Məqbərənin baş tərəfındə təqribən bir metr qalınlığında hörülüb üstü yaşıl qumaşla örtülmüş qəbrə yaxınlaşırıq. İzah edə bilmədiyim çox qəribə duyğular yaşayır, həyəcanlı hallar keçirirəm. Bir an elə bilirəm ki, atam Əhməd Molla Nəbi oğlunun məzarı önündəyəm. Mən 1937-ci il qurbanlarından olan atamın itkin məzarını görməmişəm. Onun qalıb-qalmadığını 1942-ci ildə atam həlak olandan sonra bizə deyən olmayıb... Tək mənim yox, hamımızın mənəvi atamız olan Nəsiminin ruhuna fatihə oxuyuram. Azərbaycandan gələnlər də, bizi müşayiət edənlər də əllərini yuxarı qaldırıb vird edirlər. Şairin baş daşına əyilib onu öpürəm. Hamının gözləri yaşarmışdır. Səadət xanımın xəfif hıçqırığını eşidirəm... Nəsimi sənduqəsinin qiblə tərəfındəki hamar səthi üzərində iri, qara hərflərlə ərəbcə bu sözlər yazılmışdır:

"Bu, şəhid bəndə, böyük sufi, arif, Allahın dostu Şeyx Əli İmadəddin Nəsiminin məzarıdır. Allah ona rəhmət etsin... Qəbri müqəddəs olsun". Şairin edam olunduğu tarix isə Nəsimi təhkiyəsinin divarındakı lövhədə dəqiq göstərilmişdir: "Burada 820 hicri - 1417 miladi ilində İmadəddin Nəsimi dəfn olunubdur".

Son illərdə yazıldığı aşkarca görünən birinci mətndəki şəhidlik tarixi (824) ilə şairin təkyəsinin üzərindəki lövhədə göstərilən tarix (820) arasında bir uyğunsuzluq nəzərə çarpır. Sonuncu rəqəm Nəsimidən bəhs edən bütün əlimiz çatan mənbələrdə göstərilən edam tarixi ilə eynidir və səfərimiz zamanı bizə bağışlanmış "Hələb yaqutu İmadəddin Nəsimi (771-820): həyatı, şeiri və fəlsəfı fıkirləri" kitabında göstərilən tarixlə də üst-üstə düşür. Kilabın müəllifi ərəb alimi Əbdül Fəttah Rəvvas Qələçidir.

 

***

 

Deyildiyi kimi, Nəsimi memorialı şəhərin bütün məhəllələrindən aşkar görünən qədim və nəhəng Hələb qalasının bərqərar olduğu təpənin ətəyindədir. Suriyaya gələn bütün qonaqlar ölkənin turist marşrutunda öz əbədi yerini almış bu qalanı görməyə tələsirlər.

Yaxın Şərqin mədəniyyəti, Azərbaycan poeziyası və Nəsiminin acı taleyilə maraqlananlar qalanın aşağısında, onun qərar tutduğu dağ yamacından bir müasir yol enində məsafədə yerləşmiş Nəsimi aramgahına da gəlir, şairin sənəti və fəci taleyi barədə məlumat alır, qəbri üstünə çiçək qoyur, ehtiram əlaməti olaraq sükutla başlarını əyirlər. Bələdçi kitablarında (göstəricilərdə) "Həzrət Nəsimi türbəsi" kimi qeyd olunan bu kompleks "Nəsimi caddəsi"ndədir. Şairin qəbrinin 20-25 addımlığında tikilmiş məscidlə Nəsimi türbəsinin arasındakı kiçik bir sahədə şairin nəsil şəcərəsindən olan qohumları uyuyurlar. Uzun müddət Nəsimiyə xidmət etmiş nəcib bir mömin, habelə keçmiş valilərdən birinin xanımı da öz vəsiyyətləri əsasında şairin türbəsinin ətrafında, bayırda basdırılmışlar.

 

NƏSİMİ OBRAZININ PROTOTİPİ

 

Ziyarət vaxtı bizim bələdçimiz şairin nəslinin davamçılarından Məhəmməd Məmduh oğlu Nəsiminin özü oldu. Səfirimizin bizimlə tanış etdiyi 35 yaşlı Məhəmmədi görəndə də qəribə anlar yaşadım: bu ki, bizim üçün əziz olan məşhur "Nəsimi" portretinin canlı prototipidir! Böyük xalq rəssamımız, akademik Mikayıl Abdullayev portret üzərində işlərkən, bəlkə də, o zaman hələ heç dünyaya gəlməmiş bu Məhəmməd Nəsimiyə baxırmış?

Möhtərəm oxucular bilirlər ki, Xaqani və Nizamidən tutmuş Vaqifə qədər Azərbaycan şairlərinin heç birinin sağlığında çəkilmiş portreti olmamışdır (Şah İsmayıl Xətainin italyan rəssamı tərəfındən çəkilmiş portreti istisnadır). Bu nəsil şairlərinin görkəmli Azərbaycan rəssamları onların həyat və yaradıcılıqlarını, yaşadıqları dövrün tarixini, cəmiyyətin adət-ənənəsini, etnoqrafıyasını, o zaman dəbdə olan libasları və s. dərindən öyrənmişlər. Sənətkarın xasiyyət və xarakterini, daxili dünyasını, hiss və duyğular aləmini əks etdirmək üçün ən mötəbər mənbə isə, əlbəttə, həmin şairlərin şeir və poemalarıdır. Bülün bunlarla əlaqədar apardığı çox ciddi araşdırma və təhlillərdən sonra öz yaradıcılığına qarşı çox tələbkar olan böyük rəssamımız Nəsiminin indi bütün dünyada qəbul edilmiş əla portretini çəkib meydana qoymuşdur (Bu əsərin surəti beynəlxalq elmi konfransda nümayiş etdirildikdən sonra səfırimiz onu ev sahiblərinə hədiyyə etdi). Məni heyrətə salan isə bu oldu ki, şairimizin portretində öz əksini tapan obrazın işıqlı çöhrəsi, vüqar və iradəsi, ağıllı gözləri, mütəfəkkir və şairanə pozası az qala yüzdə-yüz Məhəmməd Məmduh oğlu Nəsimi idi ki, ədəbiyyatımızın gözəl bilicilərindən olan M.Abdullayevin çəkdiyi kamil şəkildən bizə baxırdı. Mən şəcərə davamçılarının neçə nəsildən sonra öz ulu babalarının əsas əlamət və keyfıyyətini az qala eynilə təcəssüm etdirdikləri barədə gen nəzəriyyəsində deyilənləri təkrar etmək istəmirəm. Amma həqiqət bütün parlaqlığı ilə gözümün önündə canlanırdı. "Nəsimi" portretindəki şair və filosof obrazı ilə müasirimiz olan Məhəmməd Məmduh oğlu Nəsimi arasındakı identikliyə heç bir söz ola bilməzdi!

 

VALİNİN GÖRÜŞÜNDƏ

 

Hələb mahalının valisi Tamir əl-Həcci üz-gözündən, davranışından ziyalılıq yağan mütəhərrik bir kişidir. Azərbaycanlı qonaqları məmnuniyyətlə qəbul edib səfərimizin məqsədindən xəbərdar olduğunu bildirdi və dedi ki, özü və tabeliyində olan uyarlı strukturlar Nəsimi memorialının abadlaşdırılması ilə əlaqədar bütün tədbirlərdə yaxından iştirak edib və bu işə hər cür köməklik etməyə həmişə hazırdırlar. Özəlliklə Nəsimi küçəsi ilə Nəsimi ziyarətgahına gedərkən yolun sağ tərəfındə qalan təqribən 1.000 kvadrat metrlik ərazidə bəzi köhnə, bir-iki mərtəbəli evlərin sökülməsi hesabına "hər iki xalqın böyük şairi"nin memorialını genişləndirmək ideyasına rəğbət bəslədiyini bildirməsi valini bizə çox doğmalaşdırdı. Həmin mənzillərin sakinlərinin yaxındakı digər mənzillərə köçürüləcəyini, yaxud onlara uyarlı kompensasiya veriləcəyini vali xüsusi vurğuladı.

Genişlənmə nəticəsində əldə edilən sahədə yaxın gələcəkdə öz zahiri əlamətlərinə görə şairin təkyəsi ilə səsləşən gözəl bir "Azərbaycan mədəniyyət mərkəzi" ucaltmaq təşəbbüsünü də vali razılıq duyğusu ilə təqdir etdi. O, xoşhallıqla etiraf etdi ki, bu deyilənlərin həyata keçirilməsi Hələbin beynəlxalq turizm potensialını daha da qüvvətləndirəcəkdir. Bütün bunlar bir də ona görə bizi inandırdı və təmin etdi ki, qədim Hələbin bərpası komissiyasının sədri məhz vali Tamir əl-Həcci cənablarının özüdür. Belə haqlı bir mülahizə də vurğulandı ki, Nəsimi memorialı YUNESKO-nun qorunması çox vacib olan qədim tarixi abidələr siyahısına daxil edildiyi üçün onun genişləndirilməsi, təmiri, bərpası qərargahı Parisdə yerləşən həmin beynəlxalq qurumla razılaşdırılmalıdır (Bu səfər günlərində ziyarət etdiyimiz məşhur Əməvilər məscidi təmir ediləndə də məhz belə olmuşdur). Cənab Tamir əl-Həcci iftixar duyğusu ilə bildirdi ki, onun doğma şəhəri 2008-ci il üçün İslam mədəniyyəti mərkəzi elan olunub. Biz, Azərbaycan nümayəndələri də fəxrlə dedik ki, paytaxtımız Bakı da 2009-cu il üçün İslam mədəniyyəti mərkəzi elan edilmişdir.

Vali dedi ki, Suriya, özəlliklə də onun Hələb şəhəri müxtəlif xalqlara məxsus mədəniyyətlərin kəsişdiyi, görkəmli din, ədəbiyyat və elm xadimlərinin yaşadığı, təhsil aldığı regiondur. Onlardan bu diyarda parlaq tarixi izlər qalır. Azərbaycan xalqının böyük şair övladı Nəsimi də bu böyük simaların ən qiymətlilərindən biridir. "Nəsiminin xatirəsinə göstərdiyiniz qayğı, həmin qayğının mühüm təzahürlərindən olan bu səfərimiz üçün sizə minnətdaram. Ölkənizin bu məsələyə yüksək səviyyədə önəm verməsi Suriya və Azərbaycan xalqları arasındakı dostluğun daha da inkişaf etdirilməsinə sanballı töhfə olacaqdır".

Mahir Əliyev dedi ki, səfirliyimizin fəaliyyətə başladığı müddət bir o qədər çox olmasada (altı ay) biz şahidi olduq ki, Suriya tərəfi Azərbaycanla əlaqələrini inkişaf etdirmək sahəsində nıaraqlıdır və bu işə öz əməli töhfəsini verir. Bunu qeyd etmək çox vacibdir ki, qarşılıqlı əlaqələrimiz müstəvisində yalnız ayrı-ayrı məmurlar  yaxud bu və ya digər idarələr səviyyəsində deyil, Hələb valiliyinin timsalında  yüksək dövlət qurumu səviyyəsində işlər görülür. Səfir maraqlı bir obrazlı ifadə işlədərək sözünü yekunlaşdırdı. O dedi ki, Azərbaycan-Suriya dostluğunun rəmzi olan raket artıq səmaya buraxılmışdır. Bu raket elə ilk anlardan etibarən öz trayektoriyası ilə inamla uçaraq yeni üfüqlər fəth etməyə başlayır. Nəsiminin xatirəsinin əbədiləşdirilməsi sahəsində burada artıq icrasına başlanan tədbirlər ilk qızıl səhifələr kimi ölkələrimiz arasındakı dostluq münasibətlərimizin tarixinə düşəcəkdir.

Əlavə etdim ki, vali başda olmaqla Hələb tərəfınin hörmətli təmsilçiləri, eləcə də bizim səfirimiz, alimlərimiz və mədəniyyət xadimlərimiz, Azərbaycandan gələn nümayəndələr sıravi əsgərlərik; baş komandanlarımız olan möhtərəm prezidentlərimizə minnətdarıq ki, ürəyimizdən xəbər verən belə nəcib bir missiyanı bizə etibar etmişlər. Hər iki tərəfdən olan icraçıların müxtəlif səviyyələrdə ilk görüşləri sübut edir ki, bu missiya axıradək beləcə qarşılıqlı anlaşma vb əzmkarlıqla həyata keçiriləcəkdir. Biz, Azərbaycan nümayəndələri ev sahiblərinin qənaətilə tam razıyıq ki, Nəsimi həm Azərbaycanın, həm də Suriyanın doğma övladıdır.

 

* * *

 

Hər iki ölkənin memar və mühəndislərindən ibarət işçi komissiyasının ilk iclasında biz də iştirak etdik. Ev sahibləri bu görüşə müəyyən hazırlıq görüb gəlmişdilər. Onların əlində Nəsimi küçəsinin və ona bitişik ərazilərin yazı masasının üstü ölçüsündə hazırladıqları mükəmməl bir xəritə - plan vardı. Orada özəlliklə şairin adı ilə şərəflənən obyektlərin hamısı (Nəsimi caddəsi, Nəsimi məscidi, şairin məqbərəsi və s.) özünün aşkar imkan tapmış, bəzi divarlarda əmələ gəlmiş çatlar, küçənin genişləndirilməsi üçün sökülməsi nəzərdə tutulan obyektlər də qeyd olunmuşdu. Görkəmli və təcrübəli mütəxəssis, Heydər Əliyev Fondunun paytaxtımızda ucaldılıb orijinal üslubda işlənmiş gözəl binasının memarı Rüstəm Muxtarov və onun həmkarı mühəndis Telman Kərimli əvvəlcədən obyektlə yaxından tanış olduqları üçün müzakirələr zamanı öz əsaslandırılmış konkret təkliflərini irəli sürdülər.

Qarşılıqlı anlaşma və məqsədyönlü ünsiyyət şəraitində qərara alındı ki, tərəfləri təmsil edən memar və mühəndislər birlikdə bir daha obyektə gedib yaxın gələcəkdə görülməsi nəzərdə tutulan yenidənqurma, genişləndirmə, təmir, bərkitmə və abadlaşdırma işlərinə dair konkret razılığa gəlib protokol imzalasınlar, yaxın vaxtlarda hasilə gətirəcəkləri layihəni hər iki ölkənin rəhbərliyinə təqdim etsinlər və genişləndirmə zamanı əldə edilən sahə hesabına Nəsimi küçəsinin girişində əmələ gələn meydanda şairin şərəfınə abidə ucaldılsın. İşgüzar çıxışlardan aşkarca görünürdü ki, hər iki tərəf bu unikal obyektin ümumi üslubuna, qədimlik aurasına xələl gətirmədən, həm də YUNESKO-nun dünya mədəniyyəti tarixi abidələri sırasında öz layiqli yerini tutmuş kompleksin mahiyyətinə toxunmadan onu daha da abadlaşdırmaq və gözəlləşdirmək məsələsində yekdil və həmrəydirlər.

 

BEYNƏLXALQ KONFRANSDA   DEDİKLƏRİMİZ VƏ DİNLƏDİKLƏRİMİZ

 

İki günlük Beynəlxalq Nəsimi forumu Hələb Mədəniyyət İdarəsinin akt salonunda öz işinə başladı. Bu qurumun rəhbəri prof. Məhəmməd Qəttan, valinin mədəniyyət məsələləri üzrə müşaviri Məhəmməd Kaccah, səfir Mahir Əliyev tədbirin iştirakçılarını salamladılar, konfransın işinə uğurlar arzuladılar. Birinci məruzə üçün söz bu sətirlərin müəllifınə verildi. "Azərbaycan şeirinin Nəsimi möcüzəsi" mövzusunda məruzəmə başlamazdan öncə mən ev sahiblərinə müraciətlə dedim:

- Biz, Azərbaycan mədəniyyətinin və elminin təmsilçiləri, uzun illər boyu həsrəti çəkilən bir vüsala çatdığımız üçün bu gün çox xoşbəxtik. Öz təkrarsız əsərləri ilə milli mənəviyyatımızın ayrılmaz bir parçası olan dahi şair Seyid Əli İmadəddin Nəsiminin uyuduğu şəhərə gəlib onun nəsil şəcərəsinin şanlı davamçıları olan sizlərlə görüşmək imkanı əldə etdiyimiz üçün dost Suriya hökumətinə, Dəməşqdən sonra ölkənin ən böyük iqtisadi və mədəniyyət mərkəzi olan Hələbin valiliyinə və Nəsimi aramgahının qoruyucularına ürəkdən minnətdarıq!

Nəsimi Orta əsrlərdə Yaxın Şərq ölkələrində geniş yayılmış hürufılik təriqətinə mənsub bir təfəkkür sahibi idi. Araşdırıcılar müəyyən etmişlər ki, hürufilik öz zamanının mütərəqqi hadisəsi olmuşdur. Bu cərəyanın əsasını öz dövrünə görə yeni olan insan konsepsiyası təşkil edirdi. Hürufıliyin konkret həyati mənası onda idi ki, bu cərayan fəal, potensial bir qüvvə kimi yüksək qiymətləndirdiyi insanın qarşısında özünü dərk etmək kimi böyük bir vəzifə qoyurdu. Özünü dərk etmək üçün isə insan hər şeydən əvvəl cəmiyyətdə öhdəsinə düşən əsas vəzifəni anlayıb dərk etməli, müharibələrin, ictimai ədalətsizliyin pozduğu gedişatı yoluna qoymaq üçün çalışmalıdır. İnsan üzünün cizgilərində hərfləri, rəmzləri oxumaq, bunları bəzən ifrat dərəcəsinə varan səxavətlə təsvir və tərənnüm etmək isə məsələnin zahiri əlaməti idi.

 

Ey özündən bixəbər qafil, oyan!

Haqqa gəl kim, haq deyil batil, oyan!

Olma fani aləmə mail, oyan!

Mərifətdən nəsnə qıl hasil, oyan!

 

Beləliklə də, şair həmvətənlərini, başqa ölkələrdəki müasirlərini həyatın, yaşayışın, dövrü-aləmin sirlərini öyrənməyə, mərifət sahibi olmağa çağırır, özünə mürşid intixab etdiyi şair-filosof Fəzlullah Nəimini  hərarətlə təbliğ edirdi. O da, mürşidi də insanı qəvilər qapısında boynu bükük görmək istəmir, hamını məhz dünyanın əşrəfı kimi yaradılmış insana layiq səviyyədə yaşamağa dəvət edirdilər.

 

Ey xəstə könül, dərdinə dərman tələb eylə,

Gərcan dilər isən, yeri, canan tələb eylə.

...Ey bülbüli-qüdsi, nə giriftari-qəfəssən?

Sındır qəfəsi, tazə gülüstan tələb eylə!

 

Nəsimi özünün şəhdi-şəkəri xalq dilinin zəngin şırnaqlarından gələn əsərləri, xüsusən də abdar qəzəlləri ilə Azərbaycan şeir dilinə ilk dəfə kamil ədəbi dil əyarı vurmuş, onun öz zamanı üçün ən yüksək nümunələrini yaratmış, ərəb və fars dillərində də qiymətli əsərlər yazmaqla yanaşı ana dilimizdə on iki min misralıq mükəmməl bir divan qoyub getmişdir. İzzəddin Həsənoğlunun çox maraqlı bir neçə şeirinin, Qazi Bürhanəddinin qiymətli Divanının məna və əhəmiyyətini azaltmadan deməyə hər cür əsasımız var ki, Nəsimi Divanı azərbaycandilli şeirimizin çox yüksək tələblərə cavab verən ilk və ən parlaq abidəsidir. Çox yaxşıdır ki, bu əsərlər öz təravətini bu gün də qoruyub saxlayır. Dilimizdə poetik ənənənin hələ yüksək səviyyədə tam təşəkkül tapmadığı, Azərbaycan dilinin fonetik özəllikləri ilə əruzun qəlibləri arasındakı müəyyən uyğunsuzluqlar şəraitində belə yüksək keyfıyyətli şeirlər yaratmaq əsl ədəbi qəhrəmanlıq idi. Nəsimi şifahi xalq sənətində, əfsanə və rəvayətlərdən, Quran qissələrindən, digər müdrik deyimlərdən böyük ustadlara xas olan incəliklə barınmağın klassik nümunələrini yaratmışdı. Məhz Nəsiminin tarixi xidmətləri sayəsində Azərbaycan dili ərəb və fars dilləri ilə yanaşı Yaxın Şərqin ən geniş yayılan poeziya dillərindən biri səviyyəsinə qalxmışdı ki, az sonra Məhəmməd Füzuli bu dildə bənzərsiz sənət rəşadətləri nümayiş etdirmişdi.

(25 dəqiqəlik məruzənin tam mətni sinxron qaydada, ardıcıllıqla ərəb dilində səsləndirildi.)

Suriya tərəfindən doktor Şeyx Əmin Bəkri Nəsimi yurdunun təmsilçilərini şairin ikinci vətənində salamlamaqdan məmnun olduğunu bildirdi, Azərbaycanın hüdudlarından uzaqlarda dünyasının dəyişmiş Füzuli, Nəsimi kimi "qərib" şairlərin xatirəsinə ölkəmizdə göstərilən böyük ehtiramı, bu ehtiramın qiymətli təzahürlərindən hesab etdiyi Suriya səfərimizi yüksək dəyərləndirdi. O dedi ki, Nəsimi həm Azərbaycanın, hem də Suriyanın dahi sənətkar övladıdır və çox əlamətdardır ki, bu iki ölkədəki ədəbi-elmi ictimaiyyətin təmsilçiləri bu gün Hələbdə bir yerə toplanıb Nəsiminin əziz xatirəsini ehtiramla yad edirlər.

AMEA-nın müxbir üzvü Teymur Kərimli "Nəsiminin humanizmi" adlı məruzəsində dedi ki, antik fəlsəfi-sosial fikrin təsiri altında İslam aləmində yüksək səviyyəyə çatmış humanist istiqamətli bədii-fəlsəfi yaradıcılıq XII yüzillikdə Azərbaycanda Nizami irsi ilə özünün zirvə nöqtəsinə yetişdi. XIV yüzillikdə İslam filosof və şairləri insanların sınmış ümidlərini özlərinə qaytarmağa, onların taleyin əlində köməksiz oyuncaq olmadıqlarını, əksinə, öz talelərinin hakimi olduqlarını təlqin etməyə və inandırmağa başladılar. İslam Şərqinin hər üç hakim dilində - ərəb, fars və türk dillərində bu cür humanist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri də dahi İmadəddin Nəsimi oldu.

Nəsimi humanizmi təbiətdəki harmoniyaya və insan gözəlliyinə vurğun olan yüksək talantlı, böyük bir şairin humanizmidir. Bu humanizmin kontekstinə gəldikdə isə, birinci sırada, dünyada sosiologiya elminin banisi hesab edilən və şairimizin böyük müasiri olan Əbdürrəhman ibn Xəldunun yaradıcılığı yada düşür. Əlbəttə, İbn Xəldun da öz fıkirlərində antik fəlsəfəyə, İbn Sina, İbn Rüşd, Biruni kimi Orta əsrlər Şərq fəlsəfəsinin böyük nümayəndələrinin əsərlərinə, zəngin Şərq poeziyasına əsaslanırdı. Ancaq bu ümumi kontekstdə Nəsiminin bir sıra qiymətli orijinal fikirlər irəli sürdüyü də böyük həqiqətdir.

Nəsimi humanizminin başlıca fərqləndirici özəlliyi onun insana böyük məhəbbət duyğuları ilə yoğrulmasıdır. Məhz bu cəhətinə görə Nəsimi özündən əvvəlki Azərbaycan poeziyasının birbaşa varisi kimi çıxış edərək ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf etdirmişdir.

T.Kərimliyə görə, orta əsrlərin Şərq və Avropa humanistləri kimi, Nəsimi yaradıcılığında da kainatın antroposentrist strukturu başlıca yer tutur. Şairin əsərlərindən alınan ümumi təəssürat budur ki, kainatın mərkəzində, o dövrün elm adamlarının geosentrik nəzəriyyəyə görə təsəvvür etdiyi kimi, cansız daş-torpaqdan, yanar qazlardan ibarət olan Yer kürəsi, ya da Günəş planeti deyil, məhz yaranışların ən şərəflisi olan İNSAN dayanır.

Bununla belə, Nəsimi humanizmində insana məhəbbət ucdantutma səciyyə daşımır; burada seçim var. Şairin sevdiyi və hörmət bəslədiyi insan- kamil insandır, insanlıq adına layiq olan fızioloji-ictimai varlıqdır. Yoxsa zahirən insana bənzəyən hər varlığı insan adlandırmaq olmaz.

Bu cür ali mərtəbəyə çatmış kamil insan şairin gözündə Tanrının Yer üzərindəki bir nümayəndəsi kimi cilvələnir və böyük mütəfəkkir fəxrlə deyir ki, insanlar onu yalnız qorxduqlarına görə, Tanrının şərik çıxarmamaq üçün Haqq (Allah) adlandırmırlar. Bütün insanlar Tanrı dərgahında bərabərdirlər, dini-ideoloji baxışlarına və əqidəsinə görə kimsənin kimsədən bir üstünlüyü yoxdur.

 

* * *

 

Səhəri gün elmi konfrans öz işini Hələb universitetinin böyük iclas salonunda davam etdirdi. Birinci məruzəçi prof. Qəzənfər Paşayev oldu. O çıxışının əvvəlində ev sahiblərini ərəb dilində salamladı, ölkəyə gəlməyimizin səbəblərini açıqlayıb səmimi qəbul üçün təşəkkürlərini bildirdi. Sonra alim ana dilimizdə oxuduğu məruzəsində şairin XX əsrin 2-ci yarısında üzə çıxarılan Suriya və İraq divan nüsxələrindən söz açdı. Nəsiminin 1987-ci ildə Bakıda çap etdirdiyi 336 səhifəlik İraq Divanı üzərində xüsusi dayandı və qeyd etdı ki, həmin Divan nüsxəsində nəsimişünaslığa o vaxta qədər  məlum olmayan 14 şeir vardır. Bundan başqa, vaxtilə prof. C.Qəhrəmanovun söz açdığı, yalnız bir əlyazma nüsxəsində və ya cüngdə rast gəlindiyinə görə Nəsimiyə aid olmasını ehtimal etdiyi 129 şeirin 68-nə İraq Divan nüsxəsində təsadüf edildiyini və eləcə də Divanda bu və ya başqa şeirlərin tərkibində gedən 50-yə qədər beytin başqa mənbələrdə olmadığını göstərdi.

Professor xüsusi vurğuladı ki, İraq Divan nüsxəsində yer alan şeirlərin üçdə bir hissəsindən çoxu bilavasitə Allaha, İslam dininə, peyğəmbərimizə və başqa müqəddəslərə həsr olunub. Bu şeirlər göstərir ki, Nəsiminin poeziyasının əsasında onun Allaha şəriksiz sevgisi durur. Heç şübhəsiz, buna görədir ki, Hələb qazıları vaxtilə onun qətlinə fıtva verməkdə tərəddüd etmişdilər. Beləliklə də, Nəsimi dini etiqadına görə öldürülməyib. Onu siyasi baxışlarına görə qətlə yetiriblər. Bunu Nəsiminin dövründə və sonralar yaşamış İbn Həcər əl-Əsqəlani (1372-1449), Şəmsəddin Səxavi (1427-1497), Müvəffəqədim Əhməd İbn İbrahim əl-Hələbi (XV əsr) və başqaları təsdiqləmişlər.

Prof. Q.Paşayev bu haqlı qənaətini də bildirdi ki, Nəsimi dini əqidəsinə görə edam edilsəydi, onun şərəfınə məscid tikilməzdi. Burada Nəsimiyə məqbərə ucaldılmazdı. Məzarının üstündə "Şeyx Nəsimi" sözlərini yazmazdılar. Adına küçə qoymazdılar. Nəsimi təkyəsi olmazdı. Uyuduğu qəbirdən azacıq aralı qohumlarını basdırmazdılar. Hələbdə şairin şəcərəsi zəmanəmizə qədər davam edib gəlməzdi.

 

 

Bəkir Nəbiyev,

akademik

 

Elm.- 2008.- 29 dekabr.- S.2-3.