Ömrün müdrik çağı

 

Bu yaxınlarda anadan olmasının 80 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Əli Nəcəfqulu oğlu Nuriyev 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonu) Nehrəm kəndində anadan olmuşdur.

Əli Nuriyev 1954-cü ildə, hal-hazırda laboratoriya rəhbəri vəzifəsində çalışdığı Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda işə qəbul olunmuşdur. O, 1962-ci ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1980-1985-ci illərdə professor Ə.Nuriyev institutun direktor müavini olmaqla yanaşı, Naxçıvan Elm Mərkəzinə də rəhbərlik etmişdir. Həmin mərkəzin elmi istiqamətinin müəyyənləşdirilməsində, kadr hazırlığında böyük səy göstərmişdir.

Professor Ə.Nuriyevin əsas elmi istiqaməti neft-su-süxur üçlü heterogen sistemlərində mikroelementlərin paylanmasının qanunauyğunluqlarının aşkar edilməsi və onların mineral neft-lay və dəniz sularından sorbsiyası mexanizminin öyrənilməsinə həsr olunmuşdur.

Ə.Nuriyev ilk dəfə olaraq Azərbaycanın, demək olar ki, bütün neft mədənlərində neft-plast suları-süxur sistemində nadir və radioaktiv elementlərin paylanmasını öyrənərkən onların miqrasiya, səpələnmə ve toplanmasının qanunauyğunluqlarını müəyyən etmişdir. Əli müəllimin Azərbaycanın, Türkmənistanın və Qroznının neft yataqlarının sularında elementlərin yayılması və paylanması haqqında əldə etdiyi nəticələr neft-plast sularında nadir və səpələnmiş elementlərin kimyası və geokimyası sahəsindəki məlumatları daha da zənginləşdirmişdir. O sübut etmişdir ki, neft-lay suları-süxur sistemi mikroelementlər üçün xarakterik olan kinetik əlaqəni və miqdar nisbətini pozaraq onların yenidən paylanmasına şərait yaradan spesifık mühitdir. O, müxtəlif süxurların minerallaşma dərəcəsinin kimyəvi tipini və ion tərkibinin formalaşma şəraitini mikroelementlərin miqrasiyasını fəallaşdıran əsas faktorlar olduğunu müəyyən etmişdir.

Professor Ə.Nuriyevin elmi tədqiqatlarının mühüm istiqamətlərindən biri də təbii sulardan sorbsiya yolu ilə kimyəvi elementlərin ayrılması üçün yeni sorbentlərin sintezidir. Elektro-kimyəvi yolla alınan manqan-4-oksid əsasında onun işləyib hazırladığı ion-ələk kationiti litiumu, demək olar ki, bütün məhlullardan, o cümlədən yeraltı sulardan, dəniz suyundan, istehsalat tullantılarından və s. çıxarmağa imkan verir. Bu sorbent xüsusilə natrium xloridin qatılığı yüksək olan neft sularının emalı üçün daha effektlidir.

Professor Ə.N.Nuriyevin rəhbərliyi ilə Darıdağ (Naxçıvan) termal mineral suyundan xalq təsərrüfatında geniş istifadə olunan karbon qazının alınması texnologiyası işlənib hazırlanmış və Naxçıvan mineral sularının qazlaşdırılmasında istifadə edilmişdir. Bu işə görə o, bir qrup həmkarları ilə birlikdə 1980-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görulmüşdür.

Onun rəhbərliyi ilə Neftçala yod brom zavodunun tullantı suyundan ildə 1 milyon tona qədər xörək duzunun alınması texnologiyası işlənib hazırlanmışdır. 1980-ci ildən başlayaraq professor Ə.Nuriyev əməkdaşları ilə birlikdə "Okean problemi" çərçivəsində Rusiya Elmlər Akademiyasının Geokimya və Analitik Kimya İnstitutunun əməkdaşları ilə birlikdə okean və dəniz suyundan uranın alınması istiqamətində geniş tədqiqat işi aparılmışdır. Bu məqsədlə bir sıra qeyri-üzvi sorbentlər sintez edilmiş və Xəzər dənizinin sahilində qurulmuş təcrübi-sənaye qurğusunda dəniz suyundan uranın alınması üçün laboratoriyada hazırlanan texnologiya sınaqdan keçirilmiş və qiymətli nəticələr əldə edilmişdir. Həmin nəticələrlə hind alimləri maraqlanmış, bu sahədə yazılan və "Radiokimya" jurnalında çap edilmiş elmi məqaləni onlara göndərməyi xahiş etmişlər. Dəniz suyu gələcəyin xammal mənbəyi olduğu üçün digər qiymətli metalların sorbsiyası professor Ə.Nuriyev və əməkdaşlarının diqqətindən yayınmamış və hazırda bu sahədə tədqiqat işləri davam etdirilir.

Onun apardığı tədqiqatlar iki monoqrafiyada, 250 elmi əsərdə, o cümlədən 9 müəlliflik şəhadətnaməsində və 1 patentdə öz əksini tapmışdır. Əli müəllimin rəhbərliyi ilə 12 elmlər namizədi, 2 elmlər doktoru dissertasiya müdafiə etmiş, hazırda isə 2 nəfərin doktorluq, 4 nəfərin namizədlik işinə rəhbərlik edir. Bundan əlavə o, respublikanın müxtəlif elm və təhsil müəssisələrində çalışan 40-a yaxın elmlər namizədi və doktorluq işlərində opponentlik etmişdir. O, təkcə respublikada deyil, həmçinin Rusiya Elmlər Akademiyasının akademikləri A.P.Vinoqradov, V.İ.Baranov, B.F.Myaseyedov, Y.R.Zolotov, A.P.Alimarin kimi görkəmli alimlərlə geniş elmi əlaqələr yaratmışdır.

«Biz Əli Nuriyevin elmi fəaliyyatindən, elmə verdiyi sanballı nəticələrdən qısa da olsa danışdıq, lakin onun şəxsiyyəti bu sadalananlardan qat-qat zəngindir. Onu müasirlərindən fərqləndirən başlıca xüsusiyyəti şəxsiyyət bütövlüyüdür. Biz təsadüfı olaraq Əli müəllimin bu xüsusiyyətini önə çəkmədik. Avropanın görkəmli memarlarından biri demişdir: "Uğurlu müəllimlik üçün müəllim şəxsiyyətinin rolu biliyin rolundan çoxdur".

Bundan başqa, Əli müəllim xalqımızın dərdini özünə dərd edən və onun aradan qaldırılması üçün daima mübarizə aparan vətəndaş, ziyalı qeyri-üzvi kimya sahəsində çalışan elm adamlarının ağsaqqalıdır. Ancaq biz tək qeyri-üzvi kimya sahəsində çalışanların yox, başqa ixtisas sahiblərinin də Əli müəllimin ağsaqqal məsləhətlərinə ehtiyacı olduqlarının dəfələrlə şahidi olmuşuq.

Biz ömrünün müdrik dövrünü yaşayan və tədqiqatlarını gənclik ehtirası ilə davam etdirən bu tanınmış alimə, müəllimimizə, görkəmli Azərbaycan ziyalısına möhkəm can sağlığı, uzun ömür və yeni-yeni elmi uğurlar arzu edirik.

 

 

T.N.Şahtaxtinski,

akademik

 

İ.B.Bəxtiyarlı,

kimya elmləri doktoru

 

Elm.- 2008.- 29 dekabr.- S. 8.