GÜNÜMÜZDƏKİ DİL ŞÜURU

 

Bir milləti ayaqda tutan ən dəyərli ünsürlərin başında dil gəlir. Çünki hər millətin mədəniyyətinin böyüklüyü sözlüyündə olan sözxəzinəsilə ölçülür. Amma dilimizdəki mənasız kəlmələrin çoxluğu, sadəcə, danışarkən ağırlıq yaradır. Milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq, yadlaşdırmamaq, təmizliyini qorumaq, onu zənginləşdirmək, qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur. Çox təəssüf ki, bu borcu ödəmək yerinə hər keçən gün daha da borclanırıq.

Zəmanəmizin ən böyük siyasi xadimi, ümummilli liderimiz Heydər Əliyevin dilimizlə bağlı çox vacib və aktul məsələyə münasibəti hamımız üçün tövsiyə xarekteri daşıyır: "Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir: Mən bir daha arzu edirəm ki, vətəndaşlarımız ingilis dilini də, rus dilini də, fransız dilini də, alman dilini də, türk dilini də, ərəb dilini də, fars dilini də, hətta çin dilini də bilsinlər. Gənclərimiz nə qədər çox dil bilsələr; bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbidir. Amma ən əsası odur ki, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini mükəmməl bilməlidir: Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın bunu aradan qaldırın". Ulu öndərimiz cənab Heydər Əliyev bu dildə danışmağı ilə qürur duyduğunu da dönə-dönə vurğulamışdır.

Bütün əsrlərdə böyük mütəfəkkirlər dilimizə layiq olduğu dəyəri vermişlər. Hələ XI əsrdə Mahmud Kaşğari dilimizin ərəbcədən, XV əsrdə Əlişir Nəvai farscadan zəngin bir dil olduğunu iddia və isbat etmişlər. Əvvəllər yazarkən, danışarkən ərəbcədən, farscadan ala bildiyi qədər çox sözdən istifadə etmək insana xas olan "bacarıq" sayılmış və dilimiz öz xüsusiyyətlərindən uzaqlaşmışdır. Ana dilimizin bu qədər dəyərli olmasına baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, insanların əvvəllər şərq dillərinə olan meyli indi qərb dillərinə yönəlməkdədir. Biz heç də XXI əsrdə xarici dil bilməyin eleyhinə deyilik. Əksinə, bunu alqışlayırıq və zamanın ən böyük tələbi olduğunu təqdir edirik. Bizləri üzən millətçilik şüurundan və qürurundan yoxsul olan və hər keçən gün "xariciləşib" milli mentalitetimizdən uzaqlaşan bir qrup gəncin duyduğu həyəcanı Wauw, Oh may God, Boje moy; üzürünü pardon; minnətdarlığını mersi - deyərək başqa dillərdə ifadə etmələridir. Yəni öz dilimizdə danışarkən başqa dillərdən qırıq-qırıq kəlmələr deməyi "müasirlik" kimi dəyərləndirirlər. Əslində isə bu müasirləşmənin önündə duran ən böyük əngəldir. Daha bariz desək - gerilikdir.

Hər bir dilin özünəməxsus gözəlliyi vardır. Amma bizim dilimiz daha anlaşıqlı, ahəngdar, zəngin və musiqili bir dildir. Sözdüzümü, kəskin qanunauyğunluqları və düzənliyilə öncül bir dildir. Təəssüf ki, dilimiz bütün bu xüsusiyyətlərinə rəğmən gündəlik məişətimizdə işlətdiyimiz rus, ingilis və s. digər yad mənşəli sözlərin önünə keçə bilmir.

İnsanı bir sual düşündürür; Dilimizdə asanlıqla anlaşılan, başa düşülən sözlərin yerinə yad sözləri işlətdikdə nə qazanırıq? Təəssüf ki, itirdiyimiz dəyərlər daha çoxdur. Dilimizi başqa dillərin kölgəsində qoyduqca ən gözəl varlığımızı - dilimizi əridirik. Böyük mütəfəkkir Uşinski belə məqamda demişdir: "Ana dili məhv olarkən, xalq artıq yox olur. Xalqın dili yaşadıqca, xalq da yaşayır. Xalqın əlindən əcdadının yaratdığı saysız-hesabsız mirası almaq istəyən zorakılıqdan dözülməz bir zorakılıq yoxdur. Xalqın əlindən hər şeyini alsanız, o, onların hamısını qaytara bilər, lakin onun dilini alsanız, xalq heç vaxt onu bir daha yarada bilməz. Xalq hətta özünə yeni Vətən yarada bilər, lakin dili heç bir zaman yarada bilməz. Xalqın dili ölərsə, xalq da ölər".

Ana dili sadəcə anadan öyrəndiyimiz dil deyil, həm də düşüncələrimizin, duyğularımızın və mənliyimizin dilidir. Çünki toplumu millət edən, ən böyük amil dildir.

Tanınmış Çin filosofu Konfüsidən soruşurlar:

- Hakimiyyətə gəlsəydiniz, ilk işiniz nə olardı?

Filosof belə deyir: "İlk əvvəl dili düzənə və dissiplinə qoyardım! ...heç bir şey dil qədər vacib deyil".

Dilə verilən bu qədər dəyərdəndir ki, fransızlar 1789-cu ildə bir çevriliş edərək hər şeyi dəyişdirdilər, sadəcə dildən başqa.

Əgər düşünsək ki, bu gün sahib olduğumuz bu böyük varlığın yaşı minillərlə ölçülür. Deməli, hər sözümüz bir almazdır. Kömür almaz olana qədər torpağın altında min illərlə bişir. Bizim hər sözümüz, kəlməmiz də belədir; tarixlərin sınağından çıxmış, mədəniyyətimizin müxtəlif qollarını yaratmış almaz düzümlü bu dilimiz milli ruhumuzun bərqərar olduğu mənəvi dəyərimizdir.

Dil millətin varlığını təmin edirsə, onda üzərimizə düşən məsuliyyətin böyüklüyü də aydın olur. Bu məsuliyyəti daşımağın şərəfi də bizimdir. Bu da bizdən dilimizə laqeyd münasibət göstərənlərə qarşı mübarizədə hamılıqla bir olmağı tələb edir.

Fikirlərimi alman millətçiliyinin təməlini qoyanlardan biri, böyük fılosof Hegelin dəyərli bir kəlamı ilə bitirirəm: "Hər bir millətin tarixi o millətin zaman keçdikcə müxtəlif səviyyədə gerçəkləşən ruhudur. Bir millətin öz saflığına, gücünə inanıb və ona sığınması möcüzələr yarada bilər".

 

 

Zülfiyyə İSMAYIL

 

Elm.-2009.-15 iyul.-S.13.