AMEA Rəyasət heyətində dünya şöhrətli
alim Lütfi Zadə ilə görüş
keçirilmişdir
Görkəmli alim
Lütfi Zadəyə AMEA-nın xarici üzvü diplomu təqdim
edilmişdir
Noyabrın 10-da Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində
ABŞ-da yaşayan həmvətənimiz, dünya şöhrətli
riyaziyyatçı alim, qeyri-səlis məntiq nəzəriyyəsi
ilə dünya elminə mühüm töhfələr
vermiş, NATO və NASA-nın aparıcı mütəxəssisi,
ABŞ-ın Berkli Universitetinin ömürlük professoru
Lütfi Zadə ilə görüş keçirilmişdir.
43 illik ayrılıqdan
sonra ilk dəfə olaraq doğma Vətənə təşrif
buyurmuş dünya şöhrətli azərbaycanlı alim əvvəlcə
Azərbaycanın elm xadimləri ilə birgə Fəxri
Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin
və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın
məzarı önünə əklil və gül dəstələri
qoydu.
AMEA-nın həqiqi və
müxbir üzvlərinin, Milli Məclisin deputatlarının,
respublikanın elmi ictimaiyyəti və KİV nümayəndələrinin
iştirak etdiyi tədbiri Azərbaycan Respublikasının
rabitə və informasiya texnologiyaları naziri, akademik Əli
Abbasov açaraq ilk növbədə Parisdə, YUNESKO-nun iqamətgahında
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100
illiyinə həsr olunmuş mərasimdə iştirak edən
və bu səbəbdən tədbirdə iştirak edə
bilməyən AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun
salamlarını görkəmli alim Lütfi Zadəyə
çatdırdı. "Bakutel-2008" XIV Azərbaycan beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgisində
iştirak etmək üçün ölkəmizdə səfərə
dəvəti qəbul etdiyinə görə görkəmli alimə
təşəkkürünü bildirən akademik Ə.Abbasov
Lütfi Zadənin həyat yolu və elmi
yaradıcılığı haqqında məlumat verdi:
"Dünya şöhrətli alim 1921-ci ildə Bakıda
anadan olmuş, 16 nömrəli məktəbdə təhsil
almışdır. On yaşında Tehrana köçən
Lütfı Zadə burada orta təhsilini başa vurduqdan sonra
universitetə daxil olaraq, bakalavr diplomu almışdır.
Sonradan Amerika Birləşmiş Ştatlarına köçərək,
burada magistr təhsili almış, əvvəlcə
Massaçusets Texnoloji İnstitutunda, sonra Kolumbiya Universitetində,
1959-cu ildə isə Kaliforniyanın Berkli Universitetində elmi
fəaliyyətlə məşğul olmuşdur. Elmdə
inqilab etmiş 6 elmi nəzəriyyənin, o cümlədən
məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin
banisi, onlarca universitet və akademiyanın fəxri doktoru,
Berkli Universitetinin ömürlük professoru Lütfı Zadə
43 ildən sonra Bakıya gəlmişdir".
Sonra AMEA-nın
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin
akademik-katibi, akademik Akif Hacıyev AMEA-nın xarici üzvü
diplomunu professor Lütfı Zadəyə təqdim etdi. Akademik
A.Hacıyev bildirdi ki, Lütfi Zadə bu ada elmin
inkişafındakı misilsiz xidmətlərinə görə
2001 -ci ildə layiq görülmüşdür. Lakin ötən
dövrdə alimin Bakıya səfəri mümkün
olmadığına görə diplom indi təqdim edilir.
Mərasimdə
çıxış edən Lütfi Zadə ilk növbədə
ona göstərilən böyük diqqətə və
ehtirama görə Azərbaycan hökumətinə və elm
xadimlərinə təşəkkürünü bildirdi.
Görkəmli alim Azərbaycan xalqı ilə fəxr etdiyini
və qürur duyduğunu vurğuladı. O, ölkənin
sosial-iqtisadi, mədəni sahələrində aparılan məqsədyönlü
işlər nəticəsində Azərbaycanın milli tərəqqiyə
nail olmasının, müstəqil respublikamızın beynəlxalq
aləmdə mövqeyinin daha da möhkəmlənməsinin
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
yürütdüyü uğurlu daxili və xarici siyasətin
nəticəsi olduğunu qeyd etdi. Azərbaycanın onun təsəvvür
etmədiyi dərəcədə dəyişdiyini,
Bakının dünyanın ən gözəl şəhərlərindən
biri olduğunu bildirdi. Alim Azərbaycan alimlərinin son illər
dünyanın bir sıra elm müəssisələrindəki
uğurlarından da söhbət açdı, elmimizin
dünyaya inteqrasiyasının təqdirəlayiq olduğunu
diqqətə çatdırdı.
Vətəndə
olmaqdan məmnunluq duyan alim Azərbaycanda bu illər ərzində
əldə olunan uğurlara görə ölkə rəhbərliyinə,
doğma xalqına minnətdarlıq etdi. "Mən
Bakıdan çıxanda on yaşım var idi.
Axırıncı dəfə uzun illər bundan əvvəl -
1965-ci ildə Bakıda olmuşam. İndi mənə öz
hisslərimi Vətəndə ifadə etmək çox
çətindir. Yaxın dostlarım arasında olmaqdan, bu səmimi münasibətdən
çox məmnunam. Azərbaycanda indi baş verənlər məndə
müsbət təəssüratlar oyadır. Elmə və mədəniyyətə
böyük diqqət yetirilir. Azərbaycan irəliyə gedir
və onun parlaq gələcəyi olacaqdır. Bakı dəyişilib,
daha da gözəlləşib, yeni binalar tikilibdir. Mən bu uğurlara görə
dostlarıma, Azərbaycan xalqına, Prezident İlham Əliyevə
minnətdarlığımı bildirirəm, buna görə
onları təbrik edirəm. Əminliklə bildirmək istəyirəm ki, bizi irəlidə
parlaq gələcək gözləyir".
Görkəmli alim
dünya elmində görünməmiş yeniliklərə
yol açmış elmi ixtiralarının şərhi ilə
bağlı məlumat verdi, məruzə ilə
çıxış etdi.
Sonra akademik
İsmayıl İbrahimov dahi alimin Bakıya 1965-ci ildəki səfəri
haqqında xatirələrini danışdı.
Tədbirdə dünya
şöhrətli alimin AMEA tərəfindən Nobel
mükafatına namizədliyinin irəli sürülməsi
barədə təklif alqışlarla qarşılandı.
Görüşün
sonunda professor Lütfı Zadə tədbir iştirakçılarının
çoxsaylı suallarını cavablandırdı.
Elm.- 2008.- 17 noyabr.- S.4.