Dünya
şöhrətli Lütfi Zadə
Lüfti Zadə 1921-ci
ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadənin
ailəsində dünyaya gəlib. O, dünyaya göz
açan dövr çox təzadlı və ziddiyyətli
idi. Öz intibahına qədəm qoymuş Azərbaycanda
köhnəliklə yeniliyin səngiməyən mübarizəsi
gedirdi.
Lütfinin atası Rəhim
Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil
şəhərində ziyalı ailəsində dünyaya
göz açmışdır. Onun valideynləri oxumuş
insanlar olduğundan övladlarının sərbəst
böyüməsinə mane olmur, onun öz həyat yolunu
özü seçməli olduğuna inanırdılar. Bu səbəbdən
də I Dünya müharibəsi illərində Ərdəbil
şəhərindən neft və milyonlar şəhəri
Bakıya üz tutan Ələsgərzadələr nəslinin
davamçısı olan Rəhim burada kommersiya ilə məşğul
olmaq qərarına gələndə valideynləri ona bu
işdə kömək olacaqlarını bildirdilər.
İranda dostları və qohumları vasitəsilə
külli miqdarda kibrit alan Rəhim onu Bakıya gətirib burada
satışını təşkil etməklə özünə
yaxşı güzəran düzəltmişdi.
İşgüzar fəaliyyəti ilə yanaşı Azərbaycan
Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq
fakültəsində təhsil alır və İranda
çap olunan həftəlik qəzetlərin Bakıda
nümayəndəsi kimi də çalışırdı.
Bakı şəhərində
gələcək həyat yoldaşı Fanni ilə
tanış olan Rəhim Ələsgərzadə valideynlərinin
razılığı ilə toy edir və fevral ayının
4-də onların ailəsində oğlan uşağı
dünyaya gəlir. Lütfi adı daşıyan bu balaca
oğlan 16 saylı məktəbə gedir və
ömrünün 10 ili bu məktəblə bağlı olur.
Lütfinin
uşaqlığı da həmyaşıdlarından olduqca fərqlənirdi.
Fanni xanım onunla bağlı verdiyi müsahibələrin birində
deyirdi: "Lütfinin 5 yaşı tamam olan günü qohum-əqrəbalarımız
gələrək onu təbrik etmək istəyirdi. Lakin o,
bütün qonaqların ona görə gəlməsini sanki
görmür, küncə çəkilərək kitab
oxumaqda davam edirdi. Onun otağında iki mindən çox kitab
var idi ki, onların da əksəriyyəti rus dilində idi.
Lütfinin 12 yaşı olanda isə otağı üzərində
"TƏK" sözü (mütaliə edən zaman narahat
edilməmək məqsədilə) yazılmışdı.
1932-ci ildə Sovetlər
İran vətəndaşları olan azərbaycanlılarla
bağlı yeni fərman imzalayır. Bu fərmana görə,
onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında
qalıb buranın vətəndaşlığını qəbul
etməli, ya da ölkəni dərhal tərk edib getməli
idilər. Ələsgərzadələr ailəsi sovetlərin
hakimiyyətə gəlməsindən sonra ətrafda baş
verən hadisələrdən narazı olduqlarından
İrana geri qayıtmaq qərarına gəlirlər. Bir
çoxları, xüsusilə də yaxın qohumları bu
addımın gələcəkdə Lütfi Zadə
fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd
edirlər. Çünki o illərdə sovetlər kibernetika,
informatika, genetika kimi elmlərə öz mənfi mövqeyi ilə
seçilirdi və çətin ki, belə mühitdə
Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.
O, hələ 9 yaşında ikən Ələsgərzadələr
ailəsi Bakını tərk edərək Tehrana
köçürlər. Balaca Lütfi o vaxt rusdilli məktəbin
üçüncü sinfini bitirmişdi. Tehrana
köçdükdən sonra təhsilini amerikalıların
Albors missioner məktəbində davam edən L.Zadə
müsahibələrindən birində Alborsda oxuyarkən Sovet
və Amerika məktəbləri arasında çox
böyük fərq gördüyünü söyləmişdi.
Bu məktəbdə böyük alim ilk dəfə olaraq Amerika
xalqı, Amerika elmi və mədəniyyəti haqqında məlumat
əldə edir. Orada elmin inkişafı üçün
yaradılmış şərait onu hələ məktəb
illərindən Amerikaya çəkir: "Dünyanın bu
füsunkar ölkəsi ilə görüşməyə,
onun universitetlərində təhsilimi davam etdirməyə can atırdım".
Lakin o, hələlik "arzularının ölkəsi"nə
getməyi düşünmürdü. Hələ ilk ali təhsilini
də Tehranda al-malıydı. Beləliklə, L.Zadə orta təhsilini
tamamladıqdan sonra Tehran Universitetinin elektrik mühəndisliyi
fakültəsinə daxil olur. Böyük alimin Amerika həyatı
isə 1944-cü ildən başlayır.
L.Zadə Tehran
Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika
Birləşmiş Ştatlarına gəlir və təhsilini
Massaçusets Texnologiya İnstitutunda davam etdirir. 1947-ci ildə
valideynlərini də öz yanına gətirən alim artıq
bu vaxt Kolumbiya Universitetində çalışırdı. O,
1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi
üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi
alır. Həmin vaxt L.Zadə məşhur alim,
kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsilə
Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlir.
Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən
alim sonralar şəraitə uyğunlaşır və bu
günə qədər də Berkli Universitetinin professoru olaraq
qalır.
Bu gün dünya elminə
L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur.
Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq
olunur. L.Zadəyə dünya şöhrəti qazandıran,
onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq
nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə
inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə
1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə
uzun müddət Amerika elmi ictimaiyyəti tərəfındən
qəbul edilməsə də, ötən əsrin 80-ci illərində
yapon alimlərinin diqqətini cəlb edib və yaponlar bu unikal
nəzəriyyədən yararlanmaq qərarına gəliblər.
L.Zadə nəzəriyyəsinin tətbiqi gündoğan
ölkəyə milyardlar qazandırıb. Bu gün
Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony",
"Canon", "Sanyo", "Nissan", "Honda" və
digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq
texnologiyasından foto və videokameralar, paltaryuyan
maşınlar, vakuum kimyəvi təmizləyiciləri
istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin
idarə olunmasında geniş istifadə edirlər. L.Zadə
1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki
uğurlarına görə Yaponiyanın elm adamlarına
verdiyi ən yüksək mükafat - "Honda"
mükafatı ilə təltif olunub.
Amerikalılar da gec də
olsa, L.Zadə nəzəriyyəsinin qiymətini anlamağa,
ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə
Amerikanın "General Motors", "General Electric",
"Motorola", "Dupont", "Kodak" və başqa
şirkətləri tərəfindən istehsalatda geniş tətbiq
olunur.
L.Zadə eyni zamanda
"Təəssüratlar nəzəriyyəsi",
"Sistemlər nəzəriyyəsi", "Sözlə
işləyən kompyuter nəzəriyyəsi",
"Optimal süzgəclər nəzəriyyəsi" kimi
dünya elminin inkişafında, onun yeni əsaslar üzərində
qurulmasında mühüm rol oynamış elmi kəşflərin
müəllifidir. Qeyd edək ki, L.Zadənin nəzəriyyələrinin
meydana gəlməsində onun Qurani-Kərimi dərindən
bilməsinin də mühüm rol oynadığını
düşünənlər var.
L.Zadə hazırda
Berkli Universitetinin elektronika kafedrasının müdiridir. O, bu
ali təhsil müəssisəsinin ömürlük professoru
seçilmiş yeganə şəxsdir. Böyük alim Azərbaycanda
çox az yaşasa da, vətəndə onu heç vaxt
unutmayıblar. Lütfi Zadə haqqında "Müasir elmin
korifeyi" (müəlliflər
Fərhad Tağıyev, Şamxəlil Məmmədov),
"Dünya dahilərsiz yaşaya bilmir" (müəllif -
Möhbəddin Səməd) adlı kitablar, "Uzaq və
yaxın Lütfi Zadə" (quruluşçu rejissoru Oqtay
Babazadə, ssenari müəllifı Möhbəddin Səməd)
sənədli filmi, Lütfi Zadə irsi və Süni
İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq
Müasir Elmlər Akademiyası yaradılıb.
"Uzaq və yaxın
Lütfi Zadə" sənədli filmi üzərində
xüsusi dayanmağa dəyər. 1996-cı ildə çəkilmiş
bu filmdə, demək olar ki, böyük alimin bütün həyatı,
elmi uğurları öz əksini tapıb. Hazırda L.Zadənin
iştirak etdiyi bütün beynəlxalq konfranslar bu filmlə
başlayır.
L.Zadə heç vaxt azərbaycanlı
olduğunu gizlətmir, əksinə, həmişə bununla
qürur duyduğunu qeyd edir. Onun evində Azərbaycanın
görkəmli bəstəkarları Qara Qarayevin, Fikrət Əmirovun,
Cövdət Hacıyevin, müğənnilərdən
Şövkət Ələkbərovanın,
Bülbülün, Lütfiyar İmanovun, Flora Kərimovanın
kasetləri var. Lütfi Zadə Azərbaycan dilini də
yaxşı başa düşür. Sadəcə, səhv edə
biləcəyindən çəkinərək, doğma dildə
danışmır. Deyir ki, Azərbaycan dilində təmiz
danışmağım üçün 3-4 gün azərbaycanlıların
arasında olmağım bəs edər.
L.Zadə 5 fundamental elmi
nəzəriyyə təklif etmişdir. Amerika Birləşmiş
Ştatlarının Berkli şəhərində
İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu
yaradılmışdır- ZIFIT institutu. L.Zadənin elmdə
Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli
idarəetmə, informasiya və kommunikasiya sistemlərinin
yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir.
L.Zadənin məşhur vəziyyətlər fəzası,
dinamik sistemlərin idarə olunma və müşahidə
olunma nəzəriyyələri müasir idarəetmə
elminin əsasını təşkil edir. Amerika Birləşmiş
Ştatlarının Milli Kosmik Tədqiqatlar Mərkəzi
(NASA) bu nəzəriyyələr əsasında idarəetmə
sistemlərini tədqiq edir, layihələndirir və tətbiq
edir. L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis
məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə
riyaziyyatın əsası olan ikili çoxluq
anlayışına yeni ifadə vermişdir: qeyri-səlis
ölçünün daxil edilməsi təbiətdə və
cəmiyyətdə gedən prosseslərin qeyri-müəyyənliyini
daha adekvat nəzərə almağa imkan yaratdı.
L.Zadənin Soft Computing
nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron
şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi
və ehtimal nəticə-çıxarma paradiqmlərinin
intellektual kombinasiyalarını özündə əks etdirərək
yeni texnologiyaların əsasını təşkil edir.
L.Zadənin sözlə
işləyən kompyuterlər nəzəriyyəsi əsasında
işləyən kompyuterlərdə informasiyanın
qranulyasiyası kimi sözlər, cümlələr istifadə
olunur. Bu tip kompyuterlər təxmini məntiqi nəticə
çıxarma qabiliyyətinə malik olan və təəssürat
əsasında informasiyanı işləyə bilən insan
beyninə ən adekvat texniki modeldir. L.Zadənin təəssürat
nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf
aləm haqqında tez və dolğun informasiya almaq
üsullarını verir. Bu nəzəriyyənin məqsədi
insanda mövcud olan oxşar süni təəssürat
sistemini yaratmağın prinsip və üsullarını verməkdir.
Ümumiyyətlə, Lütfı Zadənin qeyri-səlis məntiqini
obrazlı şəkildə belə izah etmək olar: Aristotel məntiqi
ilə mühakimə yürüdən beyin dünyanı
yalnız ağ və ya qara rəngdə qavrayır, Zadə məntiqi
isə dünyanı bütün çalarları ilə
qavramağa imkan verir. Çünki Aristotel məntiqi ikili
(binar) məntiqdir, Zadə məntiqi çoxmənalı (kəsilməz
qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa
ya doğru, ya da yalan ola bilər. Zadəyə görə, hər
bir müddəanın doğruluq dərəcəsi doğru və
ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz
qiymətlər alır. Zadə məntiqində real həyatı
daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə
tolerantlıq daha çoxdur. Aristotel məntiqinə görə,
bir adam ya dostdur, ya düşmən (kim bizimlə deyilsə,
o, bizim düşmənimizdir), Zadə məntiqinə görə,
dostla düşmən münasibətləri arasında sonsuz
sayda münasibət dərəcəsi var (məsələn,
neytral, çox yaxın dost və s.) Professor Albert Eynşteyn
fizikada inqilab etdi, klassik mexanika ilə kvant mexanikasının
sərhədini göstərdi. Lütfi Zadə alternativ
riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı. Elmin dili,
qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən
qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və
başqa qeyri-səlis elmlər yarandı.
Bu gün qeyri-səlis məntiq
sahəsində 50-dən çox elmi jurnal nəşr olunur, hər
il 100-dən çox beynəlxalq konfrans və simpozium
keçirilir
Görkəmli alimin
qeyri-səlis məntiq nəzəriyyəsi Amerika Birləşmiş
Ştatlarında kosmik proqramların həyata keçirilməsində
də mühüm rol oynayır. Yaponiyada qeyri-səlis məntiqə
əsaslanan fotovideo cihazlar buraxılır. Danimarkada isə
qeyri-səlis məntiq əsasında işləyən sement
sobaları istehsal edilir. Avropada çoxlu sistem və
qurğular, xüsusi "ağıllı" ekspert sistemlər
hazırlanır. Yuxarıda qeyd etdiklərimizə əlavə
olaraq bildirək ki, Yaponiyada "Panasonic" və
"Kvassar" adı altında mallar istehsal edən
"Mitçusita" şirkəti qcyri-səlis
texnologiyanın tətbiqindən sonra milyard dollarla gəlir
götürmüşdür. Hazırda bu nəzəriyyədən
iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə,
sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində
də istifadə olunur.
İnsanın
böyüklüyünü müəyyən edən müxtəlif
atributlar və ölçülər var. Bəziləri
insanın böyüklüyünü aldıqları
mükafatlarla, fəxri adlarla, əldə
etdikləri titullarla məhdudlaşdırırlar. Bəziləri
isə adamları gördükləri qeyri-adi işlərə
və əməllərə görə qiymətləndirirlər.
Mükafatlara, titullara, fəxri adlara gəldikdə yuxarıda qeyd etdiyimiz kimi, professor
Lütfi Zadə çox şeyi özünə yaxın
buraxmayan Yaponiyanın dünya elmində inqilabi
çevriliş etmiş alimlərə ayırdığı
ən yüksək mükafatı "Honda"
mükafatını almışdır. Titula gəldikdə isə
o, dünya alimlərində yalnız bir-iki nəfərə nəsib
olmuş çalışdığı Berkli Universitetinin
ömürlük fəxri professoru adını qazanmışdır.
L.Zadə dünyada əsərlərinə
ən çox istinad edilən alim sayılır. Təkcə
1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən
çox istinad edilmişdir.
Lütfı Zadə
dünyanın bir çox məşhur akademiyalarının,
elm mərkəzlərinin üzvüdür. O, 2001-ci il
mayın 16-da Azərbaycan MEA-nın xarici üzvü
seçilmişdir. Görkəmli alim, həmçinin, 10-dan
çox universitetin, o cümlədən Bakı Dövlət
Universitetinin fəxri doktorudur. Lütfı Zadənin elm sahəsindəki
xidmətləri və qazandığı fövqəladə
nailiyyətlər dünyanın müxtəlif elm mərkəzləri,
korporasiyaları və beynəlxalq təşkilatları tərəfindən
də yüksək qiymətləndirilmişdir. O, çoxlu
sayda mötəbər cəmiyyətlərin və
fondların mükafatlarına layiq görülmüş,
medallarla təltif edilmişdir.
Amma professor Lütfı
Zadə şəxsiyyətini, Lütfı Zadə əlçatmazlığını
müəyyən edən bu mükafatlar deyil, bir ömürdə
beş elmi nəzəriyyə yaratması, dünya elmində
inqilabi çevriliş edib onun ümumi mənzərəsini dəyişdirməsi
ilə xarakterizə olunur.
Bu yaxınlarda L.Zadə
Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri
sədri olmağa razılıq verib. Bu faktın özü də
onun Vətənə olan məhəbbətinin təsdiqi
üçün yetərli sayıla bilər.
Qeyd etdiyimiz kimi, bu
gün Lütfi Zadə nəzəriyyələri nəticəsində
milyardlar qazanan şirkətlər, böyük dövlətlər
onu müxtəlif mükafatlar və fəxri adlarla təltif
ediblər. Bu adların içərisində bütün
soydaşlarımızın, türk dünyasının qəlbini
qürur hissi ilə dolduran bir ad da var -AZƏRBAYCANLI. Heç şübhə yoxdur ki,
Lütfi Zadənin özü üçün də bu ad
aldığı bütün mükafat və adlardan daha şərəfli
və daha əzizdir.
Elm.- 2008.- 17 noyabr.- S.5.