Alim ömrünün müdrikliyi
Rəhilə Məhərrəmova – 85
Hər bir dövlətin
varlıq və yaşam amillərindən
biri olan milli mənəvi dəyərlər millətin
kimlik atributlarıdır. Bu səbəbdən müstəqiliyinin
daha ciddi addımlarını atan Azərbaycan dövlətində
qədim türk kökündən qaynaqlanan və xalqımızın varlıq atributu
olan dilimizin qorunması və onun təbliği dilçi alimlərimizin üzərinə
düşən şərəfli bir missiyadır. Bu müqəddəs
missiyanı zərif çiyinlərində daşıyan
görkəmli alimlərimizdən
biri də professor Rəhilə xanım Məhərrəmovadır. Rəhilə
xanım bu gün Azərbaycan dilçiliyinin
aktual problemlərinin araşdırmasına həsr etdiyi
ömrünün müdriklik, kamillik
zirvəsindədir. Bu zirvədən baxanda elmin gərgin zəhmət
tələb edən yollarında gözünün nurunu
şam kimi əridən bir ziyalı ömrü, həyatın
sınaqlarına mərdliklə dözmüş bir Azərbaycan
qadınının çarpışmalarda
keçən illərinin izləri
görünür.
Rəhilə Cavad
qızı Məhərrəmova 1923-cü ildə Bakıda
anadan olmuşdur. 1945-ci ildə Azərbaycan (indiki Bakı)
Dövlət Universitetini bitirmişdir. I949-cu ildə namizədlik,
1969-cu ildə doktorluq dissertasiyasını müdafıə
etmiş ilk dilçi alimdir.
1945-ci ildən Azərbaycan
Elmlər Akademiyasının Dilçilik İnstitutunun Azərbaycan
dili tarixi şöbəsində kiçik elmi işçi,
böyük elmi işçi, şöbə müdiri vəzifələrində
çalışmış, hazırda isə institutun baş
elmi işçisidir.
60 ildən çoxdur
ki, o, respublikanın müxtəlif universitetlərində
pedaqoji fəaliyyətini uğurla davam etdırir.
Ümummilli
lider Heydər
Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan
Respublikası Prezidentinin yanında yaradılmış
Dövlət dil komissiyasının üzvüdür.
Dil tarixi, üslubiyyat,
leksikologiya və dialektologiyaya dair 8 kitabı, 200-dən
artıq məqaləsi respublika və xarici ölkələrdə,
habelə bir məqaləsi YUNESKO-nun xətti ilə bir
neçə dildə nəşr olunmuşdur. Onlarla əsərin
elmi redaktoru, respublika və xarici ölkələrin elmi
şuralarında namizədlik və doktorluq
dissertasiyalarının rəsmi opponenti olmuşdur.
Rəhilə xanım Azərbaycan
dilinin təbliği ilə bağlı radio və televiziya
verilişlərində fəal iştirak edir. Respublikamızda
görkəmli şəxsiyyətlərə, alimlərə
(Mirzə İbrahimov, Mir Cəlal, Səməd Vurğun, Hadi
Mirzəzadə və b.), tarixi abidələrə həsr
olunmuş yüksək məclislərdə dəyərli məruzələr
etmişdir
İstər
respublikanın elmi ictimaiyyəti, istərsə də xarici
ölkələrin türkoloq alimləri arasında Rəhilə
xanımın özünəməxsus yeri, hörməti ve
mövqeyi vardır. Bu sevgini və nüfuzu o, qələmə
aldığı neçə-neçə kitabları, elmi məqalələri,
yetişdirdiyi kadrların elmi səviyyəsi sayəsində
qazanmışdır.
Sistemli təfəkkür
və ümumiləşdirmə qabiliyyətinə malik olan Rəhilə
xanım problemlərin kökünə dialektik idrak
prizmasından baxaraq, onların məntiqi konturlarını
aydın sezən, ilk baxışdan mürəkkəb
görünən dinamik əlaqə və
asılılığı dərk edərək elmi-məntiqi
nəticə çıxara bilən dilçi alimlərimizdəndir.
O, elmi fakt və müddəaları analitik təfəkkür
prizmasından keçirərək ətraflı təhlil etməyi
bacarır. Rəhilə xanımın, yuxarıda qeyd etdiyimiz
kimi, Azərbaycan dilçiliyinin müxtəlif aktual problemlərinə
- dil tarixi, tarixi qrammatika, ədəbi dil və üslublar,
yazıçı dili, tarixi leksikologiya, ədəbi dil tarixi
və dialektologiya məsələləri, əlifba, imla,
terminologiya və s. həsr etdiyi və aparıcı filoloji
jurnallarda dərc etdiyi 200-dən çox elmi məqaləsi və
onlarla monoqrafıyaları Azərbaycanda dilçilik elminin
möhkəm sistemli bir təməl üzərində
inkişafında, gənc dilçi kadrların istiqamətləndirilməsində,
həmişə olduğu kimi, bu gün də əvəzsiz
bir mənbədir.
Rəhilə xanım
yüksək intellektə, mənəvi-əxlaqi kamilliyə
malik, erudisiyalı, yaradıcı insan olmaqla yanaşı, həm
də xalqımızın minilliyin dərinliklərindən
qaynaqlanan yüksək mənəvi əxlaqi dəyərlərinin,
dilinin qoruyucusu və yorulmaz təbliğatçısıdır.
O, keçmiş Sovet İttifaqının müxtəlif
respublikalarında keçirilmiş (Almatı, Daşkənd,
Düşənbə, Moskva, Ufa, Nalçik, Kişinyov,
Ujqorod, Aşqabad, Frunze, Sverdlovsk və s.) elmi konfrans və
simpoziumlarda dilçiliyin, türkologiyanın aktual problemlərinə
dair maraqlı elmi-nəzəri məruzələrlə
çıxış etmiş, Azərbaycan dilçilik elmini
ləyaqətlə təmsil etmişdir.
Rəhilə
xanımın elmi-pedaqoji fəaliyyətini vərəqləyərkən
gözümüzün önündə yaradıcılıq
yolunun əziyyətlərinə mərdliklə sinə gərən,
insanlığı, ziyalı nüfuzu ve etikasını hər
şeydən üstün tutan, ali insana məxsus mənəvi
dəyərlərə - yüksək mədəniyyətə,
intellektə malik, hər bir Azərbaycan vətəndaşına,
aliminə həyat və yaradıcılıq yolunda örnək
ola biləcək bir ziyalı obrazı canlanır.
Azərbaycanın
ziyalı xanımlarına xas yüksək intellektual zəka və
mənəvi zənginlik sahibi olan Rəhilə xanımın
elmi işində olduğu kimi, hərəkətində də
təmənnasız xeyirxahlıq, yaradıcılıq və
yenilik müşahidə edilir. Ziyalı Azərbaycan
qadını və hər şeydən öncə bir ana olan
Rəhilə xanımın fəaliyyətinin aparıcı
istiqamətlərindən birini gənc nəslin milli-əxlaqi
dəyərlər əsasında tərbiyyəsi, yüksək
mədəniyyətə malik kadrların hazırlanması təşkil
edir. Başqa sözlə, onun xarakterindəki ən səciyyəvi
xüsusiyyətlərdən biri də incə tərbiyəçilik
hissidir. Bunun nəticəsidir ki, o, Milli Elmlər
Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunda çoxlu sayda gənc dilçi kadrlar
hazırlamış, namizədlik və doktorluq
dissertasiyalarına rəhbərlik və opponentlik etmişdir,
Bununla da özünün, demək olar ki, elmi məktəbini
yaratmışdır. Onun aspirantlarına, iş
yoldaşlarına olan münasibətində bütün
insanlara olan sevgisi, təvazökarlığı, səmimiliyi,
zərifliyi, məlahəti və nəzakəti əks olunur.
Rəhilə xanım bu
gün də gənclik ruhu ilə çalışan dilimizin
fəal təbliğatçılarından biridir, dövri mətbuatda,
radio və televiziyada tez-tez çıxışlar edir, gənc
alimlərə nümunə ola biləcək bir istəklə
çalışır. “Sabirin söz dünyası” (2006),
"Kitabi-Dədə Qorqud"un söz xəzinəsi"
(2007) adlı böyük həcmli
kitabları son illər onun yaradıcılıq
potensialının real göstəriciləridir.
Professor Rəhilə Məhərrəmovanın
Azərbaycan dilçilik elminin inkişafındakı xidmətləri
dövlət rəhbərliyi tərəfındən həmişə
yüksək qiymətləndirilib.
O.Azərbaycan MiIli Elmlər Akademiyasının 60 illik yubileyi münasibətilə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə ali dövlət mükafatı olan
"Şöhrət" ordeni ilə təltif edilmişdir. Sevindirici
haldır ki, Rəhilə xanım 85 illik şərəfli
yubileyi öncəsi Azərbaycan Qadınlarının 3-cü
Qurultayı münasibətilə Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünə layiq
görülmüşdür.
Rəhilə xanım, zəhmət
və böyük məsuliyyət dolu ömür yolunuz,
yüksək mənəviyyatınız, zəngin biliyiniz, təcrübəniz,
ziyalı vicdanı və tələbkarlığınızla
Azərbaycan ziyalısının həmişə fəxr ediləcək
obrazını yaratmış, bir alim ömrünün
müdriklik zirvəsinə ucalmısınız.
Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik
edir, bahar təravətli, gözəlliklə dolu ömür
yolunuzda bir-birindən gözəl, sevinc dolu illər, yeni-yeni
yaradıcılıq uğurları, möhkəm
cansağlığı və həmişə zirvələrdə
qalmağı arzu edirəm.
Ülvi bir məqsədə
- Azərbaycan dilçiliyinin inkişafına sərf etdiyiniz
enerjiniz, gənclik ruhunuz Sizi heç vaxt tərk etməsin!
Aqşin MƏMMƏDOV,
Elm.- 2008.- 17 noyabr.- S.10.