Akademik Həsən Abdullayevin 90 illik yubileyi qeyd olundu
Noyabrın 18-də AMEA
Rəyasət Heyətinin akt zalında Azərbaycanda bərk
cisim fizikası məktəbinin banisi, Respublikanın Dövlət
mükafatı laureatı və əməkdar elm xadimi,
keçmiş SSRİ Elmlər Akademiyasının müxbir
üzvü, Azərbaycan EA-nın sabiq prezidenti, akademik Həsən
Abdullayevin anadan olmasının 90 illiyinə həsr olunmuş
yubiley tədbiri keçirildi.
Tədbirdə əvvəlcə
akademik Həsən Abdullayevin xatirəsi bir dəqiqəlik
sükutla yad edildi. Alimin həyat və elmi fəaliyyətinə
həsr edilmiş qısametrajlı film nümayiş olundu.
Tədbiri giriş
sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov
alimin elmi fəaliyyəti haqqında danışaraq bildirdi ki,
görkəmli elm xadimi, akademik Həsən Abdullayev müasir
Azərbaycan elminin tarixində yarım keçiricilər
fızikası sahəsində dəyərli tədqiqatlar
aparmış və özündən sonra bu işi uğurla
davam etdirən onlarla istedad fıziki birləşdirən məktəb
yaratmışdır. Bu məktəbin yetirmələrinin
yarım keçiricilər fızikası sahəsində əldə
etdiyi elmi nəticələr dünyanın məşhur alimləri
tərəfındən təsdiq edilmişdir. Azərbaycanın
istedadlı fızikləri və mütəxəssisləri
bu məktəbin yetirmələri olmuşdur.
Məlum olduğu kimi,
akademik Həsən Abdullayev ötən əsrin 70-80-ci illərində
ulu öndər Heydər Əliyevin rəhbərliyi altında
ümummilli strateji vəzifələrin, o cümlədən
elmi quruculuq işlərinin həyata keçirilməsində
Milli Elmlər Akademiyasının prezidenti kimi ən fəal
mövqedə duran şəxslərdən biri olmuşdur. O,
akademiya institutlarında fundamental tədqiqatların genişləndirilməsi,
elmi nəticələrin nəzəri cəhətdən
yüksək səviyyədə işlənməsi ilə
yanaşı, respublikanın ayrı-ayrı təbii sərvətlərinin
daha dərindən öyrənilməsi və elmin iqtisadi səmərəsinin
artırılmasına yönəldilən kompleks tədqiqatlara
da üstünlük verirdi.
Akademik M.Kərimov
çıxışında vurğuladı ki, akademik
H.Abdullayev öz tükənməz enerjisi, məqsədyönlü
fəaliyyəti ilə 70-80-ci illərin gənclərinə
örnək idi. O, ixtisasından asılı olmayaraq gənc
alimlərin fəaliyyəti ilə yaxından maraqlanır,
onlara qayğı, maddi və mənəvi yardım göstərilməsini
özünə borc hesab edirdi. Alim ömrünün 50 ilindən
çoxunu yarımkeçiricilər fızikasına və
biofızikaya həsr etmiş, bu sahə üzrə yüksək
elmi kadrlar hazırlamışdır.
Görkəmli alimin həyat
və elmi fəaliyyəti haqqında çıxış edən
akademik Maqsud Əliyev bildirdi ki, akademik H.Abdullayev kimyəvi
birləşmələr olan selenin, tellurun, onların mürəkkəb
birləşmələrinin və bunların əsasında
yarımkeçirici cihazların fızikası, selenin bioloji
proseslərdə rolunun tədqiqi sahəsində əsaslı
elmi təcrübələr qazanmış, onun rəhbərliyi
ilə mürəkkəb
yarımkeçiricilərdən bir sıra yeni cihazlar, o
cümlədən yeni fıziki prinsiplə işləyən
uzunmüddətli elektrik yaddaşlı cihazlar
yaradılmışdır. Natiq çıxışında
akademik H.Abdullayevin ölkənin və dünyanın fızikləri
arasında görkəmli xidmətləri olan bir alim, elmin
böyük təşkilatçısı kimi nüfuz
qazandığını vurğuladı.
Bu mövqeyə o,
özünün ardıcıl və gərgin əməyi
hesabına yüksəlmişdir. Akademik H.Abdullayevin 15
monoqrafıyanın, 250-dən çox ixtiranın, onlarla dərsliyin,
yüzlərlə elmi məqalənin müəllifıdir.
M.Əliyev bildirdi ki,
görkəmli alim Azərbaycanda müasir fızikanın,
xüsusilə yarımkeçiricilər fızikası və
texnikasının əsasını qoymuş, onu hərtərəfli
inkişaf etdirmiş, yüksək səviyyəli fıziklər
kollektivi yaratmışdır. Onun yaratdığı və rəhbərlik
etdiyi elmi məktəbdə Azərbaycanın, Rusiyanın,
Ukraynanın, Moldovanın, Orta Asiya respublikalarının və
başqa ölkələrin nümayəndələri elmi
hazırlıq keçmişlər. Bu elmi məktəbin alimlərinin
əksəriyyəti hazırda ABŞ-da, Avropada, Türkiyədə,
İranda, Rusiyada, Ukraynada, Orta Asiyada və
respublikamızın ali məktəblərində, elmi-tədqiqat
ocaqlarında uğurla çalışırlar. O,
çıxışının sonunda alimlə bağlı
xatirələrindən söhbət açdı.
Yubiley tədbirində
Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, akademik
Bəhram Əsgərov müəllimləri haqqında xoş
xatirələr danışdılar.
Qeyd edək ki, bu
yaxınlarda Azərbaycan Milli Elm Fondu tərəfindən
doktorant, aspirant və tələbələr arasında
fızika sahəsində müsabiqə aparılmış və
qaliblər akademik Həsən Abdullayev adına mükafata
layiq görülmüşlər. Alimin qızı Sevinc
Abdullayeva müsabiqədə qalib gələnlərə
diplom və pul mükafatı təqdim etdi.
AzərPoçt İdarəsinin
direktoru İntiqam Əsgərov Həsən Abdullayevin şəklinin
əks olunduğu poçt markasını tədbir iştirakçılarına
təqdim etdi.
Tədbirin sonunda alimin
qızı Sevda Abdullayeva ailəsi adından AMEA-nın rəhbərliyinə,
tədbirin təşkilatçılarına və
iştirakçılarına öz təşəkkürünü
bildirdi.
Elm.- 2008.- 28 noyabr.- S. 2.