Nəsimi kəlamının işığında
(Azərbaycan elm və mədəniyyət xadimlərinin
Suriya səfərindən notlar)
(əvvəli ötən sayımızda)
• MÜFTİNİN
ÜZRXAHLIĞI
Ölkənin çox
nüfuzlu ziyalılarından və Hələbdə ali təhsilin
əsasını qoyanlardan biri kimi təqdim olunan dini icmanın
rəhbəri, şəhər müftisi doktor Mahmud Əkkam
öz elmi-dini biliklərinin genişliyi, sufizmin tarixinə və
mahiyyətinə dair dolğun məlumata malik olması, nəhayət,
Nəsimi faciəsinə münasibətindəki qətiyyəti
və ardıcıllığı ilə yadımda qaldı.
'"Nəsimi və sufilik" mövzusunda etdiyi maraqlı məruzəsində
doktor M.Əkkam Nəsiminin poetik irsini və sufi qənaətlərini
yüksək qiymətləndirib dedi ki, onun əsərləri
Azərbaycan poeziyasının Yaxın Şərq xalqları ədəbiyyatında
fəth etdiyi ən uca zirvələrdən biri olmaqla yanaşı,
həm də Suriya-Azərbaycan ədəbi əlaqələri
tarixində ən önəmli mərhələdir. O, məruzəsinin
sonuna doğru salonun birinci cərgəsində əyləşdirilmiş
Azərbaycan nümayəndələrinə üzünü
tutub dərin səmimiyyət duyğusu ilə dedi:
- Möhtərəm qardaşlar! 591 il bundan öncə bəşər
tarixində ən faciəli hadisələrdən biri baş
vermiş, böyük Azərbaycan şairi və filosofu parlaq
istedad sahibi olan sufi, vəliyullah (Allahın dostu) Seyid Əli
İmadəddin Nəsimi vəhşicəsinə edam
olunmuşdur. Bu gün biz xəcalət çəkirik ki, bu
müdhiş faciə bizim Hələb şəhərinin
adı ilə tarixə düşmüşdür. Bəli, Nəsiminin
günahsız qanı məhz
burada
axıdıldığı üçün mən müasir Hələbin dini icmasının rəhbəri
kimi sizdən dönə-dönə üzr istəyirəm! Mən
çox vaxt dindaşlarım
önündə xütbə oxuyanda Nəsiminin
acınacaqlı taleyini də yada salır, ona Allahdan rəhmətlər
diləyir, ruhuna dualar səsləndirirəm.
Tarixi,
elmi mənbələrdə öz əksini tapmış məlumata görə, bu edamdan on il sonra Hələb məhkəməsi
işə yenidən baxıb
əvvəlki ədalətsiz hökmü ləğv
etmiş, artıq tarixə qovuşan şairə, gec də olsa, bəraət vermişdir. Bununla belə, bu gün mən
sizdən üzr istəməyə
daxili, mənəvi ehtiyac
duydum və acizanə təvəqqe edirəm ki, mənim üzrxahlığımı qəbul
edib bütün Azərbaycan xalqına
çatdırasınız. Bu, tək mənim yox,
bütün Hələb müsəlmanlarının xahişidir.
Etiraf edirəm ki,
müftinin bu sözləri digər yoldaşlarım kimi məni
də riqqətə gətirdi.
F.e.n.
Səadət Şıxıyeva "Nəsiminin
irfani görüşləri" mövzusunda məruzəsində
şairin fəlsəfi düşüncələrinin əsasını
təşkil edən hürufiliklə təsəvvüfün
nisbətindən bəhs etdi, onun fəlsəfi dünya
görüşündə irfanın yeri ilə bağlı
mülahizələrə münasibətini bildirdi. Nəsiminin
irfani görüşlərinin İbn Ərəbinin sistemləşdirdiyi
və Mövlana fəlsəfəsinin süzgəcindən
keçərək canlılıq kəsb edən "vəhdəti-vücud"
konsepsiyası üzərində
formalaşdığını göstərdi.
Tədqiqatçı bu
məruzədə, ilk dəfə olaraq, Nəsiminin
özünü sufı deyil, "əhli-irfan"
adlandırmasından və irfanı həqiqət aləminə
doğru aparan elm saymasından şairin beytlərinə istinadən
bəhs etdi. O qeyd etdi ki, Nəsiminin əsərlərində
Yaradanla yaradılmışın əlaqəsi, ilahi həqiqətə
aparan yol, bu həqiqəti dərk etməyin vasitələri,
Allah və yaradılmışın kainatdakı mövqeləri
kimi mətləblər daha çox təsəvvüf
baxımından şərh olunur. Təsəvvüf fəlsəfəsi
yaradılışın sirrini, səbəbini, Yaradanın
yaratdıqlarına münasibətini, yalnız ali varlıq
olan insanın deyil, bütün yaradılmışların
öz əslinə, Yaradana qayıdış istəyini
eşqlə izah edir. Nəsimi şeiri də bu cəhəti
ilə təsəvvüf ədəbiyyatının ənənələrinə
bağlıdır. Şairin divanlarında təsəvvüfi
eşq anlayışının bütün çalarları
ilə bədii ifadəsi öz yerini almışdır.
Səadət xanım bu
qənaətini də əsaslandırdı ki, Nəsiminin
türkcə divanında hürufilik və dünyəviliklə
müqayisədə daha əsaslı mövqeyə malik olan
irfan onun yaradıcılığının əsrarəngizliyini
və məna dərinliyini təmin edən başlıca ideya
qaynaqlarındandır. Şairin əsərlərinin əsas məcazlar
sistemi və kod xarakterli rəmzləri, əsasən, ənənəvi
irfani görüşlər üzərində
formalaşmışdır. Bu "kod"lar sistemində
müasir ədəbiyyatşünaslıqda çoxsaylı
mübahisələrə səbəb olan "iki cahan",
"ənəlhəq", "hicab" və s. kimi məcaz-terminlər
xüsusi yer tutur. Nəsiminin farsca divanı və türkcə
dördlükləri daha çox onun hürufılik
görüşlərinin, qəzəlləri isə təsəvvüfi
mülahizələrinin ifadəsi ilə zəngindir.
Şairin əsərlərindəki bir sıra irfani
anlayışları ənənəvi təsəvvüflə
hürufiliyin sintezi kimi dəyərləndirmək maraqlı nəticələrə
gətirib çıxarır.
Suriya tərəfın
məruzələrində adət etdiyimiz mənada problemlər
qoyulub şərh edilmirdi. Həmkarlarımız bizim bu sahədə
ehtiyaclarımızı nəzərə alaraq, Nəsiminin həyatının
Hələb mərhələsinə, onun şəxsiyyətinin,
mütərəqqi qənaətlərinin, mətanət və
iradəsinin Suriyada bu gün də çox yüksək qiymətləndirilməsinə,
vaxtilə şairin ətrafında qurulmuş ədalətsiz
məhkəmənin gedişinə, onun fəci sonluğunun bəzi
təfərrüatlarının açıqlanmasına
üstünlük verirdilər.
Məsələn, professor Məhəmməd
Kamalın "Nəsiminin qətli səbəbləri: bəzi
təfərrüatlar" mövzusunda etdiyi məruzədə,
eləcə də digər natiqlərin
çıxışlarında mənim üçün yeni
olan bir sıra maraqlı məlumatlar səsləndi. Onlar
oxuduqları qədim mənbələr əsasında dedilər
ki, Nəsiminin istintaq və mühakimə vaxtı verdiyi
cavablar, ittihamnamədəki böhtanları qətiyyətlə
təkzib etməsi və bu zaman nümayiş etdirdiyi nadir
hafizə, dəmir məntiq hakimlərin mürtəce qanadını
çox pis vəziyyətə qoymuş imiş. İstədiklərinə
nail olmaq üçün ədalətsiz hakimlər fitnəkarlığa əl
atmışlar. Onların muzdla tutduğu zindan
keşikçilərindən biri Qurandan cırdığı
vərəqi, Nəsimi namaz qıldıği vaxt, fürsət
tapıb onun ayaqqabısının burnuna dürtmüşdür.
Beləliklə də, namərdlər şairi "Allah kəlamını
ayağının altında gəzdirməklə onu təhqir
etdiyi üçün" daha ağır və "təkzibedilməz"
ittihamlara məruz qoymuş, şairi zındıq (dinsiz)
adlandırmışlar. Nəsimi hamı eşidə-eşidə
kəlmeyi-şəhadət gətirmişdir. Əsl
zındıq isə onun Hələb möminləri
arasında getdikcə artan nüfuzundan, bununla da öz
mövqelərinin sarsılmasından qorxan həmin
ikiüzlü hakimlərin özləri idi. Amma öz
müridlərinə, yaradılmışların əşrəfi
olan insanlara məhz insan kimi təmiz əxlaq və mənəviyyatla
yaşamağı təlqin edən Nəsimi nəsillərin
xatirəsində Allahın əsl mömin bəndələrindən
biri kimi qalır. Natiqin dilindən bu rəvayəti eşidəndə
isə tüklərim biz-biz durdu: edamdan sonra Nəsiminin əl-ayağı
kəsilib göz dağı olsun deyə hədələyici
məktubla bəzi ölkələrə, o cümlədən
də Azərbaycana göndərilibmiş.
Sorbonna Universitetinin
yetirməsi olan professor
Hüseyn əs-Sadıq dedi ki, Hələbə Nəsiminin
özündən əvvəl onun şöhrəti gəlmişdi.
Böyük ehtiramla qarşılanan şair həm də
mübarək islamın əla bilicisi idi. Yüksək bəlağətlə
möminlər qarşısında oxuduğu moizələr
qısa bir müddətdə onun müridlərinin
sayını sürətlə artırmışdı. Nəsiminin
şərəfinə yeni məscid tikilmişdi. Bu, öz
növbəsində şəhərin bəzi ruhani liderlərinin
həsədinə səbəb olmuşdu. Nüfuzuna xələl
gəlməsindən qorxuya düşən bu din xadimləri
öz yaxın adamlarının vasitəsilə Nəsiminin əleyhinə
qurğu qurdular, ona böhtan atdılar, fitnəkarlıq edərək
şairi küfrdə suçladılar. Bu isə sözü
gedən zamanda ən dəhşətli ittiham olub ölümlə təhdid
edilirdi. Nəsiminin rəqibləri Hələb hakimi, "pula
sitayiş edən" Yaşbəki ələ alıb öz
mənhus niyyətlərini həyata keçirdilər. Bu
işdə ən çox canfəşanlıq edən o
zamankı şəhər müftisi İbn
Çanaxçı olmuşdur. "Tarix təkrar olunur,
amma daha iri miqyasda. Fitnəkarlar
820-ci ildə bir nəfərin, Nəsiminin dərisini soymuşdular. İndi isə dünya miqyaslı fitnəkarlar bəzən
bütöv xalqların dərisini
soyurlar. 820-ci ildə edam olunan isə təkcə Nəsimi
deyildi. Əslində, o müdhiş gündə Nəsiminin
timsalında azad fikir edam olunmuşdu... "
Professor Mahmud Ülkama
görə, Nəsimi bir də ona görə təqib olunurdu
ki, öz mürşidi Fəzlullah Nəimi və digər
görkəmli hürufilər kimi zülmə, zalıma,
fanatizmə qarşı mübarizəni həyatının
başlıca amalına çevirmişdi. İnsanı onun
layiq olduğu səviyyəyə qaldırıb tərənnüm
edən hürufilər hərflər və simvollar vasitəsi
ilə bəzi hökmdarların, o cümlədən də
Teymurləngin ölüm gününü təyin etməyi
öyrənmişdilər və yeri gəldikcə xalqa bu barədə
məlumat verirdilər.
Professor
sözünü yekunlaşdırıb dedi: "Nəsiminin şərəfınə
keçirilən və indiyədək Suriyada analoqu olmayan bu tədbirlərin
ilk təşəbbüskarı və səbəbkarı olan
ölkənizin rəhbərliyinə öz intəhasız
razılığımı və təşəkkürlərimi
bildirirəm. Biz sizi dinləyəndə, məruzələrinizdə
müraciət etdiyiniz araşdırmaların, nəşrlərin
vüsətinə fikir verəndə gördük ki, Nəsiminin
həyatı və təkrarsız poeziya icadları Azərbaycanda
belə geniş miqyasda tədqiq olunur, əsərləri
dönə-dönə nəşr edilir, onun geniş
miqyaslı yubileyləri keçirilir,
xatirəsini əbədiləşdirmək sahəsində
sanballı tədbirlər görülür".
Alim Azərbaycan tərəfinin
məruzələrini müxtəsərcə təhlil edib
yüksək qiymətləndirdi. Onlarda Nəsiminin bir mütəfəkkir şair və
humanist həqiqət carçısı kimi elmi təqdimindən,
şairin ana dilindəki əsərlərinin
sənətkarlıq xüsusiyyətlərinin şərhindən,
özəlliklə Nəsimi
yaradıcılığındakı humanizmin və ürfani
icadların açıqlanmasından, İraqda
tapılmış Divanının taleyinə və mahiyyətinə
dair onun üçün yeni olan məlumatlardan razı
qaldığını bildirdi. Sözünün sonunda alim
dedi: "Doğma Suriyanın,
bu qədim ərəb torpağının Nəsimini yüz
illər boyu öz qoynunda əziz-əziz qoruyub saxlaması
bizim üçün böyük mənəvi təsəlli,
həm də baş ucalığıdır".
Doktor Məhəmməd
Kaccah bütün həmkarlarının, həmyerlilərinin
adından dedi ki, bu iki ölkənin hansında
yaşamağımızdan asılı olmayaraq biz hamımız
Nəsiminin övladlarıyıq və inanıram ki, onun nəcib
aurası müstəvisində Suriya-Azərbaycan münasibətləri
bundan sonra daha da inkişaf etdiriləcəkdir.
Konfransın sonunda dinləyicilərin
sualları üçün geniş vaxt nəzərdə
tutulmuşdu. Hələblilər Azərbaycanda Nəsiminin
xatirəsinin əbədiləşdirilməsi sahəsində
görülən tədbirlərə, şairin əsərlərinin
tədqiqi və nəşri məsələlərinə dair
suallar verdilər, alimlərimizdən Nəsimi
yaradıcılığında sufizm, hürufilik, irfan, azad
insan konsepsiyası problemlərinə
dair əlavə məlumat vermələrini xahiş etdilər.
T.Kərimli, Q.Paşayev, S.Şıxıyeva onları təmin
edən yerli-yataqlı cavablar verdilər, bu zaman diqqəti Nəsimi
yaradıcılığının Suriyada az tanınan bəzi
problemlərinə cəlb etdilər.
Özümə
ünvanlanmış bir sualın cavabında mən görkəmli
əlyazmaçı alim S.Mümtazın Azərbaycanda Nəsimi irsinin ilk naşiri
kimi hələ 1926-cı ildə buraxdığı kitabdan
danışdım, akad. H.Araslının və müxbir
üzv Ə.Səfərlinin bu sahədə çox səmərəli
fəaliyyətlərini yada saldım,
prof. M.Quluzadənin "Mübariz şair"
monoqrafıyasını açıqladım,
prof. Z.Quluzadənin hürufilik ətrafında tədqiqatlarında
Nəsiminin dünya
görüşündən geniş bəhs etdiyini
göstərdim, şairin əsərlərinin dili barədə
prof. C.Qəhramanovun səmərəli araşdırmalarını qiymətləndirdim. Vaxtilə Nəsiminin 600 illiyi
münasibətilə rus dilində hazırladığım
bir toplu üçün akad. M.A.Dadaşzadə, xalq
yazıçısı M.İbrahimov və müxbir üzv Ə.Dəmirçizadənin
təqdim etdikləri çox qiymətli məqalaləri şərh
etdim...
Hər iki tərəfın
fikir mübadiləsinin nəticəsinə görə gələn
ilin sonlarında Azərbaycanda Nəsiminin 640 illik yubileyi
geniş qeyd olunacaqdır. Mədəniyyət və Turizm
Nazirliyi, Elmlər Akademiyası bu tədbirlərə
şairin ikinci vətəni olan Suriyadan da qonaqlar dəvət
edəcəklər. Noyabrda keçirdiyimiz Dəməşq
forumu Azərbaycan-Suriya I Beynəlxalq Nəsimi konfransı kimi
qəbul edildiyi təqdirdə II konfrans gələn ilin
sonlarında Bakıda, növbəti - üçüncü Nəsimi
konfransı isə 2010-cu ildə Dəməşqdə
keçiriləcəkdir.
• SURİYA ENSİKLOPEDİYASI
ÖLKƏMİZ HAQQINDA
Səfirimiz bundan əvvəlki
görüşündə Suriya Milli Ensiklopediyasının rəhbərinə
deyibmiş ki, mən Azərbaycan Milli Ensiklopediyası Sədrinin
(bu şərəfli vəzifəni prezidentimiz cənab
İlham Əliyev özü yerinə yetirir) müaviniyəm.
Odurki, prof. Məhəmməd
Şükri Əziz bizdə bu sahədə işin
gedişi ilə xüsusi maraqlandı. Mən onun suallarına
cavab olaraq Azərbaycanda ensiklopediya işinin tarixi, ilk oncildlik
ensiklopediyamızın uğurları ve sovet
ideologiyasının təsirilə yol verilmiş bir sıra
qüsurları, təzə ensiklopediyamızın strukturu, əhatə
dairəsi, onda humanitar sahənin geniş inikası, 25 kitabda
hazırlanması nəzərdə tutulan bu nəşrin təzəcə
buraxılmış "Azərbaycan" adlı sanballı
xüsusi cildi haqqında məlumat verdim. Çox razı
qaldım ki, xüsusi cildin bir nüsxəsi professorun iş
otağındakı kitab dolabında artıq öz yerini
tutmuşdu. Cildi dəməşqli həmkarıma səfirimiz
onunla ilk görüşü zamanı
bağışlayıbmış. Məlumat aldıq ki,
suriyalı dostlarımızın 28 cildlik Milli
Ensiklopediyası yenicə nəşr olunub oxucuların
ixtiyarına verilmişdir. Yüksək poliqrafık tələblərə
cavab verən bu nəhəng nəşrlə Azərbaycan səfırliyində
Mahir müəllimin köməyilə tanış
olmuşdum. Onun bəzi cildlərini birlikdə vərəqləmişdik.
Cildlər bu növ əsərlərdə tələb olunan
müxtəsər ölçülər daxilində
dünya, region, özəlliklə də Suriya Ərəb
Respublikası, onun tarixi, coğrafıyası, təbiəti, ərəb
dili, mədəniyyəti və s.
haqqında çox zəngin məlumatı əhatə
edir.
Təbiidir ki, mən
"'Azərbaycan Respublikası" məqaləsi ilə
maraqlandım. Səmimi mövqelərdən
yazılmış obyektiv, xeyirxah bir yazıdır. Xoşumuza
gələn bir də bu oldu ki, ermənilərin bizim torpaqlara
Rusiya imperiyasının canfəşanlığı ilə
XIX əsrin əvvəllərində
köçürüldükləri məqalədə
özünün obyektiv inikasını tapmışdır.
Lakin bu məqalədəki məlumat köhnə mənbələr əsasında
hazırlandığı üçün bir qədər məhduddur. Azərbaycanın
taleyində mühüm rol oynamış bəzi hadisələr
və tarixi simaların fəaliyyəti,
demokratiya və iqtisadi inkişaf sahəsindəki böyük
uğurları burada öz
dolğun inikasını tapmamışdır.
Mən bu qənaətlərimi
baş rcdaktorla bölüşərkən o, çox diqqətlə
dinlədi və qeyd etdi ki, rəhbərlik etdiyi qurum öz gələcək
fəaliyyətində müstəqil Azərbaycan
Respublikasının tarixi və bugünkü böyük
uğurları haqqında daha dolğun məlumatlar toplayıb
nəşr edəcəkdir. Prof. Şükri Əzizin dediyindən
məlum oldu ki, o və əməkdaşları 28 cildlik universal sorğu nəşri
üzərində işlərini
bitirib indi fəaliyyətlərinin
yeni mərhələsinə
qədəm qoymuşlar: həmkarlarımız
artıq sahə ensiklopediyaları (məsələn "Dünya ölkələri",
"Dünya xalqları") nəşr etmək
üçün hazırlıq işləri görməyə
başlamışlar. Baş
redaktor xahiş etdi ki, ölkəmizə dair müxtəsər
yazılar, şəkillər,
xəritə və sxemlər əldə etmək
üçün onlara kömək
edək. Mən onun bu xahişini
"Azərbaycan Milli Ensiklopediyası"
Elmi Mərkəzinin direktoru akad. Tofıq Nağıyevə
çatdıracağıma söz
verdim. Bakıya qayıdan günün sabahı sözümə
əməl etdim. Akademikin razılığını
və birgə əməkdaşlıq barədə təkliflərini
isə ünvanına
çatdırdım.
Dialoqumuzu səfirliyin ikinci katibi E.Məmmədzadə
böyük səriştə ilə tərcümə edirdi. Söhbətin sonunda professor üzünü
Elnura tutub soruşdu ki,
Siz bir-birinin qonşuluğunda yaşayan
bizim ərəb ölkələrinin
(xalqlarının) hansındansınız? (Sonra baş redaktorun izahatından aydın oldu ki, Elnur ərəb dilinin ləhcələrinin
heç birinə uymadan sırf ədəbi dildə
danışır və çox zəngin söz ehtiyatına malikdir). Elnur azərbaycanlı olduğunu,
BDU-nun şərqşünaslıq fakültəsini bitirdiyini dedi. Bunun müqabilində
professorun öz əməkdaşlarına müraciətini isə Elnur böyük təvazö
ilə, bir qədər də sıxıla-sıxıla tərcümə
etdi:
- Siz xarici dili mükəmməl mənimsəməyin
yolunu bu cənabdan öyrənsəydiniz heç pis
olmazdı.
Bu epizodu bir qədər
təfərrüatı ilə verməkdə məqsədim
fürsətdən istifadə
edib BDU-nun şərqşünaslıq fakültəsinin
məzunlarının hər yerdə ləyaqətlə
çalışan yüksək ixtisaslı mütəxəssislər olduqlarına
bir daha diqqəti cəlb etməkdir. İndi Yaxın Şərq
ölkələrində Azərbaycan səfirliklərinin demək
olar ki, bütün əməkdaşları bu fakültənin
məzunlarıdır.
• DƏMƏŞQ
UNİVERSİTETİNİN VÜSƏTİ
Rekfor,
prof. Vael Müəlla "Nəsimi istedadının Azərbaycandan gəlmiş
pərəstişkarlarını" salamlamaqdan qürur
duyduğunu bildirdi. Bu il 85 illiyi geniş qeyd olunmuş
universitetin demokratik ənənələrindən
ölkənin ən müxtəlif
istiqamətli idarə və müəssisələrini: elm və mədəniyyət
ocaqlarını, sənaye və tikintiləri, kəndləri yüksək
ixtisaslı kadrlarla təmin
etmək sahəsindəki xidmətlərindən
danışdı. Suriyanın ilk və ana ali təhsil müəssisəsi
olan bu universitetin 150 min tələbəsi var. Təsis
olunduğu ilk illərdə burada cəmi ikicə ixtisas
üzrə oxuyurmuşlar: tibb və hüquq. İndi isə təkcə
filologiya fakültəsində 14 ixtisas üzrə mütəxəssislər
hazırlanır.
Dəməşq
Universiteti bu gün ölkənin ən çoxsahəli tədris
ocağıdır. Onun tarix, filologiya, iqtisadiyyat, tibb, kənd
təsərrüfatı, incəsənət, İslam hüququ, lazer texnikası, seysmologiya,
elektromexanika, politologiya, stomatoloji, memarlıq, informasiya
texnologiyaları və digər fakültələrində
çalışan 1.700 professor (digər müəllim və mütəxəssislər buraya
daxil deyil) müasir tələblər səviyyəsində tələbələrə
bilik və elmi vərdişlər aşılayırlar.
Filologiya fakültəsinin
çox zəngin kitabxanası ilə tanış olduq. Burada
bu gün də davam edən çox qiymətli bir ənənə
var. Kitabxananın fondları fakültədə
dərs deyən müəllimlərin hədiyyələri
hesabına vaxtaşırı xeyli zənginləşir.
Yaşa dolmuş hər bir professor dünyasını dəyişməyini
"gözləmədən" öz şəxsi
kitabxanasındakı əsərləri fakültənin
kitabxanasına bağışlayır. Təkcə elə
görkəmli dilşünas professor Əbdülvahab Sabuninin
kitabxanaya təhvil verdiyi əsərlərin sayı 5000-dən
çoxdur. Fakültədə dünyanın beynəlxalq məclislərdə
istifadə edilən bütün əsas, aparıcı dilləri
tədris olunur.
Maraqlıdır ki,
universitetdə çalışan hər bir professor ayrıca
iş otağı və xidmət heyəti ilə təmin
olunmuşdur. Mühazirədən kənar vaxtlarda onlar öz
tələbə və magistrantlarını bu otaqlarda qəbul
edirlər.
Cənab Müəlla
dedi ki, AMEA-nın uyarlı institutları və BDU ilə təcrübə
mübadiləsi üçün qapımız da, ürəklərimiz
də həmişə açıqdır.
Mən verdiyi məlumat
üçün rektora razılığımı bildirib
bizim də ilk və ana ali məktəbimiz olan BDU-nun tarixi, ənənələri
və perspektivlərinə dair müxtəsər məlumat
verdim. Söhbətimizə qoşulan T.Kərimli dedi ki,
çağdaş dünyamızda güclü qloballaşma
prosesi gedir. Yaxın Şərq ölkələrində orta əsrlərdə
maraqlı bir model olub - universal İslam mədəniyyəti
modeli. Biz də indi elm və təhsil sahəsində bu birliyə
nail olmaq üçün səylərimizi birləşdirə
bilərik. Mən əlavə etdim ki, məsələn, yeni
müştərək çoxcildlik Yaxın Şərq
xalqları və Dünya xalqlarıədəbiyyatı
tarixinin yazılması bu cür əməkdaşlıq
üçün geniş meydan
verə bilər. O qədər də uzaq olmayan
keçmişlərdə biz rus, sovet oriyentasiyası ilə
10 cildlik "Dünya xalqlarının ədəbiyyat
tarixi", 6 cildlik "Çox millətli sovet ədəbiyyatının
tarixi" adlı əsərlər hazırlayıb nəşr
etdirmişik.
Hədiyyə mübadiləsi
oldu. Müstəqil Azərbaycan Respublikası, AMEA və BDU
haqqında maraqlı məlumatların
toplandığı kitab və bukletlərdən və bəzi
suvenirlərdən ibarət hədiyyələrimizi səfirlikdə
səliqə ilə hazırlanmış üstü gerbli qəşəng
çantalarda rektora təqdim etdik. Bizə də maraqlı
suvenirlər bağışlandı. Mənə verilmiş
gözəl bir nimçədə qızıl suyu ilə bu
sözlər yazılmışdı: "Allahım, mənim
elmimi artır!" Bilik təşnəsi olan insan:
şagird, tələbə, müəllim və alim
üçün bundan da gözəl bir bəxşeyiş təsəvvür
etmək çox çətindir.
• YAZIÇILAR
BİRLİYİNDƏ
Birliyin
sədri, nasir və tənqidçi, prof. Hüseyn Cümə
öz qələm
yoldaşlarının yaradıcılıq uğurları, rəhbərlik
etdiyi qurumun vəziyyəti haqqında maraqlı məlumat verdi, qəbulda
iştirak edən görkəmli şair və ədibləri
bizə təqdim etdi. Məlum oldu ki, onun rəhbərlik etdiyi
qurum Suriya Ərəb
Yazıçıları Birliyi adlanır. Bundan məqsəd ədəbiyyat
və mənəviyyat sahəsində ərəb birliyinə
nail olmaqdır. Odur ki, 900
qələm sahibini əhatə edən Birliyin üzvləri
arasında yerli istedadlarla yanaşı, onların əslən
Misir, Tunis, Oman, Liviya, İordaniya və s. ölkələrdən
olan həmkarları da var.
Sədr Birliyin heç
bir idarəyə tabe olmayan sərbəst yaradıcılıq
təşkilatı kimi fəaliyyət göstərməsindən
razılıq duyğusu ilə danışdı və
göstərdi ki, onların əsas qayələri ərəb
qardaşlığını qüvvətləndirmək, ərəb
mədəniyyətini zənginləşdirməkdir.
Yazıçılar 5 ildə bir dəfə keçirilən
qurultaylarında 25 nəfərdən ibarət bir qurum
seçir, həmin qurum öz içindən 9 nəfərlik
büro intixab edir. Büro isə öz növbəsində
bir nəfərə sədrlik səlahiyyətlərini həvalə
edir.
Yazıçılar
Birliyi öz üzvlərinin yaradıcılıq səylərini
"'planlaşdırmır", bu mənada onlara heç bir
nəzarət də etmir. Lakin onların hasilə yetmiş əsərlərinin
nəşrini, qələm haqqının ödənilməsini
planlaşdırır. Ölkənin 14 regionunda filialı olan
Birliyin bütün üzvlərinin kitabları müfəssəl
müqəddimə ilə
nəşr edilir, onlara yaxşı qonorar verilir. Xəstələnən
yazıçıların müalicə xərci ödənilir,
vacib yaradıcılıq məqsədi ilə ölkənin
regionlarına və xarici ölkələrə gedən
müəlliflərə ezamiyyət pulu verilir. Yubileylərdə
yazıçılara başqa hədiyyələrlə bir
yerdə son vaxtlarda nəşr olunmuş 100 əsərdən
ibarət mini kitabxana bağışlanır və i.a.
Dünyasinı dəyişənlərin dəfn xərcləri
ödənilir, onların ailəsinə maddi yardım göstərilir.
Mən öz cavab
sözümdə Azərbaycan Yazıçılar Birliyinin ənənələrindən,
çağdaş dövrdəki səmərəli fəaliyyətindən,
müstəqil, tam sərbəst istedad sahibi olan
yazıçılarımızın
yaradıcılığında son illərdə tarixi
mövzuların, özəlliklə də Qarabağ
mövzusunun əhəmiyyətli yer tutduğundan
danışdım. Cari ədəbi qəzet və
jurnallarımızın dövlət hesabına nəşr
olunduğundan, Birliyimizin İdarə Heyətinin
binasının ölkə prezidentinin sərəncamı ilə
əsaslı şəkildə gözəl təmir
olunmasından, onun açılışında cənab
İlham Əliyevin şəxsən iştirak etməsindən
danışdım. Bədii yaradıcılıq sahəsində
böyük xidmətləri olan yazıçılara və gənc
istedadlara prezident təqaüdü verildiyini dedim. Göstərdim
ki, vaxtilə ümummilli liderimiz H.Əliyevin təşəbbüsü
və qayğısı ilə Mərdəkanda
ucaldılmış Yazıçıların
Yaradıcılıq Evi yaxın vaxtlarda əsaslı təmir
olunub Birlik üzvlərinin sərəncamına veriləcəkdir.
Tərkibində bir
çox müasir Azərbaycan yazıçılarının
da əsərləri olan 500-ə yaxın kitabın 25.000
nüsxə tirajla nəşr edilib kütləvi kitabxanalara və
mədəniyyət ocaqlarına pulsuz paylandığını
söylədim. Axırda soruşdum ki, Suriya-Ərəb
Yazıçıları Birliyinin maliyyə təminatı
haradan ödənillir. Prof. Hüseyn Cümə dedi:
-İndiki Suriya
prezidentinin atası mərhum ölkə
başçısı Hafiz Əsəd Birliyə 8 mərtəbəli
bu binanı bağışlamış və tövsiyə
etmişdi ki, onun bir mərtəbəsində idarəmizi yerləşdirək,
qalan 7 mərtəbəsini isə icarəyə verib
aldığımız paranı yazıçıların
ehtiyaclarına sərf edək...
Ev sahibləri də,
bizim nümayəndələr də yekdil
arzularımızı bildirdik ki, iki dost ölkənin
Yazıçılar birlikləri arasında əlaqələr
sahmana salınsın, qarşılıqlı səfərlər
təşkil olunsun, vaxtaşırı Suriyada "Azərbaycan
ədəbiyyatı antologiyası", Azərbaycanda isə
"Suriya ədəbiyyatı antologiyası"
hazırlanıb nəşr edilsin.
H.Cümə şəxsiyyətə
pərəstiş illərinin Azərbaycan ədəbiyyatına
necə təsir göstərdiyinə aydınlıq gətirməyi
açıqlamağı xahiş etdikdə mən ona
cavabımı sədrə ünvanladığım belə
bir sualla başladım:
-Sizin ölkədə hər
hansı bir ərəb şairi, nasiri, tənqidçisi
öz siyasi baxışları üstündə təqib
olunub, həbs edilib, güllələnibmi?
Bu qəfil sualdan bir
növ şoka düşmüş ev sahibinə dedim:
-Təəssüf ki,
sovet dövründə Azərbaycanda bir sıra istedadlı qələm
sahibləri belə dəhşətli münasibətlə
üz-üzə gəlmiş, Ə.Cavad, S.Hüseyn,
M.Müşfiq və b. güllələnmiş, H.Caviddən
Y.V.Çəmənzəminliyə, S.Şamilovdan Ənvər
Yusifoğluna və S.Vəliyevə qədər qələm
sahiblərimizin bütöv bir nəsli təqib olunub məhbəslərə
atılmış, Sibir və
Uzaq Şərq sürgünlərində
çürüdülmüşlər.
Prof. H.Cümə Azərbaycan
Yazıçılar Birliyinin strukturu ilə maraqlandıqda mən
ona cavab verməyi Birliyin üzvü və onun Təftiş
Komissiyasının sədri prof. Q.Paşayevdən xahiş
etdim o da bu barədə ətraflı məlumat verdi.
• SURİYA MİLLİ
MUZEYİNİN SALONLARINDA
Mən keçən əsrin
70-80-ci illərində dünyanın ən
yaraşıqlı və zəngin ədəbiyyat muzeylərindən
birində-Akademiyamızın Nizami muzeyində işləmişəm.
Səfərdə olduğum xarici ölkə muzeylərinin
ekspozisiyasını saatlarla dolaşıb özüm
üçün bəzi xırda qeydlər də, götürmüşəm.
16 illik muzeyçilik təcrübəmə
əsasən deyə bilərəm ki, Dəməşqdəki
kimi qədim və çox qiymətli eksponatlarla zəngin olan
milli muzey dünyada barmaqla sayılan qədər ola bilər.
Məncə, elə bunları demək yetər ki, 3.400 il
bundan öncə istifadədə olmuş yazıların həkk
edildiyi gil lövhələr, Pifaqorun işarələrindən
də 1000 il əvvələ gedib çıxan musiqi
notlarından nümunələr məhz bu muzeydə qorunur və
nümayiş etdirilir. Suriyalılar təbii iftixar duyğusu
ilə deyirlər ki, bir sıra qonşu xalqlar öz əlifbalarını
yaradarkən məhz bu yazı nümunələrindən
faydalanmışlar.
3000 il öncə iki
qonşu dövlət arasında bağlanmış sülh
sazişinin qaya parçası üzərində
qazılmış mətni muzeyin ən çox diqqət mərkəzində
olan eksponatlarından biridir. Öyrəndik ki, bu yerlərin qədim
sakinləri suryanilər olub və İncil onların dilin də
yaradılıb. Klassik
yunan elminin bir çox nümunələri regionda ilk öncə
məhz bu dilə tərcümə edilmişdir. Suryanilərin
nəsillərinin təmsilçiləri indi Dəməşqdən
40 km aralıda yerləşən bir neçə kənddə
yaşayırlar.
Nöqtələrdən
istifadə olunmayan kufı xətlə yazılmış
"Bismillahir-rəhmanir-rəhim. Ondan qeyri hər şey
fanidir" kəlamı önündə ayaq saxlayıb
düşünən xeyli tamaşaçı gördük.
Egey dənizi sahillərindən tapılmış
irili-xırdalı heykəllər (xırdası əl boyda,
irisi insan ölçülərində) öz zərifliyi, mərmərinin
gözəlliyi, insan çöhrəsinin ən incə cizgilərinə
qədər daşa, mərmərə həkk olunması ilə
çox cazibədardır. III əsrdə yonulduğu
güman edilən bu orbazlar elə təravətli təsir
bağışlayır ki, guya sifarişlə son illərdə
yaradılmışdır. Onların bir qismi yunan
mifologiyasının məlum süjetlərini əks etdirir
(“Axillesin dabanı..” əhvalatı kimi)
Qiymətli metallardan
hazırlanmış qadın bəzəklərindən, məişət
əşyalarından qaş-daşa tutulmuş qılınclara
qədər çox orijinal sənət əsərləri
ölkənin ən qədim zamanlardan XXI əsrin astanasına
qədər keçdiyi böyük yolun, tarixi və mədəniyyətləri
bu torpaqlarda kəsişmiş xalqların istedadının
dilsiz təmsilçiləri olub
muzeyşünaslığın müasir dünya
standartları səviyyəsində qorunur.
• PAYTAXTLA VİDALAŞIRIQ
5 milyondan artıq əhalisi
olan Dəməşq şəhərinin
Şimalındakı Qasyon dağının
döşündən baxanda paytaxt ovucun içi kimi
görünür. Dəməşq qədim söz olub
"qan tökülən yer" mənasını verir. Rəvayətə
görə, Adəm peyğəmbərin övladlarından
Qabil öz qardaşı Habili burada öldürüb,
torpağa günahsız qardaş qanı ilk dəfə burada
tökülüb...
Bu ucalıqdan şəhərə
baxanda A.Səhhətin A.S.Puşkindən tərcümə
etdiyi şeirin ilk sözləri yadıma düşdü:
Qafqaz
altımdadır... Ən müdhiş olan zirvədə mən...
Bu yüksəklikdən
bələdçilərimizin köməyilə
qaldığımız rayonu, 5 ulduzlu mehmanxanamızın yerini, bir qədər təqribi
də olsa, müəyyən edirik.
Bakıya
qayıtmağımız ərəfəsində səfirimiz
Qasyon dağının başında bərqərar olmuş
restoranda bizə vida ziyafəti verdi. Ölkədə
olduğumuz digər günlərdə də dəvəti ilə
görüşdüyümüz idarələrin
başçıları, yaxud səfirlik səliqə-sahmanlı
ziyafətlər vermişdilər.
Son ziyafətə
İordaniyadakı səfırimiz Elman Araslı da dəvət
olunmuşdu. O, Azərbaycanın nümayəndə heyəti
ilə görüşmək, Nəsimi konfransının
işində iştirak etmək üçün qonşu
ölkədən gəlmişdi. E.Araslı az qala 50 ildir ki,
istedadlı şərqşünas, tərcüməçi və
diplomat kimi ərəb ölkələrində
çalışır. 32 ildir ki, o, Misir, İraq, Yəmən,
Səudiyyə Ərəbistanı, İordaniya, Beyrut kimi
ölkələrdə fövqəladə və səlahiyyətli
səfir kimi əvvəlcə keçmiş SSRİ-ni,
müstəqilliyimizi əldə etdikdən sonra isə Azərbaycan
Respublikasını ləyaqətlə təmsil edir. Region
ölkələri ilə əlaqələrimizin tarixinə
dair bu qocaman və vüqarlı diplomatın söhbətləri
ayrıca bir yazının mövzusudur. Elman Araslı Azərbaycan
ədəbiyyatşünaslarının və şərqşünaslarının
böyük bir nəslinin istəkli müəllimi olmuş mərhum
akademik Həmid Araslının oğludur. O, öz atası, mən
də öz sevimli ustadım haqqında xatirələrimizi
bölüşdük, uzaq ölkədə onu əziz-əziz
yad etdik, mübarək ruhuna rəhmətlər oxuduq.
Elman müəllim Mahir Əliyevin
təzə səfirliyi yaradıb fəaliyyətə başlamaq
sahəsindəki işini yüksək qiymətləndirdi. Bu
işlərdə "yədi-beyzası" olan bir mütəxəssis
kimi möhtərəm prezidentimizin bu seçimini yüksək
qiymətləndirdi. Yazımın sonunda mən də səfirimiz
haqqında bir neçə söz deməyə ehtiyac duyuram.
Müxtəlif vaxtlarda mən
SSRİ-nin Avropa sosialist ölkələrində, Yuqoslaviyada,
Danimarkada, Yunanıstanda və Yaponiyadakı səfirliklərində,
Müstəqil Azərbaycan Respublikasının İran,
Türkiyə və Çindəki elçiliklərində
olmuş, qəbullarda, tədbirlərdə iştirak
etmiş, bu sahədə bəzi müşahidələr
aparmışam. Məmnuniyyətlə qeyd edirəm ki,
tanış olduğum bütün səfirlər öz
peşəkarlığı mədəniyyəti, təmsil
etdiyi ölkəmizin mənafeyi uğrunda fəal
çalışması, Azərbaycandan gedən ədəbiyyat,
elm, incəsənət xadimlərinə hörmət və
ehtiram göstərməsi ilə məndə böyük rəğbət
oyatmışlar. Onların arasında həm təcrübəli,
həm də gənc və istedadlı diplomatlar olub və indi
də var. Mahir Əliyev öz şəxsi keyfiyyətləri,
intellektual səviyyəsi, işgüzarlığı,
ünsiyyət mədəniyyəti, dilləri yaxşı
bilməsi etibarilə bu vaxtadək
görüşdüyüm ən yaxşı Azərbaycan səfirlərindən
biridir. Onu Suriyaya səfir göndərən prezdentimiz cənab
İlham Əliyevə bu obyektiv seçimi üçün
öz dərin minnətdarlığımı bildirirəm.
Mahir Məmməd
oğlu Əliyev 1951-ci ildə Ağdaş şəhərində
anadan olmuş, Azərbaycan Dövlət Universitetinin (indiki
BDU) şərqşünaslıq fakültəsini bitirmiş,
uzun illər müxtəlif ərəb ölkələrində
tərcüməçi kimi
çalışmışdır. 15 il Azərbaycan
Respublikasının Təhsil Nazirliyində Xarici əlaqələr
şöbəsinin rəisi olmuşdur. Son vaxtlarda o həm də
BDU-nun ərəb filologiyası fakültəsində baş
müəllim kimi dərs deyirdi. 2007-2008-ci illərdə Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyində Yaxın Şərq məsələləri
üzrə müşavir olmuşdur. İslam Təhsil, Elm və
Mədəniyyət təşkilatı İcraiyyə
Şurasının üzvü, 2006-cı ildən onun sədr
müavinidir. Bu sahədə xidmətlərinə görə
İSESCO-nun Qızıl medalı ilə təltif
edilmişdir. Ərəb, ingilis, rus, fars və türk dillərini
yaxşı bilir. Çalışdığı ölkənin
xalqının dilini bilməyin səfirə hava və su kimi
vacib olması hamı üçün aksiomadır. Amma M.Əliyev
ərəbcə öz ana dilində olduğu kimi çox
yüksək səviyyədə danışır. Mən onu
məmurlarla, din xadimləri, iş adamları ilə cox ciddi
beynəlxalq məsələləri müzakirə edəndə
də, süfrə arxasında söhbət zamanı da
müşahidə etdim, ərəblərin zarafatlarına incə
zarafat ahəngində cavablar verdiyinin də şahidi oldum, beynəlxalq
Nəsimi konfransındakı rəsmi təbrik nitqini də
dinlədim. Bütün hallarda onun, el arasında deyildiyi kimi,
"Araz aşığından idi, Kür topuğundan".
Ürək açan məqamlardan biri də bu oldu ki, səfırliyin
əməkdaşlarından müşavir Vüqar
Şirvanlı, Vüqar Hacıyev və başqaları da
yalnız ərəbcə deyil, ingilis, rus dillərində də
sərbəst danışır, həmişə nümayəndə
heyətimizin üzvlərinin karına gəlir, öz mədəniyyətləri,
alicənablıqları ilə böyük rəğbət
doğururdular.
Bir həftə xaricdə
ezamiyyətdə olmaq o qədər də az müddət
deyil. Bu müddətdə biz səfirlikdə işin möhkəm
intizam, ciddi məsləhət, qarşılıqlı
hörmət, ehtiram əsasında qurulduğunun şahidi
olduq və bundan qürur duyduq. Məhz bu cür
işgüzarlıq şəraitində M.Əliyev dövlətin
tapşırığı və parası ilə Dəməşqin
axar-baxarlı Məzzə prospektində səfırliyimiz
üçün üç mərtəbəli çox
gözəl bir bina almış, onu lazımi avadanlıq,
infrasturkur və rabitə vasitləri ilə təmin etmiş,
konsul xidmətini təşkil etmiş, diplomatları, Azərbaycan
və xarici ölkə vətəndaşlarını qəbul
etmək üçün hər cür şərait yarada
bilmişdir.
Mahir Əliyevin mürəkkəb
vəziyyətlərdə də nümayiş etdirdiyi
işgüzar üslubu, təmkin və mədəniyyəti,
bilik və bacarığı görəndə fəxr etdim
ki, onun mərhum valideynləri: istedadlı xalq müəllimi,
təhsil təşkilatçısı, köhnə dostum Məmməd
müəllim və incə qəlbli zəhmətkeş Zeynəb
xanım bu cür övlad tərbiyə etmiş, mənim də
vaxtilə təhsil almış olduğum Ağdaş şəhər
orta məktəbi digər qardaşları kimi Mahir Əliyevə
də çox mötəbər həyat vəsiqəsi
vermişdir.
Səfirlik dost Suriyada Azərbaycanımızın
bir parçasıdır. Onun üzərində dalğalanan
üç rəngli bayrağımızı görəndə
müstəqil dövlətimizin uğurları
üçün bir daha qədirşünaslıq
duyğuları yaşadım. Səfırin böyük qəbul
otağını bəzəyən şəkillər
arasında ümummilli lider Heydər Əliyevin, prezident
İlham Əliyevin, Suriya prezidenti Bəşər Əsədin
və onun atası, uzun illər ölkənin prezidenti
olmuş Hafız Əsədin, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın və Suriyanın birinci
xanımı Əsma əl-Əsədin portretləri diqqəti
cəlb edir.
***
Azərbaycan nümayəndələrinin
bütün görüşləri, Hələb və Dəməşq
səfərləri, bu səfərlər
çərçivəsində keçirilən beynəlxalq
elmi konfransın gedişi Suriya Ərəb Respublikasında fəaliyyət
göstərən informasiya agentliyi "SANA"nın
müxbirləri tərəfındən ardıcıl surətdə
izlənir və müntəzəm olaraq qəzetlərə
ötürülür, nəşr olunurdu. Televiziya ilə də
hər gün bu barədə görüntülü məlumat
verirdilər. Özəlliklə "Əl-Cəmahir" qəzetinin
səhifələrində dərc olunmuş xəbərlərdən
nümunələri Bakıya gəlişimiz
ərəfəsində səfirimiz lütfən bizə
hədiyyə etdi. Hədiyyələrimiz arasında yeddi günlük
səfərimizin əsas məqamlarını əks etdirən
film də vardır.
Bu qeydlər də bir
daha təsdiq edir ki, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü
ilə qısa bir zaman kəsiyində Nəsiminin ölməz
irsi, xatirəsinin əbədiləşdirilməsi ətrafında
görülən işlər, özəlliklə də ilk beynəlxalq konfransın təşkili,
müvəffəqiyyətlə keçirilməsi, nəhayət,
azərbaycanlı memar və mühəndislərin öz
suriyalı həmkarları ilə
memorialın abadlaşdırılması
sahəsində layihə
işlərinə başlamaları dost ölkədə
geniş ictimai rezonans doğurmuş, ölkə
başçımızın nəcib təşəbbüsü
Azərbaycanda mədəni irsə dövlət
qayğısının yüksək səviyyədə
olduğunun bariz nümunəsi kimi qiymətləndirilmişdir.
• HƏLƏBDƏ İKİ QALA VAR
...Nəsimi kompleksindən
çıxanda adamın gözləri qarşısında o regionun, bəzi mülahizələrə
görə, dünyanın ən qədim və əzəmətli tarixi abidələrindən
biri olan Hələb qalası canlanır. Ev sahiblərınin təqdimatına və bəzi
elmi mənbələrə görə qalanın 4500 illik
tarixi var. Dağın üstündə ucaldılmış bu istehkamın sahəsi bizim
İçərişəhərin sahəsi qədər olar.
Mən Amerikada, Çində, Yaponiyada, Yunanıstanda,
Danimarkada, İranda, İraqda, Türkiyədə və digər
ölkələrdə olarkən çoxlu qalalar, bürclər və onların qalıqlarını,
xərabələrini, ayrı-ayrı bünövrə
daşlarını, sütunlarını, məşhur Mədain xərabələrini
görmüşəm. Lakin çox böyük bir zaman məsafəsindən
öz əzəməti ilə boylanan və az qala
bütün atributlarını qoruyub saxlayan bu cür bir tarixi
abidə ilə heç vaxt rastlaşmamışam.
Nəhəng
daşlardan, qaya parçalarından ibarət bünövrə
üzərində qurulub, təqribən bizim Qız qalası
hündürlüyundə divarlarla başdan-başa əhatə
edilmiş qala hərəsi bir sənət əsəri olan
portalları, müdafiə qurğuları, bürcləri,
ovdanları, müşahidə məntəqələri,
içərisi bişmiş kərpiclə
hörülmüş yaşayış məskənləri,
su ehtiyatı üçün çanlar, hövuzlar, hamamlar,
azuqə anbarları, öz divanxanası, zindanı, nəhayət,
islamın qəbul edilməsindən sonra tikilmiş
hündür minarəli gözəl məscidi ilə çox
əzəmətli görünür. Vaxtilə
qaragüruhçular edam olunmuş Nəsimini bayıra
atmışdılar ki, bu faciəli sonluq başqalarına ibrət
dərsi olsun. Fitnəkarların, nadanların, öz nəfsi
və şəxsi mənafeləri əlində əsir
olanların bu qəddarlığı müqabilində
onların gözlədiklərinin tam əksi baş
vermişdi. Hələbin Allah dostu olan qeyrətli, qədirbilən
övladları şairi elə qalanın bərqərar
olduğu dağın ətəyindəki düzəngah
yamacda sonsuz ehtiram, böyük qayğı və sayğı
ilə, əsl müsəlman qaydasında torpağa
tapşırmışdılar. İndi yuxarıdan, qalanan cənub
bürclərindən baxanda Nəsimi ziyarətgahı
özünün bütün tərkib hissələri ilə
aydın görünür.
...Böyük
şəhərdə bir-birindən azacıq aralı iki qala var: onlardan biri
qədim tarixə malik dünyaca məşhur memarlıq abidəsi, digəri isə
Azərbaycan və bütün Yaxın Şərq şeirində
nadir hadisə olan İmadəddin Nəsiminin parlaq mənəviyyat, iradə,
əzm və təmkin qalasıdır. Əzəmi
ölçülərinə, sanbal və tutumuna baxmayaraq təbiətin
kor qüvvələri mürur zamanla Hələb qalasına, bəlkə də,
bu və ya digər sədəmə
toxundura bilər. Biz, Azərbaycan nümayəndələri
arzu edirik ki, Hələb qalasının bircə daşına
belə heç vaxt heç bir
zərər toxunmasın. Bununla belə, Allah eləməmiş,
çox şiddətli bir zəlzələ olarsa, qalanın
bu və ya digər guşəsi çat verə bilər. Nəsiminin
poeziya, vüqar qalası isə əbədi və
toxunulmazdır. Çünki onun
yeri hər hansı bir dağın başında yox, Suriyada da, Azərbaycanda da insanların
ürəyindədir və tarix boyu nəsildən-nəslə
ötürülür.
Nəbiyev Bəkir,
akademik
Elm.-2009.- 21 yanvar.- S. 8-9.