Erməni vandalizmi
- Azərbaycanda mart soyqırımı
31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı dünən Azərbaycanda Vətəndaş
Cəmiyyətinin İnkişafına Yardım
Assosiasiyasının (AVCİYA) və "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin
Hüquqlarının Müdafiəsi" (AMMKHM) İctimai Birliyinin təşkilatçılığı ilə "Erməni vandalizmi-Azərbaycanda mart soyqırımı"
mövzusunda dəyirmi masa
keçirilib.
AMMKHM İctimai
Birliyinin sədri Nadir Abdullayevin sözlərinə görə,
XIX əsrdən başlayaraq, İrandan, Türkiyədən
Qafqaza köçürülən və Azərbaycan ərazilərində
sonradan Ermənistan adlı dövlətlərini yaradan ermənilər
tədricən həmin dövləti mifik "Böyük Ermənistan"a
çevirmək üçün hər cür vasitəyə
əl atdılar. O bu yolda ermənilərin azərbaycanlılara
qarşı soyqırım aktından istifadə etməkdən
çəkinmədiklərini, zaman-zaman qeyri bəşəri,
vandal siyasətlər həyata keçirdiklərini qeyd etdi:
"Belə məkrli siyasətin davamı olaraq, ermənilər
1905-1907-ci illərdə Azərbaycanın müxtəlif
bölgələrində minlərlə azərbaycanlını
qətlə yetirib, çoxsaylı yaşayış məntəqələrini
viran qoydular. Bu soyqırım kampaniyası 1918-1920-ci illərdə
daha qəddarlıqla həyata keçirilib. Təkcə həmin
illərdə minlərlə yaşayış məntəqəsi
yerlə-yeksan edilib, əksəriyyətini qadın, uşaq,
ahıl vətəndaşlar təşkil edən yerli əhali
qəddarcasına qətlə yetirilib. Erməni-daşnak vəhşiliyi
Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda,
Naxçıvanda, Qarabağda daha ağır nəticələrə
yol açıb. 1918-ci ilin mart soyqırımı zamanı təkcə
Bakıda 30 mindən artıq, digər bölgələrdə
isə onminlərlə günahsız əhali erməni vəhşiliyinin
qurbanı olub".
Tarix elmləri doktoru,
professor Əli Məmmədov ermənilərin azərbaycanlılara
qarşı kin və nifrət hissinin XX əsrin sonlarında
daha da alovlandığını deyərək, bunun
böyük faciələrə yol
açdığını qeyd etdi: "Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistanın
tərkibinə qatılması iddiası ilə
başlanmış üzdəniraq erməni hərəkatı
qanlı-qadalı müharibəyə gətirib
çıxarıb. 1992-93-cü illərdə davam edən bu
müharibə Azərbaycanın 20 faiz ərazisinin
işğalına, yüzlərlə yaşayış məntəqəsinin
viran qoyulmasına, ölkənin 20 mindən artıq vətəndaşının
şəhid olmasına, 1 milyondan artıq insanın
qaçqın və məcburi köçkünə
çevrilməsinə səbəb olub".
Aytən NƏBİYEVA
Ekspress.-
2010.- 1 aprel.- S. 5.