Tariximizin taleyimizin hüznlü günü

 

31 mart - Azərbaycanlıların soyqırımı günüdür

 

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 92 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə ediblər. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, onminlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 mart tarixinin - azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən başlayaraq 31 mart tarixi azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.

31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı ölkədə genişmiqyaslı tədbirlər, anım mərasimləri keçirilib. Dünən Bakı Dövlət Universitetində keçirilən tədbirdə rektor Abel Məhərrəmov tarixin müxtəlif mərhələlərində ermənilərin azərbaycanlılara qarşı həyata keçirilən qətliamlardan bəhs edib. O qeyd edib ki, bu gün bizim qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımları haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, böyük dövlətlərin ikili standartlarına qarşı mübarizə aparmaqdır.

Tarix elmləri doktoru, professor Cəmil Həsənli ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq bu hadisələrin həm də dini-etnik ayrıntılar zəminində həyata keçirildiyini bildirib. Tədbirin sonunda filologiya fakültəsi tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Gənclər və İdman Nazirliyinin təşəbbüsü, gənclər təşkilatlarının, ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının iştirakı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə "Gənclər terror əleyhinə" internet aksiyası keçirilib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, internet aksiyaları vasitəsi ilə Avropa Şurasına, Avropa Parlamentinə, BMT-nin müxtəlif strukturlarına, nüfuzlu beynəlxalq siyasi təşkilatlara, xarici ölkələrin parlament üzvlərinə və xarici diplomatik korpuslara 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi terror əməliyyatları barədə elektron poçtla minlərlə məlumatlar göndərilir: "Bu aksiyalar artıq dörd ildir ki, təşkil edilir. Aksiyaya ali məktəb tələbələri, müxtəlif gənclər təşkilatlarının üzvləri və regionlarda yaşayan gənclər qoşularaq 20000-dən çox elektron poçt ünvanına azərbaycanlıların soyqırımı haqqında məlumatlar göndəriblər".

Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) Soyqırımı Günü ilə bağlı dəyirmi masasında erməni vəhşiliklərindən söhbət açılıb. Prof. Q.S.Təbrizi bildirib ki, ermənilər heç nəyin üzərində dövlət qurmaq üçün ən müxtəlif vasitələrdən istifadə edirlər. Buna qarşı Azərbaycanda lazımi cavabın verilmədiyini, effektli təbliğat aparılmadığını deyən Q.Təbrizinin sözlərinə görə, erməni cinayətləri dünyada lazımınca təbliğ olunmalıdır: "Ermənilər azərbaycanlıları bu torpaqlardan qovub öz dövlətlərinin ərazilərini genişləndirmək istəyir və bu məsələdə Moskva rəhbərliyi onları himayə edir. Ermənilər dünyanın ən vəhşi millətidir, amma beynəlxalq aləmə çıxanda quzu dərisi geyinirlər".

Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə deputat Qənirə Paşayevanın təşəbbüsü ilə çəkilmiş "Soyqırım" filminin və "Ermənilərin törətdiyi söyqırımın qurbanı- Bağanis Ayrım" adlı yeni çapdan çıxmış kitabın təqdimatı keçirilib.

Filmin nümayişindən sonra Q.Paşayeva hər bir azərbaycanlının tariximizi öyrənməli olduğunu vurğulayıb: "Biz tariximizi oxuyub öyrənərək öz dostumuzu və düşmənimizi tanımalıyıq. Əgər tarixi keçmişimizi öyrənməsək, ermənilər keçmişdə törətdiyi soyqırımları gələcəkdə yenidən təkrar edəcəklər".

Digər deputat Gülər Əhmədova isə Soyqırımı Günü ilə bağlı keçirdiyi mətbuat konfransında azərbaycanlıların soyqırımı ilə bağlı dünyanın bir sıra ölkələrində Beynəlxalq Diaspora Mərkəzi (BDM) ilə birgə keçirdikləri tədbirlərdən danışıb.

Onun sözlərinə görə, Xocalı soyqırımının ildönümü ərəfəsində Belarus və Çexiyada bir sıra tədbirlər həyata keçirilib və hər iki ölkənin alimləri ilə əməkdaşlıq imkanları yaranıb: "Bu alimlərlə iş davam edəcək, soyqırımı ilə bağlı kitabların hazırlanması, həmçinin elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulur".

Onun sözlərinə görə həyata keçirilən tədbirlər nəticəsində Çexiya və Belarus alimləri də Xocalı faciəsinin soyqırımı olduğunu bildirib və bunu vəhşilik adlandırıblar.

Gürcüstanın paytaxtı Tiflis şəhərində isə İ.Cavaxişvili adına TDU-da "Azərbaycanlıların Dostları Klubu" auditoriyasında 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın bu ölkədəki səfiri Namiq Əliyev auditoriya iştirakçısı olan azərbaycanlı və gürcü tələbələrə, QHT təşkilatının nümayəndələrinə, ziyalılara 31 mart - Soyqırımının tarixi barədə ətraflı məlumat verərək, ermənilərin iç üzünü açaraq, soyqırımın mahiyyətini, onun hələ də davam etdiyini bildirib.

"Bu proses hələ də davam edir. Deməli, Güney Qafqaz təhlükədədir. Əgər biz Güney Qafqazda yaşayırıqsa, onun çoxmillətliliyini saxlamalıyıq. Burada yaşayan xalqlar fərqlənirlər. Keçən ilin 80-ci illərindən Gürcüstanda Azərbaycanda münaqişələr baş verir. Bu münaqişələri yaradanların məqsədi var. Hələlik informasiya "müharibə"si gedir", - deyə səfir bildirib.

 

 

A.CAMAL

 

Ekspress.- 2010.- 1 aprel.- S. 5.