Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

(əvvəli ötən  şənbə saylarımızda)

 

Bağırov və   Heydər Hüseynov

 

Təbiət hadisələri haqqında M.Kazım bəy yazırdı ki, "təbiət üç müxtəlif aləmdən ibarətdir: maddi, mənəvi və dini. Hər bir aləmdə hadisələr o aləmin qanunlarına uyğun baş verir. Madda aləmin qanunları dəyişilməzdir, onlar pozula bilməz. Mənəvi və dini aləmin qanunlarının yerinə yetirilməsi isə insanın iradəsindən asılıdır, ona görə də bu qanunlar pozula bilər".

Maddi aləmin sarsılmaz qanunauyğunluğunun bu cür, guya insanın azad iradəsindən asılı olan mənəvi və dini aləmlərin qanunlarına qarşı qoyulması Kant fəlsəfəsi üçün səciyyəvidir. Əslində isə, ictimai şüurun formalarından biri olaraq, qanunauyğun sinfi haldır. Bu məsələdə dövrün idealist fəlsəfi sistemlərinin Kazım bəyə təsiri özünü göstərir. Həmin bu təsiri başqa bir yerdə, Kazım bəyin "ayıq peşə" haqqında danışdığı yerdə də görmək olar. M.Kazım bəy cahilliyə və geriliyə qarşı mübarizədə maariflənmə və mədəniyyət yollarını təhlil edərək deyirdi: "Xalqlar arasında maariflənmənin inkişafı tarixinə müraciət edərək biz hansısa qəribə qüvvənin olduğunu görürük. Bu qüvvə gözəgörünməz əllə hər yerdə və daima şüurlu bir varlıq kimi toxumların cücərməsinin qeydinə qalır, onların tərbiyəsi, inkişafı və məhsuldarlığının qayğısını çəkir. Cəhalət həmin toxumları lap əvvəldən məhv etməyə nə qədər çalışsa da, onları nə qədər məhv edib əyirsə də, bu toxumlar yeni cücərtilər törədirlər; açıq peşə istədiyinə nail olur və nəhayət, həqiqətin çiçəklənməyə başladığı, maariflənmənin kök saldığı vaxt gəlib çatır. Təbii ki, bütün bunlar mübarizəsiz, ixtişaşsız olmur. Bu mübarizədə insanın ağlı sanki itir, hər şey dumanlı görünür, hər şey qaynaşır, hər şey həyəcanlanır, sanki bütün bunlar nəhayətsizdir. Lakin duman çəkilir, hər şey öz yerindədi və parlaq şüalar insanın yolunda hər şeyi işıqlandırır".

"Bab və babilər" kitabından görünür ki, Kazım bəy Şərq sivilizasiyalı aləmin çox böyük bir hissəsini təşkil edən Şərq xalqlarına sevgi ilə yanaşırdı, o deyirdi ki, Şərq ölkələrində, tərəqqi və sivilizasiya ruhu gizlənib. Şərq və Asiya xalqlarına münasibətdə Qərbi Avropa müstəmləkəçilərinin siyasətinə qarşı çıxaraq, M.Kazım bəy yazırdı: "Qərb öz siyasəti ilə heç zaman Asiyada maarifi dirçəldə bilməz. Ölkəni yenidən quranlar onun öz içərisində yetişməlidirlər".

"Bab və babilər" əsərində M.Kazım bəy babilərin təliminə böyük yer verir. O göstərir ki, Məhəmməd peyğəmbərin vaxtında bütün müsəlmanlar onun xütbələrinə əməl etməli idilər. Ancaq peyğəmbərin vəfatından sonra bu ideyaların tədricən tədqiq edilməsi, bu təlimin qaranlıq mənbələrinin izah edilməsi, bundan əlavə, təzə, hələ aydınlaşdırılmamış yeni ideyalardan doğan məsələlər bir sıra dini-fəlsəfi və dini-hüquqi doktrinalar yaratdılar ki, bunlar da indiyə qədər Şərqdə qəbul edilmiş, sxolastik fəlsəfə (kəlam) və qanunları (fiqhə) yaratdılar. Bu fikirlərin, bu fəlsəfənin başlanğıcını biz hələ peyğəmbərin ömrünün sonunda görürük, lakin onun vəfatı ilə bunlar tez bir zamanda yayıldı. hələ islamın birinci əsrində müxtəlif məktəb və təriqətlər yarandı.

Babilərin təlimi mahiyyət etibarilə rəsmi İslam dininə qarşı protest idi. Bu təlim o vaxt mövcud olan dövlət quruluşu haqqında islahatlar, insan şəxsiyyətinin siyasi azadlığı haqqında məsələlər qarşıya qoyurdu. Babizmin siyasi başçıları tərəfindən qabaqcadan hazırlanmış islahatların başlıca məsələləri bunlar idi: hökumət özbaşınalığının cilovlanması; həm sarayda, həm də əyanlar arasında dəbdəbənin aradan qaldırılması; nazirlərin, qubernatorların və ümumiyyətlə, məmurların azğınlığının aradan qaldırılması; tuyuqun (icarənin) donluğa dəyişdiriliəsi: hakimiyyətin ədaləti; üləmaların qərəzsizliyi və qanunların dəqiq icrası. Bütün bu məsələlər çoxdan idi ağız-ağız gəzir, İraqın və Azərbaycanın hər yerində narazılıqlar eşidilirdi. Lakin xalqın hiddətinin yönəldiyi hədəflər elə möhkəm idi ki, bu hiddət oxları onlara dəyib qarılır, onların qırıq parçaları təzə zülmün yeni silahlanmasına çevrilirdi.

M.Kazım bəy qeyd edirdi ki, Bab təliminin əsasında - Qanunun hər nöqtəsi ilə deyil, onun mənəviyyatı ilə yaşamaq lazımdır prinsipi durur. Bab təlimində ən mühüm fikirlər bunlar idi: 1.Allah haqqında, 2.Təbiətdə hər şeyin pak olması haqqında, 3. Qadınların bərabərhüquqlu olmaları və azadlığı haqqında. Babın Allah haqqında təlim ki, demək olar ki, Quran təliminə oxşardır, lakin Bab və onun məsləkdaşları heç də həmişə Quranın ehkamlarına əməl etmirdilər. M.Kazım bəy ona da işarə edirdi ki, Bab Allah haqqında təlimini, "fəlsəfənin Platon sistemi ilə" əlaqələndirməyə çalışırdı. Babilərin təbiətdəki hər şeyin təmiz olması barədəki təlimindən danışarkən M.Kazım bəy yazır: "Təbiətdə hər şey təmizdir, ancaq nəfsi çəkindirmək, saxlamaq lazıimdır. Buna görə də bizə məlum olduğu kimi, Bab opium qəbul etmir, tütün çəkmir və hətta qəhvə belə içmirdi".

Babın qadınların hüquq bərabərliyi və azadlığı haqqında təlimi xüsusilə xarakterikdir. Qadınların azadlığı haqqında təlimdə deyilir: "Qızlarınızı sevin, oğlanlarınızla müqayisədə onların məqam və ləyaqətləri Yaradan qarşısında daha yüksəkdir. Bunu qəbul edən adam heç vaxt talaq verməz. Sizinlə qadınlarınız arasında pərdə olmamalıdır. Qadının azadlığı - insan nəslinin xoşbəxtliyidir".

Babilər təliminin tədqiqi ilə bağlı M.Kazım bəy Ordubaddan olan Seyid Mir Abdul Kərimin adını çəkir. Müəllif onun haqqında bəzi qısa bioqrafik məluimatlar verir. Seyid Mir Abdul Kərim Zaqafqaziyada babizmin təbliğatçısı olmuşdur. İranda babilərin üsyanı (1848-52-ci illərdə İranda feodal quruluşuna, habelə ölkəni müstəmləkə halına salan xarici kapitala qarşı xalq üsyanları. Hərəkətverici qüvvələri kəndlilər, sənətkarlar, şəhər yoxsulları və xırda alverçilər idi. Babi təriqətindən olan aşağı ruhani təbəqəsi və xırda ticarət burjuaziyası nümayəndələrinin başçılıq etdiyi Babilərin üsyanı dini xarakterdə idi - bax: ASE, I cild, səh. 524) yatırıldıqdan sonra, o, Qafqazda babizmin təbliğçisi kimi Smolenskə sürgün olunub. M.Kazım bəy onu Smolenskli Seyid adlandırmışdır: "Babla eyni vaxtda onun təlimini Zaqafqaziyada yayan vz yəzqin ona görə bu ölkədə tutulub Smolenskə yaşamağa sürgün edilən bir diqqətəlayiq "filosof-tədqiqatçıdan" (mühəqqiq) aldığımız məktublardan görürük ki, Bab və onun yaxın şagirdləri mutezilidlərin, sonralar şeyxidlər tərəfindən təkmilləşdirilmiş qədim təlimin dalınca gedirlər. Bu təlim ondan ibarətdir ki, Allah ən ali varlıqdır, bütün gözlə görünən və görünməyən hər şeyin yaradıcısıdır, təkdir və onun oxşarı yoxdur, onun bütün atributları - hər şeyi görmək, hər şeyi bilmək, hər şeyə mərhəmət etmək və s. mahiyyətlər onun ali varlığı ilə əbədi ayrılmazdır və bu atributları onsuz ayrı mücərrəd kimi təsəvvür etmək olmaz".

Mirzə Kazım bəy babilərin təliminin tədqiqi ilə bağlı Smolenskli Seyiddən aldığı məktublara istinad edir. M.Kazım bəy göstərir ki, bu məktublar çox maraqlı və orijinaldır, bunlar babizmin fəlsəfi əsaslarının tədqiq edilməsi üçün böyük materialdır: "Bizim bu məktublara şərhimizin böyük hissəsi, fəlsəfənin, bizim fikrimizcə, şifahi formada nəsildən nəsilə ötürülərək mütəzillid məsələlərinə aiddir". 4 dekabr 1860-cı il tarixli birinci məktubda Smolenskli Seyid yazır ki, "bilik müdriklik məbədində mənəvi mərkəzdir, zəngin bilikli müdrikdən öyrənmək lazımdır, onun təyinatı ilə hikmət həbləri ilə qidalanmaq lazımdır".

...İrandakı babilər hərəkatı İran despotizminə qarşı yönəldilmişdi. Babilər din pərdəsi altında çıxış edirdilər. Ancaq aydındır ki, kütlələrin inqilabi hərəkatı üçün böyük əhəmiyyəti olan real siyasi qüvvələr dini pərdə altında gizlənmişdi. M.Kazım bəy göstərirdi ki, babilər hərəkatı o vaxtki İran cəmiyyətinin bütün ziyalı və mütərəqqi təbəqələrini narahat edirdi... Babilər üsyanı məsələsi ilə bağlı tədqiqatların mahiyyəti haqqında danışarkən M.Kazım bəy yazırdı: "Bu təhkiyədə oxucular bu dövrdə İranda diqqətəlayiq bir hal görəcəklər: cəhalət buxovlarına qarşı və hələ qeyri-müəyyən də olsa, dini və siyasi islahatların başlanması".

Mirzə Kazım bəy babilər hərəkatı haqqında danışarkən, onun sosial tərkibinin müxtəlifliyini də göstərir. M.Kazım bəy qeyd edir ki, babilərin uğrunda mübarizə apardıqları ideyanın əsas xüsusiyyəti azadlıq, insan hüquqlarının qəbul edilməsi hissidir. Babilər üsyanı geniş vüsət almışdı və üsyançıların arasında qadınlar da vardı. O da xarakterikdir ki, babilər hərəkatı İranın daha tərəqqipərvər, azadlıqsevər hissəsini, məhəz İran Azərbaycanını bürümüşdü. Məlum olduğu kimi, İranda yaşayan azərbaycanlılar həmişə bu ölkədəki inqilabi-demokratik hərəkatların bayraqdarı olmuşlar

 

 

Qurban Teyyub

 

Ekspress.- 2010.- 10-12 aprel.- S. 15.