Səkinə İsmayılova Almaniyada konsert verib

 

Musiqimiz ayaq üstə alqışlanıb

 

Tanınmış muğam ifaçısı, xalq artisti Səkinə İsmayılova Almaniyada konsert proqramları ilə çıxış edib. Xanəndənin paytaxt Berlində «keçirilən konserti ölkəmizin Almaniyadakı diasporunun dəstəyi diaspora komitəsinin xətti ilə reallaşıb. Xanəndənin Berlində verdiyi konsertlərdən birincisi Almaniyadakı səfirlikdə, ikincisi isə "Muğam gecələri" adı ilə şəhərin böyük konsert salonunda baş tutulub.

"Təbii ki, mənim üçün çox maraqlı idi. Qonaqların, dinləyicilərin tamaşaçıların çoxu xarici ölkə vətəndaşları idi. Yenə deyirəm, dövlət rəhbərləri, səfirlər, adamları həmişəki kimi musiqimizi, muğamımızı ayaq üstə alqışladı. Biz heç özümüz bilmədik ki, 3 saat necə gəldi keçdi. Əlbəttə, çox sevindiricidir ki, bizim musiqimiz hər zaman xarici ölkə vətəndaşlarının marağına səbəb olur", -deyə Səkinə İsmayılova bildirib.

Xanəndəni tarda Əliağa Səriyev, kamançada Elşən Mansurov müşayiət edib. Konsertlərdə Səkinə İsmayılova səhnəni muğam ifaçısı Teyyub Aslanovla paylaşıb. Konsert proqramında muğamlardan hissələr, xalq mahnıları, təsniflər klassik bəstəkar mahnıları əsas yer tutub.

Səkinə İsmayılova Almaniyada yenidən konsert verməyi planlaşdırır. Xalq artistinin Berlində növbəti konserti may ayına planlaşdırılır. Bununla yanaşı, xanəndə sentyabr-oktyabr aylarına da konsert səfərlərinin nəzərdə tutulduğunu bildirib.

 

 

AYXAN

 

Ekspress.- 2010.- 21 aprel.- S. 14.