"Ömrümü Azərbaycan teatrına həsr etmişəm"

 

Cənnət Səlimova: "Gənc Tamaşaçılar Teatrında bütün dövrlərdə 5-6 aktyor baş rejissorla intiriqa yaradıblar"

 

Ötən mövsüm paytaxtın iki böyük teatrı Dövlət Gənclər və Kamera Teatrları Gənc Tamaşaçılar Teatrına birləşdirildi. Teatrın baş rejissoru vəzifəsinə isə Kamera Teatrının rəhbəri tanınmış rejissor xalq artisti Cənnət Səlimova təyin edildi.

Cənnət xanımın Dövlət Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin edilməsi teatr ictimaiyyəti tərəfindən rəğbətlə qarşılansa da, teatrın köhnə "inqilabçı"ları bu dəfə də ənənələrinə sadiq qaldılar. Ümumiyyətlə Gənc Tamaşaçılar Teatrında sanki "baş rejissor" sindromu hökm sürür. Cənnət xanımdan əvvəlki baş rejissorların dövründə də belə çaxnaşmalar çox olub. Məhz belə intriqaların ucbatından bir neçə il əvvəl xalq artisti Ağakişi Kazımov, Azər Paşa Nemətov baş rejissorluqdan özləri getdilər. Əməkdar artist Loğman Kərimovun dövründə də buna oxşar hadisə olmuşdu. Ona görə "buna oxşar" ki, çaxnaşmanın səbəbkarları elə indiki adamlar idilər. Bütün bunlara aydınlıq gətirmək üçün Cənnət xanıma müraciət etdik. Sağ olsun, müraciətimizi cavabsız qoymadı.

- "Lent.az" saytında Nicat Kazımovun müsahibəsi gedib...

- Mən belə hesab edirəm ki, ona cavab vermək istəmirəm. Onun danışdıqları başdan-ayağa yalan olduğu üçün ümumiyyətlə o adamla ünsiyyət qurmuram.

- Cənnət xanım, ötən mövsüm 20 il rəhbərlik etdiyiniz Kamera Teatrı və Dövlət Gənclər Teatrı Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildi və siz də bu teatra baş rejissor təyin edildiniz. Təbii ki, üç tanınmış teatrın bir damın altında birləşməsi böyük hadisədir və belə bir böyük kollektivə rəhbərlik etmək sizə asan olmayacaq. Hər halda böyük kollektivin dərdi-səri də böyük olur. Həm qayğınız, həm məsuliyyətiniz, həm də işiniz 3 qat artdı.

- Doğrudur, üç teatrın birləşməsindən yaranan böyük kollektivin işini nizama salmaq çox çətindir. Hazırda Dövlət Gənc Tamaşaçılar Teatrının 4-5 nəfəri çıxmaq şərtilə gözəl kollektivi formalaşıb. Biz bundan sonra mehriban atmosferdə birgə fəaliyyət göstərmək üçün artıq kollektivlə ümumi dil tapmışıq. Mən Gənc Tamaşaçılar Teatrını böyük bir gəmiyə bənzədirəm. Və bu gəminin kapitanı düzgün istiqamət tutduğuna görə bu gəmi bütün maneələrə qalib gələcək. Kimsə gəminin kapinatınının diqqətini başqa istiqamətlərə döndərməyə çalışmasın. Əgər kapitanın kursu onun ürəyincə deyilsə, gəmini tərk etsin, başqa gəmiyə keçsin. Bu gün Gənc Tamaşaçılar Teatrının kollektivi böyük ilhamla, böyük şövqlə işləyir. Artıq kollektivdə ögey-doğma söz-söhbətlərinə son qoyulub. Mən kollektivdən çox razıyam. Ötən mövsümdə biz Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə kimi klassiklərin əsərlərini səhnəyə qoyduq. Bundan başqa uşaqlar üçün "Yatmış gözəl" və "Şelkunçik" tamaşalarını hazırladıq.

- Teatrlar birləşəndən az sonra kollektivdə narazılıqlar yarandı. Köhnə kollektivin bəzi nümayəndələri dedilər ki, guya Cənnət xanım rolları yalnız keçmiş Kamera Teatrının aktyorlarına verir...

- Doğrudur, biz Kamera Teatrının repertuarından 4 tamaşanı yeni quruluşda burada səhnəyə qoyduq. Çünki nazirlikdən bizim qarşımızda belə bir tələb qoyulmuşdu ki, ilk 4 ayda 5 tamaşanı təhvil verək. Yəni sentyabrda mövsüm açıldı və noyabr ayınadək mən 5 tamaşanı təhvil verməliydim. Bəli, bu tamaşada əsas rolları keçmiş Kamera Teatrın aktyorları oynasa da, mən tamaşalara teatrın bütün kollektivini cəlb etdim. Amma tamaşaları hazırlamazdan əvvəl də mən teatrın kollektivinə demişdim ki, bu tamaşalar Kamera Teatrının aktyorlarının əsasında səhnəyə qoyulacaq. Bundan teatrın kollektivinin xəbəri əvvəlcədən vardı. Narazı qalanlar öz sözlərini onda da deyə bilərdilər. İstər "Şeyx Sənan", istər "Aydın", istər "Hekayəti xırs qulburbasan", istərsə də "Məkkəyə yol" tamaşalarında Gənc Tamaşaçılar Teatrının bütün kollektivi çalışıb. Orada elə aktyorlar vardı ki, son 20 ildə bircə dəfə də olsun səhnə üzü görməyiblər. Həm Gənclər, Həm Kamera, həm də Gənc Tamaşaçılar Teatrının bütün aktyorları bu tamaşalarda çalışıblar. Sonradan Bəhram Osmanovun quruluşunda "Viktoriya", Nicat Kazımovun quruluşunda "Yatmış gözəl" və "Şelkunçik" əsərləri səhnəyə qoyuldu ki, həmin tamaşalarda Kamera Teatrının bircə nəfər də olsa aktyoru iştirak etmədi. Mən başa düşürəm, hər aktyor baş rolda oynamaq istəyir. Belə çıxır ki, mən hər dəfə 90 baş rolu olan əsəri tamaşaya qoymalıyam. Hazırda Vaqif Əsədov Çarlz Dikkensin "Oliver Tvist" və mən Şeksprin "Romeo və Cülyetta" əsərlərini hazırlayırıq. Bu tamaşalara da 90 faizi Gənc Tamaşaçılar və Gənclər Teatrının aktyorları cəlb ediliblər. Kamera Teatrından isə bir-iki nəfər qatılıb. - Bəs keçmiş Kamera Teatrından olan aktyorlar bundan incimirlər?

Onlar "Şeyx Sənan", "Aydın", "Hekayəti xırs quldurbasan", və "Məkkəyə yol" tamaşalarında iştirak edirlər. Hazırda bu söz-söhbətlərə son qoymaq üçün hələlik başqa tamaşalarda oynamırlar. Yeri gəlmişkən, istər Gənc Tamaşaçılar, istərsə də Gənclər Teatrında çox istedadlı aktyorlar kifayət qədərdir. Qurban İsmayılov, Sərvər, Ayşad, Qəmər xanım möcüzə aktyorlardırlar. İndi mənim üçün fərqi yoxdur ki, bu, Kamera Teatrından gəlib, o biri Gənclər Teatrından. Mənim üçün əsas aktyorun tamaşaçının yaxşı mənada diqqətini cəlb etməyi bacarmasıdır. Ona görə də, deyirəm ki, teatrın kollektivi arasında 4-5 nəfər var ki, ümumi işimizə mane olmağa çalışır. Bunlar Nicat Kazımov, Ağaxan Salmanlı, Vahid Əliyev, Rafiq Əliyev və Ağalar Mehdidir. Truppanın yerdə qalan 83 nəfəri isə öz işləri ilə məşğuldurlar.

- Siz belə situasiyalardan çıxmış sənətkarsınız. Fikrimcə, artıq Kamera və Gənclər Teatrı keçmişdə qaldı, hazırda Gənc Tamaşaçılar Teatrı var, hamı da oranın kollektivinin üzvüdür. Sizcə bu ögey-doğmalıqla bağlı söz-söhbətlər haradan yaranıb və nə üçün hələ də aradan qalxmayıb?

- Gənc Tamaşaçılar Teatrında bütün dövrlərdə 5-6 aktyor baş rejissorla intiriqa yaradıblar. İstər Ağakişi Kazımov, istər Azər Paşa Nemətov, istərsə də Loğman Kərimovun dövründə də belə söz-söhbətlər olub. Bu insanlar sənətdə rəqabət apara bilmirlər. Onlar kollektivdə intriqa yaratmaq üzrə güclü mütəxəssisə çevriliblər. Nicat özü də müsahibəsinin birində təsdiq edib ki, Azərpaşa Nemətovun və Ağakişi Kazımovun dövründə teatrda olmayıb, Loğman Kərimova qarşı mübarizə aparıb. Gəlin bir şeyə diqqət edək, teatrların Bədii Şuralarında müzakirə edilən məsələlər gizli saxlanılır. Bu gün kim deyə bilər ki, Azdrama, Opera və Balet, Rus Dram Teatrlarının Bədii Şuralarında nə barədə söhbət ediblər. Amma son 10 ildə Gənc Tamaşaçılar Teatrının Bədii Şurasında nələrin baş verdiyini əzbər bilirəm. Çünki belə insanlar "ev"in nə olduğunu başa düşmürlər. Bədii Şurada baş verənləri bütün şəhərə yayırlar. Adama təsir edən də odur ki, hamı elə bilir, Gənc Tamaşaçılar Teatrının bütün kollektivi belədir. Bizim teatrın kollektivində gözəl, istedadlı gənclər yetişir. Elnur Kərimov, Günel Məmmədova, Sevinc Mehrəliyeva, Vüsal Mehrəliyev, Elnur Hüseynov kimi gənclərlə işləmək mənə ləzzət edir. Bu insanlar həqiqətən işləmək istəyirlər, amma bu 5 nəfər öz intiriqaları ilə heç kəsə işləməyə imkan vermir.

- Nicat Kazımov deyir ki, Cənnət Səlimova Azərbaycan xalqına hörmət etmir, Belarusdan gələn rejissor Natalya Başovaya "Bunlara fikir verməyin, bunlar vəhşi xalqdır" deyibsiniz. Dediyinə görə, onu rejissorluqdan çıxarmaq istəyirsiniz, guya sizin tamaşalarda sionizm təbliğ olunur...

- Onda siz mənə cavab verin, Şövqü Hüseynov yəhudidir, Nofəl Vəliyev qazax, İlqar Cahangirov ermənidir? Mən bunlara öz həyatımı sərf etmişəm. Belə aktyorları yetişdirən Cənnət Səlimova Azərbaycan xalqını "vəhşi xalq" adlandırarmı? Əgər o mənim barəmdə bu sözləri deyibsə, deməli o, ümumiyyətlə azərbaycanlı deyil, o millətin üz qarasıdır. O, ümumiyyətlə necə cürət edir ki, mənim barəmdə nəsə deyir? Mən bütün ömrümü Azərbaycan teatrına həsr etmişəm. Mənim Azərbaycan mədəniyyətinə etdiyim xidmətlərin bir faizini o etməyib. Mən onun barəsində ona görə danışmaq istəmirəm. Çünki onlar çox xəbis insandırlar. Mən Azərbaycan xalqını sevməsəydim, Kamera Teatrının uşaqları 20 il mənimlə çalışmazdılar.

- Cənnət xanım, əsəbiləşməyin. Bu söhbətlər teatr birləşəndən sonra ortalığa çıxdı. Bəs nə üçün ötən müddət ərzində teatrın rəhbərliyi bu məsələyə sərt münasibətini göstərmir.

- Teatrın rəhbərliyi onları yaxşı tanıyır, ona görə də mənə deyirlər ki, onlara fikir verməyim. Qoy nə danışır, danışsın, heç nə deməyəcəyəm. Çünki ona cavab versəm, onun səviyyəsinə enməli olaram. Söz düşəndə deyir ki, "mən "Pəri Cadu" tamaşasını hazırlamışam, dövlət mükafatı alıb". Bu gün Nicatın 37 yaşı var, neçə əsər səhnələşdirib? "Ana qaz" və "Pəri Cadu". Mənim 37 yaşım olanda keçmiş sovet teatrlarında, xaricdə 50-dək quruluş verdiyim tamaşa vardı. Hətta teatrlar vardı ki, bütöv bir mövsümün repertuarını mənim tamaşalarımla qururdu. 37 yaşlı kişi iki tamaşaya görə özünü böyük rejissor sayıb tərifləməz. "Ana qaz" cəmisi 40 dəqiqə davam edən tamaşadır. 2 tamaşa hazırlayana heç yerdə rejissor demirlər. Sənət aləmində rejissor kimi o mənim heç 500 metrliyimə yaxınlaşa bilməz.

- Hər halda teatrın baş rejissoru kimi belə işçilər barədə sərt addımlar atmağa səlahiyyətiniz çatır. Nə etməyi düşünürsünüz?

- Yenə deyirəm, ona baş qoşmaq elə onun səviyyəsinə düşmək deməkdir... Çox xahiş edirəm, mənə artıq onunla bağlı sual verməyin. Yeni mövsümlə bağlı böyük planlarımız var, o barədə soruşun cavab verim.

- Yeri gəlmişkən, 84-cü mövsüm üçün hansı planlarınız var?

- Bayaq da dedim, Çarlz Dikkensin "Oliver Tvistin macəraları", Şeksprin "Romeo və Cülyetta" tamaşalarının məşqləri gedir. Bundan başqa teatrın portfelində yeni mövsüm üçün nəzərdə tutduğumuz daha 3 yaxşı əsər var. Bunlar Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" əsərinin yeni redaksiyası, Əli Əmirlinin "Mən səni sevirəm" və Elçin Əfəndiyevin "Dolça" əsərləridir. "Dolça" əsəri yəqin ki, gələn mövsüm hazırlanacaq.

 

 

İltifat

 

Ekspress.- 2010.- 7-9 avqust.- S. 19.