Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

Azərbaycan Partiya Tarixi İnstitutunda Əziz Əliyevin 85 illik yubileyinə həsr olunmuş   elmi sessiyada akademik Zərifə Əliyeva çıxış edərkən.

 

Yanvar 1982-ci il

 

"...SSRİ Dövlət Nazirliyinin komissiyası Bakıda olarkən və Azərbaycandakı qanunsuzluq hallarını aşkara çıxarıb ifşa etmək istəyərkən, Əziz Əliyev öz "rəhbəri" Bağırovun qulluğunda durmuş, SSRİ Dövlət Nəzarəti nazirinin müavini Yemelyanov yoldaşa qarşı fitnəkarlıq təşkil etmiş (belə işlərdə o, çoxlarını geridə qoymuşdur). Heç də təsadüfi deyildir ki, Dağıstana Əliyev və Markaryan (Dövlət Təhlükəsizliyi naziri) kimi canavarlar göndərilmişdir. Bu quldur dəstə pak-təmiz rəhbərləri ləkələmiş, Aqababov kimi partiyaya sədaqətli bir kommunisti gözümçıxdıya salaraq aradan qaldırmışlar.

Bu quldur dəstənin Dağıstanda törətdiyi dəhşətləri necə unutmaq olar?! Axır vaxtlarda ata Bağırovla oğul Əliyev arasından hansısa qara pişik keçmişdi. Bundan istifadə edən Əziz Əliyev indi özünü qurbanlıq kimi göstərir. Əlbəttə, bu, təhlükəli quldur dəstənin mənafeyinə xidmət edir. Əliyevin bütün qohum-əqrəbası isti-rahat yerlərdə, elmi müəssisələrdə, məsul vəzifələrdə yerləşdirilmişdir, bir kürəkəni isə təhlükəsizlik komitəsində qərar tutmuşdur və "papaşa" haqqında bütün deyilənləri ona çatdırır. Ancaq belə fırıldaqçılar hələ də hörmətdədirlər, onları ifşa etmirlər. Kimdir onlara kömək edən? Kimdir onlara ictimai nüfuz yaradan? O, institut direktorudur, rayon partiya komitəsinin üzvüdür. Bağırov məhkəməsinin gedişində Əziz Əliyevin də mənfur siması üzə çıxdı. Məhkəmədə bəziləri Əziz Əliyev tərəfindən necə məhrumiyyətlərə düçar olduqlarından danışdılar.

Əliyev xüsusi vəsatətlə professor olmuşdur. Belə çıxır ki, Beriya-Bağırov bandasına xidmət etmiş bir şəxs indi elm sahəsinin nailiyyətidir, Bu, adamları ələ salmaq deyilmi? Beriya-Bağırov bandası darmadağın edilmişdir... Ancaq onların əlaltıları iş başındadır. Əziz Əliyev Azərbaycanda hiyləgər və araqarışdıran, İranda casus və soyğunçu, Dağıstanda Beriya və Bağırov olmuşdur. Beləsinə partiya və sovet adamları arasında yer yoxdur. Belələri nə qədər tez ifşa olunsa, partiya və ölkə üçün o qədər yaxşıdır.

Yazdıqlarımın düzgünlüyünə əmin olmaq üçün məktubumun obyektiv yoxlanılması kifayətdir.

 

Əhmədov İsmayıl

 

8 may 1956-cı il."

 

Azərbaycan KP MK katibi köməkçisi Vera Vişnyakovanın səhmanladığı qovluqda toplanılmış materiallar arasında yuxarıdakı "şanlı məktub"la yanaşı, Əziz Əliyevin qohumlarının işlədikləri yerlərinə görə siyahısı da vardır. Əziz Əliyevin bədxahları iki il əvvəl, 1954-cü ildə Zərifə xanımla ailə qurmuş Heydər Əliyevin adını siyahının sonunda qeydə almışlar.

Mir Cəfər Bağırovun və Əziz Əliyevin düşmənlərinin diktəsi ilə tərtib edilmiş siyahıdakıların əksəriyyəti Azərbaycan ictimaiyyətinə yaxşı tanış idi. Bəs 1956-cı ildə Əziz Əliyevin bədxahlarının "Amerika" açmaqda məqsədi nə idi? Mir Cəfər Bağırovdan sonra Əziz Əliyevə qarşı şər və böhtanlar əsasında Rudenko məhkəməsini təkrarlamaq! Lakin bu, baş tutmadı və baş tuta da bilməzdi. Çünki artıq xalq və onun siyasi rəhbərləri dərk edirdilər ki, Xruşşov və Mikoyanın təhriki ilə əslində bütün Azərbaycana iblis oyunu qurulmuşdu. Bu da maraqlıdır ki, 1956-cı ildəki siyahıda adları çəkilən qohumları barədə Əziz Əliyev hələ beş il əvvəl, 1951-ci il aparel ayının 24-də daha əhatəli və müfəssəl yazmışdı: "1956-cı ildən ailəliyəm, 6 uşağım var. Böyük qızım Ləzifə Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunun direktoru Ə.Əliyevin həyat yoldaşıdır. Ə.Əliyev bakılıdır, ana babası Zərbəliyev keçmiş Bakı varlılarından olub. İkinci qızım Dilbər mühəndis-rabitəçidir. Rabitə texnikumunda müəllim işləyir, əri Məmmədov Fərrux Azneft Rabitə Birliyinin baş mühəndisidir, Məmmədov Fərruxun atası Nuxada yaşayır, fərdi təqaüdçüdür. Nuxa əksinqilabi qiyamını yatıranlardandır.

Böyük oğlum Tamerlan terapevtik klinikada işləyir. ATİ-nin assistentidir.

Üçüncü qızım Zərifə həkimdir. Oftalmoloji İnstitutun aspirantıdır.

Kiçik qızım Gülarə konservatoriyada oxuyur. Oğulluğa götürdüyüm Cəmilin 5 yaşı var.

Bacım Göyçək hazırda Əzizbəyov rayon uşaq xəstəxanasında işləyir. O biri bacım Şamama Stalin rayonunda doğum evinin direktorudur.

Qardaşım Ziyad Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunda həkim işləyir.

Dörd xalam olub. Bir xalam oğlu - Əbülfət Qədimbəyov hal-hazırda maarif nazirliyində, o biri - Kamal Qədimbəyov Azərittifaqda, xalam qızlarından Münəvvər Stalin rayonunda bağça müdirəsi, Mənzər maarif şöbə müdiri, Əfşan isə Xarici Dillər İnstitutunun direktoru vəzifələrində çalışırlar.

İkinci xalam - Leyla poçt-teleqraf məmuru Qasımbəyovun arvadı olub. Oğulları Maqsud Qasımbəyov Bakı maliyyə şöbəsində, Rəşid Qasımbəyov balıq sənayesi nazirliyində, Əhməd Qasımbəyov isə dəniz ticarəti sistemində işləyiblər, qızı Zinyət evdar qadındır. O biri qızı Səkinə Nazirlər Sovetində referent işləyir.

Üçüncü xalam - Bülbül əməkdar müəllim Həsən Qazıyevin arvadı idi. Övladları Cavad maliyyəçi, Şamil rəssam, Aqil isə həkim idi, müharibədə həlak olub.

Dördüncü xalam Şövkətin qızı Qaqoş evdar qadındır, Yerevanda yaşayır.

Bacım oğlu Qurban Əliyev həkimdir, Tibb İşçiləri Həmkarlar İttifaqında işləyir. O biri bacım oğlu Yusif Əliyev də həkimidir. Mərəzə rayonunda işləyir.

 Bacım Şamamanın qızı Salatın həkimdir. Həyat yoldaşı İsaq İbrahimov Yazıçılar İttifaqında çalışır". (Bax: Tahir Talıblı. Əziz Əliyev. Dövrü, həyatı, şəxsiyyəti. Bakı, "Göytürk" nəşriyyatı, 1997, səh. 231-232)

MÜƏLLİFDƏN. İshaq İbrahimovu 1954-cü ildən - Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru vəzifəsində işlədiyi vaxtlardan tanıyırdım. Onun bütün fəaliyyəti xalqa namusla xidmət etmək nümunəsi idi, 1941-ci ildə müharibə başlayanda, iyirmi yaşlı vətənpərvər işğalçılara qarşı ön cəbhədə vuruşmuşdur. Ağır yaralanmış döyüşçü bir müddət hərbi xəstəxanada müalicə edilmiş, sağaldıqdan sonra cəbhəyə yollanmışdır. Topçu diviziyasının kəşfiyyat rəisi qanlı döyüşlərdə yenə yaralanmış, iki ilədək xəstəxanada müalicə olunmuşdur. Həkimlərin rəyinə əsasən, ordudan tərxis olunmuşdur. İshaq İbrahimov təhsilini Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində davam etdirmişdir. Sonra "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib vəzifələrində çalışmışdır.

Əziz Əliyevin ailəsi, övladları və yaxın qohumları cəmiyyətin hörmətini qazanmış soydaşlarımız idilər. Bacısı oğlu, peşəkar tibb işçisi Yusif Əliyev Mərəzə rayonunda adi həkim işləyirdi. Əziz Əliyev, 1956-cı ildə qarayaxanların uydurduğu kimi, qohumbaz və yerlibaz olsaydı, doğma bacısı oğlu Mərəzədə deyil, mərkəzdə işləyərdi.

Əziz Əliyev 1959-cu ildə Vəli Axundov Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra həmin ilin oktyabr ayında Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsinə təyin olundu. Mənalı və kəşməkəşli ömür sürmüş Əziz Əliyev altmış beş yaşında qəflətən vəfat etmişdir. Onun ölümü barədə yuxarıda adını çəkdiyimiz kitabda (səh.260) oxuyuruq: "Qocaman jurnalist Aydın Vəlixanov Əziz Əliyevin rəhmətə getdiyi o ağır günü xatırlayır: "Əziz dayımgilin evlərində bir xidmətçi vardı. Tək, heç kimi olmayan rus qadını idi. Səhv etmirəmsə, adı Ninaydı. Bu qadın qohumlarının yanına - Rusiyaya getməli oldu. Əziz dayı qadını yola salmaq üçün özü gedir. Əlbəttə, kimisə yollaya bilərdi. Ancaq onda olan böyüklük və insana hörmət buna yol vermədiyi üçün məhz vağzala özü getmişdi. Bir maşını vardı, "Volqa". Çox yaxşı insan olan bir sürücüsü də vardı, adı yadımdan çıxıb. Nə isə, qadının bütün çemodanlarını, yükünü, barxanasını özü vaqona qaldırır. Həm də vaxt tələsikmiş, odur ki, tələskənlik, ağır çemodanların daşınıb vaqona qaldırılması kişini təngnəfəs edir, bu ara qatar yola düşür. Əziz dayı əl eləyib vidalaşmağa başlayır. Elə bu vaxt ürəyi bərk tutur. Əlini ürəyinin üstünə qoyub, yavaş-yavaş yerə çökür. Bu mənzərəni arvad vaqondan görür və hiss eləyir ki, Əziz Mamedoviçə nəsə olub. Görün, bu qadın şübhələndiyi üçün Biləcəridə düşüb geri qayıdır. Gəlib Əziz dayının cənazəsini görür".

Əziz Əliyev rəhmətə gedəndə o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov Truskovetskdə müalicədə idi. Əziz Əliyevi Fəxri Xiyabanda dəfn eləmək üçün yer vermirdilər. V.Axundova zəng elədilər. V.Axundov Truskovetsdən göstəriş verdi ki, Əziz Əliyevin cənazəsi birinci Fəxri xiyabanda dəfn edilsin".

1962-ci il iyul ayının 28-də "Kommunist" qəzetində Əziz Əliyevin şəkli ilə nekroloq dərc olunmuşdu. Mərhumun cənazəsi ertəsi günü, iyulun 29-da Tibb İşçiləri Mədəniyyət Evindən qaldırılmışdır. Mərhumun qırxı çıxandan sonra, Vəli Axundovun tapşırığı əsasında respublika hökumətinin qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Əziz Əliyevin adını daşımışdır.

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin indiki binasında vaxtilə Azərbaycan Partiya Tarixi İnstitutu yerləşirdi. 1982-ci il yanvar ayının 8-də burada institutun direktoru Danil Quliyevin sədrliyi ilə Əziz Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdir. Sessiyada tibb elmləri doktoru, professor Zərifə xanım Əliyeva da çıxış etmişdir. O demişdir: "Atam ömrünün əvvəlindən ta sonunadək insanlarda yalnız nəciblik, xeyirxahlıq, humanistilik, beynəlmiləlçilik, prinsipiallıq hisslərinin bərqərar olunması uğrunda çalışmış, adamları daim xoşbəxt görmək arzusu ilə yaşamışdır".

Bu sözlər hər zaman qüvvədədir!

 

 

(ardı var)

 

Teyyub Qurban

 

Ekspress.- 2010.- 7-9 avqust.- S. 15.