Opera və Balet Teatrının Simfonik Orkestri Almanları heyran etdi
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrı Simfonik Orkestrinin artistləri Almaniyada avqustun 5-dən
9-na kimi davam edən Münhen Opera Sənəti Festivalından
dönüblər. Bu il həmin
festivalda dünyanın
36 ölkəsindən -Avropa,
ABŞ, Latın Amerikası,
Yaponiya, Cənubi Koreya, Çin və b. ölkələrdən
dirijor, rejissor və vokal sənəti
ulduzları iştirak
ediblər.
Opera və Balet Teatrının
mətbuat xidmətindən
verilən məlumata görə, festival çərçivəsində
bütün konsert və tamaşalar anşlaqla keçib. Orkestr avqustun 8-də festivalın
Qrand-Final konsertində
iştirak edib. Konsertdə dünya şöhrətli məşhur
vokalçılar Qustavo
Kazanova (İspaniya), Mariya Joze Rodriges
(Meksika), Uvone Fontane (Böyük Britaniya) və b. çıxış ediblər.
Konsertin proqramına isə Qərbi Avropanın məşhur bəstəkarları J.Bize,
R.Leonkovallo, D.Donisetti,
C.Puççini, Berlioz, Vaqner,
C.Verdi, C.Rossini, C.Veber, Offenbax və b. populyar əsərləri daxil edilib. Qala-konserti Münhen Opera Sənəti
Festivalının baş
dirijoru və bədii rəhbəri Korneliya fon
Kerssenbrofk idarə edib.
Konsertin sonunda simfonik
orkestr Q.Qarayevin "Yeddi gözəl" baletindən vals
ifa edərkən zaldakı bütün tamaşaçılar ayağa
qalxaraq musiqiçilərimizi
alqışlayıblar.
Qala-konsertdə iştirak edən "Volkswagen" şirkətinin
prezidenti Martin Vinterkorn
həyat yoldaşı
ilə birlikdə musiqiçilərimizə yaxınlaşaraq
onları təbrik edib: "Biz bügünkü
konsertdən böyük
zövq aldıq. Orkestr bu gün yüksək
professional səviyyədə çıxış etdi.
Dünyanın ən məşhur
bəstəkarlarının mürəkkəb əsərləri
orkestrin ifasında böyük ustalıqla ifa olundu. Bu çıxış göstərdi ki, Azərbaycan təkcə öz nefti ilə
deyil, həm də yüksək akademik sənəti və professionallardan ibarət simfonik orkestri ilə fəxr edə bilər. Bugünkü musiqi bayramını
mən və həyat yoldaşım hər zaman xatırlayacağıq".
Festivalın gedişini işıqlandıran "Münxener
Merkur", "Oberbayerişes
Folksblat", "Züddoyçe
Çaytunq" qəzetlərində
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin ifaçılıq səviyyəsi
haqqında yüksək
fikirlər qeyd olunub.
Qala-konsertdən sonra Münhen
Opera Festivalının direktoru,
tanınmış alman
biznesmeni və ictimai xadimi Lüdviq Bauman Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrının Simfonik Orkestri barədə xoş sözlər söyləyib: "Azərbaycanlı
musiqiçilərin istedadı,
onların fədakarlığı
və ilhamla çıxış etmələri
məni heyran edir. Orkestrdə hökm sürən
nizam-intizam və yüksək təşkilatçılığı
xüsusilə qeyd etmək istəyirəm.
Simfonik orkestrin qala-konsertdəki çıxışı fantastik
oldu. Mən və Korneliya
Kerssenbrofk bir neçə dəfə Azərbaycanda olmuşuq.
Bu ölkəni, onun qonaqpərvər və istiqanlı xalqını çox sevirik. Fəxr edirik ki, Azərbaycanla dostluq edirik. Nə qədər ki biz varıq, hər il Azərbaycan
Opera və Balet Teatrının möhtəşəm
simfonik orkestrini bu festivala dəvət
etməkdən böyük
şərəf duyacağıq.
Bizim böyük dostumuz, Azərbaycan Opera və Balet Teatrının
direktoru Akif Məlikova xüsusi salam və
təşəkkürlərimi yetirmək istərdim, çünki məhz onun vasitəsilə biz sizin gözəl ölkəniz və möhtəşəm musiqi
sənətinizlə tanış
olmuşuq".
AYXAN
Ekspress.- 2010.- 11 avqust.- S. 10.