Mir
Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda ötən əsrin ən
qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə
hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən şənbə
saylarımızda)
Əziz Əliyev və
Bağırov
Azərbaycan
Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər
Arxivinin direktoru, tarix elmləri namizədi Mais Bağırov XX
əsr Azərbaycan tarixinin araşdırıcılarına
samballı bir hədiyyə vermişdir - "Siyasi Sənədlər
Arxivi" adlı soraq kitabçası nəşr
olunmuşdur.
Nəşrin elmi
redaktoru, millət vəkili, professor Cəmi Həsənli "Arxiv fondlarının işığında" sərlövhəli giriş
məqaləsində yazır: "Siyasi Sənədlər Arxivində bütövlükdə 4.979 fond
və bu fondlarda 1 milyon
215 mindən çox iş
vardır. Sözün
tam mənasında bu, böyük bir tarix xəzinəsidir və
tariximizin də, taleyimizin də həlledici məqamları məhz
bu tarix xəzinəsində toplanılmışdır".
Adi bir oxucu
kimi, bu qiymətli soraq kitabçası mənim üçün
ikiqat əhəmiyyət kəsb edir, "Azərbaycan Xalq
Cümhuriyyəti", "Siyas
partiyalar", "Azərbaycan İkinci
Dünya müharibəsi illərində", "1941-1946-cı illərdə Cənubi Azərbaycanda demokratik hərəkat", "Azərbaycanda alman koloniyaları",
"Erməni millətçiliyi və
terrorizmi" və
s. fondlardakı sənədlərlə hələ 10-15 il əvvəllər tanış olaraq
mətbuat səhifələrinə
çıxarmış, ən
başlıcası XX əsr Azərbaycan tarixində
görkəmli yer
tutan Mir
Cəfər Bağırov barəsindəki materiallar əsasında "Düşmənlərindən güclü şəxsiyyət" kitabını oxuculara çatdırmışam.
İlk dəfə olaraq, Azərbaycanda nəşr
olunan soraq kitabının, demək olar ki, hər bir bölməsindəki
materiallarla tanış olduqda bir daha bu qənaətə gəlirsən
ki, M.C.Bağırov repressiyaların təşkilatçısı
olmamışdır, əksinə, millətimizi qanlı
rejimin caynağından xilas etmişdir. Soraq
kitabçasının 43-cü səhifəsində Kremlin
1936-cı il 5 avqust tarixli 4470 nömrəli və 1937-ci il 30
iyul tarixli 0044 nömrəli qərarları əsasında
1936-cı il yanvarın 1-dən 1938-ci il iyulun 1-dək həbsə
alınmış vətəndaşların milli tərkibi
verilmişdir. Siyahıda ruslar 657.799 nəfər,
ukraynalılar 189.410 nəfər, belaruslar 58.702 nəfər,
gürcülər 16.488 nəfər, ermənilər 16.988 nəfər,
azərbaycanlılar isə 13.356 nəfər təşkil
edir. Soraq kitabçasının 52-ci səhifəsində Mir
Cəfər Bağırovun 1937-ci ildə repressiyadan qoruyub
saxladığı Əziz Əliyev haqqında
imzaladığı MK qərarının surəti də
verilmişdir. Azərbaycan K(b)P Mərkəzi Komitəsinin
1937-ci il 25 yanvar tarixli 179 nömrəli qərarında deyilir:
"Azərbaycan
Dövlət Universitetinin direktoru haqqında
Əziz Əliyev yoldaş Azərbaycan Dövlət
Tibb İnstitutunun direktoru vəzifəsində müvəqqəti
saxlanılmaqla, Azərbaycan Dövlət Universitetinin direktoru
təsdiq edilsin.
Azərbaycan
K(b)P MK katibi M.C.Bağırov."
Soraq
kitabçasının "Azərbaycan İkinci Dünya
müharibəsi illərində" və "1941-1946-cı
illərdə Cənubi Azərbaycanda demokratik hərəkat"
bölmələrində Mir Cəfər Bağırovun
İ.Stalinə məktubları, İrana ezam edilən
yoldaşlarla söhbəti, SSRİ rəhbərliyi və
İrana ezam olunmuş siyasi və hərbi rəhbərlik ilə
yazışmaları, Əziz Əliyevin M.C.Bağırovla
yazışmaları barədə sənədlərdən
söhbət açılmışdır. Kitabçanın
50-ci səhifəsində Cənubi Azərbaycan
demokratlarının Mir Cəfər Bağırova hədiyyə
etdikləri xalçanın fotoşəkli verilmişdir.
(Görəsən, bu yadigar xalça
hardadır? - T.Q.)
Kitabçanın 56-63-cü səhifələri
"Erməni millətçiliyi və terrorizmi, onların Azərbaycana
qarşı yürütdükləri soyqırım siyasəti"nə
həsr olunmuşdur. Bu bölmədə göstərilir
ki, arxivin fondlarında ÜİK(b)P MK-nın katibi
G.M.Malenkovun M.C.Bağırov ilə DQMV-nin Ermənistan SSR-in tərkibinə
daxil edilməsi təklifinə dair yazışma,
M.C.Bağırovun Marietta Şaginyanın "Sovet
Zaqafqaziyası" kitabının zərərli olduğu barədə
ÜİK(b)P MK katibi Jdanov yoldaşa məktubu, erməni qəzetlərində
Qarabağa dair iftiralarla əlaqədar, xaricdə
daşnakların antisovet fəaliyyəti haqqında
M.C.Bağırovun Stalinə məktubları və s.
vardır.
MÜƏLLİFDƏN. Gecə
yarısı səhərin açılacağını gözlədiyim
kimi inanıram ki, gün gələcək, Azərbaycanın
elmi siyasətə qurban verməyən qeyrətli
tarixşünasları arxiv materialları əsasında
böyük dövlət xadimi M.C.Bağırov haqqında
doktorluq dissertasiyaları müdafiə edəcək, yeni-yeni
kitablar nəşr olunacaqdır. Daşnaklarla mübarizədə,
milli mənliyimiz uğrunda şəhid olmuş Mir Cəfər
Bağırovun gec-tez Qubada və Bakıda ev-muzeyləri də
olacaqdır, adını daşıyan küçələr
də...
Soraq kitabçasının istiqamətləri ilə Azərbaycan Siyasi Sənədlər Arxivindəki müvafiq fondlardakı M.C.Bağırovun fəaliyyətini əks etdirən materiallarla tanışlıq bir daha nümayiş etdirir ki, əyilməz şəxsiyyətə "erməni meylli" damğası vurmaq millətimizə xəyanətdir.
Dediklərimizə yəqinlik gətirmək üçün
1956-cı il may ayının 18-də və 22-də Azərbaycan
KP MK-nın büro iclaslarının materialları kifayət
edər.
Mir
Cəfər Bağırovun vaxtında Azərbaycana səfər etməyə cəsarət etməyən daşnak xislətli Anastas Mikoyan
1956-cı ildə Azərbaycanın partiya
rəhbərlərinə ən əziz
və doğma rəhbər xadim olmuşdur. Zəngilanın Mincivan dəmir
yolu vağzalının divarındanı "Mikoyan
bizimdir!" - deyə bağıraraq potretini qoparıb özlərilə
Ermənistana aparan
çağırışçıların
xuliqanlığı müqabilində Azərbaycan rəhbərliyi
nə etmişdir? Respublika partiya təşkilatının
başçıları "Mikoyan bizimdir!!!"
hayqıraraq, MK-nın büro iclasının qərarını
hazırlamışlar. Tarixşünaslar hələ 36 il əvvəl,
1920-ci ildə Mikolyanın ayaq izlərini ...Mirzə Ələkbər
Sabirin abidəsi həndəvərində kəşf
etmişlər. 1956-cı ilin may ayının 18-də
keçirilmiş MK Bürosunun gündəliyində yeddinci
yerdə həmin məsələnin müzakirəsi durur. Məlum
olur ki, 1956-cı il aprelin 26-də Azərbaycan KP MK-nın
yanında Partiya Tarixi İnstitutunun direktoru əvəzi Həsən
Şahgəldiyev Azərbaycan KP MK-nın birnci katii
İ.Mustafavyevin ünvanına aşağıdakı məktubu
göndərmişdir: "Sizin
tapşırığınıza əsasən, Dağlı Əli
Hüseyn Həmidov yoldaşın məktubu ilə əlaqədar
Bakı Fəhlə Klubunun yerləşdiyi yeri əbədiləşdirmək
üçün təkliflərimizi göndəririk".
MK Bürosunun müzakirəsinə çıxarılmış arayışda deyilir:
"İndiki Sabir
adına bağın ərazisində,
Gənclər meydanı
yaxınlığında 1918-1920-ci illərdə Bakı Fəhlə Klubunun yerləşdiyi
bina olmuşdur. Köhnə bolşevik D.Ə.Həmidov yoldaşın yazdığı kimi,
1920-ci ildə müsavat rejimini devirməkdə Bakı
proletariatı və bütün Azərbaycan zəhmətkeşləri
üçün bu klub inqilabi qüvvələr qərargahı
idi. 1919-1920-ci illərdə klubun binasında Azərbaycan Həmkarlar
İttiaqları Şurası yerləşirmiş, burada
Bakı Mərkəzi Fəhlə konfranslarında məruzə
və mühazirələrlə Anastas İvanoviç Mikoyan,
Əliheydər Qarayev və digər bolşeviklər
çıxış etmişlər.
Bakı
Mərkəzi Fəhlə Konfransı müsavat rejimi dövründə bu rejimə
qarşı kütlələri təşkil etməyin formalarından biri
və bolşeviklərin leqal imkanlarından bacarıqla istifadə
etmək nümunəsi idi. Mübarizənin bu forması kütlələrlə
əlaqəni möhkəmləndirməyin və müsavat
zülmünə son qoyularaq, Azərbaycanda Sovetlərin
hakimiyyətinin qələbəsini təmin etmək
üçün qüvvələrin səfərbərliyinə
nail olmaqdan ibarət idi. 1918-ci ilin dekabrında bolşeviklər
tərəfindən yaradılmış Fəhlə Konfransı
daimi fəaliyyət göstərən siyasi təşkilata
çevrilmiş və 1920-ci ilin mayınadək mövcud
olmuşdur.
Hadisələrin inkişafı göstərdi ki,
Bakı proletariatının qüvvələrini birləşdirmək forması
kimi, Bakı fəhlə sinfinin müsavatçıların ağalığı dövründə fəhlə sinfinin siyasi
ali orqanı kimi Bakı Konfransının müstəsna həyati əhəmiyyəti olmuşdur.
Fəhlə konfransının iclaslarında
Anastas İvanoviç
Mikoyan yoldaş
dəfələrlə iştirak etmişdir. Belə ki,
1919-cu il martın 15-də A.İ.Mikoyan Fəhlə
konfransının rayonların tətil komitələrinin
birlikdə keçirilən yığıncağına sədrlik
etmişdir. Həmin yığıncaqda ingilis
işğalçılarının hərəkətlərinin
əleyhinə etiraz tətillərinin elan edilməsi məsələsi
müzakirə olunmuşdur.
Fəhlə konfransının və həmkarlar ittifaqları
Şurasının iclaslarında Bakı
partiya komitəsinin üzvlərindən və bolşevik fəallarından İ.Anaşkin, M.B.Qasımov, İ.Lövlətov, İ.Ulyanov, Həşim
Əliyev, H.Cəbiyev, L.Mirzoyan, İ.Qandyurin, L.Arustamov, M.Məmmədyarov, M.Pleşşakov,
M.Hacıyev, L.Qoqoberidze, V.Naneyşvili, Suren Şaumyan və başqaları müntəzəm iştirak etmişlər.
1920-ci il fevralın 11-12-də Fəhlə klubunda Azərbaycan
Kommunist Partiyasının gizli birinci qurultayı
keçirilmişdir. V.İ.Lenin və N.Nərimanov
qurultayın rəyasət heyətinə fəxri üzv
seçilmişlər.
Bu tarixi yerin
əbədiləşdirilməsi
üçün Bakı Şəhər İcraiyyə Komitəsinə Sabir adına bağın
mərkəzində üzərinə aşağıdakılar yazılmaqla mərmər lövhə qoyulması barədə tapşırıq verilməsini lazım sayırıq: "Burada 1919-1920-ci illərdə Mərkəzi Fəhlə Klubu yerləşmişdir və 1920-cm
ilin fevralında Azərbaycan Kommunist Partiyasının gizli birinci
qurultayı burada
keçirilmişdir".
Bakı
fəhlə klubunun binasının və iclas zalının fotosunu arayışa əlavə
edirik".
Dünya daşnaklarının Kreml
lideri Anastas
Mikoyanın
"Deputatlar Soveti"
adlandırdığı
Bakı fəhlə klubu Azərbaycan Xalq Cümhuriyyətinə
və onun parlamentinə qarşı
çevrilmiş gizli
mərkəz idi. Mir Cəfər Bağırov üçün
daşnakların yığnağı deyil, yaxın
sirdaşı Əlibəy Zizikskinin də üzv olduğu
qanuni Azərbaycan parlamenti vardı. Məhz buna görə də
"Bakı fəhlə parlamenti" kimi qondarma adla qiymətləndirilsə
də, M.C.Bağırov üçün düşmən
yuvası idi və burada, böyük Sabirin abidəsi
yanında hansısa mərmər lövhə
qoyulmasının qarşısını almışdı.
1956-cı ildə artıq Azərbaycan rəhbərliyi üçün ilk növbədə Anastas Mikoyanın şəxsiyyətinə pərəstiş vardı. Mikoyanın nəinki
şəxsən özünün, yaxın vəzifəli ermənilərin
göstərişi də Azərbaycan KP MK üçün
yerinə yetirilməli hökm idi.
Azərbaycan KP
MK-nın 22 may 1956-cı il tarixli büro iclasının qərarı ilə iki nəfər səriştəli rəhbər işçi vəzifəsindən kənarlaşdırılmışdır - Xəzər dövlət gəmiçilik idarəsi rəisinin birinci
müavini V.R.Rəhimov və Azərbaycan SSR
maliyyə nazirliyi Ticarət Bankının rəisi İ.M.Atakişiyev.
SSRİ Ticarət Bankının İdarə Heyətinin Sədr müavini S.Tarunyanın Azərbaycan KP
MK katibinə
ünvanladığı 1956-cı il
10 fevral tarixli
məktubunda oxuyuruq: "1956-cı
ilin fevral
ayında SSRİ Ticarət Bankının İdarə Heyəti Azərbaycan Respublika Ticarət Bankı
kontorunun işini yoxlamışdır. Yoxlamadan müəyyən olunmuşdur ki, Kontorun rəisi
Atakişiyev İ.M. yoldaş (hörmətsizliyə bax:
adı və familiyası tam yazılmamışdır - T.Q.)
üzərinə düşən vəzifələrin yerinə
yetirilməsini təmin etmir, bu səbəbdən də
Kontorun işində uzun illərdən bəridir ki, ciddi nöqsanlar
vardır.
SSRİ
Ticarət Bankının İdarə Heyəti son illər ərzində
dəfələrlə İ.M.Atakişiyev yoldaşın diqqətini Kontorun işindəki çox ciddi
nöqsanlara cəlb etmiş, ona konkret göstərişlər vermiş və göstərilən nöqsanların aradan
qaldırılmasında əməli köməklik etmişdir.
1955-ci ilin iyun ayında Azərbaycan Kontorunun SSRİ Ticarət Bankının İdarə heyəti tərəfindən təftişi zamanı müəyyən edilmişdir ki, Kontorun işinin yaxşılaşdırılması üçün İ.M.Atakişiyev tərəfindən heç bir tədbir həyata keçirilməmişdir. Dövlət
və kooperativ tikinti təşkilatlarının, habelə mədən
kooperasiyası artellərinin fəaliyyəti nadir hallarda
yoxlanılır, Kontora təqdim olunan hesabatlar əksər
hallarda təhlil edilmir, mühəndis-nəzarət işinin
zəşif təşkil olunmasının nəticəsidir
ki, əsaslı tikintinin maliyyələşdirilməsində
ciddi qüsurlara yol verilir.
Son
yoxlamanın
göstərdiyi kimi,
Kontorun işindəki nöqsanların aradan
qaldırılmamasının başlıca səbəbi İ.M.Atakişiyev tərəfindən lazımi rəhbərliyin və
nəzarətin olmamasıdır. Azərbaycan Ticarət Bankı Kontorunun işinə
rəhbərliyi gücləndirmək məqsədilə,
SSRİ Ticarət Bankının İdarə Heyəti Azərbaycan
KP MK-dan xahiş edir ki, Azərbaycan Ticarət Bankı
Kontorunun rəisi İ.M.Atakişiyevin vəzifəsindən kənar
edilməsinə icazə versin, bu vəzifəyə daha
hazırlıqlı və ixtisaslı işçini təsdiq
etsin".
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2010.-14-16
avqust.-S.14.