Azərbaycan
tarixinə dair sensasion
tapıntı
Oğuzda e.ə. II minilliyin birinci yarısında mövcud olmuş Azərbaycan dövlətinin qalıqları
aşkarlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya
və Etnoqrafiya İnstitutu Oğuzun Kərimli kəndinin Qazi adlanan ərazisindəki
2 saylı kurqanda apardığı qazıntılar
zamanı yeni arxeoloji tapıntılar üzə çıxarıb. Bu barədə
APA-ya Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Şəki-Qax-Oğuz arxeoloji
ekspedisiyasının rəisi
Nəsib Muxtarov məlumat verib.
Onun sözlərinə
görə, bu kurqanda 12 metr uzunluğunda böyük dəfn
çalası tapılıb: "Bu dəfn çalası əvvəlki
kurqanlarda tapılan dəfn çalasından
böyüklüyü və dərinliyi ilə seçilir. Burada
dəfn çalasının həm üstünü örtəndə,
həm də içində - dəfn prosesi zamanı çox
böyük tonqal yandırılıb. Burada keramika
parçaları, mis qırıqlarının da
aşkarlanması onu göstərir ki, biz çox maraqlı dəfn
adəti ilə rastlaşmışıq. Kurqanda
rastlaşdığımız dəfn mərasimi, əldə
olunan qabların sınıqları, qabların
naxışları-bütün bunların hamısı onu
göstərir ki, tapıntılar təkcə Azərbaycan
deyil, Qafqazın arxeologiyası üçün yenidir", -
deyən N.Muxtarov bildirib ki, bu nümunələrlə
yanaşı, həmin kurqandan 180 metr aralıda yerləşən
digər kurqanda aşkarlanan muncuqlar, əntiq əşyalar Azərbaycanın
həmin dövrdə uzaq Hindistan, Çin, Aralıq dənizi
hövzəsi ölkələri ilə yüksək səviyyəli
əlaqə saxladığını göstərir.
Bu baxımdan 2
saylı kurqanın Azərbaycan tarixi üçün
çox böyük əhəmiyyət kəsb etdiyini deyən
ekspedisiya rəisi əlavə edib ki, kurqanda tapılan
nümunələr e.ə. XVI-XV əsrə aiddir. Nümunələrin
konkret kimlərə aid olduğu hələ tam müəyyənləşdirilməsə
də, əldə olunan materialların əksəriyyəti
onların məhz yerli sənətkarlar tərəfindən
hazırlandığını göstərir: "Biz həmin
dövrdə ön Asiyadakı sivilizasiyanın mərkəzinə
daxil olan bir ərazidə yaşayırıq, yəni əcdadlarımız
həmin ərazidə məskunlaşıblar. Güman edirəm
ki, biz 1 və 2 saylı kurqanda adını bilmədiyimiz, amma
e.ə. ikinci minilliyin birinci yarısında mövcud olmuş
çox güclü Azərbaycan dövlətinin izləri ilə
rastlaşmışıq. Bu nümunələrlə biz
böyük bir sivilizasiyanı açırıq. Güman
edirəm ki, noyabr ayında Oğuzda aparılan arxeoloji işlər
yekunlaşdırıla bilər. Bununla, Azərbaycan tarixi
üçün tamamilə yeni məlumatlar üzə
çıxacaq".
Ekspress.- 2010.- 18 avqust.-
S. 8.