Bənzərsiz
birinci xanım
"Ölkə
prezidentinin həyat yoldaşı olmaq elə onun özü qədər
məsuliyyətli bir işdir"
Həyatda
hər bir kəsin yerini və taleyini tarix müəyyən
edir. Nə
böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabında hər
bir kəs özünü şəxsi həyatının və
dünyanın qurub-yaradıcısı, yaxud
dağıdıcısı kimi təcəssüm etdirir.
Kimsənsə elə də olmalısan, özgələrin
rollarını və obrazlarını gərək öz
üzərinə götürməyəsən.
Çünki sən də, dünyada yerin də yeganə və
bənzərsizdir...
Bu sözlər Azərbaycanın birinci
xanımına məxsusdur. Və ədalət naminə,
heç şübhəsiz, yeganə və bənzərsiz
olan ilk növbədə onun özü - Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin üzvü, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.
Özünün Azərbaycan naminə tükənməz
fəaliyyəti, beynəlxalq aləmdəki nüfuzu,
xeyirxahlığı və nəcib missiyası ilə o, hətta
bütün birinci xanımlar arasında yeganə və bənzərsizdir.
Hər halda, Mehriban xanımın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun elm, ədəbiyyat, mədəniyyət, təhsil,
səhiyyə və digər sahələrdə həyata
keçirdiyi yüzlərlə dəyərli layihə, mədəni
irsimizin qorunması və beynəlxalq arenada təbliğindəki
rolu bunu iddia etməyə əsas verir. Birinci
xanımın fəaliyyəti elə zəngin, çoxşaxəli
və genişmiqyaslıdır ki, çətin ki, digər
"first lady"lərlə (först ledi/birinci xanım)
müqayisə etmək, başqa bir nümunə tapmaq
mümkün olsun.
Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə
olaraq "birinci xanım" statusunu öz fəaliyyəti ilə
məhz Mehriban xanım Əliyeva formalaşdırıb.
"First Lady" terminindən ilk dəfə XIX əsrin
ortalarında ABŞ-da istifadə edilməyə
başlayıb. İndi bütün
dünyada dövlət başçısının
xanımı ifadəsi yerinə bu termindən istifadə
edilir və bir sıra dövlətlərdə, o cümlədən
Azərbaycanda bu termin dövlət dilinə tərcümə
edilir. Məsələn, "First Lady" bizdə
"Birinci xanım", İspaniyada "Primera Dama",
Fransada "Premiere Dame", Rusiyada "Pervaya Ledi" kimi tərcümə
edilir.
"First Lady" adətən başqa dövlət
başçılarının xanımları və ailələri
ilə diplomatik əlaqələrə dəstək verir.
Dövlət başçılarının rəsmi
səfərləri zamanı bir qayda olaraq "qadın
proqramları" da rəsmi protokolda nəzərdə tutulur.
"First Lady"lərin bəziləri siyasətə,
digərləri isə daha çox ictimai fəaliyyətə,
xeyriyyəçiliyə meyl edir.
Azərbaycanın birinci xanımının
timsalındasa humanizm, mərhəmət, xeyriyyəçilik,
qayğıkeşlik və hamiliyi özündə ehtiva edən
bu status həm də müəyyən problemlərlə
üzləşən, bəzi məmurlar tərəfindən
hüquqları pozulan sıravi azərbaycanlının
ümid, pənah yeridir. Birinci xanım öz himayəsi
ilə çox kimsəsizin dərdinə çarə olub:
uşaq evləri və internat məktəblərindəki
mövcud problemlərin həll olunması, onların yenidən
qurulması, xəstə uşaqlarla ("Diabetli uşaqlara ən
yüksək qayğı", "Talassemiyasız həyat
naminə" və s.) bağlı layihələr, Qocalar evlərinə
diqqət, amnistiya aktları və s.
"Ölkənin birinci xanımı olmaq asan deyil.
Tədricən kameralar, sənə zillənən
baxışlara öyrəşirsən. Bunu
öz həyat atributun kimi qəbul edirsən. Ölkə prezidentinin həyat yoldaşı olmaq elə
onun özü qədər məsuliyyətli bir işdir.
Bu, doğrudan çətin işdir. Bunu başa düşmək vacibdir ki, sən
yalnızca özünü və ailəni yox, həm də
haradasa öz ölkəni təmsil edirsən. Sözlər, hərəkətlər,
davranış hamısı yerində olmalıdır. Xoşbəxtlikdən mən hələ
uşaqlıqdan öz valideynlərimə, ailəmə layiq
övlad olmağa çalışmışam. Bu gün belə bir məsuliyyət bizim
uşaqlarımızın üzərinə düşür və
mən fəxr edirəm ki, onlar şərəflə bu
cür asan olmayan bir işin öhdəsindən gəlirlər".
Bu sözləri Mehriban xanım Əliyeva
Moskvada dərc olunan "Baku" jurnalına müsahibəsində
bildirib.
Mehriban
xanım Əliyeva 1964-cü il avqustun 26-da
Bakıda ziyalı ailəsində- Azərbaycanın görkəmli
alimlərinin ailəsində anadan olub. Atası Milli Elmlər
Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru,
professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal
oğlu Paşayev, anası şərqşünas alim,
filologiya elmləri doktoru, professor, Milli Elmlər
Akademiyasının Şərqşünaslıq
İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı
sahəsində mütəxəssis Aida Nəsir qızı
İmanquliyevadır. Bu ocaq Azərbaycanın əsil
ziyalı, alim ailəsidir. Akademik Arif
Paşayevin atası Azərbaycanın tanınmış
yazıçısı, ədəbi tənqidçi və
çağdaş Azərbaycan ədəbiyyat nəzəriyyəsinin
yaradıcısı və ədəbiyyatşünasların
böyük bir nəslinin yetişməsində mühüm
rol oynamış Mir Cəlal Paşayev idi. Görkəmli şərqşünas Aida
İmanquliyeva isə tanınmış jurnalist Nəsir
İmanquliyevin qızı idi.
Mehriban
xanım Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi
qızıl medalla bitirib, Nəriman Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə
işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini
İ.M. Seçenov adına Birinci Moskva
Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu
institutu əlaçı diplomu ilə bitirib. 1988-92-ci
illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat
İnstitutunda işləyib.
1983-cü il dekabrın 22-də Mehriban xanım Azərbaycanın
gələcək prezidenti İlham Heydər oğlu Əliyevlə
ailə həyatı qurmuşdur. Azərbaycanın
birinci ailəsində 1985-ci ildə Leyla, 1988-ci ildə Arzu və
1997-ci ildəsə Azərbaycanın ümummilli lideri və
ulu öndərinin adı verilən Heydər dünyaya
gözlərini açmışlar. Mikayıl
və Əli adında iki nəvəsi var.
1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin
geniş təbliğ olunması məqsədilə
üç dildə (Azərbaycan, ingilis və rus) çap
olunan "Azərbaycan - İrs" jurnalını təsis
edib. 2002-ci ildən birinci xanım Azərbaycan
Gimnastika Federasiyasının prezidentidir. Məhz onun
nüfuzu sayəsində Beynəlxalq Gimnastika Federasiyası Bədii
Gimnastika üzrə 2003 və 2004-cü il
Dünya Kuboku yarışlarının və 2005-ci il
Dünya Çempionatının Azərbaycanda keçirilməsinə
dair qərar qəbul etmişdir.
2004-cü
ildə YUNESKO-nun, 2006-cı ildəsə İSESKO-nun Xoşməramlı
səfiri adına layiq görülən
birinci xanım 2004-cü ildən Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvüdür. 2005-ci ildə fəlsəfə
elmləri namizədi alimlik dərəcəsi alan
və Milli Məclisin üzvü seçilən Mehriban
xanım Əliyeva həmin ildə Azərbaycanda keçirilən
sosioloji sorğuya əsasən "İlin qadını"
adına layiq görülüb. Birinci xanım həmin il Rusiyanın "Yüzilliyin
mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut
Xaç" ordeninə layiq görülüb.
Dünya Səhiyyə Təşkilatı İcraiyyə
Komitəsi 2007-ci ildə Mehriban Əliyevanı ana, uşaq və
ailə sağlamlığının qorunması və
möhkəmlənməsi işində müstəsna xidmətlərinə
görə bu beynəlxalq təşkilatın mükafatına
layiq görüb. Genişmiqyaslı xeyriyyəçilik
fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində
yüksək nailiyyətlərinə görə ona 2007-ci ilin
mayında "Qızıl ürək" beynəlxalq
mükafatı təqdim edilib.
Azərbaycan
Respublikasının Prezidentinin 2009-cu il 5
may tarixli sərəncamı ilə Mehriban Arif qızı Əliyeva
Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni
həyatında səmərəli fəaliyyətinə
görə Heydər Əliyev Mükafatı ilə təltif
edilib.
2009-cu ildə Azərbaycan ilə Polşa arasında
dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə
görə Mehriban xanım Əliyeva Polşa
Respublikasının "Xidmətlərə görə"
Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.
2010-cu il fevralın 15-də Mehriban xanım Əliyeva Fransaya
münasibətdə göstərdiyi xidmətlərinə və
nümayiş etdirdiyi sadiqliyinə görə Fransa
Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf
Legionu" ordeninin zabit dərəcəsi ilə təltif
edilib.
2010-cu il iyulun 30-da Mehriban xanım Əliyevaya
YUNESKO-nun "Qızıl Motsart" medalı təqdim edilib.
Mehriban
xanım Əliyeva Heydər Əliyev Fonduna
açıldığı gündən 10 may 2004-cü ildən
rəhbərlik edir. Fond təhsil, səhiyyə,
mədəniyyət sahələrində irimiqyaslı
proqramlar həyata keçirir, ümumbəşəri mədəniyyət
abidələrinin bərpasında iştirak edir.
Qadın hüquqlarının müdafiəsi də Heydər Əliyev
Fondunun diqqət mərkəzindədir və bu ilin mayında
Avropa Şurasının "Gender bərabərliyi: de yure və
de fakto gender bərabərliyi arasındakı fərqin aradan
qaldırılması" mövzusunda 7-ci konfransının
Bakıda keçirilməsi təsadüfi deyildi.
Təbii ki, Heydər Əliyev Fondunun əsas
prioriteti həm də Dağlıq Qarabağ münaqişəsinin
reallıqlarını beynəlxalq miqyasda təqdim etməkdir.
Fond xarici dillərdə kitablar nəşr
etdirib dünyada yayır, müxtəlif ölkələrdə
Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və
videosərgilər təşkil edir.
Birinci xanım Azərbaycan mədəniyyətinin
yorulmaz hamisidir. Məhz onun bilavasitə
himayəsi ilə ölkəmizdə muğam sənətinin
qorunması, inkişafı və təbliği sahəsində
böyük işlər görülür. Azərbaycan
muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi
irsinin şah əsərləri siyahısına daxil
olunması, "Qarabağ xanəndələri" albomunun
hazırlanması, Beynəlxalq Muğam Festivalı və s. bu
fəaliyyətin nəticəsidir.
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Qəbələdə Beynəlxalq Musiqi
Festivalının keçirilməsi artıq ənənəyə
çevrilib.
Bu gün birinci xanımın ad günüdür.
Mehriban xamını ad günü münasibətilə təbrik
edir, ona uzun ömür, can sağlığı, ictimai-siyasi
fəaliyyətində, öz müqəddəs
və nəcib missiyasında uğurlar arzulayırıq.
Azad Xəlil
Ekspress.- 2010.- 26 avqust.- S. 3.