Mumiyalanmış
padşahın "macərası"
Arxeoloji qalmaqalla
bağlı şok məlumatlar üzə
çıxıb
"Tarixi Xudafərin məntəqəsində arxeoloji qazıntılar olub,
orada müəyyən vaxtlarda
yenə də qazıntılar aparılır. Qazıntılar
zamanı qədim dövrə aid olan müxtəlif əşyalar aşkar olunur. Amma oradakı qazıntılar zamanı
mumiyalanmış insan cəsədi
tapılmayıb".
Bu barədə APA-ya İranın Şərqi Azərbaycan vilayətinin Milli, Mədəni İrsin Qorunması İdarəsinin ictimaiyyətlə
əlaqələr şöbəsinin
nümayəndəsi Fərinuş
Əkbərzadə bildirib. Onun sözlərinə görə, 2008-ci ildə
həmin ərazidə
bir qrup təxribatçı şəxs
müəyyən məqsədlərlə,
xüsusi ustalıqla hazırlanmış sandığın
içərisində mumiyalanmış
müqəvva basdırıb.
Həmin
qızılı rəngli
sandıq və mumiya İran arxeoloqları tərəfindən
aşkar edilərək
götürülüb. Araşdırma nəticəsində mumiyanın insan cəsədi deyil, müqəvva olduğu müəyyənləşdirilib, sandığı ərazidə
basdıranlar isə
polis təhqiqatı nəticəsində
tutularaq cinayət məsuliyyətinə cəlb
edilib. F.Əkbərzadə hazırda
həmin şəxslərin həbsdə olduğunu
deyib.
Qeyd edək ki, İranın müxtəlif mənbələri
bu məsələ ilə bağlı hələ bir neçə il
əvvəl müxtəlif
məlumatlar və mumiyalanmış padşahın
fotosunu yayıb.
www.blogfa.com internet qəzetinin yaydığı məlumatda
bildirilir ki, hələ 2008-ci ilin yanvar ayının əvvəlində İranın
Antik Araşdırmalar
İnstitutunun rəhbəri
Həsən Fazili bildirib ki, səddin
yaxınlığında 5 arxeoloji qrup araşdırma işləri
aparmaqla məşğuldur.
O, Xudafərin Su Anbarı
yaxınlığında aparılan
qazıntılar zamanı
mumiyalanmış insan
cəsədinin tapıldığını
təkzib edib və bunu şayiə
adlandırıb.
2008-ci il dekabr ayının axırlarında isə H.
Fazili "Fars" xəbər
agentliyinə bildirib ki, İran regionunda
yaşayan əhali, xüsusilə də Azərbaycan xalqı qədim dövrlərdən
tək Allahlığa
inanıb. Onlar heç vaxt
dəfn edilərkən
mumiyalanmayıblar. Elə həmin
tarixdə İranın
Şərqi Azərbaycan
vilayətinin Mədəni
İrsin Qorunması İdarəsinin rəhbəri
Turab Məhəmmədi
də Şərqi Azərbaycan vilayətinin tarixi ərazisi olan Xudafərində mumiyalanmış cəsədin
aşkarlandığını təsdiqləməyib.
Amma 2008-ci ilin dekabr ayının son 10 günlüyündə www.milliharakat.com saytı İran milli hərəkat təşkilatının rəhbərlərindən
olan Əlirza Fərşi Şərqi Azərbaycan vilayətinin Arazbaran qəsəbəsinə
aid olan Araz çayının kənarında,
eləcə də tarixi Xudafər məntəqəsində yerləşən
qədim Şuceyli kəndinin köhnə qəbiristanlığında qızıl
sandıqda tapılan mumiyalanmış padşahın
cəsədinin həqiqət
olduğunu bildirib. O, həmin cəsədin Şərqi Azərbaycan Vilayətinin Milli İrsin Qorunması İdarəsinin işçiləri
tərəfindən aparıldığını
və bu barədə mətbuata məlumat verilmədiyini deyib.
Ə.Fərşinin sözlərinə görə, yaşı
3500-4000-yə çatan bu
padşahın əlində
böyük bir qılınc olub və o, yanında bir öküzlə aşkarlanıb. Ə. Fərşi əlavə
edib ki, bu, birinci və
axırıncı tapıntı
deyil. Araz çayı sahillərində,
xüsusən də Xudafərin məntəqəsinin
dağılmış qədim
kəndlərində bu
kimi tapıntılar çox olub və bundan sonra da güman
ki, olacaq.
APA-nın əməkdaşı
ilə söhbətdə
həmin hadisənin canlı şahidi olmuş yerli sakin belə bir mumiyanın tapıldığını təsdiqləyib. Adının çəkilməsini istəməyən
həmin şəxs mumiyanın tapıldığı ərazinin
yaxınlığındakı kəndlərin əhalisinin də
bu mənzərənin şahidi
olduğu bildirib. Mumiya elə tapıldığı yerdə video lentə də çəkilib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Nailə Vəlixanlı
isə APA-ya bildirib ki, onlar
mumiyalandığı deyən
padşahın yalnız
şəkilini görüblər. Həmin şəkil vasitəsilə də
padşahın sinəsində yerləşdirilmiş lövhədəki
yazıları oxumağa
çalışıblar: "Həmin yazı mixi yazısına oxşadılır. Amma mixi yazılarını
oxuyan mütəxəssislərimiz də bu yazıdan anlaşıqlı bir şey oxuya
bilməyiblər. Mixi yazısını çox gözəl oxuyan
Solmaz Qaşqay da bu yazını oxuyanda dedi ki,
burada mənalı, anlaşıqlı bir fikir alınmır. Bu yazıya bizim
arxeoloqlarımız, tarixçilərimiz də baxıb,
müzakirələr də aparıblar. Ümumiyyətlə, bu mumiya çox
müəmmalıdır. Onun həqiqət
olub-olmadığı bilinmir, heç kəs də mumiyanın
tapıldığını dəqiq təsdiqləmir. Xəbəri
şayiə formasında yaymaqla, heç kimin boynuna heç nə qoymaq olmaz. Əgər
mumiyanın tapıldığını iddia
edən şəxslər varsa, onlar çəkinmədən üzə
çıxsınlar və açıq-aydın müsahibə
versinlər ki, hadisə necə olub. Onda bu
hadisənin dalınca düşmək olar".
N.Vəlixanlı deyib ki,
həmin yazının
oxunması üçün
AMEA tərəfindən bundan
sonra hər hansı səylərin göstərilməsi nəzərdə
tutulmur: "Çünki
real olmayan hadisəni şəkil əsasında
sübuta yetirmək olmaz". Şəklə müdaxilələrin
də ola biləcəyini istisna
etməyən AMEA rəsmisi onun düzəltmə
ola biləcəyini də mümkün
sayır: "İndi kompüter
əsridir, nə istəsən düzəltmək olar. Bu şəkil qurama da ola
bilər. Bunun həqiqət, ya da qurama
olduğu barədə indiyədək dəqiq
fikir söylənilmir. Bu
mumiya elə bil ki, hər hansı bir
muzeydən götürülüb.
Tapıntıya bir o qədər
də oxşamır".
Ekspress.- 2010.- 27 avqust.- S. 9.