Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
(əvvəli ötən
şənbə saylarımızda)
Azərbaycanda ötən əsrin ən
qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Tapşırığa dərhal
riayət edilmiş, 1950-ci il avqustun 11-də keçirilmiş
MK Bürosunun qərarı ilə M.C.Bağırovun
imzaladığı qərarla partiyadan çıxarılaraq
cinayət məsuliyyətinə alınmış Mixail
Abramyants yeni partiya bileti almışdır.
Azərbaycan Respublikası
İşlər İdarəsi Siyasi Sənədlər Arxivində
Abramyantsın köhnə partiya biletinə dair maraqlı qeydlər
vardır. 1935-ci ilin dekabrında Əlibayramlı rayon partiya
komitəsinin birinci katibi İmadi yoldaşın Azərbaycan
K(b)P MK-ya ünvanladığı məktubda oxuyuruq:
"Abramyants Mixail Qriqoryeviçin partiya sənədlərini
yoxlayarkən aşağıdakı qüsurlar müəyyən
edilmişdir:
a) Partiya biletində soyadı
"Qriqoryeviç" əvəzinə "Qriqoryev"
yazılmışdır. Şəxsi imza və fotoşəkil
yoxdur. Anketinin türkcə mətni doldurulmamışdır.
b) Uçot vərəqində
yalnız il qeyd edilmişdir, ay və gün göstərilməmişdir.
Abramyants Əlibayramlı
(Qaraçala) rayonu Şirvan sovxozları qrupu partiya təşkilatının
uçotundadır. 1935-ci ilin may ayından partiya üzvlük
haqqını ödəmir, yığıncaqlarda iştirak
etmir, rayonumuzdan özbaşına çıxıb
getmişdir.
Azərbaycan K(b)P Əlibayramlı
rayon partiya komitəsinin 19 sentyabr 1935-ci il tarixli (protokol N40) qərarı
ilə Abramyants Mixail Qriqoryeviç dezertirliyinə, partiya həyatından
ayrı düşdüyünə və üzvlük
haqqı ödəmədiyinə görə partiya
sıralarından xaric edilmiş və partiya bileti əlindən
alınmışdır".
Fərarilik edən Abramyants sonralar
Moskvadakı havadarlarının köməyilə SSRİ
Ticarət Bankının Azərbaycan Kontorunda işə
düzəlmişdir. Burada o, baş inkassator vəzifəsinədək
yüksəlmişdir... və 1949-cu ildə cinayət hərəkətlərinə
görə Kontorun rəisi İsrafil Atakişiyev tərəfindən
işdən kənarlaşıdırılmış və məhkəməyə
verilmişdir. Müəyyən edilmişdir ki, Abramyants
möhtəkirlərlə əlbir olaraq 30 min manat dövlət
pulunu mənimsəmişdir. O zaman M.C.Bağırov
İ.Atakişiyevi müdafiə etdiyindən, nə
Tarunyanın, nə də Mikoyanın İ.Atakişiyevə
gücü çatmışdır. 1956-cı ildə isə
daşnak fırıldaqçı yenidən kommunist
olmuşdur.
Respublikamızın bir sıra
şəhər və rayonlarında yurd salmış və
Mir Cəfər Bağırovun vaxtında haqlı olaraq cəzalandırılmış
digər daşnaklar da 1956-cı il mayın 22-də Mərkəzi
Komitənin Bürosundan şad-xürrəm
çıxmışlar.
Baqdasarov Arşak Baqdasaroviç
(Kürdəmir rayonu) - 1908-ci ildə anadan olmuşdur, erməni,
fəhlə, ali təhsilli, 1930-cu ildə partiyaya qəbul
edilmişdir. Partiya məsuliyyətinə cəlb olunduğu
vaxt Daxili İşlər Xalq Komissarlığının
Xüsusi şöbəsinin 508-ci batalyonunda işləmişdir.
Hazırda Azərbaycan Şəhər və Kənd
İnşaat Trestinin Kürdəmirdəki 4 nömrəli
tikinti idarəsinin baş mühəndisidir.
SSRİ Daxili İşlər Xalq
Komissarlığı Qafqaz cəbhəsinin 1942-ci il 12 yanvar və
Qafqaz Cəbhəsi Siyasi İdarəsi yanında Partiya
Komissiyasının 1942-ci il 20 yanvar tarixli qərarları ilə
Baqdasarov xarici ölkəyə ezamiyyət zamanı ləyaqətsiz
davranışına görə partiya sıralarından
çıxarılmışdır. Bu qərarı Sov.
İKP MK yanında Partiya Nəzarəti Komissiyası 1945-ci il
18 yanvar və 13 aprel tarixli, 1947-ci il 24 oktyabr tarixli və
1950-ci il 24 yanvar tarixli qərarları ilə təsdiq
etmişdir.
Sov. İKP MK yanında Partiya Nəzarəti
Komitəsi Baqdasarovun partiyanın XIX qurultayına apellyasiya ərizəsinə
baxaraq, 1953-cü ilin yanvarın 30-da onun partiya sıralarına
bərpa olunması xahişini rədd etmişdir.
Baqdasarov Sov. İKP-nin XX
qurultayına da eyni məzmunlu məktubla müraciət
etmişdir. Baqdasarovun müraciətinə Sov. İKP
MK-nın 1956-cı il 11 aprel tarixli "Sov. İKP-nin XX
qurultayına apellyasiya ərizələrinə baxılması
qaydası haqqında" qərarına müvafiq nəzərdən
keçirilir. İş üzrə materiallardan aydın olur
ki, Baqdasarov 1941-1942-ci illərdə İranda Daxili İşlər
Xalq Komissarlığı Xüsusi İdarəsinin əməliyyat
müvəkkili kimi ezamiyyətdə olarkən, Təbriz şəhərində
əvvəllər SSRİ-dən sürgün edilmiş
İran vətəndaşları ilə yaxın əlaqə
saxlamış, qohumu S.Tumanyanın evində qonaq
qalmışdır.
Yazılı ərizə və
izahatlarında Baqdasarov ona qarşı sürülən
ittihamları inkar etmir. Göstərir ki, həqiqətən
İranda olarkən S.Tumanyanın qonağı olmuşdur.
Bundan əlavə, İran tacirinin arvadı Jana ilə
tanış olmuş, ərinin mağazasında dəfələrlə
görüşmüşdür. Qadının xahişi ilə
Yerevandan ətriyyat, süfrə, gitara alaraq ona hədiyyə
etmişdir. Baqdasarov İranda olarkən əvvəllər
onunla birlikdə Bakıda işləmiş İran vətəndaşından
hədiyyə olaraq iki kitab almışdır. Hədiyyə
mübadiləsini, Tumanyanın mənzilinə təşrif
aparmasını Baqdasarov "Sovet zabitlərinin ləyaqət
rəmzi" kimi qiymətləndirir.
Baqdasarov günahlarını etiraf
edir, ancaq belə hesab edir ki, onu çox ciddi cəzalandırmışlar.
Xahiş edir ki, partiyaya bərpa olunsun və ona əməli
işdə özünü doğrultmağa imkan
yaradılsın.
Qeyd olunmalıdır ki, Baqdasarov
partiya sıralarından çıxarıldıqdan sonra
Böyük Vətən Müharibəsi cəbhələrində
ləyaqətlə döyüşmüşdür.
"Qırmızı Ulduz" ordeni, "Berlinin
alınması uğrunda", "Praqanın azad edilməsi
uğrunda", "Qafqazın müdafiəsinə görə"
və "1941-1945-ci illərdə Böyük Vətən
müharibəsində Almaniya üzərində qələbəyə
görə" medalları ilə təltif olunmuşdur.
Hal-hazırda iş yerində Baqdasarov
müsbət xarakterizə edilir. Apellyasiya müzakirə
olunarkən Baqdasarov Partiya Komissiyasının iclasında və
Azərbaycan KP MK Bürosunda iştirak etmişdir.
Partiya Komitəsinin təklifi:
Baqdasarov Sov. İKP üzvlüyünə bərpa olunsun.
Qərara alındı: Baqdasarov 1942-ci
ildə partiya sıralarından düzgün xaric edilsə də,
öz səhvlərini səmimi surətdə etiraf etməsini,
Böyük Vətən müharibəsində
iştirakını, müsbət xidməti və partiya xasiyyətnamələrini
nəzərə alaraq partiya sıralarına bərpa edilsin.
Azərbaycan KP Kürdəmir rayon
komitəsinə tapşırılsın ki, Baqdasarova yeni
partiya bileti təqdim etsin.
Bəli, 1942-ci ilin yanvarında Mir Cəfər
Bağırovun imzaladığı qərarla cəzalandırılmış
daşnak mələk donunda Kürdəmirdə
qarşılanmışdı, tumanyanlar təzə don
geyinmişlər...
Azərbaycan KP MK-nın 1956-cı
il mayın 22-də keçirilmiş büro iclasında
yalnız bir nəfərin Sov. İKP-nin XX qurultayına
apellyasiya müraciət rədd edilmişdir. Tanış olun:
Bağırov Seyidməmməd
Mirağa oğlu (Quba rayonu) - 1944-cü il may ayından Sov.
İKP üzvü olmuşdur, partiya bileti N 5242771 (ləğv
edilmişdir), 1914-cü ildə anadan olmuş, azərbaycanlıdır,
qulluqçudur, natamam orta savadlıdır.
Quba şəhərindəki
"Kommunizm yolu" kolxozunda atlı keşikçi işləyir.
Əvvəllər Azərbaycan Ticarət Nazirliyinin Quba
şöbəsinin müdiri vəzifəsində
çalışmışdır.
Azərbaycan KP Quba rayon partiya komitəsinin
1954-cü il 24 may və Azərbaycan KP MK Bürosunun
1954-cü il 10 sentyabr tarixli qərarları ilə işdə
qohumbazlığa və dostbazlığa yol verdiyinə, doqquz
il müddətində elektrik enerjisi və sudan istifadə
haqqını ödəmədiyinə görə
Bağırov Sov. İKP sıralarından kənarlaşdırılmışdır.
1955-ci il dekabrın 21-də Sov.
İKP MK-nın yanında Partiya Nəzarəti Komitəsi Azərbaycan
KP MK Bürosunun Bağırovun partiya üzvlüyündən
xaric olunmasına dair qərarını təsdiq etmişdir.
Bağırov Sov. İKP-nin XX
qurultayına apellyasiya ərizəsi yazmışdır.
Bağırovun məsələsi Sov. İKP MK-nın
1956-cı il 11 aprel tarixli "Sov. İKP-nin XX qurultayına
apellyasiya müraciətlərinə baxılması qaydası
barədə" qərarına uyğun müzakirəyə
qoyulur.
Materiallardan göründüyü
kimi, Bağırov Azərbaycan Ticarət Nazirliyinin Quba
Şöbəsinin müdiri vəzifəsində işləyərkən,
kadrların işə qəbul olunmasında partiya prinsiplərini
pozmuş, qohumlarını, tanışlarını işə
götürmüş, kollektiv üzvlərinə kobud
münasibət göstərmişdir. Ayrı-ayrı əməkdaşlar
heç bir səbəb olmadan işdən kənarlaşdırılmışdır.
Bəzi hallarda Bağırov sovet ticarəti qaydalarına riayət
etməyənləri işdən azad etsə də, onları
həqiqətdə müdafiə etmiş və digər
mağazalarda işləmələrinə himayədarlıq
etmişdir.
Azərbaycan Ticarət Nazirliyi Quba
şöbəsinin yarıtmaz fəaliyyəti barədə
Quba rayon partiya konfransında da
danışılmışdır.
Dayısı - Azərbaycan KP
MK-nın keçmiş katibi M.C.Bağırovun adından
sui-istifadə edərək, 1945-ci ildən 1954-cü ilədək
elektrik enerjisindən və digər kommunal xidmətindən
istifadə haqqını ödəməmiş, nəticədə
59 min 315 manat məbləğində borcu olduğuna görə
məsuliyyətə cəlb olunmuşdur. Quba rayon
prokurorluğu Bağırova qarşı yalnız 1951, 1952 və
1953-cü illər üçün 8 min 834 manat 40 qəpik məbləğində
pulu ödəməyə dair iddia qaldırmış,
1945-1950-ci illərdə yığılıb qalmış məbləğin
isə vaxtı keçdiyinə görə nəzərə
almamışdır.
Quba rayon xalq məhkəməsi
1955-ci il iyul ayının 5-də işə baxmış,
Bağırovdan 8 min 834 manat 40 qəpik pulun kommunal təsərrüfatı
idarəsinin hesabına və 6430 manatın isə dövlət
hesabına rüsum keçirilməsi barədə hökm
çıxarmışdır.
Azərbaycan SSR Ali Məhkəməsi
1955-ci il avqustun 15-də Quba rayon xalq məhkəməsinin qərarını
təsdiq edərək, Bağırovdan 4.417 manat məbləğində
pul tutulmasını lazım hesab etmişdir. Yalnız bu qərardan
sonra Bağırov göstərilən məbləği
tamamilə ödəmişdir.
Bağırov vəzifəsindən
çıxarıldıqdan sonra heç yerdə işləməmiş
və ona təklif olunan iş yerlərindən imtina
etmişdir.
Bağırov özünü
qeyri-səmimi aparır, ona qarşı irəli
sürülmüş məhkəmə qərarlarını
inkar edir və bəyan edir ki, 1953-cü ilədək elektrik
enerjisi xərclərini ödəmiş, qəbzləri
saxlamamışdır. Bağırovun dediklərini iş
materialları tamamilə ifşa edir.
Bağırov işinə
baxılarkən Partiya Komissiyasının iclasında və Azərbaycan
KP MK Bürosunda iştirak etmişdir.
Partiya Komissiyasının təklifi:
Bağırovun partiyaya bərpa olunması xahişi rədd
edilsin.
Qərara alındı:
Bağırov Seyidməmməd Mirağa oğlunun Sov. İKP
üzvlüyünə bərpa olunmasına aid ərizəsi
rədd edilsin, kadrların seçilməsində partiya
prinsiplərini pozduğuna görə, Azərticarətin Quba
şöbəsinin müdiri vəzifəsində işləyərkən
yol verdiyi qüsurlara görə və uzun müddət
kommunal xidməti borcunu ödəmədiyinə görə
partiya sıralarına bərpa edilməsin.
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2010.- 28-30 avqust.- S. 14.