Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
1954-cü il avqustun 28-də
dindirilmiş Zeynal Mehrəli oğlu Əliyevin ifadəsindən:
"Bağırov çox vaxt keçmiş müsavat fəallarını
öz tərəfinə çəkir, məsul vəzifələrə
təyin edirdi. Belə
ki, Bağırovun Qazax qəzasında milis rəisi vəzifəsinə
müsavat pristavı Qiyas bəy Şıxlinskini təyin etməsi
mənim yaxşı yadımdadır. Milis rəisi işləyərkən
Şıxlinski sovet hökumətinə heç bir yardım
göstərməyib, heç bir xeyirli iş görməyib.
Bağırov Şıxlinskiyə hər cür himayədarlıq
göstərirdi. Bundan istifadə edən Şıxlinski yerli
sovet orqanları ilə hesablaşmır, yalnız
Bağırova tabe olduğunu bildirirdi. Təqribən
1930-cu ildə (M.C.Bağırov o zaman Moskvada ali partiya kursunda
oxuyurdu, sonra da ÜİK(b)P MK-da təlimatçı işləyirdi
- T.Q.) yerli hökumət cinayətkar fəaliyyətini
ifşa etməyə başlayanda Şıxlinski silahlı dəstə
ilə Türkiyəyə qaçdı".
Müsavat pristavının və
Qazax qəza milis rəisinin Türkiyədəki fəaliyyəti
barədə ilk dəfə Şəmistan Nəzirli
adını çəkdiyimiz kitabında ətraflı bəhs
etmişdir. Mir
Cəfər Bağırovun vaxtilə xilas etdiyi
müsavatçı ömrü boyu əqidəsinə
dönük çıxmamışdır. "1920-ci ildə
Qarabağ döyüşləri" kitabında oxuyuruq:
"Qiyas bəyin Türkiyədəki fəaliyyəti
haqqında məumatı hazırda İqdırda yaşayan
qardaşı oğlu Turan Həsən bəy oğlu Alqazaxdan
almışam. Turan Həsən bəy oğlu Alqazax yazır
ki, Qiyas bəy dəstəsi ilə Qarsa gəldi. Bir az sonra əmisi
oğlu İqdır, İqdır Milli Əmniyyət müfəttişi
Hüsnü Bingölün köməyi ilə İqdırda
yerləşdi. Rus-sovet hökumətinin şikayətindən
sonra Qiyas bəy və dostları Vana sürgün edildi. Van
yolunda yerləşən Kara Köşedən Qiyas bəy
Atatürkə zəng etdi. Aralarında belə bir dialoq oldu:
- Sayın Paşam, İqdırdan
sürgün edilməyimizin səbəbini bilmək istəyirəm.
Atatürk:
- Başınızın salamat
olması üçün bunu etməlisiniz.
- Paşam, ya bizi geri qaytarın,
ruslar güllələsin, ya da icazə verin, Kara Köşedə
qalaq.
Atatürk:
- Tamam. Orada qalmağınız
üçün Sizə kömək edəcəyəm.
Qiyas bəy:
- Sağ
olun, Paşam.
Atatürkün əmri ilə yerləşdirmə və
əmlak məmurları Qiyas bəyə köməyə gəldilər.
Qiyas bəy bu yardımdan imtina etdi və öz gücünə
yaşamağa üstünlük verdi.
İkinci dünya müharibəsinin
qızğın çağında, 1943-cü ildə Almaniya
və Türkiyə arasında gizli saziş imzalandı.
Bu müqaviləyə əsasən, Qiyas bəy
Şıxlinskinin başçılığı ilə
Türkiyədə yaşayan qafqaz xalqları geri
qayıdıb, Sovet İttifaqını daxildən
dağıtmaq üçün yeni bir cəbhə
açmalı idilər. Lakin Qiyas bəyin
"dostlarından" İman Bolluq adlı birisi bu məlumatları
ruslara iyirmi min lirəyə satmışdı. Qiyas bəylə mühacirlər Doğu Bəyaziddə
silahları ilə bərabər həbs edilmişdilər.
Rus hökumətinə xoş olsun deyə, Qiyas
bəy mühakimə olundu. Ona edam cəzası
kəsildi. Bu hadisədən xəbər tutan Alman hökuməti
Türk hökumətinə belə bir ultimatum verdi:
- Ya Qiyas bəy
azad olunur, ya da Türkiyəyə hücum edəcəyik!
Bundan sonra
Qiyas bəy Şıxlinskinin edam qərarı
ləğv olunur. O, Cümüxanaya sürgün edilir. Qiyas bəy 1949-cu ildə yenidən Qarsa, 1955-ci ildə
Acrıya gəlir. (Qiyas bəy hardan eşidəydi ki,
onu vaxtilə xilas etmiş M.C.Bağırov həmin il rus-daşnak bandasının əli ilə
Lefortovo zindanına salınmışdı - T.Q.) 1965-ci ildə isə Bandırmada qalmışdı.
1970-ci ildə el-oba, qohum-qardaş həsrətli
Qiyas bəy vəfat etmişdir.
Şıxlinskilər Türkiyədə ulu
babaları Alqazaxın adını soyad kimi
daşımışlar. Qiyas bəy
Ağrıda yaşayanda evlənmiş, üç oğlu,
iki qızı olmuşdur. Qiyas bəyin
övladlarından biri - Çingiz Alqazax (1938-1992) polkovnik
rütbəsində hərbi təyyarəçi kimi
şöhrət qazanmışdır". (Yuxarıda
adı çəkilən kitab. səh. 103-104)
Şəmistan Nəzirlinin "1920-ci ildə
Qarabağ döyüşləri" kitabının məziyyətlərindən
biri də budur ki, Mir Cəfər Bağırovun adı
dünyaşöhrətli sərkərdələrin taleyində
müsbət rol oynamış şəxsiyyət kimi çəkilir.
Təəssüflər olsun ki, nəşriyyatlarımız
tərəfindən buraxılmış bəzi kitablarda yenə
də üstünlük yalan və uydurmalara verilir. 2003-cü ildə "Üç nöqtə" qəzeti
2002-ci ildə "Qanun" nəşriyyatında
hazırlanıb nəşr olunmuş "Zerkalo Klara"
kitabını öz səhifələrində təkrarən
oxuculara təqdim etmişdir. "Oğru
dünyası" başlığı ilə dərc
olunmuş yazıların başlığı yanında
oxuyuruq: "Müşfiq Zeynalovun oxuculara hissə-hissə təqdim
etdiyimiz "Zerkalo Klara" əsərinin qəhrəmanı
Klara Yusifzadə müasirimizdir. Əsərin
geniş oxucu kütləsi arasında rəğbət
qazanacağına inanmaq olar. "Zerkalo Klara"
kitabını əldə etmək istəyənlər bu
telefonlara zəng etsinlər: 67-88-87, 67-79-56". Biz də bir
oxucu kimi kitabı əldə edərək oxuyuruq, 248 səhifədən
ibarət əsərin cild səhifəsində Zerkalo Klara belə
təqdim olunur: Klara Yusifzadə 1934-cü ildə Azərbaycanın
tanınmış inqilabçısı Ağababa Yusifzadənin
ailəsində dünyaya göz açıb. Cəmi
üç yaşında atası minlərlə
günahsız insanlardan biri kimi repressiya qurbanı olub. Vətən müharibəsi başlayanda qardaşları
könüllü cəbhəyə yollanandan sonra
imkansızlıqdan cinayət aləminə qoşulub. Müxtəlif vaxtlarda 7 dəfə həbs olunub,
ömrünün 32 ilini dəmir barmaqlıqlar arxasında
keçirib. Bu cəza müdətinin 31 ilini Bakıdan
uzaqlarda, ən qorxunc düşərgələrdən
sayılan KarLAQ-da, Mordovanın "Buxenvald"
adlandırılan 6-cı kolonunda, Orenburq vilayətinin
Çapligin şəhərində, Kuybışev SES-də
ölümlə göz-gözə, nəfəs-nəfəsə
olub. İki dəfə ölüm
hökmünü dinləməli olub. 1955-ci
ildə hökmün icrasına cəmi iki saat qalmış
şəxsi vəkili Boqaçov Pyotr Yakovleviçin
SSRİ-nin baş prokuroru Rudenkoya müraciətindən sonra qərar
təxirə salınıb. 1991-ci ildə
sonuncu dəfə azadlığa buraxılıb.
1996-cı ildə gözlərinin nurunu itirib və yataq "məhkumu"na çevrilib.
Sual olunur, görəsən 1956-cı ildə Mir Cəfər
Bağırova ölüm hökmü oxuyan SSRİ baş
Prokuroru R.A.Rudenko Klara Yusifzadəyə şamil olunan dəhşətli
hökmü niyə ləğv etmişdir?
Görünür, 1955-ci ildə Klara Zerkalonun vəkili
Boqaçov SSRİ baş Prokuroruna Mir Cəfər
Bağırov barəsində 2 yaşlı qızın
"şanlı məktubu"nu təqdim etimişdir. Məzmununu
əsərin qəhrəmanı
(adıçəkilən kitab, səh.8) belə
xatırlayır:
- 1937-ci ildə
Mir Cəfər Bağırov atamı günahsız yerə Vətən
xaini kimi ləkələyərək, Komiyə sürgün
etdi. Onda mənim cəmi üç
yaşım vardı. Anam
danışırdı ki, atamla Bağırovun
uşaqlığı bir yerdə keçib. Qubada ata-baba evimiz Bağırovgilin evləriylə
qonşuydu. Mən özüm də hələ
gözlərim işığını itirməzdən əvvəl
Qubadakı köhnə yurdumuzda olmuşam. Bibimgilə getmişdim. O, məni aparıb
köhnə yurd yerimizi göstərdi. Bağırovgillə
bizim evlərimizin arasında çubuqdan alçaq çəpər
vardı. Mən gedən vaxt həmin evdə
Bağırovun bacısı Seyid Xanım yaşayırdı.
Bağırov atamı həbs edərkən onun həmişə
sol cibində kiçicik qızıl qutunun içərisində
gəzdirdiyi "Quran"ı qoparıb götürüb.
Atamsa qətiyyən özünü sındırmadan deyib:
"Mir Cəfər, sən onu mənim cibimdən
götürdün, ürəyimdən ki çıxara bilməyəcəksən".
Atam Komiyə həbs düşərgəsinə
gətirildikdən sonra ürək iflicindən vəfat etməsi
xəbəri gəlib. Qardaşım bu
işlə əlaqədar çox əlləşib-vuruşdu,
axırda məlum oldu ki, atamı orada güllələyiblər.
Kim bilir, atamın başına o müsibətlər
gəlməsəydi, mən də xoşbəxt bir həyat
yaşaya bilərdim. Ancaq neyləmək olar ki,
Bağırov mənim kimi neçə min insanı bədbəxt
edib, ömrünü bada verib, neçə-neçə ailəni
başsız qoyub...
Əlbəttə, Zerkalo Klaranın həbsxanalarda
keçirdiyi həyatı məktəbyaşlı
uşaqların da marağına səbəb olmuşdu.
Bəlkə buna görədir ki, "Təhsil" nəşriyyatı
2008-ci ildə buraxdığı "Ata yurdu"nda (müəllifləri
Yaqub Mahmudlu, Rafiq Xəlilov və Sabir Ağayevdir) 5-ci sinif
şagirdləri üçün iş dəftərində
M.C.Bağırovu da "xatırlamağı"
unutmamışdır: "Tapşırıq 179. Tutaq ki, sən 1937-ci ildə Bakıda yaşayan 12-13
yaşlı uşaqsan. Gecə sən
yuxuda ikən atanı DTK-ya aparmışlar. Onu xilas etmək üçün Stalinə, yaxud M.C.Bağırova
məktub yaz".
"Ata
yurdu"nun nəşr edildiyi 2008-ci ildə 1937-ci ildəki
"12-13" yaşlılar indi səksəni
haqlamışlar və yuxuda Stalini görəndə deyirlər
ki, İosif Vissarionoviç, nə yaxşı Mir Cəfəri
Azərbaycan rəhbəri etdin, yoxsa ermənilər Qarabağı
elə 1946-cı ildə ələ keçirərdilər.
"Qanun" nəşriyyatının nəşr
etmiş olduğu kitabda da Mir Cəfər Bağırov
haqqında qarayaxmalar "Üç nöqtə"nin nöqtələr halqası kimi arxiv
fondlarında qırılıb havada qalır. Azərbaycan
Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində Klara Zerkalonun atası Ağababa Əsgər
oğlu Yusifzadənin şəxsi işi saxlanılır.
Onun öz dəsti-xəttilə yazdığı tərcümeyi-halını
oxuculara çatdırıram: "Mən, Ağababa Əsgər
oğlu Yusifzadə 1890-cı ildə Bakı qəzasının
Quba şəhərində anadan olmuşam. Təvəllüdümlə
əlaqədar qeyd edirəm ki, Qubada məktəbə gedəndə
yaşım qaydalara uyğun gəlmirdi. Anam o zamankı
şəhər mollası Molla Cəfərquluya
yaşımın 4 il azaldılması barədə
müraciət etmişdi. Sehrbaz molla uzun müddət
anamı get-gələ sala-sala təklifi bu şərtlə qəbul
edib ki, gözəllikdə tayı-bərabəri olmayan anam
onunla siğədə olsun. (Yəqin ki,
Zerkalo Klara bu göyçəklikdə nənəsinə
çəkib - T.Q.). Anam əlacsızlıqdan
bu çirkin şərtlə razılaşıb və təvəllüdüm
rəsmi "1890" yazılıb.
Atam "Şir və günəş" ölkəsinin
Ərdəbil vilayətinin Sarab əyalətindəndir və
Quba şəhərində ən yoxsul hamballardan olmuşdur.
Quba sakini Məmmədəlinin (Kosanın) qızı anam Sona
xanım Quba feodallarından Zizikskilərin, Həsənbəyovların
və başqalarının mülklərində ev qulluqçusu idi. O, varlıların evlərində
çörək yapar, pal-paltar yuyar və digər ev işləri görərdi. Bu
cür dilənçilik güzəranı ailəmizin
bütün üzvlərinə təsirini göstərdi.
Qardaşlarımdan üçü və bir
bacım - südəmər vaxtdan 3 yaşınadək
arıqlayıb çöpə döndülər və tələf
oldular. Digər qardaşqım -
altıncı sinif şagirdi 18 yaşında vərəmdən
öldü. Mənim bədbəxt anam hər
gün sübhdən feodalların evinə "iş
başına" yollanar və axşam azanına
qayıdardı, bayram günləri isə gecədən xeyli
keçmiş evə gələrdi. Acı
taleyimizlə barışan bizlər günəş
şüaları altında əriyən qar dənələri
idik. Canüzücü əmək
atamın vücudunu əydi və o, vaxtından əvvəl məzar
evinə köçdü. O zaman mənim səkkiz
yaşım vardı. Beş nəfər yetim
qalmış qardaş və bacının böyüyü
idim. Atamızdan sonra atalıq
yükünü də çəkən anamız xəstə
yatağından qalxmadı. Altıncı sinfə
keçmiş qardaşımın göz yaşlarını
saxlaya bilmirdik... Necə yaşayacağıq, təhsilimiz
yarımçıq qalacaq?
Mən ailəmizin dadına çatmaq
üçün Bakı Mədəni-Maarif Nicat Cəmiyyətinin
İdarə heyətinə üz tutdum. İdarə
Heyəti atasız-anasız qalmış mənə və
qardaşlarıma Cəmiyyətin qiraət binasında bir otaq
ayırdı, hər birimizə gündə 2 funt çörək
verildi. 1906-cı ilin yanvar ayından iyunun 1-dək biz
burada qaldıq..."
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2010.- 4-6 dekabr.- S. 15.