Səfəvi xalçaları erməni muzeyində...

 

Amma fars xalçası kimi təqdim olunur

 

Ölkəmizə aid bir çox tarixi-milli əsər Azərbaycan nefti hesabına varlanan məşhur erməni milyonçusu Kalust Gülbenktyanın Portuqaliyadakı muzeyindədir. Erməni diasporunun himayəsi və nəzarəti altında olan muzeyin içərisində hər hansı fotoya videoçəkiliş aparmaq qadağan olsa da, bu günlərdə Portuqaliyada səfərdə olarkən ANS TV-nin əməkdaşları ilk dəfə içəriyə videokamera ilə daxil olmağa müvəffəq olub.

   Muzeydə 6000 sənət əsəri var. Bu əsərlər sırasında Azərbaycana məxsus nümunələrin olub-olmaması ilə maraqlanan ANS TV-nin xüsusi müxbiri Tural Əliyev burada Azərbaycanın Səfəvilər dövlətinə məxsus 16-cı əsrə aid medalyon xalçasını və başqa bu kimi milli dəyərlərimizi aşkarlayıb: "Uzun illərdir axtarışda olan Azərbaycan Səfəvilər dövlətinə məxsus 16-cı əsrə aid medalyon xalçasını biz burada Portuqaliyanın paytaxtı Lissabonda erməni kolleksioner Gülbenktyanın muzeyində aşkarlayırıq. Bu xalçanın üzərində bu sözlər yazılıb- "Təbriz 16-cı əsr, Səfəvilər dövrü"".

   Medalyon burada Azərbaycan xalçası kimi deyil, təhrif olunaraq fars xalçası kimi təqdim olunur. Bundan başqa muzeydə böyük əksəriyyəti Səfəvilər dövrünə aid olan bir çox miniatürlər və vaxtilə saraylarda saxlanılan nadir kitablar da var. 1536-37-ci illərə məxsus Sədinin "GülüstanBustan" əsəri, 1540-41-ci illərə məxsus Hafizin divanının orijinalları burada erməni kolleksiyaçının muzeyində aşkarlanıb.

   Muzey əməkdaşlarının verdiyi məlumata görə, neftdən götürdüyü gəlir faizi ilə "Cənab yüzdə beş" ləqəbi ilə tanınan Kalust Gülbenktyan Osmanlı imperatorluğu dövründə, 1869-cu ildə İstanbulda doğulub, sonradan Qərbi Avropa ölkələrində yaşayıb, Londonda kral kollecində mühəndislik üzrə təhsil alıb, 22 yaşında 1891-ci ildə 1 il neft Bakısında olub.

   Muzeyin direktor müavini Nuno Vassallo Silva erməni milyonçunun Bakı nefti hesabına varlandığını deyib: "Bakıya Transqafqaz səfərinə çıxır. Bakı neft yataqlarında olur, bununla bağlı geniş məqalələr yazır. Bundan sonra bir neçə böyük neft şirkətlərinin yaradılmasında rolu olur və sərvətini bu yolla artırır. Cənab Gülbenkyan hər zaman deyərdi ki, hər şeyin ən yaxşısı mənim üçün kifayətdir. Ona görə ən yaxşı nümunələri kolleksiyasına toplayıb".

   Burada saxlanılan nümunələrin qiyməti yoxdur. Mütəxxəssislər onlara dəyər qoya bilmir. Türkiyəli tədqiqatçıların araşdırmaları üzə çıxarıb ki, 1917-ci ildə çar Rusiyası devrilən zaman Gülbenkyan hakimiyyəti ələ keçirən bolşeviklərin əli ilə Rusiyanın muzeylərindən külli miqdarda sənət əsərini satın alıb. Əlbəttə ki, o dövrdə Azərbaycan da çar Rusiyasının tərkibində olub. Maraqlıdır ki, Gülbenkyanın şəxsi arxivi indiyədək gizli saxlanılır. Onun ortada olan kolleksiyasının içərisində isə Qədim Misirdən tutmuş, Şərq ölkələrinə, Osmanlı Türkiyəsinə, Çinə, Yaponiyaya qədər gedib çıxan tarixi sənət əsərləri var.

   Muzeydə böyük bir zal bütövlükdə Azərbaycana aid əsərlərə ayrılıb. Bu zal 16-cı əsr Azərbaycan Səfəvilər dövlətinə məxsus kolleksiyalarla doludur.

   Azərbaycanlı tarixçi alimlər hesab edir ki, bu nümunələrə Azərbaycan sahib çıxmalıdır. Bununla bağlı təxirəsalınmaz araşdırılmalara başlanılmalıdır. "Bu materialların bilavasitə Azərbaycanla bağlılığı heç bir şübhə doğurmur. Təqdim olunan materialların sənətşünaslıq baxımından, tarixi baxımından öyrənilməsinə, tədqiqinə, onun əlimizdə olan digər materiallarla müqayisələrinin aparılmasına çox böyük ehtiyac var" - deyə tarixçi ekspert Kərim Şükürov bildirio.

   Erməni kolleksionerin muzeyinin Lissabonda olmasının səbəbinə gəlincə isə, bu, Gülbenktyanın 1942-ci ildə faşistlərin Fransanı tutmasından sonra oradan qaçaraq ömrünün sonuna, 1953-cü ilə qədər sərvətini Portuqaliyaya yerləşdirməsi ilə bağlıdır. Gülbenkyanın adını daşıyan fond isə bu gün erməni diasporunun əsas dayağı hesab olunur. Muzeydə saxlanılan Azərbaycana məxsus bu sənət əsərlərinə sahib çıxmasaq, bu dayaq hələ bizi çox dayaqdan məhrum edəcək.

 

Ekspress.- 2010.- 3 dekabr.- S. 13.