Gürcüstanda Firəngiz Əlizadənin konserti keçirildi
Gürcüstan Milli Musiqi Mərkəzində
(GMMM) Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
xalq artisti Firəngiz
Əlizadənin müəllif konserti olub.
Konsertin təşəbbüskarı
və təşkilatçısı, GMMM-in direktoru Niko
Mimonişvili çıxış edərək bəstəkarın
yaradıcılığı barədə
iştirakçılara məlumat verib.
Tədbirdə bəstəkarın
fəaliyyətinə həsr olunan, Parisdə çəkilmiş
klip nümayiş etdirilib.
Daha sonra Firəngiz Əlizadənin
əsərləri səsləndirilib. Tədbirdə Türkiyə,
Yaponiya, Azərbaycan və digər ölkələrin
Gürcüstandakı səfirləri, Gürcüstan
ictimaiyyətinin nümayəndələri, bəstəkarlar, gürcü və azərbaycanlı
ziyalılar, incəsənət xadimləri iştirak
ediblər.
Müəllif konserti iki
bölümdə baş tutub.
Tədbir zamanı Tiflisdə fəaliyyət
göstərən Mirzə Fətəli Axundov adına Mədəniyyət
Muzeyi tərəfindən Azərbaycan incəsənət
nümunələrini əks etdirən sərgi təşkil
edilib.
F.Əlizadə jurnalistlərə
açıqlamasında bildirib ki, Gürcüstana səfəri
zamanı bir çox görüşlər keçirib:
"Gürcüstan ictimaiyyəti məni çox
yaxşı qarşıladı. Mənim Gürcüstan
Bəstəkarlar İttifaqında, konservatoriyada
və onun muzeyində bir
sıra görüşlərim olub. Gürcü ictimaiyyəti məni çoxdan tanıyır. Mənim üçün önəmlisi odur ki, musiqilərimi
tamaşaçılar qəbul etsinlər.
Düşünürəm ki, onlar əsərlərimi qəbul etdilər.
Gürcüstan bəstəkarları
ilə çox yaxşı münasibətlərimiz var. Gürcüstanın
ən məşhur bəstəkarı Giya
Kançeli ilə Berlində və
İsveçdə birgə konsertlər vermişik.
Gürcüstanla həmişə qardaş münasibətlərimiz olub. Bizim musiqimiz
onlar tərəfdən ifa
olunub, onların musiqiləri də bizim tərəfimizdən. Bizim
çox böyük dostluq əlaqələrimiz, həm də
yaradıcılıq əlaqələrimiz davam
edir. Musiqi bizim xalqları möhkəm tellərlə
birləşdirir".
AYXAN
Ekspress.- 2010.- 7 dekabr.- S. 14.