Qara Qarayevə həsr olunmuş
müsabiqə başladı
Dünən
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pianoçuların Qara Qarayev adına I Beynəlxalq
elmi-ifaçılıq müsabiqəsi və
pianoçuların "Fortepiano Qara Qarayev
yaradıcılığında" I Beynəlxalq
elmi-ifaçılıq konfransına start
verilib. Tədbirlər Bakı Musiqi Akademiyasının 90 və
akademiyanın orta ixtisas
musiqi məktəb-studiyasının 30
illiyinə həsr olunub.
Açılış mərasimində
çıxış edən BMA-nın rektoru, xalq artisti Fərhad
Bədəlbəyli bildirib ki, müsabiqə və
konfransın 2010-cu ili Mədəniyyətlərin beynəlxalq
yaxınlaşması ili elan edən UNESCO-nun himayəsi
altında keçirilməsi ilə əlaqədar olaraq
müsabiqənin şərtlərindən biri
iştirakçılar tərəfindən Qara Qarayevin əsərləri
ilə yanaşı öz ölkələrinin əsərlərini
də ifa etmələridir.
Mərasimində, həmçinin,
BMA-nın dosenti Mədinə Tuayevanın ssenarisi əsasında
çəkilən "Söz və Musiqi" filmi də
nümayiş etdirilib. Film BMA-da işlənib-hazırlanan
elmi-ifaçılıq müsabiqəsi və konfransların
tarixini əks etdirib.
Bu irimiqyaslı layihənin müəllifi,
Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq
doktoru, professor Tərlan Seyidov çıxışında
vurğulayıb ki, iştirakçılar arasında beynəlxalq
müsabiqələrin qaliblərinin və milli
mükafatların sahiblərinin olması keçiriləcək
müsabiqənin yüksək səviyyəli olmasından xəbər
verir: "Müsabiqənin müsbət cəhəti isə
ABŞ, Rusiya, Gürcüstan, Türkiyə,
Qırğızıstan, Küveyt, Tatarıstan, Özbəkistan
və Türkmənistandan olan pianoçular sayəsində Qara
Qarayevin fortepiano musiqisinin interpretatorları və tədqiqatçılarının
sayının artması olacaq".
Qeyd edək ki, dekabrın 6-dan 10-a
qədər davam edəcək müsabiqə və konfrans
Bakı Musiqi Akademiyasının Qara Qarayev adına
Böyük zalında və konfrans zalında keçiriləcək.
Birinci qrup iştirakçılar üçün 10-16 yaş
həddi, ikinci qrup üçün 17-30 yaş həddi müəyyən
olunub.
Qaliblərin elan olunması və
mükafatlandırılması isə dekabrın 10-da baş
tutacaq.
AYXAN
Ekspress.- 2010.- 7 dekabr.- S. 14.