Sabit Rəhmanın 100 illiyi qeyd edildi

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dünən M.F.Axundov adına Milli Kitabxanada görkəmli satirik Sabit Rəhmanın 100 illiyi münasibəti ilə yubiley tədbiri, həmçinin, Bədirxan Əhmədovun "Sabit Rəhman 100. Bibloqrafiya" kitabının təqdimat mərasimi keçirilib.

   Tədbirdə Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, xalq yazıçısı Çingiz Abdullayev, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova, kinoşünas Aydın Kazımzadə, S.Rəhmanın nəvəsi, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova və başqaları iştirak ediblər.

   Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq Sabit Rəhman yaradıcılığından söz açıb, onun dünyaca məşhur "Arşın mal alan", "O olmasın, bu olsun", "Əhməd haradadır?" və bir sıra musiqili komediyaların ssenarilərinin, "Yeddi gözəl" baletinin isə librettosunun müəllifi olduğunu qeyd edib.

   S.Rəhmanı komediya janrının ustadı kimi xarakterizə edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev onun yazıçı-dramaturq kimi əvəzsiz xidmətlərindən bəhs edib.

   Ə.Vəliyev, həmçinin, Bədirxan Əhmədovun yenicə çapdan çıxan "Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı" kitabı haqqında da ətraflı danışıb.

   Xalq artisti Amaliya Pənahova vurğulayıb ki, Sabit Rəhmanın səhnə əsərlərində cəmiyyətə yad olan hər cür tiplər və naqisliklər gülüş hədəfinə çevrilərək kəskin tənqid atəşinə tutulub.

   Yubileydə çıxış edən xalq artisti İlham Namiq Kamal bildirib ki, Azərbaycan Sovet komediyasının yaranması yüksəlişi Sabit Rəhmanın adı fəaliyyəti ilə bağlıdır: "O, XX əsr Azərbaycan ədəbiyyatında yeganə yazıçıdır ki, özünün dramaturji yaradıcılığını tamamilə komediya janrına həsr edib. Sabit Rəhmanın komediyalarından söhbət açmaq müəyyən mənada elə Azərbaycan Sovet ədəbiyyatında komediya janrının təşəkkül təkamülündən bəhs etməkdir".

   Tədbirin sonunda Sabit Rəhmanın kitablarından, tərcümə etdiyi əsərlərdən özünün həyat yaradıcılığını əks etdirən kitablardan ibarət geniş sərgi tədbir iştirakçılarına təqdim olunub.

  

Ayxan

 

Ekspress.- 2010.- 8 dekabr.- S.23.