Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(Klara Zerkalonun atası Ağababa
Əsgər oğlu Yusifzadənin tərcümeyi-halının
davamı)
"... Mən ailəmizin
dadına çatmaq üçün
Bakı Mədəni-Maarif Nicat Cəmiyyətinin
İdarə heyətinə üz tutdum. İdarə Heyəti atasız-anasız
qalmış mənə və qardaşlarıma Cəmiyyətin
qiraət binasında bir otaq
ayırdı, hər birimizə gündə 2 funt
çörək verildi. 1906-cı ilin yanvar ayından iyunun 1-dək biz burada qaldıq və vətəndaş
İsabəy Aşurbəyovun ayda 5 manat məbləğində təqaüdünü
aldıq. Həmin ilin iyun
ayında məktəbi bitirərək attestat
aldım və müəllimliyə imtahan
verdim. Mənə dərs deyən və
ağır şəraitimlə maraqlanan Hənifə
Terequlov Prokofi Caparidze yoldaşdan xahiş etdi ki, neft sənayesi fəhlələri
İttifaqının türk bölməsinin
katibi kimi işləməyimə
kömək etsin. Belə də oldu.
Siyasi fəaliyyətimin
başlanğıcı
Alekseyev məktəbinin 5-ci sinfində oxuyarkən, 1905-ci il yanvar ayında Bakıda
erməni-müsəlman qırğını başlandı. Bu vaxt məktəbimizdə
rus dili müəllimimiz
Hənifə Terequlov gizli
fəaliyyət göstərən dərnək təşkil etmişdi, dərnəyin sədri mən seçilmişdim. Məşğələlərə
tez-tez Prokofi Caparidze yoldaş gəlirdi.
Neft sənayesi fəhlələri
ittifaqının türk bölməsinin katibi təyin olunmuşdular.
İlk gündən "Hümmət"
türk bolşevik təşkilatı
rayon komitəsinin katibi
seçildim. "Hümmət"
partiyası sıralarına məni Həmid Sultanov,
Alyoşa Caparidze, Stepan Şaumyan, İbrahim Əbilov, Məmməd Məmmədyarov
zəmanət vermişdilər. Balaxanı fəhlələri
arasında yeganə savadlı işçi
kimi bütün gizli fəaliyyət sahələrinə aid məlumatları mən
hazırlayırdım. Çap olunub yayılan vərəqələrin tərcüməçisi
də özüm idim".
Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində
Ağababa Yusifzadənin
siyasi fəaliyyətinin
sonrakı dövrlərinə
aid materiallar da vardır. O, 1911-16-cı illərdə
Şamaxı və Quba qəzalarında
müəllim işləmiş azərbaycanlı
qadınlardan ibarət ilk sosial-demokrat
dərnəyinin təşəbbüskarı və təşkilatçısı
olmuşdur. A.Yusifzadə Alyoşa
Caparidze ilə birlikdə Bakı bolşevik təşkilatından Rusiya Sosial-Demokrat Fəhlə
(bolşevik) Partiyasının 1917-ci il avqustun 8-də Petroqradda keçirilən qurultayına
nümayəndə seçilmişdir.
Azərbaycanda Sovet Hakimiyyəti
illərində Ağababa
Yusifzadə Bakı qəzası inqilab komitəsinin sədri, Bakı və Şamaxı qəzalarında
banditizmə və əksinqilaba qarşı fövqəladə komissar,
"Kommunist" qəzetinin
redaktoru, Naxçıvan
MSSR Ali Məhkəməsinin sədri və digər vəzifələrdə
çalışmışdır.
Azərbaycan Sovet Ensiklopediyasının
1981-ci ildə nəşr
olunmuş 5-ci cildində
(səh. 183) "Yusifzadə
Ağababa Əsgər
oğlu" məqaləsində
deyildiyi kimi, o,
"AKP-nin 1-ci qurultayını
təşkil etmək
üçün müvəqqəti
Bakı qəza komitəsinin sədri olmuş, qurultayda katibliyə və MK-ya üzv seçilmişdi".
Azərbaycan Prezidenti İşlər İdarəsi Siasi Sənədlər Arxivində
Azərbaycan Kommunist firqəsi bolşeviklərinin
birinci qurultayının
protokolu ayrıca qovluqda saxlanılır.
Burada oxuyuruq: "Qurultayın birinci günü 11 fevral 1920-ci sənə. İclas
açılmamış, Mirzə Davud Hüseynovun təklifi ilə qurultay
qət edir ki, üçüncü kommunist
beynəlmiləlçiliyinə, Mərkəzi Kommunist firqəsinə, ümumrusiya
icraiyyə komitəsinə, Qırmızı Orduya,
Qırmızı Donanmaya, zəhmətkeş
orduya, qırmızı Dağıstana, Mərkəzi
işçi konfransına, Rusiya Kommunist firqəsinin Qafqaz dairəsi Komitəsinə, yoldaş Nərimanova təbriknamə göndərilsin
və əksinqilab yolunda fəda olan yoldaşların adlarına təzim üçün ayağa durulsun. Fəxri sədr intixab
olunur: Lenin, Trotski və Nərimanov yoldaşlar.
Qurultayın rəyasət heyətinə 9 nəfər intixab olunur: Viktor, Mirzə Davud, Yeqorov, Sərkis, Bünyadzadə, Qarayev, Əli Bayramov, Məmmədxanov,
Molla Rəsul. Katiblər: Yusifzadə və
Qutin. Mirzə Davud Hüseynov sədarət edir".
Tarixi təzada baxın: bir gün sonra, 1920-ci il fevralın
12-də Azərbaycan Demokratik
Respublikası Parlamentinin
124-cü ilcası keçirilmişdir.
(Bax: Azərbaycan Demokratik Respublikası (1918-1920), Parlament, Bakı, "Azərbaycan" nəşriyyatı,
1998, səh. 880-889). Parlament
iclasının gündəliyinə "Amnistiya
haqqında", Şuşa
xalçaçılıq emalatxanasının Torpaq Nazirliyinin tabeliyinə
verilməsi layihəsi barədə, "Zəngəzur hadisələrinə
dair hökumətin məlumatı" və
sair məsələlərə daxil edilmişdi. Qanuni hökumətin deputatları kimlər idi? Mir Cəfər
Bağırovun hələ Qubada müəllimlik
etdiyi illərdən adlarını eşitdiyi Məhəmməd Əmin Rəsulzadə,
Həsən bəy Ağayev, Məmməd
Bağır Şıxzamanov, Fətəli xan
Xoyski, Səmədağa Ağamalı
oğlu və başqaları, müsavat hökuməti dövründə
yaxından tanıdığı və əməkdaşlıq
etdiyi Əli bəy Zizikski,
Qazı Əhməd bəy Məhəmmədbəyov, Həmdulla
əfəndi Əfəndizadə, Heybətqulubəy Məmmədbəyli
və başqaları.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlament iclası Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında
(indiki Əlyazmalar İnstitutu), bolşeviklərin
gizli qurultayı indiki Sabir adına bağın ərazisində yerləşmiş
Fəhlə klubunda keçirilmişdi. Qurultayda 119 nümayəndə
iştirak etmişdi, Mir Cəfər Bağırovdan başqa. M.C.Bağırov daşnakların və
ruspərəstlərin yanında yox, sədaqətli
dostu Lavrenti Beriya ilə birlikdə demokratik
hakimiyyətin tərəfdarları arasında idi.
Arxivdə Azərbaycan bolşeviklərinin
birinci (gizli) qurultayında qurultayın
katibi Ağababa Yusifzadənin tərtib etdiyi siyahı ilə də tanış olmaq mümkündür. Həmin
siyahıda qurultayda 119 deyil,
116 nümayəndənin adı vardır. Siyahı əlifba
sırası ilə tərtib edilmişdir
(bax cədvələ).
Gizli qurultay nümayəndələrinin
qalanları da Bakı limanı təşkilatının, Hümmət
və Ədalət partiyalarını təmsil
edirlər. Bakı Limanı təşkilatında
qanuni ADR hakimiyyətini devirmək məqsədilə
toplaşmış ruslar, ermənilər
və onların toruna düşmüş
müsəlmanlar birləşmişdi. Hamısı Rusiya Sosial-Demoarkt Fəhlə
(bolşeviklər) Partiyasının üzvü
statusu almışdılar, bolşeviklər
1920-ci ildə Bakı limanında baza yaradaraq qanlı on birinci ordunun həmləsi
ilə bütün Azərbaycanı işğal etdilər.
Azərbaycan bolşeviklərinin birinci (gizli) qurultayının ziyalı
təbəqəsini əsasən
hümmətçilər təşkil
edirdilər.
Teyyub Qurban
Ekspress.- 2010.- 11-13
dekabr.- S. 14.