"Səni sevirəm, Bakı"

 

Jerar Depardye Bakı haqda film çəkəcək?

 

Azərbaycan Dövlət Film Fondunda Azərbaycanın kino işçilərinin dekabrın 13-dən ölkəmizdə səfərdə olan dünya şöhrətli fransız aktyoru Jerar Depardye ilə görüşü keçirilib. Qonaq Azərbaycan kinosu haqda fikirlərini görüş iştirakçıları ilə bölüşüb: "Gəldiyim nəticə odur ki, Azərbaycanda bədii filmlərin istehsalına ehtiyac var. Ölkənizdə il ərzində neçə filmin istehsal olunduğundan da xəbərsizəm. Amma burada kino sahəsində işlər görməyə çalışacağıq mən burada görmək istədiyim işlər haqqında dövlət başçısına da məlumat verdim".

   J.Depardye dünyada kino sahəsində həyata keçirilən layihələrdən, eyni zamanda, Amerikada kino sahəsinin inkişafının səbəbləri haqqında danışıb.

   Azərbaycanda bir sıra bədii filmlərin istehsalını düşündüyünü söyləyən aktyor bu layihələrə italyan, alman, eyni zamanda, fransız aktyorların cəlb olunacağını da açıqlayıb: "Azərbaycanda çəkilməsi nəzərdə tutulan Aleksandr Düma haqqında film, sözsüz ki, Fransada da nümayiş etdiriləcək. Bu cür layihələrin həyata keçirilməsi ölkə üçün vacibdir. Kino teatr, ümumiyyətlə, bütün mədəniyyət ölkənin əsas siyasəti olmalıdır. Kino ilə ölkəni bütün dünyaya tanıtmaq olar. Düşünürəm ki, Azərbaycan uzun illər Sovet rejimində yaşamasaydı, bu cür ləngimələr olmazdı".

   Məşhur aktyor görüş zamanı Azərbaycan kino işçiləri ilə əməkdaşlığa hazır olduğunu da dilə gətirib: "Mən azərbaycanlı müəlliflərin sənədlərini, məlumatlarını görmək istəyirəm. Bu məlumatlar internetdə yer alan məlumatlardan fərqli olmalıdır. Mənə internet materialı yox, sizlərin təxəyyülünüzün məhsulu lazımdır. Ümumiyyətlə, hər şeyi internetdən almaq düzgün deyil. Sözün düzü, özüm heç internetdən istifadə etmirəm, sadəcə, istifadə edənlərdən məlumatlar alıram bu məni heç qane etmir".

   Görüş zamanı o da məlum olub ki, Azərbaycanın gənc rejissorları Jerar Depardyenin Fransada hər il keçirdiyi yay məktəbində iştirak edə biləcəklər. Bunun üçün xüsusi müsabiqədən keçmək qısametrajlı film layihəsini təqdim etmək lazımdır: "10 ildir fəaliyyət göstərən yay məktəbimdə iştirakçıların öz filmlərini çəkməsi üçün bütün imkanlar yaradılır. Bu imkan artıq Azərbaycan rejissorları üçün yaradılacaq. Sadəcə, bizə layihələr təqdim etmək lazımdır".

   Aktyor daha sonra ona ünvanlanan sualları cavablandırarkən dünyaya səs salan serial şəklində çəkilən "Səni sevirəm, Nyu-York", "Səni sevirəm, Paris" silsiləsinin davamını Bakıya həsr edə biləcəyini qeyd edib. Bildirib ki, layihənin davamı olaraq "Səni sevirəm, Bakı" filmini çəkməyə çox şad olardı: "Gənc rejissorlar mənə bununla bağlı maraqlı layihələr təqdim etsələr, çox gözəl olar".

   Aktyor bu layihə üçün ABŞ Avropa ölkələrinin tanınmış aktyorlarının da cəlb olunacağına söz verib.

   Görüşdən sonra Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev dekabrın 27-də doğum gününü qeyd edəcək aktyora Azərbaycan xalçası hədiyyə edib.

   Qeyd edək ki, aktyorun Azərbaycana səfəri dekabrın 16-da başa çatacaq.

   J.Depardye dünən, həmçinin, Qəbələ rayonuna səfər edib.

   Yeri gəlmişkən, Jerar Depardye İçərişəhərlə tanış olub. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, məşhur aktyorun gəzintisi ölkəmizin ən möhtəşəm abidələrindən olan Qız Qalası ilə tanışlıqla başlayıb. Xəzər dənizinin kənarında silindrik formada tikilmiş, nadir quruluşa malik Qız Qalasının Bakının simvolu UNESCO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş abidə olduğu nəzərə çatdırılıb. Fransalı qonaq "Sıratağlı" dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki müxtəlif dövrlərə aid bədii daş-yonma sənətinin nümunələrinə tamaşa edib.

   "Buxara" karvansarasında olan aktyora bu abidənin Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verdiyi öz ilkin memarlıq quruluşunu saxladığı bildirilib. Elektromobillərlə davam edən gəzinti zamanı İçəri Şəhər, Qoşa Qala Qapıları yaxınlığındakı meydan barədə maraqlı tarixi məlumatlar qonağın diqqətinə çatdırılıb.

   Azərbaycan xalqının mədəni irsinin incisi "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıq zamanı kompleks haqqında ətraflı məlumat verilib. Kompleksə daxil olan abidələrin üzərindəki naxışlar Depardyenin xüsusi marağına səbəb olub. 2002-ci ildən fəaliyyət göstərən Miniatür Kitab Muzeyində olan qonaq muzeyin zəngin ekspozisiyası ilə tanış olub. Gəzinti zamanı aktyor, həmçinin, milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq edilib. Sonda Jerar Depardye İçərişəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini yazıb Qədim Şəhərə heyran olduğunu vurğulayıb.

  

İLTİFAT

 

Ekspress.- 2010.- 15 dekabr.- S. 23.