Yubiley festivalı başladı
Tofiq Bakıxanov- 80
Xəbər verdiyimiz kimi, Azərbaycan Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə dekabrın 22-dən 28-dək görkəmli bəstəkar Tofiq Bakıxanovun 80 illiyi münasibətilə musiqi festivalı keçiriləcək. Dünən ABİ-nin konfrans salonunda keçirilən elmi-praktik konfransla festival işə başlayıb.
Konfransda çıxış edən ABİ sədri, xalq artisti Firəngiz Əlizadə T.Bakıxanovun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan bəstəkarlıq məktəbində danılmaz xidmətləri olduğunu qeyd edib.
Sonra F.Əlizadə yubilyara Bəstəkarlar İttifaqı adından mükafat təqdim edib.
Tofiq Bakıxanov ona göstərilən bu diqqətdən razılığını dilə gətirib: "Həyatda ola-ola bir bəstəkarın adına musiqi festivalının keçirilməsi çox az insana nəsib olur. Çox sevinirəm ki, həmin sıraya mən də daxil oldum və adıma təşkil olunan musiqi festivalında özüm də iştirak edəcəyəm. 80 illik ömrümün 70 ilini bu sənətə həsr etmişəm. Çoxsaylı əsərlərin müəllifiyəm və bundan sonra da dayanmayacağam".
Konfransda "T.Bakıxanovun çoxşaxəli yaradıcılıq fəaliyyəti", "T.Bakıxanovun yaradıcılığında balet janrı", "Bakıxanovlar ədəbi-mədəni elmi fikir tarixində", "T.Bakıxanovun mahnı və romans yaradıcılığı", "T.Bakıxanovun simfonik yaradıcılığı", "T.Bakıxanovun yaradıcılığının bədii-estetik mahiyyəti" və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Sonda Tofiq Bakıxanovun həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.
Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda görkəmli tarzən Əhmədağa Bakıxanovun ailəsində anadan olub. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi olmuş Abbasqulu Ağa Bakıxanovun nəslindəndir.
T.Bakıxanov ilk musiqi təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) skripka aləti üzrə respublikanın əməkdar müəllimi M.İ.Simberovdan alıb. Sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək konservatoriyanı iki ixtisas üzrə: 1953-cü ildə skripka üzrə professor A.N.Amitonun, 1957-ci ildə bəstəkarlıq üzrə professor Qara Qarayevin sinfini bitirib.
Tələbəlik illərində Tofiq Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət simfonik orkestrində, habelə Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışıb. Onun skripka alətinə bağlılığı yaradıcılığında da öz əksini tapıb. İlk əsəri -skripka ilə fortepiano üçün yazılmış pyesdən başlayaraq çoxsaylı konsertlərədək Tofiq Bakıxanov bu alət üçün müxtəlif janrlı əsərlər yazıb.
Tofiq Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir: 7 simfoniya - o cümlədən VII- "Qarabağ harayı" simfoniyası, "Humayun", "Rahab", "Şahnaz", "Dügah" simfonik-muğamları, müxtəlif alətlər üçün 20-dək konsert, 5 simfonik poema, 20-dən artıq sonata, üvertüralar, süitalar və başqa əsərlər.
Bəstəkarın musiqili səhnə əsərləri də diqqətələyiqdir. O, "Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər" baletlərinin, habelə bəstəkar Nəriman Məmmədovla birgə yazılmış "Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir" və "Qız görüşə tələsir" komediyalarının müəllifidir. Onun xüsusilə "Xəzər balladası" baleti nəinki ölkəmizdə, habelə onun hüdudlarından uzaqlarda -Moskvada, Leninqrada, Kiyevdə müvəffəqiyyətlə tamaşaya qoyulub, hətta Parisdə keçirilən VII Beynəlxalq Festivalda uğurla qarşılanıb, Lüksemburq, Monte-Karlo, Monako şəhərlərində nümayiş etdirilib.
Bəstəkar öz yaradıcılığını pedaqoji fəaliyyətlə sıx əlaqələndirir. O, 40 ildən artıqdır ki, əvvəl A.Zeynallı adına Musiqi texnikumunda, hazırda isə Bakı Musiqi Akademiyasında müəllim kimi çalışır.
Tofiq Bakıxanovun Bakı Musiqi Akademiyasının kamera ansamblı kafedrasının professoru (1983) kimi kadrların yetişdirilməsində xüsusi rolu var.
Tofiq Bakıxanovun ictimai musiqi xadimi kimi fəaliyyəti də çox önəmlidir. O, 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının, həmçinin, bu təşkilatın İdarə Heyətinin üzvüdür.
Musiqi sahəsindəki əməyinə görə Tofiq Bakıxanov 1991-ci ildə Azərbaycan Rekspublikasının xalq artisti fəxri adına, 2000-ci ildə "Şöhrət" ordeninə layiq görülüb.
Ayxan
Ekspress.- 2010.- 23 dekabr.- S. 14.