Xalidə Hasilovanın yubileyi qeyd olundu

 

       Dünən M.F.Axundov adına Milli Kitabxanada yazıçı-dramaturq Xalidə Hasilovanın anadan olmasının 90 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. Tədbirdə bir çox tanınmış ziyalılar iştirak edib.

      Yubileydə əvvəlcə "Heydər Əliyev və qadınlar" adlı qısa film nümayiş olunub. Daha sonra isə tədbiri kitabxananın direktoru Tahir Kərimov açaraq Xalidə Hasilovanın Azərbaycanın qadın yazarları arasında özünəməxsus uğurlu məhsuldar yaradıcılıq yolundan söz açaraq onun müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi, "Göyərçin" jurnalının baş redaktoru, uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmasından danışıb.

       Sonra içıxış edən Mədəniyyət Turizm Nazirliyinin əməkdaşı Bəhmənli X.Hasilova yaradıcılığında kiçik yaşlı uşaqlar üçün tərcümələrin ədəbiyyatımızı zənginləşdirməsini xüsusi qeyd edib.

      Tədbirin aparıcısı, tanınmış jurnalist Flora Xəlilzadə X.Hasilova yaradıcılığından danışmaq üçün sözü görkəmli ədiblər, jurnalistlər, yazıçını tanıyan mədəniyyət nümayəndələrinə verib.

      Yubileydə xalq yazıçısı Anar, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı və başqaları iştirak ediblər.

      Tədbirdə, həmçinin, Xalidə Hasilovanın həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət geniş sərgi yubiley iştirakçılarına təqdim olunub.

 

Ekspress.- 2010.- 17 dekabr.- S. 14.