"Əldə etdiklərimə görə tara borcluyam"

 

Əyyub Quliyev: "Arzum isə Niyazinin ənənələrini yaşatmaqdır"

 

Bu gün Azərbaycanın istedadlı gənclərindən biri, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyevdən bəhs edəcəyik. Xalqımız onun lap uşaq yaşlarında atası, ustad tarzənimiz, xalq artisti Ramiz Quliyevlə birlikdə çıxış etdiyi konsertləri yaxşı xatırlayır. O zamanlar ona nəinki tay-tuşları, özündən yaşca çox böyük olanlar da həsəd aparırdılar. Çünki Əyyub uşaq olmasına rəğmən virtuoz ifası ilə dünyanın məşhur salonlarını təlatümə gətirirdi. Bu gün onun artıq 25 yaşı var. Bu gün də o, məşhur salonları idarə etdiyi adlı-sanlı orkestrlərlə coşdurur...

"Bəlkə də Ramiz Quliyev kimi bir atam və   tar olmasaydı, böyük   səhnələrə çıxa bilməzdim"

- Əyyub, eşitdiyimizə görə, yaxın günlərdə xaricə daha bir səfərə hazırlaşırsan...

- Bəli, ABŞ-ın Nyu-York şəhərindəki "Karnegi Holl" konsert salonunda konsert olacaq. Bu, dünyanın ən məşhur salonlarındandır. Bu salonda ilk çıxış edənlərdən biri Pyotr İliç Çaykovski olub. Mən sevinirəm ki, belə bir möhtəşəm salonda çıxış etmək üçün məni dəvət ediblər. Həmin salonda çıxış edəcək ilk azərbaycanlı dirijor olduğum üçün böyük bir məsuliyyət hissi və həyəcan keçirirəm. Bu konsert fevralın 24-də baş tutmalıdır. Konsertə Sankt-Peterbuqda yerləşən "Musiqi olimpi" Fondunun xətti ilə dəvət olunmuşam. Bu fond hər il dünyanın məşhur konsert salonlarında layihələr təşkil edir. Bu təşkilatla mənim əməkdaşlığım artıq bir neçə ildir ki, davam edir. 2008-ci ildə də "Musiqi olimpi" Fondunun təşkil etdiyi bir neçə festivalda iştirak etmişəm. Hətta festivallardan birində "Dinləyici simpatiyası" mükafatına da layiq görülmüşəm. Həmin konserti "Musiqi olimpi" ABŞ-ın məşhur "Kolumbiya" şirkəti ilə birgə təşkil edir.

Nyu-York Simfonik Orkestrinin iştirakı ilə keçiriləcək bu konsertin adı isə "6 ulduz"dur. Yəni, konsertdə mənimlə birlikdə son 2-3 ildə müxtəlif müsabiqələrin laureatı olan musiqiçilər solist kimi iştirak edəcəklər. Konsertdə Çaykovski, İohan Ştraus, Rimski-Korsakov kimi klassiklərlə yanaşı, dahi bəstəkarımız Qara Qarayevin əsəri də ifa olunacaq. Bu əsəri məhz mənim xahişimlə proqrama daxil etdilər.

- Sən lap uşaqlıqdan atanla birlikdə bir çox konsertlərdə çıxış etdiyindən, belə deyək də, gözümüzün qabağında böyümüsən. Biz sənin atan kimi tarzən olacağını düşünürdük. Dirijor olmaq arzusu səndə haradan yarandı?

- Dirijor olmağım o demək deyil ki, həmin sehrli çubuq bizi tarın cazibəsindən uzaq saldı. Mən əldə etdiklərimə görə tara borcluyam. Çünki tarla birlikdə böyümüşəm. Tarın cazibə qüvvəsi bizim qanımızdadır. Təbii ki, musiqiyə olan həvəsim atamdan gəlir. Bəlkə də Ramiz Quliyev kimi bir atam və tar olmasaydı, böyük səhnələrə çıxa bilməzdim. İmkan tapan kimi tara müraciət etməyə çalışıram. Təəssüf ki, dirijorluq sənətinin tələbi çox olduğu üçün tara vaxt ayırmağa imkan olmur. Demək olar ki, 2011-ci ilin sonuna kimi çoxsaylı konsertlərə dəvət aldığımdan, yalnız vaxtımı partituraların arasında keçirməyə məcburam. Bir məqamı da vurğulamaq istəyirəm ki, iştirak etdiyim bütün konsertlərdə Azərbaycan musiqisinin, xüsusən də tar üçün yazılmış əsərlərin proqrama salınmasına çalışıram və çox vaxt buna nail oluram. Son illər atamla Polşada, Almaniyada, Rusiyanın bir çox şəhərində, Belarusda, Ukraynada silsilə konsertlərimiz olub. Əslində, dirijor olmaq mənim öz arzum idi. Ümumiyyətlə, bu sənət həmişə məni özünə cəlb edib. Mən dirijor çubuğunu həmişə uşaq vaxtlarımda nağıllarda oxuduğum sehrli çubuğa bənzətmişəm. Xüsusən də maestro Niyazinin böyük temperamentlə orkestri idarə etməsi, musiqiçiləri öz sehrli dünyasına aparıb onlarla sözsüz təmasa girməsi həmişə məni valeh edib. Azərbaycanda böyük dirijorluq məktəbi olmasa da, dünya miqyasında tanınan maestrolarımızla həmişə fəxr etmişəm. Xüsusən bu sahədə maestro Niyazinin böyük ənənələri var. Mənim də arzum bu ənənələri yaşatmaqdır. Çünki Azərbaycan bəstəkarlarının yazdıqları simfonik əsərlərin təbliği üçün milli dirijorlar lazımdır.

- Ramiz müəllim söz düşəndə deyir ki, "Mən Əyyuba zülm etmişəm, ona uşaq olmağa imkan verməmişəm..." Bu barədə sənin fikrini öyrənmək maraqlı olardı...

- Bu, həqiqətən belə olub. Lakin mən bu işi Ramiz müəllimin sərt diktəsilə etmirdim. Öz içimdə musiqiyə böyük həvəsim olub. Sadəcə, biz tez-tez birlikdə konsertlərdə çıxış etdiyimizdən, demək olar ki, vaxtımın böyük hissəsi bu işə sərf olunurdu. Ümumiyyətlə, bütün görkəmli musiqiçilərin uşaqlığı ağır keçib. Paqaninini atası çubuqla döyə-döyə gündə 7-8 saat skripkada çalmağa məcbur edirmiş. Amma mən atamın dediyi kimi "uşaqlıq keçirmədiyim" üçün təəssüf hissi keçirmirəm. Əslində, bunun mənim formalaşmağımda böyük təsiri olub. Uşaq vaxtı çəkdiyim zəhmət olmasa idi, bəlkə də indi qazandığım uğurlar olmazdı. Bununla yanaşı, şəxsən mən uşaqlığıma yenidən qayıtmaq istəməzdim. Çünki o əziyyətləri yenidən yaşamaq istəmirəm. Bəzən əziyyətdən bezirdim. Ramiz müəllim sənətin fanatı olduğu üçün mənim musiqiçi kimi yetişməyimə sərt nəzarət edirdi. Amma yenə deyirəm, bu sənəti mən sevərək seçmişəm. Atam mənə nəyisə məcburi etdirməyib. Deməyib ki, "bu işi kənara qoy, get tarla məşğul ol". Əziyyət də olsa, bezdirici də olsa, özüm bu işi görürdüm. Uşaq olsam da, bu əziyyətin sonradan böyük-böyük nailiyyətlərə yol açacağını başa düşürdüm.

 

"Yalnız azərbaycanlı qızı ilə ailə quracağam"

 

- İl boyu demək olar ki, xarici qastrollarda olurdun, müəllimlər hörmət edirdilərmi?

- Orta məktəb müəllimlərim həmişə mənə dəstək olublar. Əslində, mən orta məktəbdə də yaxşı oxuyan şagird olmuşam. Qastrollara görə dərs buraxsam da, verilən tapşırıqları yerinə yetirmişəm. Özümə deməsələr də, müəllimlərim mənim adlı-sanlı konsert salonlarında çıxış etdiyimə görə fəxr edirdilər.

- Xaricə gedəndə oradan özün üçün nə gətirirdin?

- Atam xaricə gedəndə, mənə oyuncaqlar alıb gətirirdi. O dövrdə Bakıda elə oyuncaqlar satılmırdı. Özüm hansısa ölkəyə gedəndə isə yalnız evdəkilər üçün hədiyyə alırdım. Bir də mənim xaricdən gətirdiyim əşyaların arasında getdiyim ölkənin tarixini, mədəniyyətini özündə əks etdirən suvenirlər var. Suvenir yığmağı xoşlayıram.

- Əyyub, çox ölkədə olmusan, hansı daha çox xoşuna gəlib və ya əksinə, xoşlamamısan?

- Xoşlamadığım ölkə yoxdur. Getdiyim ölkələrin arasında eləsi yoxdur ki, oradan pis əhval-ruhiyyə ilə qayıdım. Təbii ki, hər yerin mənfi və ya müsbət cəhətləri var. Misal üçün, Avropanın elə ölkəsi var ki, bizim anladığımız mənada mətbəxi yoxdur. Bir-iki tərəvəzi doğrayıb bir yerə yığırlar, bir az da mayonez qatırlar, adını da qoyurlar milli yemək. Lakin İtaliyanın, İspaniyanın yeməkləri mənim xoşuma gəlir.

- Bəs hansı ölkənin qızları daha çox xoşuna gəlir?

- Şəxsən mənə görə Şərq ölkələrinin qadınları daha incə, gözəl, cazibədar olurlar. Ümumiyyətlə, incəsənət əhli gözəlliyə qarşı həssas olur və onu qiymətləndirməyi bacarır... Bəzi ölkələr var ki, həqiqətən oranın qızları daha istiqanlı, temperamentli olurlar... Misal üçün, italyanlar. Amma mən Azərbaycan qızlarını dünyanın heç nəyinə dəyişmərəm. Əlbəttə, xarici orkestrlərlə əməkdaşlıq edərkən orada çalışan bir çox gözəl, səmimi qızlarla tanış olmalı olursan. Misal üçün, Barselonada olanda, orkestrin solisti çox gözəl xanım idi. Lakin mən hələ ki, yaradıcılıq əlaqəsinin böyüyüb daha səmimi, şəxsi müstəviyə keçməsinə imkan vermirəm. Bununla belə, həmin xanımlarla dostluq əlaqələrim indi də davam edir... Evdə də buna çox normal baxırlar.

- Yəqin evdən xəbərdarlıq almısan ki, "azərbaycanlı qızından başqası olmaz..."

- Bizim evdə nəyinsə qəti formada qadağan olunması məsələsi olmur. Hər kəs öz fikrində sərbəstdir. Amma mən evlənsəm, yalnız azərbaycanlı qızı ilə ailə quracağam. Bu işdə mən milliliyin tərəfdarıyam. Çünki çox sərbəst həyatı olan, başqa dinə mənsub birisi ilə ailə qurmaq, düşünürəm ki, mənə sonradan problemlər yarada bilər.

- Bu gün gənclər arasında dirijora az-az rast gəlinir. Səncə, bu nə ilə bağlıdır, gənclər buna nə üçün maraq göstərmirlər?

- Bu gün, ümumiyyətlə, klassik musiqiyə maraq azdır. Sağ olsunlar, Mədəniyyət və Turizm Nazirliyi klassik musiqi sahəsində kifayət qədər iş görür, festivallar, konsertlər, müsabiqələr təşkil olunur, xaricdən adlı-sanlı sənətkarlar Bakıya dəvət olunurlar. Ona görə də bu gün gənclərin kifayət qədər imkanı var ki, filarmoniyaya gedib xarici dirijorun iş üslubu ilə maraqlansın. Amma klassik musiqiyə tələbatın az olması hələ ki, gəncləri başqa istiqamətə yönləndirir. Bir ara hamı şou-biznesə maraq göstərirdi. Muğam sinfini bitirənlər qavalı qoyub pop musiqisinə üz tuturdular. Bu gün isə əksinədir, hamı xanəndə olmağa, tar və kamançaya maraq göstərir. Əslində, burada efir amili də var. Televiziyada klassik musiqiyə yer az ayrılır. Həm də dirijor sənətini tədris edənlər azdır. Mənə elə gəlir ki, bu gün müxtəlif yerlərdə fəaliyyət göstərən dirijorları bir kafedrada cəmləşdirməyin vaxtı çatıb.

 

 

İltifat

 

Ekspress.- 2010.- 13-15 fevral.- S. 19.