Xocalı harayı dünyaya çatdırılır

 

Ombudsman xüsusi bəyanat verib

 

Azərbaycan Ombudsmanı Elmira Süleymanova Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat verib. Bəyanatda bildirilir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

E.Süleymanova bəyan edib ki, Xocalı soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Həmin qətliam Xatın və Sonqmi faciələri kimi qiymətləndirilməlidir.

Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı dünyanın bir çox ölkələrində tədbirlərin keçirilməsinə başlanıb. ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Şurası, Berkeli Türkdilli Tələbələr Assosiasiyası və Türk-Amerikan Assambleyası Assosiasiyasının təşkilatçılığı ilə Berkeli Universitetində Xocalı soyqırımının ildönümü qeyd olunub.

Beynəlxalq Diaspora Mərkəzi "Xocalıya ədalət" kampaniyasına dəstək çərçivəsində Belarus, Polşa və Çexiyanın universitetlərində görüşlər keçirir. Heyət Belarus Dövlət İqtisad Universitetində, Yanka Kupala adına Qrodno Dövlət Universitetində, Baranoviç Dövlət Universitetində dəyirmi masalar, Baranoviç şəhər icra hakimiyyətində, Şəhər Şurasında görüşlər keçiriblər.

Kiyevdə də soyqırımın 18-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Ukraynanın bir sıra aparıcı gənclər təşkilatları fəallarının, tarixçi alimlərin, politoloqların və jurnalistlərin qatıldığı mərasimdə Ukrayna Avropa Gənclər Hərəkatının Kiyev şəhər təşkilatının sədri Aleksandra Skiba 18 il bundan öncə Xocalıda ermənilər tərəfindən törədilmiş bəşəri cinayətin hələ də cavabsız qaldığını bildirib. O, gənc həmkarlarını belə bir qəddar cinayətə qarşı mübariz olmağa səsləyib.

Fevralın 26-da isə Xocalı şəhəri ilə Çexiyanın Lidiçe şəhərlərinin qardaşlaşması barədə protokol imzalanacaq. Qeyd edək ki, Lidiçe şəhər rəhbərliyinin qərarına görə, bu şəhərdəki küçələrdən birinə Xocalı adı veriləcək. Xatırladaq ki, Lidiçe 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan edilib, əhalisi terrora məruz qalıb. Xocalı və Lidiçe faciələrinin oxşarlığı Azər-Çex Cəmiyyətinin 2007-ci il fevralın 26-da Lidiçe Muzeyi və Xatirə Kompleksində Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş, 3 ay davam edən silsilə tədbirlər keçirməsinə səbəb olub.

 

 

A.CAMAL

 

Ekspress.- 2010.- 23 fevral.- S. 4.