Bu gün su çərşənbəsidir

 

Bu gün çərşənbələrdən ilki olan su çərşənbəsidir. Su çərşənbəsinə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər.

 

Hələ lap qədim dövrlərdən Şərqdə yaz fəslinin gəlməsi münasibətilə şənliklər keçirilib, baharın ilk günü yeni ilin başlanğıcı kimi qeyd edilirdi. Novruz bayramına qədər 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara boz ayın çərşənbələri də deyirlər. Bir qədər boz ay haqqında. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimdə qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır. Bu təqvimə əsasən fevralın 20-dən başlayan boz ay martın 20-dək davam edir. Boz ayın ilk çərşənbəsi bu günə təsadüf edir.

Bütün çərşənbə axşamlarında od-ocaq qalanması əsas mərasim hesab edilir. Tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin simvoludur. El inamına görə, Novruz çərşənbələrində yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.

Su çərşənbəsində su su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə bu çərşənbə günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Məsələn, inanclarda deyilir ki, süfrəyə su dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar, su içən adamı ilan çalmaz, lal axan sudan keçməzlərs.

Bu çərşənbədə qızlar, gəlinlər sübh çağı çay, dəniz ya bulaq başına gedərlər. Axar su üzərindən hoppanmaq, nəğmə oxuya-oxuya bir-birinin üstünə su çiləmək də inanclar sıraına daxildir. Bununla insanlar su ilə ünsiyyətdə olub, ona qovuşurlar. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin sudan içməlidir.

Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan suyu azərbaycanlılar həmişə müqəddəs hesab ediblər.

Su çərşənbəsində qızlar gəlinlər tərəfindən çox maraqlı "Vəsfi-hal" adlı fala baxma mərasimi ilə keçirilir. Bu mərasimdə ortaya su ilə dolu dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü o qabın içinə atardı. Üzükləri qabın içərisində iki-üç dəfə qarışdırdıqdan sonra qızlardan biri bayatı oxumağa başlardı. Bayatı oxunarkən qabdan bir üzük çıxarılırdı. Kimin üzüyü qabdan çıxardısa onun diləyi həmin bayatıdakı mətləbə uyğun yozulardı. Bu minvalla oyun davam edərdi. Beləliklə, bu mərasimdə qız-gəlinlər öz həyatlarında baş verəcək dəyişikliyi, gələcək aqibətlərini öyrənməyə çalışardılar.

 

  

Aytən NƏBİYEVA

 

Ekspress.- 2010.- 23 fevral.- S. 8.