Ölümsüz Banişevski
Futbolumuzun
ən parlaq siması Anatoli Banişevski həyatda olsaydı, dünən 64
yaşını qeyd edəcəkdi. Amma 13 il əvvəl
dünyasını dəyişən Banişevskinin doğum günü onun yoxluğunda da qeyd edilib. AFFA
və Peşəkar Futbol Liqasının
kollektivi, "Neftçi"
Veteran Futbol Klubunun üzvləri, həmçinin mərhumun
ailə üzvləri dünən II Fəxri Xiyabanda
Banişevskinin məzarını
ziyarət ediblər, onun haqqında
təəssüratlarını
bölüşüblər. Anatoli Andreyeviçin Azərbaycan
futbolu tarixində tutduğu mövqedən, SSRİ milli komandasında keçirdiyi oyunlardan
danışılıb, həmçinin "Neftçi"nin heyətində çıxış etdiyi
dövr xatırlanıb.
Bütün həyatını
doğulduğu Bakıya həsr edən Tolik, hələ 16
yaşında "Neftçi"yə cəlb edilib və
tezliklə komandanın əsas heyətinin üzvünə
çevrilib. İnanılmaz istedada sahib olan Banişevskiyə
Moskva və Kiyev klubları təklif göndərsə də,
Azərbaycan komandasında oynamağa üstünlük verib. 19
yaşında o, baş məşqçi Nikolay Morozov tərəfindən
SSRİ-nin əsas yığmasına dəvət alıb. Tolikin
millidə debütü gözəl alınıb.
Hücumçu 8 oyunda 7 dəfə fərqlənib. Həmin
qollardan birini Banişevski "Marakana" stadionunda
Braziliyanın qapısına 40 metrdən başla vurub. Bu qol
dünya futbolunun şedevri sayılır.
Banişevski
üçün ən uğurlu mövsüm 1966-cı ilə
təsadüf edib. O, "Neftçi"nin heyətində
SSRİ çempionatının bürünc medalını
qazanıb, ölkə yığmasının heyətində
isə dünya çempionatında 4-cü yeri tutub. 1972-ci il
Avropa çempionatında da iştirak edən Anatoli
gümüş medala sahib olub. Lakin finalda məğlubiyyətin
əsas günahkarlarından biri sayılıb və bir daha
milliyə çağırılmayıb. Bu, həmyerlimizə
mənfi təsir edib, hətta futbolla vidalaşmaq da istəyib
və bir müddət heç oynamayıb. Lakin sonradan
qayıdıb və 1978-ci ildə elə "Neftçi"də
karyerasını başa vurub.
Karyerasını
başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski
1981-ci ildə məşqçi fəaliyyətinə
başlayıb. Onun ilk klubu "Neftçi" olub.
Keçmiş komandasına iki mövsüm rəhbərlik
etmiş Anatoli 1983-cü ildə flaqmandan ayrılmaq qərarına
gəlib. O, 1984-88-ci illərdə Burkina Fasoda məşqçi
vəzifəsində çalışıb. Lakin pankreatit və
şəkərli diabet xəstəliklərindən əzab
çəkən veteran futbolçu vətən dönmək
məcburiyyətində qalıb.
Futbolçu
karyerasını içkiyə aludəçiliyə qurban
verən Tolik, sonralar da pis vərdişindən əl çəkməyib.
Məhz bu səbəbdən də həyat yoldaşı və
2 qızı tərəfində evdən bayıra atılan
Banişevski ocaqxana təhcizatının binasında
sığınacaq tapmalı olub. Amma onun keçmiş
fanatlarından biri olan Səidə adlı xanım
Banişevskini səfil həyatından qurtararaq öz evinə
aparıb. Ömrünün son illərini bu xanımla birgə
ehtiyac içində yaşayan Anatoli 51 yaşında, 1997-ci
il dekabrın 10-da dünyasını dəyişib.
Banişevski beynəlxalq
dərəcəli idman ustası, SSRİ-nin əməkdar
idman ustası, Şöhrət ordeni laureatı, Azərbaycanın
son 50 ildə ən yaxşı futbolçusu sayılıb. Masallı
rayonundakı stadion Banişevskinin adını
daşıyır. 1965-67-ci illərdə SSRİ-nin 33 ən
yaxşı futbolçusu sırasına düşüb. "Neftçi"nin
heyətində çıxış etdiyi 1964-78-ci illərdə
288 matçda 121, SSRİ yığmasında
oynadığı 1965-72-ci illərdə isə 50 oyunda 19 qol
vurub və "Qriqori Fedotov klubu"na üzv qəbul olunub. 2
fevral 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı
ilə Banişevskinin yaşadığı ünvanın
qarşısına xatirə lövhəsi vurulub.
ŞAMO
Ekspress.-
2010.- 24 fevral.- S. 17.