Parlament Xocalını andı

 

Mübariz Qurbanlı MM-in Konqresə etiraz məktubu ünvanlamasını istəyir

 

Dünən Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov qarşıdan Xocalı soyqırımının 18-ci ildönümünün gəldiyini xatırladaraq, deputatları soyqırım qurbanlarının xatirəsini yad etməyə çağırdı. Deputatlar soyqırım qurbanlarını bir dəqiqəlik sükutla yad etdikdən sonra cari məsələlərin müzakirəsinə başladılar.

 

""Azərsun" ekologiyanı korlayır"

 

Deputat Əhəd Abıyev bu yaxınlarda cəbhə bölgəsində ermənilərin atdığı atəş nəticəsində şəhid olmuş Masallı sakini Röyal Fərəcovun ailəsinə baş çəkdiyini bildirərək, şəhid ailəsinin evsiz olduğunu dedi. Onun sözlərinə görə, şəhid əsgərin ailəsinin evi yoxdur, ailə Masallıda çox ağır durumda yaşayır. Deputat həmin ailənin güzəranının yaxşılaşdırılması üçün Milli Məclis adından aiddiyyatı qurumlara müraciət olunmasını və şəhid ailəsinə ev verilməsini istədi.

İltizam Əkbərli isə spikerə seçicilərinin narahatçılıqlarını çatdırdı. Onun sözlərinə görə, "Azərsun" Holdinqin İmişlidəki şəkər zavodu ekologiyaya böyük ziyan vurur: "Hər gün gecə saat 2-3-dən sonra zavodda havaya zərərli qazlar buraxılır və bu, yerli əhalinin səhhətinə də mənfi təsir göstərir. Təsadüfi deyil ki, mütəxəssislər regionda vərəm xəstəliyinin yayılmasını həmin səbəblə əlaqələndirirlər".

İ.Əkbərli şəkər zavodunda yerli əhalinin işdən çıxarılmasından da narahatlığını ifadə etdi: "Amma qəribəsi budur ki, yerli əhalini işdən çıxarandan sonra ora Bakıdan işçi qəbul edirlər".

Spiker O.Əsədov isə deputatdan məsələ ilə bağlı "Azərsun" şirkətinə məktubla müraciət edib-etməməsini soruşdu. İ.Əkbərli isə müraciət etdiyini bildirdi.

Musa Quliyev isə SSRİ rəhbərliyinin qərarı ilə 1948 və 1953-cü illərdə Ermənistandan Azərbaycan türklərinin deportasiya edilməsinə hüquqi-siyasi qiymət verilməsini təklif etdi.

Onun fikrincə, 1948-53-cü illərdə Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımıza repressiya qurbanları statusu verilməlidir: "Milli Məclis bu məsələyə baxmalıdır. O insanlara, onların ailə üzvlərinə repressiya qurbanları statusu verilməlidir və Ermənistandan təzminat məsələsi beynəlxalq təşkilatlar qarşısında qaldırılmalıdır".

Aynur Quliyeva da həmkarının təklifini dəstəkləyərək, Qərbi Azərbaycandan deportasiya olunmuş Azərbaycan türklərinə xüsusi status verilməsinin vacibliyini bildirdi. A.Quliyeva ölkədə bəzi şəhid ailələrinin qəyyumlarına da şəhidlik müavinətlərinin verilməsini təklif etdi.

 

Təbrizdə Azərbaycan  bayrağına qarşı  tərbiyəsizlik edilib

 

Qüdrət Həsənquliyev isə son günlər İranda Azərbaycanın dövlət rəmzlərinə və atributlarına qarşı təhqirlərə etiraz etdi. O, İrandan yenicə qayıtmış spiker O.Əsədovdan İranda keçirdiyi görüşlər və Azərbaycana qarşı İranın yaramaz münasibəti barədə fikir bildirməsini istədi: "Təbrizdə Azərbaycanın səfirliyinə, dövlət bayrağına qarşı tərbiyəsizlik edilib. Biz millət vəkilləri olaraq İrana öz etirazımızı bildirməliyik ki, İsrailin Fələstində törətdiyi cinayətlərdən yüz dəfə artıq cinayətlər törətmiş, Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş Sərkisyanla görüşən, onunla ağız-ağıza öpüşən Əhmədinejad və onun tərəfdarları hansı mənəvi haqla bu gün Azərbaycanı İsraillə münasibtlər qurmaqda suçlayır?"

Q.Həsənquliyev eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovun evinin qanunsuz olaraq əlindən alındığını da spikerin diqqətinə çatdıraraq, bu məsələdə köməklik göstərməsini istədi.

 

ABŞ Konqresinə etiraz məktubu göndərilsin

 

Mübariz Qurbanlı isə "erməni soyqırımı" ilə bağlı məsələnin martın 4-də ABŞ Konqresində müzakirəyə çıxarılmasına etiraz bildirilməsini təklif etdi: "Ermənistanla imzalanan protokolların parlamentdə qəbulunun Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan mümkün olmadığını bildirdiyinə görə, Türkiyə yenidən təzyiqlərlə üzləşib. Biz də bu təzyiqlərin qarşısının alınması üçün Türkiyəyə dəstək verməliyik".

M.Qurbanlı ABŞ Konqresində keçiriləcək müzakirəyə etiraz etmək üçün MM-in də müəyyən addımlar atmasını istədi: "Təklif edirəm ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqə komitəsi ABŞ Konqresinə soyqırımla bağlı müzakirələrin keçirilməməsi üçün müraciət etsin. Hətta "soyqırım"la bağlı müzakirələrin qarşısının alınması məqsədilə Milli Məclisin nümayəndə heyətinin ABŞ-a səfərini də təşkil etmək mümkündür".

Məlahət İbrahimqızı da bildirdi ki, ermənilər 1915-ci ildə Osmanlı dövlətində guya ermənilərə qarşı soyqırım apardığını iddia edirlərsə, bunun heç bir təsdiqi yoxdur. Deputat həmkarını dəstəkləyərək ABŞ Konqresinə etiraz edilməsini məqsədəuyğun saydı. O, Ailə Məcəlləsinə dəyişiklik edilməsini təklif etdi: "Bu gün qızların təhsildən yayınması və erkən ərə getməsi barədə ciddi narahatçılıqlar var. Ona görə də təklif edirəm ki, qızların nikah yaşı 18-a qədər qaldırılsın. Çünki BMT-nin qəbul etdiyi sənədlərdə 18 yaşa qızlar uşaq sayılır və nikah yaşının minimum 18 yaş olması nəzərdə tutulur".

 

"Türkiyə parlamentindəki dinləmələr mənasız şeydi"

 

Elman Məmmədov isə Xocalı soyqırımının dünyada tanıdılmasının vacibliyindən danışdı. Lakin o, Türkiyənin bu məsələyə laqeyd yanaşdığını bildirdi: "İndi ABŞ Konqresi yenə də qondarma erməni soyqırımını müzakirəyə çıxaracaq. Türkiyənin bu məsələdə bir çıxış yolu var. Hər dəfə müəyyən məsələlərlə bağlı ABŞ, Avropa ortaya erməni məsələsini atıb təzyiq göstərəndən Türkiyə çıxılmaz vəziyyətdə qalır. Ancaq çıxış yolu var. Türkiyə birmənalı olaraq bəyan etməlidir ki, əgər martın 4-də ABŞ Konqresində bu məsələ müzakirəyə çıxarılacaqsa, biz də Xocalı soyqırımını çıxaracağıq. Düzdür, deyirlər Türkiyə parlamentində dinləmələr olacaq-filan, mən iki dəfə o dinləmələrdə iştirak eləmişəm, tamamilə mənasız bir şeydi. Dinləmələr əvəzinə birdəfəlik mövqe ortaya qoymaq lazımdır ki, sən 1915-ci il soyqırımından danışan kimi mən də Xocalı soyqırımından danışacam".

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə bildirdi ki, İslam Konfransı Təşkilatı Parlament Assambleyasının yanvarın 12-də Uqandada keçirilən iclası zamanı 56 ölkə tərəfindən ermənilərin 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım aktının kəskin pisləndiyi barədə qətnamə qəbul edilib.

Cari məsələlərin müzakirəsindən sonra deputatlar gündəlikdə duran məsələlərin müzakirəsinə keçdilər. Əvvəlcə "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Konstitusiya qanunu layihəsi müzakirə edildi. MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, Naxçıvan MR Konstitusiyasının 5-ci maddəsinə təklif olunan varianta görə Muxtar Respublikanın yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Prezidentinə təqdimat verilməlidir. Bundan başqa ali xüsusi rütbələrin verilməsinə dair də təkliflər Azərbaycan prezidentinə təqdim olunmalıdır. Digər bir dəyişikliyə görə, Naxçıvan MR Ali Məclisinin 31 deputatının tələbi ilə və ya MR vəzifəli şəxsinin təklifi ilə Ali Məclisin qapalı iclası keçirilə bilər.

 

Spiker İrandan qorxur?

 

Müzakirələr zamanı Qüdrət Həsənquliyev fürsətdən istifadə edərək spikeri qorxaqlıqda suçladı: "Mən deputatlar adından sizdən İrana səfərinizlə bağlı məlumat verməyinizi istədim, amma, siz heç bir münasibət bildirmədiniz. Yəni, Azərbaycanda İran haqqında danışmaq o qədər qorxuludur, yoxsa, siz özünüzə sığışdırmadınız ki, sizi spiker etmiş insanlara öz səfəriniz barədə qısa bir məlumat verəsiniz?"

O.Əsədovun cavabı isə belə oldu: "Mən özümə sığışdırıram, çıxışlarımı eləmişəm, eləyirəm və yazımı da verəcəm".

Spiker İranla Azərbaycanın 600 km-dən çox sərhədə malik olan qonşu dövlət olduğunu xatırladaraq, İranla münasibətlərdə diqqətli olmağın vacibliyini qeyd etdi: "İran-Azərbaycan münasibətlərində populist və dövlətçilik prizmasından yanaşmalar var. Mən hesab edirəm ki, İranla Azərbaycan arasında əlaqələr daim inkişaf etməlidir. Çünki İran Azərbaycanla 651 km sərhədi olan bir ölkədi. İranda səfərdə olan zaman İranın bütün dövlət rəhbərləri ilə görüşümüz oldu və Dağlıq Qarabağ məsələsi müzakirə olundu. İran tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər. Çox təəssüflər olsun ki, həm o tərəf, həm bu tərəfdə bu əlaqələrə dövlətçilik nöqteyi-nəzərdən yanaşmayanlar var. Parlamentdə bu məsələləri müzakirə etmək lazım deyil".

Q.Həsənquliyev isə çıxışına davam edərək Naxçıvanda qanunverici hakimiyyətin icraedici hakimiyyətdən ayrılmasını təklif etdi: "Naxçıvanda hakimiyyətin bölgüsü prinsipi öz həllini tapmalıdır. Muxtar Respublikanın ali vəzifəli şəxsi həm də icra funksiyalarını yerinə yetirir. Ona görə də qanunverici orqan ayrı olmalıdır. İcraedici orqana isə ya qubernator, ya da hansısa ad qoymaq olar".

Bununla belə, sözügedən konstitusiya qanunu səsə qoyularaq qəbul edildi.

 

Bəzi bələdiyyələr  öz səlahiyyətlərini bilmir

 

Deputatlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini də dinlədilər.

Ədliyyə nazirinin müavini Vilayət Zahirovun hesabatından sonra bəzi millət vəkilləri bələdiyyələrin fəaliyyətindən narazılıqlarını bildirdilər.

Qənirə Paşayeva bildirdi ki, bəzi bələdiyyə üzvləri öz səlahiyyətlərinin nədən ibarət olduğunu hələ də bilmirlər. Onun sözlərinə görə, bunun nəticəsində ortaya çıxan problemlərin əziyyətini sadə insanlar çəkirlər: "Buna görə maarifləndirmə işlərini həddindən artıq genişləndirmək lazımdır. Torpaqların hərraca çıxarılması ilə bağlı bələdiyyələrin hüquq və vəzifələri sahəsində problemlər daha çox hiss olunur. Ona görə bələdiyyələr öz hüquq və vəzifələrini normal yerinə yetirməlidirlər ki, insanların problemlərinin həllinə nail olunsun".

İclasın sonunda deputatlar "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsini də ikinci oxunuşda qəbul etdilər.

  

 

Aqil ASLAN

 

Ekspress.- 2010.- 24 fevral.- S. 5.