Adımız taleyimizdir

 

   Adsoyad hətta onun sahibinin rəng seçimi və istedadlı olub-olmamasında da mühüm rol oynayırmış.

   ...Müxtəlif xalqlar və sivilizasiyalar çeşidli, yalnız onlara məxsus soyad sonluqlarına malikdir.

   Dilçi alim, etnolinqvistika sahəsində maraqlı araşdırmalar aparan Gülnarə Qurbanovanın dediyinə görə, soyadların son hecaları indiyədək yalnız milli mənsubiyyət nişanəsi sayılırdı. Lakin son illərdə aparılan tədqiqatlar, xüsusilə də BritaniyaFransa linqvisitlərinin araşdırmalarının nəticələri göstərir ki, soyad sonluqları həm də konkret xalqın, millətin, etnosun səciyyəvi xüsusiyyətləri ilə davranış modellərini əks etdirir. Daha konkret olsaq, incə saitlərin xüsusi ağırlıq təşkil etdiyi soyad sonluqlarına malik etnosun nümayəndələrində əsassız aqressivlik az olur. Samitlərin çoxluğu radikallıq və emosionallıqdan, kor samitlərin çoxluğu isə belə soyad daşıyıcılarının brutal aqressivliyindən xəbər verir. Yəni soyadın son hecalarında samitlər çox olarsa, belə insanlar kinli, aqressiv, daima başqasının mülkünə və varına göz dikənlər olur", - G.Qurbanova "Milli.az"a bildirib.

   Onun dediyinə görə, etnolinqvistikanın araşdırma obyektlərindən biri də ad və soyadların insan xarakterinin formalaşması ilə davranışına təsir imkanlarını, hədd və səviyyəsini öyrənməkdir.

   Bizim etnos və dilimiz türkdilli xalqlara mənsub olduğundan, soyad sonluqlarında saitlər, xüsusilə də incə saitlər ağırlığa malikdir. Bundan dolayı azərbaycanlıları etnos olaraq aqressivlikdə, radikallıq və ya brutallıqda suçlamaq çətindir. Eyni zamanda, azərbaycanlıların adları da onların millət kimi formalaşmaqda olduğu dövrlərdən bəri gələn davranış modelləri toplusunu aşkar göstərir.

   Özü də soydaşlarımızın arasında indi yayğın olan adlarla əvvəllər yayğın olan adları müqayisə edəndə etnosun yaşamı ilə yanaşı, ümid, arzu və istəklərinin arasındakı fərqləri də aşkar sezmək olar.

   London Universitetinin nəzdindəki Etnik və Linqvistik Tədqiqatlar Mərkəzinin son hesabatlarından biri də məhz adların və soyad sonluqlarının insan xarakterinə təsirindən bəhs edir.

   Britaniyalı alimlərin dediklərinə görə, soyad sonluqlarında iki sait olan adamlar kin saxlamır, amma qətiyyətli olurlar. Soyadlarının sonluqlarında samitlərin çox olduğu şəxslər isə tam əksinə, onlara vurulan "zərbə"ləri heç vaxt unutmur, əllərinə imkan düşən kimi qisas almağa çalışırlar.

   Azərbaycanda xanlıqlar arasındakı qarşıdurmalar adlarımızı dəyişdirib.

   Türkdilli etnoslar arasında sözügedən ünsür baxımından davranış modelinin bəlirlənməsi istiqamətində tədqiqatlar aparan çox nadir şəxslərdən biri Osman Cüneyddir.

   Hazırda İtaliyada yaşayan türk alim əsasən Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan və İraqın şimalındakı türklərin adları ilə soyadlarının onların xasiyyətinə, davranışına və ətrafdakılara təsirini tədqiq edir.

   Onun Azərbaycan və azərbaycanlılarla bağlı maraqlı fikirləri var.

   Osman Cüneydin dediyinə görə, XV əsrədək azərbaycanlıların adlarında saitlər çoxluq təşkil edib və belə adlar tam əksəriyyət olub.

   "Lakin həmin əsrin ortalarında bəylərbəyliklər, xanlıqlar və şahlıqlar arasındakı qarşıdurmalar daha da şiddətlənib, parçalanma, müxtəlif ittifaqların yaranması meylləri güclənib. Eyni zamanda, həmin kiçikböyük dövlətlərin birləşmə təmayülləri də ortaya çıxıb. Belədə azərbaycanlı kişi adlarında samit səslərin sayı artmağa başlayıb, qadın adlarında isə "incəlmə" güclənib. Bəhs etdiyim proses xalqın sabaha inamınının öləzimədiyini, çətinliklərə və bəlalara sinə gərdiyini göstərən məqam sayıla bilər. Ümumiyyətlə, bəşəriyyətin və insan populyasiyasının qanunlarından biri budur ki, müharibələr və fəlakətlər zamanı dünyaya gələn qızların sayı oğlanlarla müqayisədə daha çox olur: etnosun özünümüdafiə mexanizmi işə düşür və gələcək nəslin sayı ilə sağlamlığının təminatı üçün gözə görünməyən nəsnələr hərəkətə gəlir", - O.Cüneyd söylədi.

   Həmin dövrlərdə azərbaycanlı qadınlar arasında nəbati mənşəli ad daşıyıcılarının sayı artır, insan xarakterinin müxtəlif xüsusiyyətlərini göstərən adlı kişilər çoxalır.

   Dilçi alim Vahid Əhədov hesab edir ki, xalqımızın Məhəmməd, Əli, Həsən, Hüseyn, Osman, Abdulla, Fatma, Zəhra, Əhməd və Bəkir kimi adları seçmələri İslama olan bağlılığın çox güclü şəkildə təzahür etməsiylə əlaqələndirilərsə, bu, məsələyə məhdud və səthi yanaşma olardı.

   "Azərbaycanda ərəb adlarının yayılması prosesinin kökündə sadəcə, İslama bağlılıq yox, etnosun mənəvi orientirlərində və seçimində dəyişikliklər də vardı. İslamı kamil din kimi qəbul edən xalq bununla yanaşı, həmin dinin müqəddəslərinin adlarını övladlarına qoymaqla nəsillərinin məhz bu yolla getməsini istəyir, yeni şəraitə uyğunlaşmaq əvəzinə şəraiti mənəviyyatlarına uyğunlaşdırmağa çalışırdılar. Eyni zamanda, islami adlarla yanaşı, insanın müsbət səciyyəvi xüsusiyyətlərini, gözəllik, təbiət və nəbatatla bağlı adların yayılması da həmin prosesi müşayiət edirdi", - V.Əhədov hesab edir.

   Fizik Əlövsət Dadaşov deyir ki, adlarımız orijinal melodiya təşkil edən, eyni zamanda təkrarsız rəng toplusu yaradan cingiltili və boğuq səslər yığınıdır.

   "Azərbaycanlıların adlarındakı cingiltili səslər elə o cür, yəni cingiltili ad yaradır və 6 əsas rəngə uyğun gəlir. Adlarımızda göy, sarı və yaşıl rənglər əsas; yaşıl, bənövşəyi və narıncı isə törəmə çalarlardır. Məsələn, Məryəm adının linqvospektral analizi zamanı onun səma mavisi, Ələkbərin - tünd yaşıl, Gülnazın - tünd narıncı, Məhəmmədin - al qırmızı, Tofiqin - bənövşəyi, Raminin - açıq sarı, Təranənin - açıq qırmızı, Əhmədin - qara, Abdullanın - mavi-sarı, Kəmalənin isə açıq yaşıl rəngdə olduğunu göstərir.

   Adlarımızdakı mavi rəng - emosionallıq və duyğuların əsas rol oynamasını; bənövşəyi - vücudu və gücü, yaşıl - astagəllik, qətiyyət və ağılı, sarı - məntiqi, qırmızı - hirs və əzmi, narıncı isə həyəcanı səciyyələndirir", - Ə.Dadaşov söylədi.

 

 

Həsən AĞACAN

 

Ekepress.- 2010.- 1 iyul.- S. 13.