Mediamızın
135 illik tarixi yolu
BDU-da mətbuatımızın
yubileyi qeyd olundu
Dünən Bakı Dövlət
Universitetində (BDU) "Azərbaycan milli
mətbuatı 135: tarixi yolu
və müasir inkişaf
meylləri" mövzusunda elmi-praktik konfrans keçirilib.
BDU-nun rektoru, akademik
Abel Məhərrəmov 1875-ci il iyulun 22-də görkəmli maarifçi
və publisist Həsən bəy Zərdabi tərəfindən
əsası qoyulan
"Əkinçi" qəzetinin
Azərbaycan milli mətbuatında xalqçılıq,
millilik və bəşərilik məsələlərini
əsas tutduğunu xüsusi vurğulayıb.
Rektor hesab edir ki,
həmin dövr üçün
mətbuat birinci hakimiyyət hesab edilməlidir. A.Məhərrəmov
bildirib ki, fəaliyyəti
dövründə cəmiyyəti düşündürən
problemlərə daim yer
ayıran, xalqımızın maariflənməsində əvəzsiz
xidmətlər göstərən "Əkinçi"dən
sonra onun ənənələrini
davam etdirən "Ziya",
"Ziyayi-Qafqaziyyə", "Kəşkül",
"Şərqi-rus", "Həyat", "İrşad", "Molla
Nəsrəddin" və digər nəşrlər də fəaliyyətə
başlayıb: "Onların hər biri Azərbaycan mətbuatı tarixində milli şüur, milli özünüdərk və təfəkkürün
formalaşması və möhkəmlənməsinə
töhfələr verib", - deyən akademik hazırkı dövrdə əksər
KİV nümayəndələrinin BDU-nun
yetirmələri olduğundan qürur hissi keçirdiyini söyləyib və mətbuat
işçilərini təbrik edərək, onlara
fəaliyyətlərində uğurlar
arzulayıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə
bildirib ki, BDU hər zaman mətbuat sahəsində öz töhfələri
ilə seçilib, mətbuat tarixinin araşdırılmasında,
jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər
göstərib.
BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri,
professor Şamil Vəliyev isə "Əkinçi" qəzetinin
yaranmasından, çağdaş mətbuat üçün
yaradılmış şəraitdən danışıb. Beynəlxalq
jurnalistika kafedrasının müdiri Həmid Vəliyev isə
bildirib ki, "Əkinçi"nin adını eşidəndə
insanlarda bu qəzetin sahə orqanı olması ilə
bağlı təəssürat yaranır: "Əslində
isə bu mətbuat orqanı yalnız kənd təsərrüfatı
mövzularını deyil, o dövrün bütün sahələrində
baş verən problemləri işıqlandırıb".
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Bayram Hüseynzadə mətbuat və
televiziyada baş verən neqativ hallara toxunub. Onun sözlərinə
görə, bəzi jurnalistlər həqiqətdən uzaq xəbərlərə yer
ayırırlar: "Televiziyalarda mənəvi,
əxlaqi dəyərlərə zidd reklamlar yayımlanır. Bunun
da neqativ təsirləri
var. Ona görə də
bütün KİV işçiləri cəmiyyətə
mənfi təsir götərən fəaliyyətdən kənar
durmalıdır".
Aqil ASLAN
Ekspress.- 2010.- 1 iyul.- S. 4.